GÖYÇAY MÜASİRLƏŞMƏNİN YENİ MƏRHƏLƏSİNDƏ

 

  (əvvəli ötən sayımızda)

 

  Aqrar sahənin yeni istiqamətləri

  

   Rayonda 2012-ci ilin məhsulu üçün 14381 hektar sahədə payızlıq dənli bitkilərin əkini aparılmışdır ki, bu da ötən illə müqayisədə 443 hektar çoxdur. Yazlıq bitkilərin əkininə də diqqət artırılmış cari ilin aprel ayının 1-i vəziyyətinə 1316 hektar sahədə yazlıq bitkiləri əkilmişdir ki, bu da ötən illə müqayisədə 221 hektar çoxdur.

   Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 01 mart 2012-ci il tarixə rayon üzrə iribuynuzlu mal-qaranın baş sayı 2011-ci ilin müvafiq dövrünə nisbətən 0,9 faiz, qoyun-keçilərin baş sayı isə 0,8 faiz artmış, ət istehsalı 0,5 faiz, süd istehsalı 2,5 faiz, yumurta istehsalı 10,1 faiz çox olmuşdur.

   Bütövlükdə cari ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatında ümumi məhsul istehsalı 8,5 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 287 min manat və ya 3,5 faiz çoxdur. Hazırda kənd təsərrüfatı rayon iqtisadiyyatının aparıcı sahəsi olmaqla ümumi məhsul istehsalında onun xüsusi çəkisi 25,9 faiz təşkil edir.

   Ötən müddət ərzində əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması, torpaqların münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin təmizlənməsi istiqamətində də xeyli işlər görülmüşdür. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 45 km. uzunluğunda suvarma arxları lil və çöküntülərdən təmizlənmiş və arxların suötürmə qabiliyyəti artırılmışdır. İkinci Kənd investisiya layihələri çərçivəsində Hunqutlu, İnçə, Qaraxıdır, Mırtı, Şəkər, Yeniarx, Ləkçıplaq kəndlərində 45,1 km. uzunluğunda drenaj kanalları lil və çöküntülərdən təmizlənmışdır.

   Bütün bunlarla yanaşı aqrar sahədə mövcud imkanlardan heç də səmərəli istifadə edilmir. Kənd təsərrüfatında məhsuldarlıq aşağıdır. Əkinə yararlı torpaqların heç də hamısından istifadə edilmir. Kənd əməkçiləri "Aqroservis" müəssisəsinin istifadəsində olan kənd təsərrüfatı texnikalarından lazımınca yararlana bilmirlər.

 

   Yaşayış səviyyəsi yaxşılaşır

 

   Yanvar-mart aylarında rayon əhalisinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 19,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 16,0 faiz artmışdır.

   Cari ilin yanvar-mart aylarında işləyənlərin orta aylıq əməkhaqqı 238,5 manat olmuşdur ki, bu da 2011-ci ilin birinci rübü ilə müqayisədə 16,5 faiz çoxdur.

   Hesabat dövründə rabitənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür. Rayonda ilk dəfə tətbiq olunan müasir rabitə texnologiyaları əhalinin beynəlxalq standartlara cavab verən informasiya-telekommunikasiya xidmətlərindən səmərəli istifadəsinə şərait yaratmış, abonentlərin beynəlxalq rabitə xəttinə çıxışını tam təmin etmişdir. Mirzəhüseynli kəndində 128 yerlik elektron ATS istifadəyə verilmiş, Bığır, Məlikkənd, Qaraman və Qarabaqqal kəndlərində mövcud ATS-lərin gücünün artırılması üçün kabelləşdirilmə işləri tam başa çatdırılmışdır. Rabitə müəssisələri tərəfindən birinci rübdə əsas sosial-iqtisadi göstəricilərə əməl edilmiş, əhaliyə, müəssisə və təşkilatlara 2011-ci ilin birinci rübündəkindən 11 faz çox rabitə xidmətləri göstərilmişdir. Rayon əhalisinin elektrik enerjisi, təbii qaz və digər yanacaq növləri ilə təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür.

   Potu kəndinin təbii qazla təmin edən qaz xətlərinin bir çox yerlərdə istismara yararsız olması nəticəsində mövcud olan qaz itkisinin qarşısını almaq məqsədi ilə kəndi təbii qazla təchiz edən şəbəkənin yenidənqurulması işlərinə başlanılmışdır. Hazırda Kürdəmiş kəndinin təbii qazla təminatının bərpa edilməsi ilə əlaqədar işlər aparılır.

 

   Əhalinin elektrik enerjisi və təbii qazla təminatı

 

   Bütün bunlarla yanaşı əhalinin elektrik enerjisi və təbii qazla təminatında, istifadə edilmiş elektrik enerjisinin və təbii qazın dəyərinin toplanmasında nöqsan və çatışmamazlıqlar vardır.

   M.Məmmədov bu sahələrdəki çatışmazlıqlardan danışarkən təəssüf hissi ilə qeyd etmişdir ki, Göyçay kimi inkişaf etmiş müasir bir şəhərdə elektrik təsərrüfatı təlabata heç də bütünlüklə cavab vermir. Hava verilişi xətlərinin və elektrik dayaqlarının xeyli hissəsi istismar müddətini başa çatdırmışdır, yaşıl budama işlərinin vaxtında aparılması təmin edilmir. Bir çox məhəllələrdə fərdi təsərrüfatların, istehsal və xidmət müəssisələrinin sayının artması ilə əlaqədar mövcud transformatorların daha güclü transformatorlarla əvəz edilməsinə çox ciddi ehtiyac yaranmışdır. Bütün bunların nəticəsidir ki, xüsusi yağışlı və küləkli günlərdə əhalinin elektrik enerjisi ilə təchizatında fasilələrə yol verilir. Kənd yaşayış məntəqələrinin təbii qazla bərpası işləri ləng aparılır.

   İstifadə edilmiş elektrik enerjisinin və təbii qazın dəyərinin toplanması sahəsində müəyyən gerilik mövcuddur. Təkcə mart ayında istifadə edilmiş təbii qazın dəyərinin 94,3 faizinin, elektrik enerjisinin dəyərinin 88,5 faizinin toplanması təmin edilmişdir.

   2012-ci ilin birinci rübündə rayon büdcəsinin mədaxil hissəsinə 119,3 faiz, məxaric hissəsinə 103 faiz əməl edilmiş, əməkhaqlarının və digər zəruri xərclərin vaxtında maliyyələşdirilməsi təmin olunmuşdur. Yerli gəlirlər üzrə proqnoza da 136,3 faiz əməl edilmiş, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait vaxtında köçürülmüşdür.

  

   (ardı gələn sayımızda)

 

  MƏZAHİR ƏHMƏDOĞLU

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-2 may.-S.7.