DƏNİZ CƏNGAVƏRİ

 

  Əvvəllər dəniz vasitəsi ilə kəşf olunan ərazilərdən, yaxud dəniz quldurlarından söz düşəndə niyəsə həmişə Avropanın okean sahilində yerləşən dövlətlərin dənizçiləri təsəvvürümə gələrdi - portəgizlər, ispanlar, ingilislər... Bilirdim ki, bu cür ölkələrdə dənizçilik, gəmiqayırma sahəsi hələ orta əsrlərdən başlayaraq daha yaxşı inkişaf etmişdir. Hətta bu sahə cəmiyyətin həyatına elə daxil olmuşdu ki, avropalı yazarların bir çoxu məhz bu mövzulardan əsərlər yaradaraq dünya ədəbiyyatının korifeyləri sırasına adlarını düzmüşlər. Və etiraf edim ki, tələbəlik illərində bu mövzuda yazılan əsərləri də həvəslə oxuyardım. Bəlkə də elə həmin əsərlərin təsiri idi ki, adı "dəniz quldurları" adlandırılan insanların çoxu təsəvvürümüzdə olan qorxunc quldur kimi yox, qəhrəmanlar kimi canlanardı.

   O vaxt bizim üçün onların hamısı avropalı idi. Yaxşıları da, qorxuncları da. Ağlımıza gəlməzdi ki, nə vaxtsa real həyatda onların sırasında müsəlmanlar da olub. Amma sən demə varmış. Özü də bir türk. Əlbəttə, sözün gerçək mənasında dəniz quldurluğu tərifəlayiq, qürurlanacaq bir "iş" olmasa da, onlardan bəziləri həqiqətən də qəhrəman kimi tarixdə iz qoya biliblər. Çünki həmin şəxslər aid olduqları yerə, dövlətə xeyir verib, həmin dövlətin təəssübünü çəkiblər. Və yəqin ki, onlara pirat, quldur adını vermək də doğru seçim deyil.

   Bu türk haqqında çox şeyi avropalıların özü yazıb. Bir sıra mənbələrdə indi bəhs edəcəyim çox məşhur dəniz cəngavəri, avropalılarınsa pirat adlandırdığı Orucun adı müxtəlif cür göstərilir: gah Aruc, bir sıra hallarda Oruc kimi, bəzən Oruc Ata, Oruc Barbarossa və s. Və Orucun yaşadığı dövr çox-çox əvvəllərə aid olduğu üçün onun haqqında elə də çox materiallar bu günə gəlib çatmayıb. Çatanların da hələlik hamısı xristianların qələmindən çıxdığı üçün ən etibarlı mənbə rolunu oynaya bilmir. Çünki Oruc onlara qarşı vuruşduğu üçün, əsas onların gəmilərini tərk-silah etdiyi üçün avropalılar bu dəniz cəngavərini dəniz qulduru adlandırırlar. Həqiqətdə isə o, tamam başqa idi. Kim idi Oruc?

 

    ORUC

 

   1473-cü ildə dünyaya gələn Oruc Türkiyənin Balıkəsir qəsəbəsindən olan Yaqub ağanın övladlarından biridir. Onların ailəsi sonradan Fessalonki yaxınlığındakı Vardar şəhərinə köçüb getmişdir. Deyilənlərə görə, Yaqub ağanın özü də igid bir adam olmuş, türk sultanın apardığı bəzi döyüşlərdə ön sıralarda döyüşmüşdü. O vaxtlar genuyalılar tərəfindən ələ keçirilmiş Lebes adasının alınmasında Yaqub ağa da iştirak etmiş və bu vuruşda göstərdiyi igidliklərə görə sultan tərəfindən mükafatlandırılmış, elə həmin adada ona böyük bir torpaq bağışlamışdır.

