GÖZLƏRDƏN
BOYLANAN SEVİNC...
Ətrafa yayılan musiqinin səsi
insanın ürəyinə bir rahatlıq və bir xoş
duyğu səpələyir. O duyğu ki, bir anlıq da olsa,
adamı götürüb öz qanadlarında işğal
olunmuş torpaqlarımıza - Füzuliyə, Ağdama, Zəngilana,
Cəbrayıla, Qubadlıya, Kəlbəcərə,
Şuşaya... aparır. Sanki musiqinin ovqatında
qarış-qarış o torpaqları, o çayları, o
gölləri, o bulaqları və o dağları gəzirsən.
Ərgünəşdən Füzuli şəhərinə
düşüb Çənlibelə, Köndələn
çaya və ordan da şəhərin küçələri
ilə dolaşa-dolaşa gəlib çıxırsan düz
avtovağzala...
Bura Füzuli deyil. Heç bura
Füzulinin küçələri də deyil. "Qarabağ
şikəstəsi"nin dalğa-dalğa ətrafa
yaydığı yer Bakıda Füzuli rayonunun
İnşaatçılar qəsəbəsi, Uşaq Musiqi məktəbidir.
Sadəcə olaraq bu məktəb burda da öz
ömrünü yaşayır və 6 saylı Peşə
liseyinin II korpusunun birinci mərtəbəsində yerləşir.
Otaqlar dar olsa da bu musiqi məktəbinin kollektivinin qurub-yaratmaq
eşqinin azaltmayıb, əksinə bu dar, balaca otaqlarda
Füzuli musiqi məktəbinin zəngin ənənələri
qorunur və yaşanır.
Məktəbin direktoru Zöhrə
xanım Rzayeva ilə söhbətmiz çox səmimi
alınır. Görkəmli xanəndə və pedaqoq Seyid
Şuşinskidən başlamış, İslam Rzayevi,
Ağabala Abdullayevi, Süleyman Abdullayevi, Təvəkkül
Musayevi, Eldəniz Məmmədovu... bir-bir yada salır. Zöhrə
xanım onların böyük sənətindən və
musiqi istedadından söhbət açır. O qədər
şirin, o qədər məlahətli danışır ki,
bal kimi söhbətdən doymaq olmur.
Öyrənirəm ki, Zöhrə
xanım həmişə böyük sənətin və
musiqinin içində olub. Elə böyük sənət də
zaman-zaman onu özünə çəkib və musiqi aləminə
gətirib. Ixtisasca fortopiano müəllimidir. Ilk dəfə
Ordubadda musiqi dərsləri deməyə başlayıb.
Ordubada getməyi isə təsadüfi deyil. Bu ailə həyatı
ilə bağlı olub. Sonradan Ağdam musiqi məktəbini
bitirib və 1 nömrəli Füzuli musiqi məktəbində
müəllim işləyib. Sonralar isə həmin məktəbdə
dərs hissə müdiri vəzifəsində
çalışıb. 1991-ci ildən isə Füzuli
Uşaq Musiqi məktəbinin direktoru işləyir.
Söhbətimiz zamani bir daha hiss elədim
ki, Zöhrə xanım çox kövrək ürəyə
və incə qəlbə malikdir. Çünki Füzulidən
danışanda hər dəfə kövrəlir və
gözü dolurdu. Mən də istəmirdim ki, onun kövrək
ürəyini daha da kövrəldəm. Ona görə də
söhbətin səmtini musiqi məktəbinin üstünə
yönəltmək istəyirdim. Söhbətimiz ürəyimiz
istədiyi səmtə doğru da yön alırdı...
