Bəhram
Bağırzadə: "Mən ümumiyyətlə
tamaşaçıları görmürəm"
-
İlk olaraq ondan başlayaq ki, hazırda Bəhram
Bağırzadə nə ilə məşğuldur?
- Bu yaxınlarda "Qorxma mən səninləyəm"
adlı filmə çəkildim, Yeqor Konçalovski tərəfindən
çəkilən yeni "Bakı, mən səni sevirəm"
filminə dəvət almışam. Orada məni hansısa
bir seriyada görürlər. Kastinqi keçsəm orada
Bakılı obrazını canlandıracam. Bu yaxınlarda
"Qorod moey molodosti" ("Mənim
cavanlığımın şəhəri") adlı
kitabım çıxıb. İlin ən yaxşı
kitabı kimi "Humay" mükafatı aldım. Mayın
4-də Muzey mərkəzində karikatura və foto işlərimdən
ibarət sərgim keçiriləcək. Paralel olaraq KVN-ə
hazırlaşırıq. Fikrimiz var ki, "Parni İz
Baku" komandası yığışaq və Yurmalada
musiqili müsabiqədə iştirak edək.
-
"Qorxma mən səninləyəm" filmində necə
bir obraz yaradırsınız?
- Qafur obrazını. O, 1919-ci ldə
ADR-də deputatdır, həm bəydir, həm də quldurdur.
-
"Məhəlləli Natiq", yoxsa "deputat Qafur"
obrazını yaratmaq daha rahatdır sizə?
- Mənim ulu babam da bəy olub, digər
tərəfdən o biri babam Bakı qoçusu olub. Atamın əmisi
ADR-də birinci təhsil naziri olub. Nəslimizdə qoçusu
da, bəyi də var, naziri də. Mən də aktyoram, gərək
aktyor kimi bütün obrazları yarada bilim. Bu
bığları da rolumla bağlı saxlamışam. Ulu
babamın da bu cür şəkil var. Son illər ümumiyyətlə
şəkil yığıram, məndə Bakının
inqilabdan əvvəlki iki minə yaxın şəkli var.
Kolleksiyam, həmçinin Şamaxı , Şəki , Gəncə,
Lənkəran kimi bölgələrimizin də şəkilləri
var. Mənim arzum var ki, Bakıda foto-muzey açım. Təsəvvür
edirsiniz, "Avrovizion", Bakıya minlərlə insan gəlir
və həmin muzeydə Azərbaycanın bütün tarixini
izləmək şansı qazanırlar. Arzu var, istək var, gərək
dəstək olsunlar ki, reallaşdıra bilim.
-
Maraqlı layihədir, niyə dəstək olmurlar bəs?
- Yəqin maraqlı deyil.
- Məşhurluğunuzda
KVN-in böyük rolu oldu, bəs başqa cür necə məşhur
ola bilərdiniz, nə ilə məşğul olardı Bəhram
Bağırzadə?
- Deyə bilmərəm hansı
işlə məşğul olardım, amma deyə bilərəm
ki, hansı işlə məşğul olmazdım və
heç vaxt istəməzdim. Birincisi, heç vaxt polisdə
işləməzdim. Baxmayaraq ki, rəhmətlik atam polis
polkovniki idi. Heç vaxt bank sistemində və metroda
sürücü işləyə bilməzdim. Elə sənətlər
var ki, orada özümü görmürəm. Fəhlə,
mühəndis, ofisiant işləyərdim, amma dövlət
işlərində işləyə bilməzdim.
-
Niyə dövlət işlərində işləmək istəməzdiniz?
- Sıxıntı hiss
olunacaqdı, mən azad insanam, çərçivədə
olmaq istəmirəm. Yaxud elə bir iş var ki, orada işlədiyin
müddətdə xaricə gedə bilməzsən, mən
onda sıxıntı hiss edirəm.
-
Hiss olunur ki, Bakını çox sevirsiniz, heç
düşünmüsünüz ki, Bakının icra hakimi
olsaydınız nələri dəyişərdiniz?
