Rafiq Həşimov: "O zaman mənə
deyirdilər ki, "niyə evlənmirsən?", cavab
verirdim ki, vaxtım yoxdur..."
"İlk qonorarımı
dostlarımla qonaqlığa xərclədim..."
Modern.az
saytı Azərbaycan Televiziyasının tanınmış
diktoru Rafiq Həşimovla müsahibəni təqdim edir.
-
Rafiq müəllim, diktor olmaq qərarını necə
verdiniz?
- 1985-ci ildə Rabitə Texnikumunun
televiziya və radio şöbəsini bitirəndən sonra
televiziyada təcrübəçi kimi 5-6 ay
çalışdım və sonra Sovet ordusu sıralarına
çağrıldım.1985-1987-ci illər ərzində
orduda xidmət etdim.1987-ci ildə yenidən televiziyada, təcrübə
keçdiyim mərkəzi aparat deyilən bir otaqda işimi
davam etdirməyə başladım. Bura texniki bir şöbə
idi. Burada bir müddət işləyəndən sonra
videoyazı deyilən sexdə montajçı, videooperator kimi
işlədim. Bu 1987-ci ildən 1990-cı ilə qədər
davam etdi. 1990-cı ildə Azərbaycan Televiziyasına
müsabiqə elan olunurdu. Bu müsabiqə elanından xəbərim
yox idi. Mən düzü o vaxtlar televiziyaya bir xokkey
oyunları, bir də kinofilmlər üçün
baxırdım. Kinofilmləri çox sevirdim, çünki
uşaqlıqdan kinoaktyor olmaq istəmişəm.
Həyat öz axarı ilə
gedirdi. Bir gün evdə mənə dedilər ki, "Rafiq, sən
pis danışmırsan, bəlkə sən də
özünü müsabiqədə yoxlayasan. Sizin televiziyada müsabiqə
elan ediblər".
Mən müsabiqə
üçün sənədlərimi diktor komissiyasına verməyə
gəldim. O vaxt komissiyanın rəhbəri Rafiq Hüseynov idi
və diktor komissiyasının şərtləri çox
ağır idi. İki dildə üç turdan keçməli
idik. Çox nüfuzlu komissiya idi. 16 nəfərdən ibarət
komissiyada Roza Tağıyeva, Rafiq Hüseynov kimi peşəkar
diktorlarla yanaşı, Fərhad Bədəlbəyli, Azər
Rzayev, Rasim Balayev və digər nüfuzlu incəsənət
xadimləri təmsil olunurdu. Yadımdadır ki, mən
yazılanda 26-cı adam idim. Sonradan məlum oldu ki, 192 nəfərik.
Üçüncü turdan müsabiqədən cəmi 4 nəfər
keçdik. Mənim əmrimi vermədilər, çünki
ali təhsilim yox idi. Amma yekdilliklə müsabiqədə
seçilmişdim. Diktor komissiyasının şərtlərindən
biri ali təhsil olduğu üçün mən də
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin
qiyabi şöbəsinə qəbul oldum. Oxuya-oxuya həm də
işlədim.
-
İlk efir həyəcanını və
qonorarınızı necə xatırlayırsınız?
- 1990-cı ilin iyul ayında ilk dəfə
"Xəbərlər" proqramı ilə efirə
çıxdım. Saat 5-in xəbərləri idi. O zaman
suflyor yox idi, xəbərləri canlı efirdə kağızdan
oxuyurduq. Mən bilmirəm ki, həmin 5 dəqiqəlik xəbəri
necə oxudum. O zaman bizim əməkdaşlar həmin
buraxılışı yazmışdılar. Beləcə fəaliyyətə
başladım, çox yaxşı da qəbul edildim. Təbii
ki, ilk gün həyəcan olub və bu həyəcan bu
gün də məni müşayiət edir. Məncə, bu,
normal bir haldır. O zaman bir kanal var idi və hamının
diqqəti səndə idi. Həyəcan tamaşaçı
qarşısında olan məsuliyyətdən doğan bir
hissdir. Bu, çox yaxşı bir hissdir, həyəcan olmasa,
dediyin sözlər səmimi səslənməz, ürəkdən
gəlməz.
Biz təcrübəçi kimi
işləyəndə qonarar heç bizim üçün əsas
deyildi. Bir il təcrübə keçməliydik,
çünki bir ildən sonra sən efirdə olmaya da bilərdin.
Mənim yadımdadır, ilk qonararımı dostlarıma
qonaqlığa xərclədim.
-
İlk müəlliminiz və dinləyiciniz kim olub?
- Bizdən əvvəl gələn
nəsil diktorları özümə mənəvi müəllim
hesab edirəm. Bir il ərzində bizi təcrübəli
diktorların arasında böldülər. Mən Sabir Ələsgərliyə
düşdüm. Ümumiyyətlə, başda Rafiq
Hüseynov olmaqla, köhnə nəsildən biz çox
şey öyrənmişik. Mən heç vaxt kimin
üçünsə nəsə oxuyub, deməmişəm
ki, mənə qulaq as, gör, necə oxuyuram. 20 ildən
artıq işlədiyim müddətdə hər gün
öz üzərimdə işləmişəm. Bu gün də
işləyirəm. Otaqda özüm oluram, musiqinin fonunda Azərbaycan
və rus dilində olan mətnləri ucadan oxuyuram. Öz
üzərində işləməsən mümkün deyil.
