AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ

 

   "Azərbaycan! Əziz vətən, ana torpaq! Sən bizi bəslədin, böyütdün, bizdən heç nə əsirgəmədin. Sən bizi sevirsən, bizim üçün bu sevgi çox əzizdir, dünyada heç bir şey bu sevgini əvəz edə bilməz. Biz böyük nizamilər, babəklər, koroğlular ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız və təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş hər bir vətəndaşımız üçün düşməndən amansız intiqam alacağıq. Bu yolda canımızı və qanımızı əsirgəməyəcəyik".

 

   1942-ci ildə Stalinqrad uğrunda döyüşdə həlak olmuş naməlum Azərbaycan əsgərinin cibindən tapılmış məktubdan

 

   Şəmistan Nəzirli,İstefada olan polkovnik-leytenant

 

   Bu məktub yetmiş il əvvəl yazılmış olsa da, zənnimizcə bu gün də məzmununu itirməyib.

   Yağı düşmənlə üzbəüz durduğumuz bir vaxtda müasir gəncliyimizi Vətən, Azərbaycan və Qarabağ sevgisi naminə daha fəal və mübariz olmağa çağırır. Bu cümlələrdəki sözlər hər bir Azərbaycan oğlunun ən ümdə arzusuna çevrilməlidir.

   Yetmiş il əvvəl şəhid olmuş vətənpərvər eloğlumuzun düşmənə nifrət hissi ilə yazdığı qısaca məktubdan görünür ki, azadlıq yolunda ulu babalarımızın andına sadiq qalmış və onların layiqli nəslindəndir.

   Stalinqrad uğrunda döyüşlərdə əbədi şöhrət qazanan Azərbaycan oğulları çox idi. Bir döyüşdə altmış səkkiz faşisti məhv edən lənkəranlı balası Baloğlan Abbasov mahir snayperçi olub. Cəmi əlli bir gün döyüş cəbhəsində mərdliklə vuruşan baş serjant yüz altı faşist qırmışdı. "İgidliyə görə" medalı ilə təltif olunan Baloğlan Abbasov iyirmi üç yaşında 1942-ci ilin noyabr hücumlarında qəhrəmanlıqla həlak oldu.

   "Volqanın o tayında faşistlərə yer yoxdur. Onların ayağı Stalinqrada dəyməyəcək. Burdan Bakıya getmək iştahını faşistlərin gözündə qoyacağıq" amalı ilə döyüşən, sərrast atıcı Baloğlan Abbasov qəhrəmanlıqla həlak olandan sonra "Qırmızı Bayraq" ordeni ilə təltif olundu

   Məşhur rus yazıçısı Pyotr Pavlenkonun 1943-cü ildə Moskvada "Baloğlan Abbasov" adlı çox maraqlı kitabçası nəşr olundu. Eloğlumuzun qəhrəmanlığından iftixar hissi duyan müəllif əsərin sonunda yazırdı:

   "Əgər azərbaycanlı şair qəhrəman haqqında mahnı demək istəyirsə, qoy bu mahnını Baloğlan Abbasova həsr etsin. Həmin mahnı öz müəllifinə sonsuz şöhrət gətirər.

   Əgər azərbaycanlı sədaqət andı içmək istəsə, qoy o, cəsarətlə Baloğlan Abbasovun adına and içsin.

   Əgər o, bənzəmək istədiyi qəhrəmanın adını çəkmək istəsə, qoy cəsarətlə Baloğlan Abbasovun adını çəksin.

   Rəssamlar! Mən sizdən Baloğlan Abbasov haqqında tablolar yaratmağı xahiş edirəm.

   Heykəltəraşlar! Mən sizdən bu sadə igidin heykəlini yaratmağı xahiş edirəm.

   Ey insanlar! İyirmi üç yaşında əbədiyyətə qovuşan Baloğlan Abbasovu unutmayın.

   İgidlik göstərib onunla kifayətlənən adam hələ qəhrəman deyildir; əsil qəhrəman o şəxsə deyirlər ki, başqalarını da Baloğlan Abbasov kimi özünə bənzəməyə öyrətsin".

   Düşünürəm ki, yad bir millətdən olan yazıçının Azərbaycan oğlunun misilsiz qəhrəmanlığını, şəxsiyyətini necə də ölçüyəgəlməz dərəcədə təsvir edib. Oçerki oxuyanda istər-istəməz qürur hissi duyursan ki, mənim xalqımın Baloğlan Abbasov kimi qəhrəmanı var. Qeyri-ixtiyari ürəyindən keçən bu sözləri deməyə bilmirsən: - "Eşq olsun, Baloğlanı doğan anaya!".

   Baloğlan Mirzağa oğlu Abbasov 1919-cu il dekabrın 15-də Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. Kənddə ibtidai təhsil aldıqdan sonra Baloğlan 1939-cu ildə ordu sıralarına çağırılıb. Müharibə başlayanda Ukraynada döyüşlərdə yetkinləşdi, snayperlik sənətini səylə öyrəndi. Az müddətdə atıcı alayında ən yaxşı nişançılardan biri oldu.

