AĞLAMA
İYDƏ ÇİÇƏYİ...
Sona Çərkəzə oxucu
məktubu
Bu günlərdə indi sizə təqdim
edəcəyim kitabı təkrar gözdən keçirdim.
Açığını deyim ki, bu da səbəbsiz
olmadı. Həqiqətən ürəyimcə olan, son dərəcə
səmimi, xüsusilə dərdə çiyin verməyi
bacaran "dərddən yoruldum!" deməyən Sona
xanımın sözarası etdiyi bir işarə məni onun
söz dünyasına bir də çəkib apardı. Bu
işarə həm də bir ipucu oldu. Bir az da
açıqlasam, biz böyük sözdən, böyük ədəbiyyatdan
danışırdıq və söhbətimizin mövzusu da
Söz idi. Bax, mən də az-çox sözdən bəhrələnən,
ona sığınan, onunla özünü güvəncli bilən
bir yazar kimi başladım Sona xanımın işıqlı
sözlərinin ardınca getməyə.
Burda bir məqamı xüsusilə
qeyd etməliyəm. Sona xanım ədəbiyyat
adamıdı. Hər günü, hər saatı
kitabların, sözlərin arasında keçir. Təkcə oxuyub öyrənmək,
günü başa vurmaq üçün yox, həm də vaxtından çox
erkən qarşılaşdığı, ürəyinə, ruhuna hakim kəsilən
ağrıları, itkiləri, dərdləri ovundurmaq
üçün. Çünki
onun sözdən başqa
köməyi, məsləhət yeri,
sirdaşı yoxdu. O bütün
ürəyini, bütün
duyğularını qələmə
pıçıldayır, qələm də vərəqlə
təmas qurur. Beləcə, duyğuyla, düşüncəylə, yaşamla, onun özünə
aid olan həyatla
kağız arasındakı yolun körpüsü qələm olub.
Yaxşı ki, Sona
xanımın qələmi var və nə
yaxşı ki, o qələm
təkcə Sona xanımın gördüklərini,
dünyasını, yaşantılarını yazmır. O həm
də yazılanların işığında çox
mətləblərə aydınlıq gətirir.
Məhz Sona Çərkəzin mətbuatda
işıq üzü görmüş yazılarının
böyük əksəriyyətini oxumuşam. Hətta müəyyən
bir qismini "Ədalət" qəzetində oxuculara təqdim
edilməsində vasitəçi də olmuşam. Hər dəfə
onun yazılarını oxuyanda, yazıları ilə
bağlı fikirlərinə çox rahatlıqla qulaq asan,
müəyyən məqamlarda hansısa bir sözə
yaxşı mənada əl gəzdirmək istəyinə
etiraz etməyən Sona xanımın çöhrəsində,
xüsusilə gözlərinin dərinliyində yurd salan kədər
məni çox narahat edir. Düşünmüşəm ki,
Sona xanım həmişə oyaq olan o kədərlə
görəsən necə yuxuya gedə bilir? Çünki o kədər
o qədər diridi, o qədər canlıdı ki, onu görməmək
mümkün deyil. Belə olan halda sahibinə onun rahatlıq
verəcəyini düşünmək də
yanlışlıq olar. Bax, bütün bu xırda və əslində
böyük detalın ətrafında saatlarla fikirləşib
sonda bu qərara gəldim ki, həyatını şam edən,
gözünü təşnə edən bu insanlar
üçün bu qismət, bu taleh bir növü vergidi.
Görünür, Allah kimə nəyi necə verəcəyində
heç vaxt yanılmadığı kimi, Sona xanımın bəxtinə
yazdıqlarında da yanlışlığa yol verməyib.
Sona Çərkəzin müxtəlif
mətbu orqanlarında publisist yazıları dərc edilib. Həmin
yazıların da hamısının əsas qəhrəmanı,
daha doğrusu, qəhrəmanları onun doğmaları və
doğmaların ətrafında olan insanlardı. Bu yazılar
həm xatirə təsiri bağışlayır, həm tərcümeyi-hal,
həm də onun barəsində yazdıqlarının
oxuculara təqdimatı yükünü daşıyır. Ən
maraqlısı budur ki, həmin yazıların heç biri o
birini təkrar etmir. Amma bir zəncirvarilik var bu yazılarda.
İstər rəhmətlik Çərkəz müəllimin
barəsində olsun, istər atası barəsində, istər
qardaşı barəsindəg Ümumiyyətlə, o,
vaxtından əvvəl özünün yazdığı
kimi, həyatın üzünə gülməyə
başladığı bir vaxtda doğmalarını itirdiyindən
bu yazılarla təkcə təsəlli tapmır, həm də
bir növ insanlığa qarşı bir meydan açır,
bir çağırış edir. Məqsəd də ətrafımızda
olanlara diqqət və qayğı tələbidi. Sona Çərkəz
vurğulayır ki, biz kimlərisə gözləmədiyimiz
halda, gözləmədiyimiz yerdə itirə bilərik. Odur
ki, diqqətli olmalıyıq. Şair demişkən,
sağlığında hər kəsin qiymətini verməliyik.
