GÖYÇAY
MÜASİRLƏŞMƏNİN YENİ MƏRHƏLƏSİNDƏ
Bütün sahələr üzrə uğurlu nəticələr
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə
Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş
iclasında Dövlət başçısı bildirmişdir
ki, il uğurla başlayıb və əsas iqtisadi göstəricilər
çox müsbətdir. Respublika iqtisadiyyatının şaxələndirilməsi
istiqamətində atılmış addımlar bəhrəsini
vermiş, qeyri-neft sektoru daha yüksək sürətlə
inkişaf etmişdir.
İclasda qazanılmış
nailiyyətlər bir daha vurğulanmış, həlli vacib məsələlərdən
söhbət açılmış, zəruri işlərin həyata
keçirilməsi yolları göstərilmişdir. İclasın
yekunları bir daha təsdiqləyir ki, ölkədə həyata
keçirilən böyük miqyaslı işlərin hamısı
Azərbaycan vətəndaşının rifahına xidmət
edir. İqtisadiyyatın şaxələndirilməsi də, ərzaq
təhlükəsizliyinin yaradılması da və
qarşıya qoyulan bir çox digər vəzifələr də
məhz buna yönəldilib.
Respublikanın digər bölgələri
kimi Göyçay rayonunda da 2012-ci ilin birinci rübündə
iqtisadiyyatın bütün sahələri üzrə
uğurlu nəticələr əldə edilmişdir. Bütün
bunlar Nazirlər Kabinetindəki həmin iclasın
yekunlarına həsr edilmiş ümumrayon
yığıncağında Göyçay Rayon İcra
Hakimiyyətinin başçısı Mənsur Məmmədovun
məruzəsində geniş təhlil edilərək diqqətə
çatdırılmışdır. Qeyd olunmuşdur ki, cari
ilin yanvar-mart aylarında rayonda 32,9 milyon manatlıq ümumi məhsul
istehsal edilmişdir. Ümumi daxili məhsulun 14,2 faizi sənayenin,
25,9 faizi kənd təsərrüfatının, 15,8 faizi
tikintinin, 40,6 faizi ticarət və xidmət sahələrinin,
3,5 faizi nəqliyyat və rabitə sahələrinin payına
düşür. 2011-ci ilin birinci rübü ilə müqayisədə
rayon üzrə sənaye məhsulunun ümumi həcmi 6,5 faiz
artaraq 4,7 milyon manata çatmışdır.
Sənaye məhsulunun 60,5 faizi qeyri
dövlət bölməsində istehsal olunmuşdur ki, bu da
keçən ilin müvafiq dövrünə nisbətən
14,6 faiz çoxdur.
Rayon iqtisadiyyatının digər
sahələri kimi tikinti sahəsində də müəyyən
uğurlar əldə edilmiş, cari ilin birinci rübündə
bu sahəyə 5,5 milyon manat investisiya yönəldilmişdir
ki, bunun da 4,1 milyon manatı istehsal təyinatlı obyektlərin
tikintisində istifadə edilmişdir.
Yuxarı Şirvan kanalının
Bığır kəndinin ərazisindən keçən hissəsində
inşa edilən 3 mva gücündə su elektrik stansiyasının
tikintisində işlər davam etdirilir. Obyektdə beton
suötürücülərinin inşaası, istehsal olunan
enerjinin ötürülməsi üçün transformator
yarımstansiyasının tikintisi başa
çatdırılmış, turbinlərin
quraşdırılmasına başlanılmışdır. Stansiyanın
cari ildə istifadəyə verilməsi nəzərdə
saxlanılır.
Yalman kəndində üzüm qəbulu
müəssisəsi və sutkada 8 ton spirt istehsal edən
qurğu kompleksinin tikintisi davam etdirilir. Ümumi smeta dəyəri
3,1 milyon manat olan obyektin tikintisi üçün vəsaitin
1,1 milyon manatı Sahibkarlığa Kömək Milli Fondu, 2
milyon manatı "Göyçay-Konyak" ASC-ti tərəfindən
ayrılmışdır.
