GÖYÇAY MÜASİRLƏŞMƏNİN YENİ MƏRHƏLƏSİNDƏ

 

    (əvvəli ötən saylarımızda)

  

    Abadlıq və quruculuq işləri

 

   Abadlıq, quruculuq və yaşıllaşdırma sahəsində xeyli işlər görülmüşdür. Şəhərin mərkəzində inşa edilən bayraq meydanının abadlaşdırılması işləri davam etdirilir. M.Ə.Rəsulzadə küçəsində çoxmənzilli yaşayış binasının fasad hissəsinin müasir tələblər səviyyəsində üzlənməsi, ictimai binaların bloklarının qaydaya salınması işlərinə başlanılmışdır.

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 iyul 2011-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin ehtiyat fondundan ayrılmış vəsait hesabına rayon İcra hakimiyyəti binasının yenidən qurulması və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılmaq üzrədir. Yanvar-mart aylarında rayon ərazisində 25 mindən artıq ağac və bəzək kolları əkilmişdir.

   Kəndarası yolların qaydaya salınması istiqamətində işlər davam etdirilir. İkinci kənd investisiya layihəsi çərçivəsində rayonun Çayarxı, Çaxırlı və Yekəxana kəndlərində ümumi uzunluğu 15,3 km. olan kəndarası yollar çınqılla təmir olunmuş, 6 yerdə su keçidləri bərpa edilmiş və ya yeni su keçidləri inşa edilmişdir. 13 saylı Yol İstismar İdarəsi tərəfindən Hacalıkənd-Qaraman-Ləkçıplaq kəndlərarası avtomobil yoluna yeni asfalt örtüyünün döşənməsi işlərinə başlanmışdır. 

   Şəhərin təmiz saxlanması, məişət tullantılarının vaxtında daşınması üçün müəyyən tədbirlər görülmüş, şəhərin mərkəzi küçələrinin təmiz saxlanılmasına nail olunmuşdur.Şəhərdə aparılan abadlıq və yaşıllaşdırma işlərində rayonun idarə, müəssisə və təşkilatları, yerli icra və bələdiyyə orqanları yüksək mütəşəkkillik göstərmişlər.

   2012-ci ilin birinci rübündə fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və görülmüş digər tədbirlər nəticəsində 197 daimi iş yeri açılmışdır. Bütövlükdə 2003-2012-ci illərdə rayonda 8619 yeni iş yeri açılmışdır ki, bunun da 7207-i və ya 83,6 faizi daimi iş yerləridir.

   Ötən müddət ərzində rayon təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, Göyçay şəhər 12 nömrəli uşaq bağçasında aparılan əsaslı təmir işləri başa çatdırılmış və bağça uşaqların istifadəsinə verilmişdir.

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2012-ci il tarixli 24 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının 2012-ci ildə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitdən Çərəkə kənd 2 saylı 360 şagird yerlik tam orta məktəbin tikintisi üçün 1 milyon 550 min manat, Ulaşlı-şıxlı kənd 220 şagird yerlik tam orta məktəbin tikintisi üçün 1 milyon 054 min manat, Şəkili kənd 80 şagird yerlik ümumi orta məktəbin tikintisi üçün 310 min manat, Göyçay şəhər 1 saylı 40 yerlik uşaq bağçasının tikintisi üçün 372 min manat vəsait ayrılmışdır.

   Çərəkə kəndində, həmçinin Dövlət Proqramına müvafiq olaraq Ləkçıplaq kəndində 2 saylı tam orta məktəb üçün inşa edilən 360 yerlik məktəb binalarının yeni dərs ilinə qədər itstifadəyə verilməsi nəzərdə saxlanılır. Digər iki məktəbin, həmçinin uşaq bağçasının layihə-smeta sənədlərinin hazırlanması işləri başa çatdırılmışdır və yaxın günlərdə hər üç obyektdə tikinti işlərinə başlanacaqdır. Həmçinin Yaponiya hökumətinin dəstəyi ilə yeni inşa ediləcək şəhər 4 saylı uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.

