SEVGİ OLMASA

  

   Bulaq suyu kimi durulub dünya,

   Dincəlmək istəyir, yorulub dünya.

   Məhəbbət üstündə qurulub dünya,

   dünya dağılardı sevgi olmasa.

 

   Ürək qəm yükünü necə çəkərdi?

   Kədər can mülkünü didib-sökərdi.

   Göylər bir andaca yerə çökərdi,

   Dünya dağılardı sevgi olmasa.

 

   Səsimiz-ünümüz hara çatardı?

   Bilməzdik payızdı, qışdı, bahardı.

   Ulduzlar sönərdi, Günəş batardı,

   Dünya dağılardı sevgi olmasa.

  

   Yanmasa saxlamaz köz mənasını,

   Kor olsa dəyişər göz mənasını.

   Həyat itirərdi öz mənasını,

   Dünya dağılardı sevgi olmasa.

  

 

   HƏMİŞƏ

 

   Həyatda hər anın qədrini bilək,

   Bizim üstümüzdən əsməsin külək.

   Gəl, verək əl-ələ, sevink, gülək,

   Dönsün ürəyimiz dağa həmişə

   Sevən ürəyimiz bir dərd bilməyə,

   Kaş bizə heç zaman hicran gülməyə,

   Eşqin bağçasına bayquş gəlməyə,

   Bülbül uçub gələ bağa həmişə.

  

   Sevgisiz ürəyə yan alar kədər,

   Özünə yer tapar, xal salar kədər.

   Həyatda son günə, son ana qədər,

   Gözlərim gözünə baxa həmişə.

  

   Dünya da sevinsin bu sevgimizə,

   Yaxın düşəmməsin qəm könlümüzə,

   Deyirəm gözəlim, kaş qəlbimizə,

   Sevgi duyğuları axa həmişə.

   

 

   İNSAN OĞLU

  

   dosta, yada giley eyləmə,

   Haqq yola çıxanı yoldan əyləmə.

   Düz danış heç zaman, yalan söyləmə,

   Yalan üz qızardar bil insan oğlu!

 

   Dost dara düşərsə hay ver o zaman,

   İstəsə canını pay ver o zaman.

   Könlünə od salsa bir qaşı kaman,

   Eşqini uca tut gəl insan oğlu!

  

   Bir gün qışa dönər ömrün baharı,

   Onda tez yoracaq yol ayaqları.

   Dünyada qalacaq dünyanın varı,

   Qəlbindən tamahı sil insan oğlu!

  

   Məclisdə əyləşən nadana baxma,

   naxırı korlayar bir dana, baxma.

   Od ilə oynama, sel ilə axma,

   Özün öz yerini bil insan oğlu!

  

   Yoxuşlar yormasın heç vaxt dizini,

   Namərd gülləsindən gözlə özünü,

   Qoru ocağını, qoru közünü,

   Qoyma sönüb olsun kül insan oğlu!

 

 

   SƏN DEMƏ

 

   Dərd çəkənə çəkiləsi çox dərd var,

   Yolumuzda neçə-neçə namərd var.

   Urəyimdə qönçələnən arzular,

   Gül açmamış solacaqmış sən demə.

  

   Qurumayır gözlərimin bil nəmi,

   Könül dostum gözlərimdən sil nəmi.

   Bu dünyanın hər kədəri, hər qəmi

   Can evimə dolacaqmış sən demə.

  

   Gör vaxtdır yolda qalıb gözlərim,

   Yarpaq kimi bax saralıb gözlərim.

   Bir gözələ deyiləcək sözlərim

   Ürəyimdə qalacaqmış sən demə.

  

   Adəm oğlu haram tikə yeyəndə,

   Mərdlər gəlib namərdə baş əyəndə,

   Pisə yaxşı, qaraya deyəndə,

   Şər qələbə çalacaqmış sən demə.

 

 

   Vahid ƏLİOĞLU

 

   Ədalət.-2012.-2 may.-S.6.