AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ

 

  "Azərbaycan! Əziz vətən, ana torpaq! Sən bizi bəslədin, böyütdün, bizdən heç nə əsirgəmədin. Sən bizi sevirsən, bizim üçün bu sevgi çox əzizdir, dünyada heç bir şey bu sevgini əvəz edə bilməz. Biz böyük nizamilər, babəklər, koroğlular ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız və təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş hər bir vətəndaşımız üçün düşməndən amansız intiqam alacağıq. Bu yolda canımızı və qanımızı əsirgəməyəcəyik".

  

   1942-ci ildə Stalinqrad uğrunda döyüşdə həlak olmuş naməlum Azərbaycan əsgərinin cibindən tapılmış məktubdan

  

   (əvvəli ötən sayımızda)

 

   - Axı biz hələ sənin toyunda oynamalıyıq. Sənə bir böyük qardaş məsləhətim, çalış döyüş vaxtı bölüyünün arxasını boş qoyma, onda daha arxayın vuruşarsan, döyüş uğurun da artıq olar. Yaxın günlərdə bir cəbhədə vuruşacağıq. Mən çayın o tayında müdafiədə duran 55-ci əlahiddə tank alayının komandiriyəm. Mənim alayımda da sənin kimi qoçaq həmyerlilərimiz çoxdur. Amma sən burda, bu alayda tək-tənhasan. Darıxmırsan ki?

   - Nə danışırsınız, yoldan podpolkovnik, heç bu frislərin əlindən darıxmağa vaxt varg İcazə verin, yoldaş podpolkovnik, bir söz də mən deyim.

   Həzi xoş təbəssümlə:

   - Buyur! - dedi, - eşidirəm səni.

   - Bax, siz məni tərifləyirsiniz. Mən yalnız alayımızda tanınıram. Sizi axı bütün ölkə, bütün Azərbaycan tanıyır, fəxr edir. Sizin Moskvaətrafı döyüşlərdə göstərdiyiniz qəhrəmanlığı bütün Azərbaycan mətbuatı qızılı hərflərlə yazır. Mən Vətəndən aldığım qəzetlərdə Sizin haqqınızda bolluca yazılar var.

   - Qaçay, eloğlu, nə poetik danışığın, nə də ləhcən bizim Lənkəran, Astara bölgəsinə bənzəmir. Bilmək istərdim mənim həmfamilim olan igid hansı bölgədəndir? Bilirsən niyə soruşuram? Alayıma qayıdanda mənim "uşaqlarım" belə şeyin çox marağındadırlar, bilirəm ki, məni sorğu-suala tutacaqlar.

   - Qarabağlıyam, yoldaş podpolkovnik, Aran Qarabağın Bərdə rayonundanam. Kəndimin də adı Kələntərlidir. Xanlıq dövründə bizim kənd Cavanşir xanlarının şəxsi mülkü olub. Tarixə Batmanqılınc adı ilə düşən igid Məmməd bəy Mehrəlibəy oğlu Cavanşirin kəndi olub.

    Podpolkovnik Həzi Aslanov gülümsünüb:

   - İcazə ver, səndən soruşmadan özünə deyim ki, sənin şer yazmaq qabiliyyətin var. Bir Qarabağlı olasan yaxşı səsin olmaya, bunlar da varmı?

   - Yeri gələndə, şair Səməd Vurğun demişkən, az-az uydururamg

   - Səmədlə tanışlığın varmı?

   - Yox, heç üzünü görməmişəm. Amma "Vaqif"ini qoşmalarını əzbərdən bilirəm.

   - Ancaq mən yaxşı tanıyıram, ötən il Moskvada təsadüfən görüşdük. Restoranda birgə nahar etdik. Mən ona bir məktub da yazıb verdim. Özü şəxsən aparıb anam Nuşuya çatdırıb. Sağ olsun, anam yazır ki, Həzi, oğlum, Səməd Vurğunun bizə gətirdiyi məktub bizə xeyli təsəlli verdi sənin barəndəg Qaçay, Allah qoysa bu frislərin axırına çıxaq, müharibə qurtarsın, sənin toyuna Səmədlə gələrikg İndi mən getməliyəm, axşam toranı düşür. Sənə ən vacib tövsiyəm - döyüş vaxtı özünü qoru

   Podpolkovnik Litvinov gülə-gülə:

   - Həzi Əhəd oğlu, sizin dili bilməsəm danışığınızın abı-havasından belə başa düşdüm ki, qohum çıxdınız. Mən buna çox şad oldum.