 

   Aztəminatlı təbəqəyə dövlət qayğısı

 

   Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş əhalinin sosial problemlərinin həlli strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əsas sosial problemlərdən olan əmək pensiyalarının artırılması, əmək qabiliyyətini itirmiş şəxslərin sosial müdafiəsi, ailə başçısını itirmiş şəxslərin maddi vəziyyətlərinin yaxşılaşdırılması ölkə Prezidentinin daim diqqət mərkəzində olmuş, bu sahədə işləri təkmilləşdirmək üçün fərman və sərəncamlar verilmiş, Qanunlar qəbul edilmişdir. Sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi istiqamətində əməli tədbirlər görülmüş, bu yardımla bağlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş 1492 nəfərə ünvanlı sosial yardım təyin olunmuşdur. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün əməli tədbirlər görülmüşdür. Hazırda bu kateqoriyadan olan 3847 nəfər müxtəlif sosial müavinətlər alırlar.

   300 nəfərə yaxın ahıl, tək və kimsəsiz yaşayan vətəndaşlar mərkəzin sosial məişət xidmətindən istifadə edirlər.

   Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində əmək, ailə başçısını itirməyə və əlilliyə görə pensiyalarının təyin olunmasında daha mütərəqqi üsullardan istifadə edilməklə bütün pensiyaçılar haqqında məlumatlar avtomatlaşdırılmış və baza məlumat sistemi yaradılmışdır. Hazırda Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi tərəfindən 20 minə yaxın hüquqi və fiziki şəxslər, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslər fərdi qaydada uçota alınmış və onlara sosial sığorta şəhadətnamələrinin verilməsi təmin edilmişdir. 01 aprel 2012-ci il tarixə rayon üzrə 9215 nəfər qocalığa, 1376 nəfər ailə başçısını itirməyə və 3847 nəfər əlilliyə görə pensiya və müavinət alan şəxs vardır.

 

   Vətəndaş müraciətlərinə diqqətlə yanaşılır

 

   Rayon icra hakimiyyəti başçısı aparatı hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin "Vətəndaşların müraciətlərinə baxılması haqqında" müvafiq fərmanını rəhbər tutaraq əhalini narahat edən problem və çətinlikləri yerində öyrənmək və operativ həll etmək məqsədi ilə səyyar görüşlərin keçirilməsi praktikasından geniş istifadə etmişdir. 2012-ci ilin birinci rübündə rayon icra hakimiyyətinin başçısı 8 səyyar qəbul keçirmişdir. Keçirilmiş görüşlərdə 1040 nəfər iştirak etmiş, 65 nəfər çıxış edərək 47 müxtəlif xarakterli təklif, müraciət və şikayət söylənilmiş, yerli əhəmiyyətli sosial problemlər qaldırılmışdır. Müraciətlər nümayəndəliklər üzrə ümumiləşdirilmiş, görüləcək hər bir işin icraçısı və konkret müddəti göstərilməklə tədbirlər planı tərtib edilmiş və icrasına aparatın müvafiq şöbələri tərəfindən nəzarət təmin olunmuşdur. Keçirilmiş səyyar qəbullar haqqında operativ məlumatların müəyyən edilmiş müddətlərdə RİAİS sisteminə ötürülməsi təmin edilmişdir.

 

   Ölkədə "İdman ili"

 

   Sonda bir məsələni xüsusi qeyd etmək lazım gəlir. Göründüyü kimi 2012-ci il Göyçay rayonunda da uğurlu günlərlə yaşanır. Rayon iqtisadiyyatının bütün sahələri üzrə nikbin proqnozlar, eləcə də tikinti-quruculuq və abadlıq işlərindəki nailiyyətlər sevinc doğurur. Sevinc doğuran məsələlərdən biri də budur ki, 2012-ci ilin "İdman ili" olması rayonda sanki hər gün hiss olunur. Rayon rəhbərliyi bu istiqamətdə görülən işlər, keçirilən tədbirlərlə müntəzəm maraqlanır. Gündəlik diqqət və qayğının nəticəsidir ki, Göyçayda "İdman ili" hər bir formada rayon əhalisinin əksər hissəsini əhatə edir. Təbii ki, gənclər daha çox fəallıq göstərirlər.

 

 

MƏZAHİR ƏHMƏDOĞLU

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2012.-3 may.-S.7.