İndi daha abad Sabirabad

 

  (Əvvəli ötən sayımızda)

  

   Heydər Əliyev prospektindəki daş hasarlar üzlənmiş, müasir üslubda yenidən qurulmuşdur. Ulu Öndərin adını daşıyan prospektdəki, 20 Yanvar küçəsindəki, Sənaye Törəmə Müəssisəsinin ərazisindəki binaların dam örtükləri də hərtərəfli təmir olunmuşdur.

   Sabirabad rayonunda, eləcə də rayon mərkəzindəki tikinti-abadlıq işləri hər gün genişlənir. Bunları rayonda, şəhərin özündə hər addımda hiss etmək mümkündür.

 

   Sabirabad həm də böyük kənd təsərrüfatı rayonudur

 

   Sabirabad rayonu ölkənin ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Bu ilin məhsulu üçün 2011-ci ildə 20398 hektar sahədə taxıl səpini aparılmışdır. 1800 hektar pambıq, 1299 hektar tərəvəz, 819 hektar bostan, 1106 hektar kartof, 3730 hektar sahədə yonca və başqa bitkilər əkilmişdir.

   Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına əsasən özəl taxılçılıq təsərrüfatının yaradılması məqsədilə 11667 hektar ərazi ayrılması qərara alınmışdır. Həmin sahələrə Kür çayından 12 kilometr uzunluğunda suvarma kanalları çəkiləcəkdir.

   Rayondakı "Aqroservis" kənd təsərrüfatı məhsulları istehsalçılarına min tondan çox güzəştli şərtlərlə gübrə satmışdır.

   Sabirabadlılar son vaxtlar heyvandarlığın inkişafına xüsusi fikir verirlər. Ərzaq bolluğu yaratmaq üçün bu gəlirli sahədən daha çox faydalanmağa çalışırlar. Bu gün rayondakı iri buynuzlu mal-qaranın sayı 11083 başa, xırda buynuzluların sayı isə 186804 başa çatdırılmışdır. Təsərrüfatlardakı mal-qaranın cins tərkibini yüksəltməkdən ötrü mütəmadi tədbirlər həyata keçirilir. 2012-ci ilin 3 ayı ərzində 1264 baş iri buynuzluda aparılmış süni mayalanma nəticəsində 786 baş bala alınmışdır. Ümumilikdə isə rayonda bu üsulla əldə edilən belə heyvanların sayı 10412 başdır.

 

   Sağlam insan, yaxşı təhsil cəmiyyətin qazancıdır

 

   İndi rayon sakinlərinə daha yüksək səhiyyə xidməti göstərməkdən ötrü Mərkəzi rayon Xəstəxanası üçün 205 çarpayılı xəstəxana binasının tikintisinə hazırlıq işlərinə başlanılmışdır. Hazırda isə Qəzli kəndində Yaponiya səfirliyinin dəstəyi ilə 15 çarpayılı xəstəxananın inşası aparılır. Axtaçı-Muğan kəndindəki xəstəxanada təmir işləri sona çatmışdır.

   Son vaxtlar təhsilə daha çox fikir verən sabirabadlılara yeni məktəb binaları hədiyyə edilmişdir. Ulacalı kəndində 200 şagird üçün məktəb binası tikilmişdir. Yaxın vaxtlarda Yuxarı Axtaçıdakı 240 şagird üçün inşa edilən məktəb binası hazır olacaq. Hər biri 480 şagird yerlik olmaqla şəhər 8 saylı və Nərimankənd kənd orta məktəblərinin tikintisi bu il başa çatdırılacaq.

   Şəhərdəki 5 və 6 saylı orta məktəblərdə təmir-bərpa işləri aparılır. M.Ə.Sabir adına 1 saylı orta məktəb binasının tikintisinə yaxın vaxtlarda başlanılacaq.

 

   "Hərtərəfli inkişaf üçün sağlam mühit olmalıdır"

 

   Bu fikri isə hazırladığımız yazı üçün Sabirabad rayon Polis Şöbəsinin cinayət işləri üzrə rəis müavini Rauf Məcidov dedi. Əlavə elədi ki, Sabirabad rayonunda baş verən cinayətlərin əksəriyyəti narkotika və oğurluqla bağlıdır. Bu ilin ilk aylarında bununla bağlı işlərimiz çox olub. 11 yanvar 2012-ci ildə Babayev Abuş Alış oğlundan 0,18 qram heroin, 17 yanvarda Yusif Zahir oğlu Əzizova 3 kibrit qutusunda narkotik satan sabirabadlı Mahir Zahir oğlu Qurbanov tutulmuşdur. 29 yanvar və 02-15 fevral tarixlərində rayonun Həsənli kənd sakini Teymur İbrahimovdan 2,4 qram, Suqovuşan kənd sakini Bayram Nəsirovdan 0,5 qram, İlqar Ağayevdən 50 qram narkotik vasitə - marixuanaya oxşar yaşıl kütlə götürülmüşdür. 05 mart 2012-ci ildə keçirdiyimiz əməliyyat-axtarış nəticəsində Maqsud Sadıqovdan da 0,80 qram marixuanaya oxşar narkotik vasitə aşkar edilmişdir. Aprelin 19-da isə Sabirabad şəhər sakini Ramil Abuşovdan 2,56 qram tiryək götürülmüşdür.

   Rayonun Qasımbəyli kənd sakini şofer Abuşovun tövləsindən 5 kisə sement oğurlanmış, həmkəndlisi Pərvin Abuşov tutulmuşdur. 04 aprel 2012-ci ildə Sabirabad şəhər sakini Naibə Əhməd qızı Əsədovanın şəhər sakini Nizami Əsədovun evindən qızıl-zinət əşyaları, pul, elektrik avadanlıqları oğurlandığı müəyyən edilmişdir.

   "Suqovuşan" restoranından elektrik və məişət avadanlıqları oğurlayan Saatlı rayon sakini Razi Məlikov da bizim tərəfimizdən saxlanmışdır...

   Rauf müəllim düz deyirdi, iqtisadi, sosial, mədəni inkişafımıza kölgə salan bütün neqativ hallara mütləq və dərhal cavab verilməlidir.

 

 

   Səxavət Məmmədli

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-22 may.-S.7.