   1942-ci ilin yayında serjant Baloğlan Abbasovu ən mühüm cəbhə olan Stalinqrad şəhərinin müdafiəsinə göndərdilər. Vzvod komandiri təyin olunan Baloğlan Azərbaycan oğulları ilə birgə qəhrəmanlıqla vuruşur, əla snayperçinin atdığı güllələr boşa çıxmırdı. Sərrast atıcı kimi diviziyada ad-san qazanan Baloğlan Abbasov həlledici əks-hücum zamanı 1942-ci il noyabrın 19-da ağır yaralanıb həlak oldu. Stalinqrad cəbhəsi Hərbi Şurasının qərarı ilə müharibə qəhrəmanı kimi Baloğlan Abbasovun adı əbədi olaraq qvardiyaçı diviziyasının şəxsi heyətinin siyahısına daxil edildi

   Əlbəttə, 1942-ci ildə Stalinqrad uğrunda döyüşlərdə Vətən sevgisi ilə faşistlərə qarşı mübarizə aparan təkcə serjant Baloğlan Abbasov deyildi. Arxiv sənədlərindən məlum olur ki, bu misli görünməyən vuruşmada iki mindən çox Azərbaycanın əsgər və zabit oğlu igidliklə döyüşmüşdür. Ən əvvəl iki general eloğlumuzun Həzi Aslanovun və Şuşalı general-mayor Yaqub Quliyevin xidmətini xüsusi qeyd etməliyik. Onlar Stalinqrad döyüşlərində yüksək komandirlik məharəti və şəxsi igidlikləri ilə daha böyük şöhrət qazanmışlar. Hər iki generalımızın - Həzi Aslanovun 55-ci Əlahiddə Tank alayı və süvari korpus komandirinin müavini Yaqub Allahqulu oğlu Quliyevin 222-ci süvari alayı faşist feldmarşalı Manşteynin tank ordusunun darmadağın edilməsində qeyri-adi döyüş məharəti göstərmişlər. Bu döyüşlərdəki əvəzsiz komandirlik rəşadətinə görə general-mayor Yaqub Quliyev Lenin ordeninə, Həzi Aslanov isə Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli ada layiq görüldü.

   "Stalinqradın müdafiəsinə görə" medalı və "Qırmızı Ulduz" ordeni ilə iki min nəfərdən çox Azərbaycanın oğul və qızı təltif olundu. Onların sırasında mayor Teymur Nağdəli oğlu Bünyadov (sonralar general-mayor rütbəsinə layiq görüldü), kəşfiyyatçı Şamil Hüseynov, 51-ci qvardiya diviziyasının baş rabitəçisi Əyyub Həmidov, qvardiya polkovniki Sovet İttifaqı Qəhrəmanı Xıdır Mustafayev, təyyarəçi Nuru Əliyev, Tacəddin Əfəndiyev, pulemyotçu-zabit Abdulla Axundov, topçu Qasım Hacıyev, Davud Səfərov, avtomatçı Mikayıl Qəribov, Həmzə Sadıqov, zirehdələn Əli Hüseynov, təyyarəvuran topçu İbrahim Məmmədov, sanitar-həkim Bəhram Əsgərov Azərbaycan xalqının adına layiq qəhrəmanlıqla vuruşmuşlar.

   Görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun yeganə oğlu qvardiya baş leytenantı Nəcəf Nərimanov (1919-8.09.1943) Stalinqrad döyüşlərində igidlik göstərmiş, birinci dərəcəli "Vətən Müharibəsi" ordeni və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur.

   Əfsanəvi partizan Mehdi Hüseynzadə - Mixaylo 1942-ci ildə Stalinqrad cəbhəsindən ailəsinə göndərdiyi məktublarından birində yazırdı: "Bu məktubu düşmən güllələri altında yazıram, burada şiddətli döyüşlər gedir, faşistlərin törətdiyi cinayətlərin həddi yoxdur. Biz hücuma hazırlaşırıq. Söz verirəm ki, son nəfəsədək vuruşacağam, sizin başınızı ucaldacağam, ölsəm də qəhrəman kimi öləcəyəm. Mənim barəmdə eşidəsiniz. Hələlik sağ olun. Bu mənim son məktubumdur!".

   1942-ci ilin avqustunda Mehdi Hüseynzadə Stalinqrad yaxınlığındakı Kalaç rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanaraq əsir alınmışdır. Sonralar həbs düşərgəsindən qaçan Mehdi Hüseynzadə - Mixaylo İtaliya və Yuqoslaviya dağlarında partizan hərəkatına rəhbərlik edərək minlərlə faşisti məhv etdi. Özü isə qəhrəmanlıqla həlak oldu və ölümündən sonra 1957-ci il aprelin 11-də Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli ada layiq görüldü.