   Ayağının birini qaçaraq qoyub getmək istəyən Həzi Aslanov geriyə dönüb gülə-gülə dedi:

   - Biz Azərbaycanlılar harada yaşayıb işləməyimizə baxmayaraq bir ananın, bir atanın övladlarıyıq. Vladimir Pavloviç, çox sağ ol, məni həmyerlimlə tanış etdin. Sənə çox-çox təşəkkür edirəm. Yaxın günlərdə səndən bir dost xahişim olacaq. Belə maraqlı zabit cəbhədə azdı. Mən uşaqlıqdan şer, musiqi vurğunuyam. Vətənimdən xeyli vaxtdı ayrılmışam. Oraya ancaq iki ildən bir məzuniyyət vaxtı gedə bilirəm. Əgər mümkün olsaydı gənc leytenant Aslanovun mənim alayıma keçməsinə icazə verərdin. Onunla bu qısaca söhbətimizdən hiss etdim ki, Azərbaycan tarixini, incəsənətini yaxşı bilir.

   Podpolkovnik Litvinov dedi:

   - Narahat olmayın, Həzi Əhəd oğlu, sənədlərini hazırlayıb günü sabah göndərərəm. Açığını deyim, belə qoçaq, nizam-intizamlı zabiti hər komandir əlindən verməz. Neyləmək olar, arada dost xahişi var, ona əməl etmək borcumuzdur.

   Pəhləvan cüssəli, qaraşın Həzi Aslanov kefi durulmuş halda bir-iki addım geriyə atıb dostu Litvinovun əlini sıxıb təşəkkür etdi.

   - Çox sağ ol ki, - dedi, - dost xahişini yerə salmırsan. Hələlik, görüşənə qədər.

   Həzi Aslanov gedəndən sonra podpolkovnik Litvinov fikirli-fikirli qazmaya göz gəzdirdi. Elə bil iki aydan çox yaşadığı komandir qazmasını ilk dəfə görürdü:

   - , kiçik Aslanov, - dedi, - bəxtin açıldı, gedirsən eloğlunun yanına, bunun hamısı sənin əla xidmətinə görədir. Həzi Əhəd oğlu qoçaq komandir gözəl insandır. Gördün, beş-üç kəlmə kəsməklə elə ilk görüşdən sənə həm zabit, həm insan kimi rəğbət bəslədi. İnanıram, sən leytenant Aslanov, orada həm bizim, həm Həzi Əhəd oğlunun alayının adını şərəflə doğrulacaqsan. İcazə verirəm sabahdan hazırlaş Həzinin alayında qulluq etməyə yola düşəcəksən. fərqi var, orada da Vətəni müdafiə edəcəksən. Bu barədə elə bu axşam rota komandirinə məlumat ver. Gedə bilərsən! - deyib podpolkovnik Litvinov ona bir daha uğur dilədi. Birdən gülümsünüb - hələ bir an ayaq saxla görüm, Aslanov, amma müharibədən sonra Həzi Əhəd oğlu ilə məni Azərbaycan plovuna qonaq etməyi unutma hag

   Leytenant Qaçay Aslanov:

   - Oldu, yoldaş komandir, - deyib, sağ əlini gicgahına aparıb əsgəri qaydada xudahafizləşməyə icazə istədi. - Allah qoysa frislərin axırına çıxaq, müharibə qurtarsın. Süfrədə Gəncə konyakı olmaq şərtilə Azərbaycanda qonağımız olarsınız. - deyib yeraltı qazmadan çıxdı.

 

   GENERAL HƏZİ VƏ QAÇAY ASLANOVLAR STALİNQRAD DÖYÜŞLƏRİNDƏ

 

   "Biz Stalinqrad altındakı döyüşlərdə tanış olduq. O vaxt Həzi tank alayının komandiri idi. Həzi Aslanovun alayı feldmarşal Manşteynin qoşun qruplaşması ilə ölüm-dirim mübarizəsi aparırdı. Bu döyüşdə Həzi Aslanovun alayı hünərlə, bacarıqla vuruşaraq düşmənin 17 tankını, çoxlu döyüş texnikasını piyadasını məhv etmişdi. Sovet ittifaqı Qəhrəmanı kimi yüksək ad Həzi Əhəd oğluna həmin vaxt verilmişdi".

 

   A.İ.Belov,

    SSRİ Rabitə Qoşunları Marşalı

   Həzi Aslanovun tankçıları zirzəmisində faşist diviziyasının qərargahı yerləşən binanı tutdular. Biz, aslanovçular, bir neçə zabiti əsir alıb, mühüm sənədlər əldə etdik. Faşist diviziyasının komandiri öldürülmüşdü.