Bir-bir dərs keçilən sinif
otaqlarına baxırıq. Otaqlarda şagirdlərlə
yanaşı, musiqi alətləri - fortopiano, tar, skripka,
kamança, nağara... diqqətimizi cəlb eləyir. Sən
demə, bu məktəbdə üç şöbə - xalq
çalğı alətləri, fortopiano, nəzəriyə şöbələri
fəaliyyət göstərir. Şöbələrdə isə
tar, kamança, qarmon, xanəndəlik (səs), nağara
ixtisasları var. Elə istedadlı uşaqlar da bu ixtisaslarda
musiqi sənətinin sirlərini öyrənirlər. Onlara
klassik və müasir musiqinin bütün sirləri əxz
edilir. Çünki musiqi məktəbində təcrübəli
və musiqi aləmində sözünü deyə bilən
müəllimlər işləyir.
Bu gün məktəbdə 240
şagirdə 66 müəllim musiqi dərsi deyir. Təbii ki,
müəllim yaxşı olanda onların şagirdləri də
çox şeyləri öyrənə bilirlər. Vəfa
Musayevə (fortopiano), Ramiq Mehdiyev (tar), Tofiq Nəsibov (xanəndəlik),
İlahə Qasımova (fortopiano), Rövşanə Abdullayeva
(skripka), Aynur Məmmədova (nəzəriyyə), Günel
Paşayeva (nəzəriyyə) belə müəllimlərdəndir.
Məktəbin bir neçə
şagirdi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət
Şurası üzrə Elmi-Metodik Mərkəzin
keçirdiyi "Muğam-xanəndəlik" müsabiqəsində
iştirak edib. Gənc xanəndələr Əmrah Cənnətəliyev
və Nəriman İmanzadə bu müsabiqədə
maraqlı çıxışları ilə diqqəti cəlb
eləyiblər. Digər iki şagird - fortopianoda
İsmayıl Xəlilov və skripkada Elmira Quliyeva növbəti
müsabiqəyə hazırlaşır. Əlbəttə,
isteded heç də birdən-birə üzə
çıxmır. Onun üzə çıxması
üçün bir çox müsabiqələr və
yarışlar yeni bir təkan olur. Elə ki, bir istedadlı
musiqiçi hər hansı yarışmanın qalibi
adını qazanır, bax onda deyirlər ki, keçirilən
müsabiqə filankəsi tamaşıçılara
tanıtdı. Necə ki, ATV-nin "Xalq ulduzu"
yarışması Eldəniz Məmmədovu kəşf elədi.
... Qarmonun məlahətli səsi
eşidilir. "Azərbaycan təranələri" pərdə-pərdə
ətrafa yayılır. Bu musiqini eşidən insanın
içinə bir işıq, bir sevinc gəlir. Qarmonu səsləndirən
isə məktəbin şagirdi Mübariz İslamzadədi.
Qarmon müəllimi Əfsanə Əhmədova diqqətlə
onun barmaqlarına baxır. Barmaqlar isə qarmonun şirmayi
dilləri üzərində elə gəzir ki, sanki su pərisi
suyun üzü ilə yeriyir...
Bunların hamısını məktəbin
direktoru Zöhrə xanım Rzayevə ilə bir yerdə seyr
edirik. Hiss eləyirəm ki, yenə musiqinin sədaları
Zöhrə xanımı çox uzaqlara - işğal
altında olan yurduna aparır. Birdən-birə mənə
sarı dönür və deyir ki, o uşaqların gələcəyinə
inanıram. Bizim üçün və musiqinin inkişafı
üçün cox işlər görülür. Rayon icra
hakimiyyətinin başçısı Alı Alıyevin, mədəniyyət
və turizm şöbəsinin müdiri Elman Məmmədovun
bizə çox isti münasibəti, qayğısı var. Elə
həmişə də çətinə düşəndə
onları özümüzə arxa bilirik.
... Günlərin birində bu
musiqi məktəbi yenidən Füzuliyə dönəcək.
Günlərin birində bu qəlbi sınıq və nisginli
insanlar yenidən öz yurd yerlərinə qayıdacaq. Bax onda
indiki kimi Zöhrə xanımın gözlərinə
çökən o kədəri görməyəcəyik. O
gözlərdən, o ürəklərdən sevinc və fərəh
hissi boylanacaq...
Faiq
QİSMƏTOĞLU
Ədalət.-2012.-1 may.-S.6.