Rayon rəhbərliyinin
ciddi mövqeyi
Cari ilin fevral ayından şəhərin
su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması
layihəsinin ikinci mərhələsinə
başlanılmışdır. Tikinti işləri bu sahə
üzrə ixtisaslaşmış Türkiyənin
"Atinak" şirkəti tərəfindən
aparılır. Şəhərin şimal hissəsində
ümumi tutumu 2000 ton olan iki su anbarı inşa edilir. Buradan M.Ə.Rəsulzadə
küçəsindən keçməklə
suötürücü boruların quraşdırılması
işləri başa çatdırılmışdır.
Hazırda şəhərin Şəhriyar, Ə.Kərim,
Nizami küçələrində daşıyıcı su kəmərlərinin,
həmçinin Şəhadət və Potu kəndlərinin ərazilərində
çirkab suları təmizləyici qurğuya
daşıyacaq magistral kəmərin çəkilişi
işləri aparılır. Layihənin icrasına Türkiyədən
gələn mühəndis-texniklərlə yanaşı 70-ə
yaxın rayon sakini də cəlb edilmişdir. Gələcəkdə
şəhər əhalisinin içməli su ilə təminatının
daha da yaxşılaşdırılması məqsədi ilə
"Azərsu" Səhmdar Cəmiyyəti tərəfindən
rayon mərkəzindən 10 km. şimalda Göyçay
çayının yatağında drenaj şəbəkəsinin
qurulması üçün mühəndis axtarış
işləri aparılır.
Rayon İcra hakimiyyətinin
başçısı içməli su məsələsi ilə
əlaqədar görülən işlərlə
yanaşı bir sıra çətinliklərin və
çatışmazlıqların da mövcudluğunu qeyd edərək
demişdir:
- Bütün bunlarla yanaşı
istər şəhər, istərsə də su mənbəyi
olmayan kəndlərin içməli su ilə təminatının
mövcud vəziyyəti bizi ciddi narahat edir. Məlum olduğu
kimi qış mövsümünün qarlı keçməsi
və hazırda dağlarda qarın sürətlə əriməsi
ilə əlaqədar Göyçay çayında suyun həddindən
artıq çirklənməsi, həmçinin çayda
primitiv qaydada düzəldilmiş su durulducu anbarların
tez-tez yuyulması ilə əlaqədar şəhərin
içməli su ilə təminatında müəyyən
çətinliklər yaranmışdır. Vəziyyəti
düzəltmək üçün Potu kəndi ərazisindəki
su mənbəyindən şəhərin içməli su
şəbəkəsinə su vurulur, həmçinin su ilə
təmin olunmayan ərazilərə nəqliyyat vasitələri
ilə su daşınır. "Göyçay Su kanal"
TSC-ti bununla bağlı bütün imkanları səfərbər
etməli, içməli su daşıyan xüsusi nəqliyyat
vasitələri olan müəssisə və təşkilatlar
da öz köməkliklərini əsirgəməməlidirlər.
İçməli su mənbəyi olmayan kəndlərdə
sutəmizləyici qurğuların quraşdırılması
işlərinin sürəti olduqca aşağıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
2013-cü ilə qədər içməli su mənbəyi
olmayan bütün kəndlərdə təmizləyici
qurğuların istifadəyə verilməsi nəzərdə
tutulduğu halda yalnız iki kənddə əhali bu
qurğuların xidmətindən istifadə edir. Rayon icra
hakimiyyəti başçısının aparatı,
müvafiq sifarişçi nazirlik və baş idarələrlə,
podrat təşkilatları ilə birlikdə təmizləyici
qurğular, içməli suyun verilməsi, kanalizasiya sisteminin
qurulması proseslərinin sürətləndirilməsi
üçün lazımi tədbirlər görməlidirlər...
(ardı gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-1 may.-S.7.