   Podpolkovnik Həzi Aslanov düşmən birləşməsinin qərargahında stulda əyləşərək bizə dedi: "Qiyamət etdiniz, qardaşlar! Əhsən sizlərə!" Bizə qələbə qazandıran bu sözlərdəki etibar, coşqun məhəbbət idi. Bu tükənməz hünər və cəsarət idi. Düşmənin 20 yaralı, 75 zədələnmiş tankını, 100 avtomaşınını, 6 uzaq vuran topunu, çoxlu minomyot və avtomatlarını ələ keçirmişdik. Bundan əlavə ərzaq və döyüş sursatı ilə dolu iki anbar tutmuşduq. Onlarca əsgər və zabiti əsir almışdıq.

 

   A.Xarin,

   Ehtiyatda olan qvardiya

    baş leytenantı, Aslanovçu

   Stalinqraddan söhbət düşəndə 1942-ci il dekabrın 17-də və 18-də olan həlledici döyüş günlərini ehtiyatda olan qvardiya mayoru Qaçay Aslanov heç cür unuda bilmirdi.

   Müharibədən sonra həmin döyüş günlərini yada salan veteran Qaçay Aslanov şöhrətli generalımız, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovla həmin həlledici döyüşlərdə olan epizodu qısaca yazdı. O, yazırdı: "Əməliyyat başlamazdan bir neçə saat əvvəl məni briqada komandiri polkovnik N.N.Belıy yanına çağırdı:

   - Yoldaş baş leytenant, - dedi, - siz ixtisasca həkimsiniz və aldığım məlumata görə pis zabit-döyüşçü deyilsiniz. Komandanlıq sizə belə bir tapşırıq verir. Növbəti başlanacaq döyüş vaxtı komandiriniz podpolkovnik Həzi Aslanovu addım-addım izləyib onun müdafiəsinə başınızla cavabdeh olursunuz.

   - Oldu, yoldaş polkovnik, - dedim, - icazə verin tapşırığı yerinə yetirmək üçün mürəxxəs olum.

   Əlbəttə, bu tapşırıq mənim ürəyimcə idi. Bu günə qədər şöhrətli eloğlum Həzi Aslanovla ara-sıra görüşürdümsə, indi onunla birgə addımlamaq mənə qismət oldu. Bu barədə Həzinin yavərinə məlumat verdim. Yavər gülümsünüb dedi ki, sizə qərargah rəisinin təklifi ilə bu məsul vəzifə tapşırılır.

   Dekabrın 17-də döyüş meydanında düşmən ordusundan çoxlu öldürülən və yaralanan olmasına baxmayaraq, faşistlər üzərimizə yeni qüvvə göndərməkdə davam edirdi. Texnika cəhətdən sayı çox olan düşmən qoşun hissələrimizi mühasirəyə almaq xəyalına düşmüşdü. Vəziyyətimiz qorxulu anlara yaxınlaşırdı. Ona görə də briqada komandiri polkovnik Belıy ehtiyatda saxlanan 55-ci tank alayının komandiri, podpolkovnik Həzi Aslanova belə bir əmr verdi:

   - İndi sizin növbənizdi, - dedi. - Bizi bu ağır vəziyyətdən çıxarmağa yalnız sizin komandanlıq etdiyiniz alay qadirdir. Ümidimizi sizə bağlamışıq. Çünki bizə köməyə gələn ikinci zərbə artilleriyası (həmin artilleriyanın komandanı o vaxt general-polkovnik Radion Malinovski idi) hələ də gəlib çatmayıb. Alayınızda olan 35 tankın hamısı texniki cəhətdən tamamilə sazdı.

   Alayımız dördüncü mexanikləşdirilmiş korpusun sərəncamında olduğuna görə komandan, general-leytenant Viktor Timofeyeviç Obuxova bu barədə məlumat verdilər. Razılıq alınandan sonra qarşıdakı çətin, əzablı, həm də çox məsuliyyətli döyüşə girməyə əmr verildi. Həmin anlarda mən QAZ-67 markalı zirehli maşının yanında dayanmışdım. Komandanlığın məntəqəsində nə danışılırdısa, hamısını aydınca eşidirdim.

  

   (ardı var)

 

 

Şəmistan Nəzirli,

İstefada olan polkovnik-leytenant

 

Ədalət.-2012.-2 may.-S.7.