Şairanə rejissor
Şairin rejissor oğlu
Yaşasaydı bu il dahi rejissor
Tarkovski 80 illiyini qeyd edəcəkdi. O 1932-ci ildə Rusiyada
dünyaya göz açıb, 1986-cı ildə ildə
qürbətdə dünyasını dəyişib.
Filmləri ilə dünya kino
tarixində silinməz iz qoyan Tarkovskinin bir filminə baxmaq
kifayətdir ki, onun vəhşi istedadının cazibəsinə
düşəsən. "Stalker" adlı filmi ilə
tanıyıb sevdiyim bu ünlü rejissorun haqqında
yazılan bir çox yazını maraqla oxumuşam. Xüsusən
Adil Mirseyidin "Andrey Tarkovski - kinonun şairi" adlı
yazısı Tarkovski haqqında yazılmış çox
gözəl bir yazıdır. Nədənsə mənə elə
gəlir ki, Tarkovski haqqında bu qədər gözəl və
duyğulu bir yazını ancaq Adil Mirseyid yaza bilər. Etiraf edim ki, "Stalker" filminə
də Adil Mirseyidin adıçəkilən
yazısından sonra baxmışam.
Rusiyanın tanınmış şairi
Arsen Tarkovskinin ailəsində dünyaya göz açan bu qeyri-adi istedad
sahibi, kinematoqrafiya sahəsində təhsil almamışdan əvvəl
musiqi təhsili alıb. Eyni zamanda Tarkovskinin ərəb dilini də bilməsini onun qabiliyyətləri arasına qatsaq, ona nə üçün
"kinonun şairi"
deyildiyini anlamış
olarıq. Tarkovski doğurdan da, şairanə rejissordur. Tarkovski Sovet İttifaqında çərçivələri
dağıtmağı bacaran
insanlardan biri idi. Rejim onu
daim təzyiq altında saxlasa da, onun Paracanov
kimi problemləri yox idi. Onu
nə məhkəməyə
vermiş, nə də həbsə atmışdılar
Uğurlu rejissorun uğursuz həyat yolu
Sovet İttifaqında üzləşdiyi
çətinliklər bir
yana, bu dahi rejissorun uşaqlığı və
gəncliyi də o qədər uğurlu olmamışdı. Rejissorun
atası tanınmış
şair Arsen Tarkovski müharibədən
şikəst qayıtmış,
döyüşlərdə bir qolunu itirmişdi.
Onun tək qolla işə yaramadığını, ailəni
dolandırmaqda çətinlik
çəkdiyini görən
həyat yoldaşı
Mariya ondan boşanmağa qərar vermişdi. Andreyin sonrakı həyatı anasının və ata nənəsinin yanında keçmişdi.
Ancaq bu uğursuzluq da son olmadı. Uşaqlıqdan musiqiyə
və rəsm çəkməyə sonsuz
marağı olan Tarkovski 1954-cü ildə Şərq Dilləri İnstitutuna qəbul olunsa da, səhhətinə
görə təhsilini
yarımçıq qoymağa
məcbur oldu. Daha sonra, Ümumittifaq
Kinematoqrafiya İnstitutuna
qəbul oldu və 6 il təhsil
aldı. Onun sənət haqqında düşüncələri və
sənətə olan sevgisi də çox cazibəlidir.
"Sənətkar cəmiyyətin
əksinə dura bilməz"
Hiss olunur ki, yaradıcılığındakı
üsyan ruhu, rejimi narahat edən mövzulara müraciət etməsi təsadüfi deyil. Bütün məhrumiyyətlərə
baxmayaraq o kinonu sevirdi və düşünürdü ki,
"Sənətkarın nəyi
eləmək olar, nəyi eləmək olmaz düşüncəsindən
zəhləm gedir. Ümumiyyətlə, sənətdə
hər hansısa bir siyasi mövqe
mənasız şeydir.
Sənətkarı yalnız
sonra siyasi mənada həmfikir eləmək olar".
O müasir sənətin əleyhidarı
deyildi, əksinə müasir sənəti həyat tərzinə çevirmişdi. "Sənətkar
heç vaxt öz mədəniyyətinin,
öz cəmiyyətinin
əksinə dura bilməz. Hətta o, müasir dövrün əleyhinə fikirlər söyləsə belə,
bu fikirlərin özü də, əslində, cəmiyyətin
içində yaranır.
Sadəcə olaraq, cəmiyyət hələ
bu fikirləri dərk edə bilməyib." Bu fikir də Tarkovskinindir.
