BÖYÜK DÜNYA ŞƏHƏRİ

 

Təkcə görmək yox, həm də gördüyünü təqdim etmək imkanı

 

Doğrusu, ölkəmiz müstəqillik əldə etdikdən sonra onun hüdudlarından kənara çıxmaq mənə nəsib olmayıb. Amma buna baxmayaraq, dünyada baş verənlərdən həm telekanallar vasitəsilə, həm internet vasitəsilə, həm də gedib, gəzib gələnlərin söylədiklərindən yararlanaraq az-çox məlumat əldə edə bilmişəm. Üstəlik də (bunu etiraf etmək qaçılmazdı - Ə.M) sovet təhsil sisteminin verdiyi imkan, yəni dünya coğrafiyasını, dünya tarixini tədris etmək imkanlarının da bu bilgiləri əldə etməyimdə müəyyən rolu olubdu. Beləcə, mən son 20-25 ildə dünya turnesində olmasam da, az-çox dünyadan xəbərdaram.

   Təqribən bir ay bundan öncə dostlardan biri mənə bir kitab hədiyyə etdi. Çox nəfis şəkildə çap olunmuş "Elm və Təhsil" nəşriyyatının məhsulu olan bu kitab öz görkəmi ilə, nəşriyyat işinin keyfiyyəti baxımından dərhal diqqətimi çəkdi. Necə deyərlər, bu çox sanballı hədiyyə-kitab idi. Mən kitab xəstəsi olduğumdan dərhal onu vərəqləməyə başladım. Yenə etiraf edim ki, kitabdakı bir-birindən dəyərli fotolar məni özünün yolçusuna, yol-yoldaşına çevirdi. Mənim yadıma hələ orta məktəbin tarix kitabında oxuduğum "Peterburqdan Moskvaya səyahət" əsərini saldı. Sonra yadıma Abbasqulu Ağa Bakıxanovun səyahətləri düşdü, onun ardınca digərləri. Lap sonda bu gün artıq Azərbaycan oxucusunun maraqla oxuduğu "Yol" romanını xatırladım və istər-istəməz bu xatirələr məni "Sinqapur- Böyük dünya şəhəri, iddialı ölkə" kitabını mütaliə etməyə həvəsləndirdi.

   Görünür, təkcə maraq yox, həm də yaş öz sözünü deyir. Çünki yaşlı insan xatirələrə, gəzib-görməyə və gördüklərini hardasa nağıla, hekayəyə çevirməyə bir az meylli olur. İstəyir ki, gənclik eşqi onu tərk eləməsin, əlindən tutub dünyanı dolandırsın. Bax, bu kitabda da mən öncə publisist İlqar Rüstəmovun ön sözünə, təqdimatına göz yetirdim. Onun söylədiyi "İnsanlarda tanımadıqları, görmədikləri, amma eşitdikləri ölkələr, şəhərlər, xalqlar haqqında hər şeyi öyrənmək marağı həmişə güclü olub" fikri elə bil ki, ürəyimdən keçənləri, düşündüklərimi ifadə etmiş oldu. Bir növ bu kitabın hardan yarandığını, necə araya-ərsəyə gəldiyini həmin o bir cümlə oxucu kimi mənə bəlli etdi. Anladım ki, artıq oxumağa başladığım kitab bir az səyahətnamədi, bir az xatirədi, bir az da sözə olan sevginin bəhrəsi...

   Azərbaycan Respublikası Prezident Adminstrasiyasının təşəbbüsü ilə uzaq-yaxın ölkələrə edilən səyahətlərdən biri olan Sinqapur və Malaziya səfərləri təkcə dünyanın əl içi boyda olan bir ərazilərini gəzib-gələnlər üçün yox, həm də orda gəzib-gördüklərini yaddaşlarına, gözlərinə, könüllərinə köçürdüklərini oxucu ilə bölüşən Novruz Nəcəfoğlunun bu təşəbbüsü mənim əvvəldə dediyim fikirləri, yəni səyahətə, xatirəyə, sözə önəmli münasibətin nəticəsidir. Elə ona görə də müəllif yazır ki: "Bəri başdan qeyd edim ki, Sinqapur respublikamızda dünyanın az tanınan dövlətlərindəndir. Sakit okeanın qoynunda, çox kiçik bir ərazidə yerləşən bu ölkə-paytaxt haqqında vətəndaşlarımızın kifayət qədər məlumatı yoxdur..."