   O ağır müharibə illərində məşhur Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Şəhriyar "Stalinqrad qəhrəmanları" poemasını yazdı. Poemada şücaətlə döyüşən əsgər və zabitlərin qəhrəmanlığı böyük məhəbbət və səmimiyyətlə tərənnüm olunur.

   Səməd Vurğunun, Süleyman Rüstəm, Məmməd Rahimin və Əhməd Cəmilin yazdığı silsilə şeirləri də Stalinqradda faşist qoşunlarının darmadağın edilməsinə həsr olunmuşdur.

   HƏZİ ASLANOVLA GÖRÜŞ

   Tırtıllı tankların gur səsindən sonra dalbadal qumbara atıldı. Qumbaraların gurultusu torpağı lərzəyə gətirdi. Kazarmanın qapıları və şüşələri cingilti ilə yerə töküldü. Yuxudan sərsəm oyanan əsgərlər komandirin gur səsini eşitdilər: - Müharibə! - deyə qışqıran gənc leytenant - Silaha sarılın! - komandasını dalbadal təkrar etdi.

   1941-ci il iyul ayının 26-da Kiyev şəhəri yaxınlığında yerləşən dördüncü mexanikləşdirilmiş korpusun tərkibində iyirminci tank alayının əsgər və zabitləri yağı düşmənlə döyüşə girdi. Bu ölüm-dirim savaşında mərdliklə vuruşan alayda bircə nəfər həmyerlimiz vardı. O, iyirmi bir yaşı yenicə tamam olan Bərdəli Qaçay Allahqulu oğlu Aslanov idi. Artıq ikinci il növbəti hərbi xidmətdə olan Qaçayı alafyda hamı nizam-intizamlı bir zabit kimi yaxşı tanıyırdı.

   Bütün Avropanı ayağa qaldıran Hitler Almaniyası ilk vaxtlar çox sürətlə irəliləyirdi. Yaxın Şərqə yol açmaq istəyən faşizm özünün "məğlubedilməz" ordu gücünü Stalinqrada yönəltmişdi. Ona görə də Ali Baş Komandanlıqdan gələn əmrə əsasən leytenant Qaçay Aslanovun döyüşdüyü alay da Stalinqrad cəbhəsinə göndərildi. Onların alayı şəhərin qərb hissəsindəki Uşakovka kəndi yanında yerləşirdi. Döyüşlər beş ay idi ki, davam edirdi. Nə gecə, nə də gündüz vuruşma ara vermirdi. Tapşırıq çox qəti verilmişdi. Düşməni şəhərə buraxmamaq! Bir neçə döyüş əməliyyatında igid zabit kimi döyüşən Qaçay Aslanovun sinəsini "Qırmızı Ulduz" ordeni bəzəyirdi. Onu hamı "leytenant Aslanov" deyə çağırırdı.

   Bir axşam Qaçayı alay komandiri podpolkovnik Vladimir Litvinov torpaq qazmaya yanına çağırdı. Onun yanında orta boylu, suyuşirin qaraşın bir zabit də vardı. Litvinov gülümsünüb:

   - Hə, həmyerlilər, Aslanovlar, tanış olun - dedi və əlini Qaçayın çiyninə toxundurub, - bu da bizim igid Azərbaycan oğlu Aslanovumuzdu - deyə podpolkovnikə təqdim etdi.

   Yanağı sərt şaxtadan azca allanıb qızarmış qonaq podpolkovnik Aslanov əlini Qaçaya uzadıb:

   - Tanış olaq, - dedi - eloğlu, mən Həzi Aslanovam. Hər dəfə komandirinlə görüşəndə səni bolluca tərifləyir. Hətta zarafatla deyir ki, Həzi, sənin qardaşın leytenant Aslanov alayımızın fəxridir. Gəldim ki, səninlə tanış olum. Çox sağ ol ki, xalqımızın başını uca edirsən.

   Qaçay utancaq baxışlarını bilmədi harada gizlətsin, utandığından qızardı. Həzi Aslanov isə elə hey onu tərifləyirdi. Söhbətinə ara verər-verməz komandiri Litvinov onun şücaətindən danışırdı:

   - Həzi Əhəd oğlu, - deyirdi, - noyabrın 10-da, iki gün əvvəl, bizim leytenant Aslanovu səhər saat səkkizdə bölüyü ilə Plodaviti kəndi istiqamətində kəşfiyyata göndərdim. Üç saata yaxın apardığı döyüş əməliyyatında düşmənin demək olar ki, bir rotasını yarıbayarı məhv edib geri oturtdu.

   Həzi Aslanov bu dəfə doğma ana dilində, canıyananlıqla dedi:

   - Özünü gözlə, eloğlu, sən hələ çox cavansan. Neçə yaşın var?

   - İyirmi iki, yoldaş podpolkovnik, - deyə Qaçay nizami əsgəri qaydada cavab verdi.

  

 

   (ardı var)

 

  Ədalət.-2012.-1 may.-S.7.