Ümumiyyətlə, Sona Çərkəzin
publisist yazıları bir növ insanlığa xitabdır və
mənə elə gəlir ki, bu xitabı həm dəyərli
oxucular, həm də Sona xanımın həyatını bilənlər
təqdimatsız duyurlar. Çünki hər sözün, hər
fikrin arxasında insan dayanır, şəxsiyyət durur.
Müəllif də bunu işıqlı, səmimi sözlər
vasitəsilə bizlərə pıçıldayır.
"Daş olmaq istəyirəm"
kitabının müəllifi də Sona Çərkəzdi. Mən
bu kitabı Sona xanımdan qəbul edəndə
düşündüm ki, yəqin bu kitabda Sona xanımın mətbuatda
çap olunmuş publisist yazıları toplanıb. Amma
kitabın mündəricatını gözdən keçirəndə
bir anlıq duruxdum. Etiraf edim ki, həmin ana qədər Sona
Çərkəzin şeirlər də yazdığından
xəbərsiz idim. Odur ki, şeirləri oxumağa
başladım və oxuduqca da qəribə hisslər
yaşadım. Çünki bu şeirlərin birmənalı
olaraq hamısında Sona Çərkəzin özü var
idi. O mənimlə söhbətlərində necə idisə,
şeirlərində də mənimlə o cür
danışırdı. Bu şeirlərin səmimi
pıçıltısını duymamaq qeyri-mümkün
idi. Birmənalı olaraq deməliyəm ki, Sona xanım
böyük şairlik arzusunda olan qələm adamı deyil.
Amma o arzu ilə yaşayanların çoxlarından dəyərli
və məntiqli misraların müəllifidi. Çünki
o, şeiri nəyəsə görə, nəyinsə xatirinə
yazmır. O içindəki dərdi, nisgili, xatirəni misraya
çevirir. Məsələn,
Köçüb gedən dərd
qoyur,
Qalan dərddən boğulur
Ağlama, dözəmmirəm,
Ağlama, atam oğlu...
Və yaxud:
Qayıdıb bəxtəvər
uşaqlığıma,
Unutmaq istərdim
qayğılarımı.
Duyğusuz olana kim nə deyir ki!
Mən də qoy itirim
sayğılarımı.
Bu misralar hər birimizin içindən gəlib keçə bilər... Bu fikri hər
birimiz yaşaya bilərik. Amma ifadə etmək,
şeirə çevirmək
haqqı Sona Çərkəzə məxsusdu.
Və yaxudda:
Gedişin gözümün nurunu aldı,
Sanma təkcə elə
bu oldu dərdim.
Dönüb baxammıram o kəndə
sarı
Gedib çatmadığım yol oldu dərdi.
Bəli, bu qədər
dərdin içində
dərdin həm də yola çevrilməsi,
səni də bu yolun yolçusu
etməsi maraqlı fikirdi. Amma onu görmək,
o yolu seçib onunla getmək hər adama nəsib olmur. Bu vergi də
Sona Çərkəzin
qismətinə yazılıb.
Ona görə də Sona Çərkəz
onun misralarına dodaq büzənlərə
həm təəssüf,
həm də acı bir istehza
ilə deyir:
Qələmimə
dodaq büzən yazıqlar
Mən yazmağı, siz qeybəti bacardız
Yadımdadı bir zamanlar elliklə
Məni görcək
qabağıma qaçardız.
Doğrudan da belədi, həyatda
diqqəti çəkən, maddi durumun, kürsünün,
geniş imkanların olanda ətrafda o qədər adamlar olur
ki, sən də bu ətrafdakı adamların günəşinə
çevrilirsən. Onlar da günəbaxan kimi səni izləyirlər.
Amma həmin o saydıqlarım tükənəndə və
yaxud payızın sərt sınağına tuş gələndə
o günəbaxanlar da elə bil şaxtaya düşürlər,
ətrafda heç kimi görmək olmur.
Mən Sona Çərkəzin bu
kitabını oxuyandan sonra onsuz da əvəldən mənə
bəlli olan bir çox mətləbləri yenidən
xatırladım, onların mahiyyətini yenidən anladım. Bu
işdə də mənim ən yaxın köməkçim
şeirlər oldu. Yenə deyirəm, tam səmimi,
ütüsüz, bəzəksiz, doğulduğu kimi
kağıza köçürülən şeirlər. Kimsə
bunları yarımçıq, çiy və hətta gərəksiz
də saya bilər. Bu onun öz işidi. Ancaq mən qətiyyətlə,
əminliklə bildirirəm ki, mən özümə
oxşadığım kimi, Sona xanımın misraları da
onun özünə, öz dünyasına bənzəyir,
güzgü kimi onu əks etdirir.
Sonda bu misraları diqqətinizə
çatdırıram. Oxuyun və düşünün:
Ağla iydə çiçəyi,
Mənlə sən ağla barı
O səni çox sevərdi
İtirmə etibarı.
Hə, hər halda biz ən azı
özümüz özümüzə etibarlı
olmalıyıq. Bu etibarı qoruyaq, nəyin bahasına olursa
olsun!..
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2012.-22
may.-S.5.