"İvanın uşaqlığı"ndan
"Qurban"a qədər
Tarkovski 1962-ci ildə ekran həyatı verdiyi "İvanın uşaqlığı"
filmiylə kino aləmində özünə
diqqət çəkməyi
bacardı. İlk işi ilə diqqət çəkən
rejissor bundan sonra kino sahəsinə
daha çox bağlandı. Qazandığı
uğurlar onu ruhlandırdı. 12 yaşlı
bir cəsusun taleyindən bəhs edən bu film "Venesiya" Kino Festivalından
da mükafatla qayıtdı. Tarkovski
1969-cu ildə "Andrey
Rublev" filmini çəkdi. Kann festivalına qatılmağına
nə qədər
mane olsalar da, film festivalın son günü
səhər saat 4:00 festivala təqdim edilir. Tarkovski burda bir mükafat
qazanmağı bacarır.
Yaradıcılığı
davam etdirən rejissor, 1972-ci ildə
fantast yazıçı Stanislav
Lemin eyni adlı romanı əsasında "Solaris" filmini
çəkir. Solaris aerokosmik
stansiyada baş verən hadisələrdən,
insan xəyalları, arzuları və vicdan qarşısında hesabatdan bəhs edir. Digər filmlərinin nümayişinə
çətinliklər yaransa
da, "Solaris" filminə
mane olan olmadı. Ancaq 1975-ci ildə ekranlaşdırdığı "Ayna" filmi dövlətin ideoloji maşınında çarxlarına
ilişdi.
Öz uşaqlıq xatirələrindən
təsirlənərək 40 yaşlı bir insanın uşaqlığı,
anası və müharibə xatirələri
sovet ideologiyasına zidd idi. Film qısa müddətdə
zərərli hesab edildiyi üçün filmə rəsmi dairələr qadağa qoydu. 1979-cu ildə çəkilən "Stalker" filmi isə daha ciddi problemlərlə
rastlaşdı. Laboratoriyada
baş verən qəza nəticəsində
məhv olan "Stalker"i Tarkovski çox az büddəcə
ilə yenidən çəkməyə girişdi.
Daha sonra Tarkovski 1983-cü ildə İtaliyada "Nostalgiya" filmini çəkdi Bu rejissorun sürgündə çəkdiyi
ilk filmdir. Son filmi olan "Qurban" filmi isə 1986-cı ildə, İsveçrədə
Bergmanın qruppasının
köməkliyi ilə
tamamlandı. Həmin
il film Kann Festivalında 4 mükafatla
böyük şöhrət
qazandı.
Təəssüf
ki, dünya şöhrətli rejissor bu filminin qazandığı
uğurların ləzzətini
çox dada bilmədi.
Amansız xəstəliyin
qurbanı
1986-cı ildə
tanınmış rejissor
ağciyər xərçəngindən
Parisdə dünyasını
dəyişdi. Tarkovski
kimi böyük bir rejissor, amansız
və sağalmaz xəstəliyin qurbanı
oldu.
Tarkovskinin yaxınlarının dediklərinə
və özünün
yazdığı gündəliklərə
əsasən onu Sovet ideologiyasının qurbanı hesab etmək olar. Ancaq bu da
bir faktdır ki, nə qədər
filmlərinin xarici festivallarda iştirakına
maneə yaradılsa da, Tarkovski özü
dünya ölkələrinə
yaradıcı ezamiyyətlərə
göndərilirdi. Halbu
ki, bir çox
ziyalılar sürgünə
göndərilir, həbsə
atılırdı.
Bir çox tədqiqatçılar
Tarkovskinin dünyada məhşurlaşmasında Sovet
rəhbərliyinin də
rolunu qabardırlar. Hesab edirlər ki, onun filmlərinin
xaricə çıxışına
icazə verilməsəydi
Tarkovski dünyada məhşurlaşa bilməzdi.
Xüsusilə Ümumittifaq
Kinematoqrafiya İnstitunda
müəllimi olmuş
Mixail Romm ona 1971-ci ilə qədər çox böyük dəstək verir.
Tarkovskinin cazibəsi
Tarkovski haqqında geniş yazmaq, onun çəkdiyi
filmləri təhlil etmək, filmlərdəki
ideyalar haqqında uzun-uzun danışmaq olar. Tarkovskidən yazmaq, onun yaradıcılığını
təhlil etmək o qədər də asan deyil. Mənə
elə gəlir ki, Tarkovskinin yaradıcılığındakı dahiyanə gedişlərlə
tanış olmaq, onun düşüncələrini
anlamaq üçün
mütləq onun filmlərinə baxmaq lazımdır. Mən cəmi bir filmlə
ona heyran olmuşam. Elə bu həftə sonu Tarkovskinin daha iki filmini
izləməyi planlaşdırıram.
Ümid edirəm ki, bu düha
haqqında fikirlərim
heç vaxt dəyişməyəcək. Ömrünüzdə
bir dəfə də olsun Tarkovski
filmlərinə baxmamısınızsa,
mütləq bu yazını oxuyandan sonra heç olmasa bir filminə
baxın. Əminəm
ki, onun cazibəsindən xilas olmaq o qədər asan olmayacaq.
Cəlil CAVANŞİR
Ədalət.-2012.-2 may.-S.5.