   Məhz bundan sonra Yaqub ağa sultan ordusundan çıxmış - artıq yaşı da o qədər cavan deyildi - və dulusçuluq işləri ilə məşğul olmağa başlamışdır. Bu haqda yazanlar bildirir ki, Yaqub ağanın arvadı bir yunan qadını olmuşdur. Maraqlıdır, mənbələrdə göstərilir ki, Orucun bacılarının hər ikisi anası tərəfindən əsl xristian kimi tərbiyələndirilmiş, hətta sonradan qızlardan biri monastra getmişdir. Böyük qardaşları İshaq maliyyə işlərində çalışmış, kiçik iki qardaşı - İlyasla Xızırsa Oruc kimi Osmanlı donanmasına daxil olaraq həyatlarını dənizlə bağlamışlar. Və Osmanlı donanması onların sonrakı həyatı üçün bir məktəb rolunu oynamışdı. Çünki qardaşlar gecə-gündüz bilmədən müxtəlif istiqamətlərdə üzmüş, ən müxtəlif, ən ağır dəniz döyüşlərində iştirak etmiş, böyük təcrübə toplamış, psixoloji cəhətdən də hər bir çətinliyə alışmışdılar.

   Bütün bunlarla yanaşı qardaşlar bu dövrlərdə həm də bir neçə dil - ərəbcə, italyanca, ispanca danışmağı da öyrəndilər. Qeyd edim ki, qardaşlar içərisində Oruc özünün cəsarəti, döyüşkənliyi, kritik vəziyyətlərdən çıxmaq bacarığı ilə seçilirdi. Artıq ən çətin tapşırıqlara qardaşlar göndərilirdi. Çox keçmədi ki, Oruc, qardaşı İlyas və bir neçə inanılmış dostları ilə müxtəlifcür əməliyyatlara başladılar (Xızır həmin vaxtlarda Egey dənizində idi). Və bu əməliyyatlarda onlar Osmanlı İmperiyasının maraqlarını qorudular. Onların dəstəsi qarşı tərəfin Anadolu, Suriya və Misir arasında Levantadakı kommunikasiya əlaqələrinin kəsilməsini uğurla yerinə yetirdilər.

 

   ROMA PAPASINA AİD GƏMİ, ƏSRLİK VƏ...

 

   İNTİQAM

 

   Amma bütün bunlar Oruc üçün yetərli deyildi. O hiss edirdi ki, daha böyük işlərlə məşğul olmalıdır. Və bir hadisə buna təkan verdi. Onun rəhbərlik etdiyi gəmi Roma Papası II Yuliyə məxsus qaleranın- çoxavarlı gəminin üstünə gedəndə bir çoxları inanmırdı ki, bu əməliyyatı uğurla başa çatdıracaqlar. Çünki hadisələr başlayan ərəfədə məlum oldu ki, düşmən qalerasının sayı ikidir. Amma qətiyyətli xarakterə malik Orucun bacarığı onlara imkan verdi ki, hər iki gəmini ələ keçirsinlər. Həqiqətən də bu kiçik hadisə deyildi. Avropaya səs salacaq bir iş idi. Çünki xristian dünyasının dini və mənəvi rəhbərinə məxsus əmlak onun əlindən alınmışdı.

   Dəniz döyüşləri ilə yanaşı Orucun gəmiləri həm də müəyyən ticarət reysləri də həyata keçirirdilər və bundan yaxşı pul qazanırdılar. Və belə səfərlərin birində onların gəmisi rodos cəngavərlərinin gözlənilməz hücumuna məruz qaldı. Orucun "kitabı"nda nəyinisə, hətta həyatının xilası naminə təslim olmaq yox idi. Onlar bu qəfl və güclü hücuma müqavimət göstərsələr də vəziyyətdən çıxa bilmədilər. Bu ağır və qanlı döyüşdə İlyas öldürüldü, Oruc isə yaralanaraq əsir götürüldü. Onu Bodrum qəsrində zindana saldılar, əsrlik dövrü çox uzun çəkdi. Yəni üç il keçdi. Amma tale onun üçün hələ şans saxlamışdı. Həmin hadisə haqqında məlumat verənlər bildirirlər ki, əvvəlki illərdə onun türk sultanı II Bəyazidin şahzadə oğlu Korkudla müəyyən münasibətləri olmuşdur. Şahzadənin bəzi əmrlərini can-başla yerinə yetirdiyi üçün onun Oruca rəğbəti vardı. Mənbələrdə göstərilir ki, Orucun əsirliyi şahzədə Korkudun lazım olan məbləği ödəməsindən sonra bitib.