Çünki nitqin bir sənət növü kimi dərinliyi
hüdudsuzdur. Nitq bizdən qədimdir, həmişə
yaşardır.
-
Digər diktorlardan fərqli olaraq, sizi ilk gündən AzTV-də
görmüşük. Digər telekanallardan dəvət
almamısınız, yoxsa AzTV-də qalmaq öz istəyiniz
olub?
- Bəzi kanallardan dəvətlər
almışam, amma aparıcı kimi yox. 2001-2003 -cü illərdə
"Space" telekanalında uşaqların nitqi ilə məşğul
olmuşam, umumiyyətlə, pedaqoji fəaliyyətə
çox cavan yaşlarımdan başlamışam. 2006-2007-ci
illərdə "Lider"də bir il dörd ay
aparıcılıqdan dərs keçmişəm... Dediyim
kimi, AzTV-də texnik kimi fəaliyyətə
başlamışam. 1985-ci ildən, 27 ildir ki, artıq mən
televiziyadayam. AzTV mənim üçün çox
doğmadır. Ümümumiyyətlə,
düşünürəm ki, insan yaşayış, iş yerini,
tez-tez dəyişməməlidir. Bu, onun daxili aləminə,
xasiyyətinə, həyat tərzinə təsir edə bilər.
Fikrimcə, istənilən şəraitdə insan gərək
səbrli, dözümlü, öz işinə, həyatına
sadiq olsun.
-
Canlı efir zamanı hansı maraqlı hadisələr olub və
bu zaman vəziyyətdən necə
çıxmısınız?
- Müxtəlif hadisələr
olub. 1998-ci ildə səhər, xəbərlər və
öz müəllif proqramlarımı aparırdım, filmlər
hazırlıyırdıq. Yadımdadır ki, 1996-1999-cu illərdə
mən həftədə 14 dəfə efirə
çıxırdım. O vaxtlar 30, 40 dəqiqəlik xəbərləri
kağızdan oxuyurduq. Bir də görürdün ki, xəbər
oxuduğun yerdə kənardan bir əl efirə daxil olur.
Canlı efirdə oxuya-oxuya redaktə etməyi
bacarmalıydın. O zaman ulu öndər Heydər Əliyev mənə
32 yaşımda Əməkdar artist adını vermişdi.
Bu, mənim üçün çox gözlənilməz
olduğu qədər də qürurverici idi.
Bir gün mərhum Valid Sənani məclislərin
birində mənə zarafatla dedi ki, "Rafiq, mən sənə
arzu edirəm ki, tamaşaçılar sənin
üçün darıxsın", yəni efirdə o qədər
çox olurdum ki... İndi anlayıram ki, o illərin təcrübəsi
mənə çox şey qazandırıb.
Yadımdadır, bir dəfə
efirdə olduğum vaxt milçək 20 dəqiqə
fırlanıb. Milçək də axı yanağa qonanda
qaşınma verir. Mən isə elə etməliydim ki,
tamaşaçı bunu hiss etməsin. Buna görə tərimi
silirmiş kimi qaşınmanı az da olsa azaltmağa
başladım. O zaman texnika bu günkü kimi inkişaf etməmişdi.
Studiyalar isti olurdu, biz efirdən çıxanda köynəyimiz
yaş olurdu. Efirdə ağır günlər də olub.
1992-ci il Şuşa hadisələri
zamanı mən üç gün televiziyada qaldım. Qara
köynəyim və boz bir kostyumla efirə
çıxırdım. O vaxtlar çox gərgin anlar idi. Bir
tikə çörək belə boğazımızdan
keçmirdi. Bir saatdan bir efirə çıxırdıq.
Teleqramlar gəlirdi, onları oxuyurduq. Hamı narahat idi. Efir həyat
kimidir, orada kədərli anlar da olur, sevincli anlar da. İdmançılarımızın
qələbə xəbərlərini oxumaq çox fərəhlidir.
Efirdə olduğun müddətdə hadisəni gərək
tamaşaçıya elə çatdırasan ki, o həmin əhvalı
hiss etsin. Elə intonasiyayla danışmalısan ki,
tamaşaçı səni ilk cümlədən başa
düşə bilsin.
- O
dövrün teleaparıcıları ilə bugünkü
teleaparıcılar arasında nə kimi fərqlər var?
- Sizə deyim ki, televiziyanın
yaşı çox deyil. Cəmisi 56 il... Bu gün ölkəmizin
bütün sahələri kimi televiziya da inkişaf
dövrünü yaşayır. İndi müsbət tərəflər
daha çoxdur. Həm də efir gəncliyi sevir. Cavan,
yaraşıqlı olmaqla yanaşı, intellektli, savadlı
aparıcı arzuolunandır. Müasir televiziyaçılar
dünənki yaxşı təcrübədən bəhrələnməlidirlər.