- Bakının hazırda ən
böyük problemi odur ki, digər rayonlarımızda, şəhərlərimizdə,
kəndlərimizdə iqtisadiyyat çox zəifdir. Əgər
rayonlarımızda, kəndlərimizdə iqtisadiyyat yüksək
səviyyədə olsaydı, Bakıya çörək
dalınca gələn insanlar (mən onları da başa
düşürəm çörək dalınca gəlirlər)
öz məmləkətlərinə qayıtsaydılar
Bakı da rahat nəfəs alardı. Bakının bir problemi
var ki, milyon yarımlıq şəhər birdən-birə
üç milyon olub.
-
Problem sadəcə əhalinin çoxluğundadır?
- Bəli, sadəcə
çoxluqdadır.
-
Maraqlıdır, KVN-in səhnəsindən Azərbaycan
tamaşaçısı necə görünür?
- Mən ümumiyyətlə
tamaşaçıları görmürəm. Stanislavskinin
qanunu var ki, dördüncü divar olmalıdır. Bu
tamaşaçı ilə aktyor arasında olur. Mən
onların reaksiyasını və əks-sədasını
tamaşadan, disklər çıxandan sonra hiss edirəm. Mən
də normal vətəndaş kimi şəhərdə gəzirəm,
taksidən, metrodan istifadə edirəm, xalqımın, millətimin
arasında oluram. Onların istədiklərini mən
tamaşada, səhnədə rupor kimi deyirəm.
- Amma reaksiyadan bilmək olar ki,
tamaşaçını ən çox nə
güldürür.
- Bilirsiniz, onu demək çox çətindir. Bir şeyi deyə
bilərəm ki, tamaşaçının intellektual
səviyyəsi çox
düşüb. Bu da biz aktyorları uçuruma aparır.
Halbuki,
biz onları qaldırmalıyıq
yüksək səviyyəyə,
amma əfsuslar olsun ki, biz də
düşürük onların
səviyyəsinə.
- Niyə? Tamaşaçı düşünmək istəmir?
- Düşünmək
istəmir, qaçırlar
yüngül yumorun arxasınca. Mən də bundan
çox əziyyət
çəkirəm.
- Sizcə bu nə
ilə bağlıdır?
- Televiziya kanallarının çox
olması ilə. İnsanlar televiziyaya baxır və kitab oxumağa
vaxt qalmır. Əgər gələcəkdə güclü,
savadlı nəslimizin
olmasını istəyiriksə
birinci növbədə
gərək təhsilə
fikir verək.
- Mənə elə gəlir ki, tamaşaçıya daha çox sosial problemlərin qabardılması,
məmurların parodiyası
maraqlı gəlir, daha çox güldürür. Bu nə ilə bağlıdır? Biz niyə problemlərə gülürük?
- Bu həmişə
belə olub, indi də elədir.
- Həqiqət yəni bu qədər gülməlidir?
- Doğurdan da, indi gülünc
vəziyyətdəyik. Əgər bir
küçəyə əvvəl
asfalt çəkib, sonra onu dağıdıb
kanalizasiya çəkirlərsə
bu gülünc vəziyyətdir.
- KVN-də ölkənin kifayət qədər nüfuzlu məmurları parodiya olunub. Sizdən sonra gələn digər klublar, komandalar isə buna cəsarət
etməyiblər. Haradan idi
KVN-in bu cəsarəti,
səlahiyyəti?
- Yəqin imandandır. İnsan allahdan başqa
heç kimdən qorxmamalıdır. Bir tərəfdən
də biz həmin məmurlara yardım etmiş oluruq. Çünki onlar çox vaxt iş başında olurlar və böyük problemləri görmürlər. Biz də çalışırıq
ki, o problemi göstərək. Ondan sonra
da həmin məmurlar nöqsanları,
minusları düzəltməyə
çalışırlar.
- Kömək edə bilirsiniz?
- Əlbəttə.
- Amma bayaq qeyd etdiyiniz
yol problemləri hələ də qalır...
- Yəqin yol çəkənlər
bizim KVN-ə baxmayıblar.
Baxsaydılar düzəldərdilər.
- Siyasətə gəlməyi
düşünmüsünüz heç?
- Mən siyasətdən uzaq insanam. Məni ancaq bir siyasət maraqlandırır,
o da işğal olunan torpaqlarımızın
qayıtmasıdır. Sabah səs vermək,
müharibəyə getmək
lazım olsa, ancaq o siyasətdə iştirak edə bilərəm. Başqa siyasət
məni maraqlandırmır.