   Bu açıqlamanın ardınca müəllif oxucuya onu da bildirir ki, əslində bu ölkə-paytaxt "ərazisi 710 kv.km-dir ki, onun da 10 kv.km sudur. Dünyanın iqtisadi cəhətdən çox inkişaf etmiş bu ölkənin - Sinqapurun ərazisi bütövlükdə bizim Şabran rayon ərazisinin 65,2 faizi qədərdi... Ərazisinin sıxlığına görə isə dünyada ikinci yerdədi...".

   Mənim diqqətimi çəkən məhz bu ölkənin ərazisinin ölçüsü oldu. Öz-özümə düşündüm ki, insan doğrudan da hər şeyə qadirdi. Əgər ərazicə Şabrandan da kiçik olan bir ərazi, yəni ölkə-paytaxt dünyanın diqqət mərkəzindədirsə, görəsən biz niyə bu qədər imkanlardan geridə qalırıq. Bax elə oxuduğum bu səyahətnamə də məndə yaratdığı ilk sualların fonunda bu məqamı qabartdı. Ardınca isə bu balaca ölkənin parlamentli respublika olduğunu, dövlət başçısının seçki yolu ilə seçildiyini öyrəndim. Bir də mənə bəlli oldu ki, sinqapurluların böyük əksəriyyəti milli mənsubiyyətinə görə çinlilərdi.

   Ümumiyyətlə, bu səyahətnaməni oxuduqca məndə müəllifin gündəlik yazmaq faktları yerində və əsl söz adamı kimi təqdim etmək məharətinin böyüklüyünə də şübhə yeri qoymadı. Aydınca gördüm ki, müəllif gördüyü, şahidi olduğu mənzərələrin, gerçəkliklərin paralellərini də axtarır. Yəni ozunun doğulduğu Zövnə kəndinin müəyyən çalarlarını, oxşarlarını görməklə yanaşı, doğma kəndin daha üstün, daha əziz olduğunu da bir qəriblik çəkən övlad kimi ifadə edir. Hətta qısamüddətli ayrılığın da dözülməz olduğu bu fikirlərdə aydınca hiss olunur.

   Ümumiyyətlə, həm Sinqapur, həm Malaziya haqqındakı bu səyahət təəssüratları mənim fikrimə görə, dünya coğrafiyası ilə, dünya dövlətləri ilə maraqlanan hər kəs üçün dəyərli vəsaitdi. İstər bilgilər əldə etmək üçün, istər fotolara baxıb dünyanın bu gəzib-görməli yerləri barəsində göz yaddaşına naturalar köçürmək baxımından.

   Bəli, mən bu kitabı oxuyandan sonra artıq ədəbiyyatımızda "səyahətnamələrə" bir qayıdış yarandığını da duydum. Doğrudur, bir vaxtlar xalq şairi mərhum Nəbi Xəzrinin, sonra böyük alim-yazıçı Qəzənfər Paşayevin belə səyahətnamələrini də oxumuşdum. Novruz Nəcəfoğlunun kitabı isə məndə həm də öncə oxuduğum səyahətnamələrə yeni bir səyahət üçün də təkan oldu. Necə deyərlər, bu da bir oxucu kimi qazandığım savaba görə müəllifə mütləq bir təşəkkürün qeyd edilməsinə yol açdı. Yəqin ki, oxuyanlar və yaxud gələcəkdə əldə edib kitabla təmas quracaq insanlar itirdikləri vaxta görə təəssüflənməyəcəklər.

 

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.-2012.-2 may.-S.6.