Mənim hal-hazırda kanallarda çalışan tələbələrim
çoxdur. Onlar mənimlə tez-tez əlaqə
saxlayırlar.
-
Son zamanlar "diktor" sözü leksikonumuzdan
yığılmaq üzrədir. Sizcə, buna səbəb nədir?
- Diktor sözü "diksiya -
nitq" sözündəndir. Mən çox istərdim ki,
müasir aparıcılar "diktor" deyilən
anlayışdan yaxşı nitqi götürsünlər.
-
Bu gün aparıcılıq demək olar ki, şaxələnib:
moderator, şoumen, xəbər spikeri, enkrmən (anchorman)... Səbəb
nədir?
- Aparıcılıq şaxələnsə
də mahiyyət etibarilə, bunların hamısının
kökü eynidir. İstənilən halda,
aparıcının nıtqi qüsursuz olmalıdır.
Çünki o publika qarşısına çıxır.
Onun borcu səlis danışmaqdır.
-
Bildiyim qədər, siz həm rejissorluq, həm diktorluq, həm
müəllimlik, həm də musiqi fəaliyyəti ilə məşğul
olursunuz. Hətta yazılarınıza da rast gəlinir. Bu qədər
işi bir arada necə çatdırırsınız?
- Son zamanlar vaxt
qıtlığı hiss edirəm, nələrisə
çatdıra bilmirəm. Keçən il mənim növbəti
filmimin - "Yarımçıq gündəliy"in təqdimatı
oldu. Cox sevinirəm ki, film alındı. Bu günə kimi
yazdığım ssenarilər əsasında 20-dən
çox film çəkilib, hekayələr, esselər
yazmışam... Ədəbiyyatdan bir qədər
başım çıxır, pis oxucu deyiləm. Mənim
üçün bir meyar var, gördüyün işi
yaxşı edəsən. Yaxşı ədəbiyyat,
yaxşı kino - yaxşı əməldir. Pis yazmaq oxucuya
pislik etməkdir. Deyə bilərəm ki, çap olunmayan
yazılarım, olunanlardan çoxdur. Çəkmək istədiklərim
çəkə bildiklərimdən çoxdur.
- Bu
peşələrdən daha çox hansı Rafiq Həşimovun
xarakterinə uyğundur?
- Hamısı...
-
Hansı musiqiləri dinləyirsiniz?
- Uşaqlıqdan musiqi ilə məşğul
olmuşam. Klassik musiqini çox sevirəm. Baxı, Maleri dinləyirəm.
Özümüzünkülərdən Qara Qarayevə, Fikrət Əmirova qulaq asıram.
- Qəzet oxumağa vaxtınız olurmu?
- Mən kitab oxumağı daha çox xoşlayıram. Əsasən,
dünya ədəbiyyatını
oxuyuram... Nitqin gözəl olması
üçün isə,
tələbələrimə poetik nümunələrlə
yanaşı, Anarın
prozasını oxumağı
tövsiyyə edirəm.
Amma mən efirə çıxan adamam. Hər gün qəzet oxumalıyam ki, informasiya alım: bir saat, saat yarım
bu işə vaxt ayırıram. Bir oxucu kimi isə
dünyada baş verən qanqaraldıcı
hadisələrin çoxalmağı
əhvalımı pozur.
Belə hadisələr
artdıqca, bizim də bu hadisələrə
laqeydliyimiz artır..
- Müasir dönəmdə
diktorluq məktəbinin
formalaşmasına ehtiyac
varmı? Belə olan təqdirdə
kimləri bu məktəbin müəllimləri
hesab edərdiniz?
- Fikirləşirəm
ki, buna böyük ehtiyac var. Və nə yaxşı ki, artıq Azərbaycan Televiziyasının nəzdində
teleakademiya yaradılıb.
Güman
edirəm ki, yaxın illərdə biz ən müxtəlif teleradio peşələrini
mükəmməl öyrənmiş
mütəxəssisləri görəcəyik.
- Bildiyimə görə, bir qızınız var. Övladınıza, ailənizə
yetərincə vaxt ayıra bilirsinizmi
- Mən gec ailə qurmuşam.
O zaman mənə deyirdilər ki, "niyə evlənmirsən?". Cavab verirdim
ki, vaxtım yoxdur... Qızımın iyun ayında
artıq 5 yaşı
olacaq. Təəssüf ki, həftənin
yalnız bir gününü ona həsr edə bilirəm. Çünki bütün atalar
kimi, mən də səhər işə gedib, axşam qayıdıram.
Buna görə də
onunla əsasən anası məşğul olur... Qızım dəniz sahilində
balıqqulağı yığmağı
çox xoşlayır
və bütün balalar kimi müxtəlif
yelləncəklərdən də düşmək istəmir. Uşaqlara bacardıqca çox
vaxt ayırmaq lazımdır. Çünki bu ünsiyyət onların gələcəyi
üçün vacibdir.
Ədalət.-2012.-22 may.-S.5.