- Karikaturalarınızda məşhur
obrazlardan istifadə etmisiniz?
- Xeyr, mən dostluq şarjı çəkmirəm.
Demirəm istəmirəm, sadəcə
alınmır. Mən ümumiyyətlə
özümü, karikaturaçı,
fotoqraf, heç naşir də saymıram. Sadə aktyoram, rejissoram
həyatı belə görürəm. Sadəcə məndə alınır,
yalandan da olsa çəkirəm, kitab istehsal edirəm. Əgər əksini iddia
etsəm peşəkar
insanları incidə bilərəm. Mən sərgi
günü də deyəcəyəm ki, məndən inciməsinlər,
mən sadəcə olaraq vətəndaşın
və şəhərimin
vəziyyətini belə
görürəm. İstəyirəm ki, mənimlə şərik olsunlar.
- Hansı filmdə rol almaq istərdiniz,
yaxud yaratmaq istədiyiniz bir obraz var?
- Özümü.
İndiki vəziyyətimi, indi yaşadığım
həyatı oynamaq istərdim.
- Bu sizcə insanlara maraqlı olardı?
- Əlbəttə,
çox maraqlı olardı məncə.
- Siz həm də çılğın futbol
azarkeşisiniz...
- Bəli,
1979-cu ildən bəri,
atam məni ilk dəfə futbola apardığı gündən.
Baxmayaraq
ki, "Barselona" iki oyundur ki,
dalbadal uduzur, mən o fəlsəfənin
davamçılarından biriyəm
və yenə də dəstəkləməyə
davam edirəm. İnsan da, komanda da
həmişə uduzmur,
uduzmaq lazımdır ki, sonra böyük
qələbələr gəlsin.
- Məsələn,
mən də Milli Yığmamızın
həmişə uduzacağına
əmin olduğum halda yenə izləyirəm.
- Yüksək
səviyyədə oynamaq
tək 11 nəfərin
deyil, 9 milyonun problemidir. Biz əgər
öz sahəmizdə
peşəkar olsaq futbolçular da gəlib həmin səviyyəyə çatacaqlar.
Bu gün heç kimin ixtiyarı yoxdur ki, futbolçuya
desin ki, axı sən niyə yüksək Avropa standartlarına uyğun səviyyədə
futbol göstərmirsən.
Bəhram Bağırzadə Mahir Şükürova deyə bilər ki, sən niyə
"Real Madrid"ə qol
vurmamısan? O mənə
haqlı olaraq deyər ki, sən Oskor almısan? Onu Çingiz Abdullayev edə bilər, hansı ki, 32 dildə kitabı çıxıb, milyonlarla
kitabı satılıb,
Tahir Salahov, Sakit Məmmədov, Lütfizadə edə bilər və sair. Ona görə də
9 milyondan ən azı 900 nəfər bunu xahiş edə bilər.
- Bəlkə futbol oynamaq üçün bizim birlik anlayışımız
elə də formalaşmayıb?
- Birlik olması üçün
bəzi adamları tutub 15 sutkadan 15 ilə kimi içəri
salmaq lazımdır. Bəzilərini elə şəhərin
ortasındaca cəzalandırmaq
lazımdır. O zaman
birlik olacaq.
- Kimdir o bəziləri?
- Kimlər ki, birincisi, allahın qanunları, ikincisi, Azərbaycan konstitusiyasının qanunları
ilə yaşamır.
Kim ki, qaydanı pozdu ora... O zaman görəcəyik buranın problemləri düzəlir yoxsa yox.
- Bəhram Bağırzadəni
səhnədən, futbol
meydanından, sərgi
salonlarından başqa
harada görmək olar?
- İntellektual,
savadlı, müdrik insanların yanında.
Məni heç vaxt çayxanalarda, qumarxanalarda,
avara-avara oturub qeybət məclislərində
görə bilməzsiniz.
Halbuki son vaxtlar, adam hərdən
dəhşətə gəlir
ki, qadınlardan daha çox kişilər qeybət edir.
- Bəhram Bağırzadənin ən
böyük arzusu...
- Hər dəfə dua edirəm ki, Allah mənə imkan versin ki, ömrümün
sonuna kimi müsəlman olum və onun yazdığı
qayda-qanunlardan kənara
çıxmayım.
Ədalət.-2012.-3 may.-S.8.