   Əsirlikdən sonra Antalyaya gələn Oruc bundan sonra xilaskarı olan şahzadəyə xidmət etməyi özünə borc bildi. Əslində atasından sonra hakimiyyəti ələ almaq üçün qardaşları ilə gizli mübarizədə olan Korkudun Orucu xilas etməkdə əsas məqsədi elə bu idi. Oruc kimi cəsur və döyüşkən birisi ona lazım ola bilərdi. Şahzadədən dəstək alan Oruc isə böyük bir donanma yaratdı. Bu donanmaya 18 qalera cəmləşmişdi ki, bu da o zamanlar üçün böyük qüvvə sayılırdı. Uduzmağı və pisliyi unutmayan Oruc rodosların ona vurduğu zərbəni, yaşadığı ağır məğlubiyyəti, qardaşının itkisini, əsirlikdə məruz qaldığı əzabları unutmamışdı. Elə bu səbəbdən də əlində olan gücü döyüş hazırlığı vəziyyətinə gətirdikdən sonra donanmasını rodos cəngəvarlərinə qarşı yeritdi. Və onlara çox ağır zərbələr endirdi. Bu zərbələrdən sonra demək olar ki, düşmən özünə gələ bilmədi.

  

   ORUCUN LİMANI

  

   Qazanılan bu qələbəni şahzadə də çox bəyəndi. Çünki sonucda bu güc ona aid idi. Bu üzdən Manisa hakimliyi ona həvalə ediləndə Orucun gücünü bir qədər artırmaq məqsədi ilə İzmirdə yerləşdirilən donanmadakı qaleraların sayını 24-ə çatdırdı. Həmin ərəfədə Oruc müəyyən qənimətlər ələ keçirmək məqsədi ilə əməliyyatlar keçirdi. Bunlardan biri İtaliyaya hücum idi ki, onlar sahildəki bir neçə qalanı topların vasitəsi ilə dağıdıb iki gəmi ələ keçirdilər. Geri dönərkən isə yunanların nəzarətində olan Evbeya adasına hücum edərək oradan da bir gəmi üç qaleraya sahibləndilər.

   Lesbosa gələndən sonra Oruca xəbər çatdı ki, sultanın digər oğlunun hakimiyyətə gəlişindən qorxuya düşən Korkud Misrə getməyə qərar verib. Şahzadə ilə sıx münasibətlərinin ona baha başa gələcəyini təxmin edən Oruc da həyatını risqdə qoymamaq üçün Misirə getdi. Şahzadənin köməyi ilə məmlüklərin sultanından dəstək qazanaraq donanmasına əlavə gəmilər qatdı ardınca da İtaliya sahillərində, Aralıq dənizindəki xristianlara məxsus adalarında əməliyyat keçirmək üçün xeyir-dua aldı. Qışı Qahirədə keçirən Oruc Ata İskəndəriyyəyə qayıdıb Liquriya Siciliyaya basqınlar düzənlədi. Oradan da çoxlu qənimətlər ələ keçirdi.

   Artıq 1503-cü il idi. Oruc Atanın donanması həm böyümüşdü, həm kifayət qədər döyüş təcrübəsi qazanmışdı. Elə bu dövrlərdə daha üç böyük gəmini ələ keçirən Oruc geriyə döndü. Artıq onun donanmasının gücü, apardığı uğurlu əməliyyatların səsi hər tərəfə yayılmış, məşhurlaşmışdı. İndi ona daimi bir yer, yəni donanmasının yerləşməsi üçün böyük bir liman lazım idi. Elə həmin il Oruc Tunis hakimi Əbu Abdullah Muhammad Hamislə danışıqlar aparıb razılığa gəldi ki, o, gəmilərini Tunisin Cerbu adasında yerləşdirsin. tezliklə ada Orucun ixtiyarına keçdi. Bu hadisədən sonra Egey dənizindəki sularda üzən kiçik qardaşı Xızır da ona qoşuldu. Bir il sonra, yəni 1504-cü ildə Oruc əldə etdiyi qazancın 1/3-ini verməklə Muhammad Hamisdən Tunisin La-Quletta limanınından da istifadə etmək hüququnu qazandı. Onun donanması böyüdükcə böyüyürdü...

   Bir qədər sonra isə Orucun keçirdiyi bir hərbi əməliyyat onu bütün Avropada tanıdacaq, qosqoca dövlətlər bu türkün haqqında danışılan əfsanələrə barmaqarsı baxmayacaqdılar. Həmin hadisə belə olmuşdu...

  

 

   (Ardı 8 may sayımızda)

 

 

  BABƏK YUSİFOĞLU

 babek-yusifoqlu@mail.ru

 

Ədalət.-2012.-1 may.-S.4.