Şuşanı necə xatırlayaq?
Qələm
adamları Şuşanın işğalından
danışır
Qarşıdan Şuşanın
işğalının 20 illik ildönümü gəlir. Əsası Qarabağ xanı Pənahəli
xan Cavanşir tərəfindən
qoyulan Şuşanın başını doğrudan da dumanlar alıb. Şuşa
1992-ci il mayın 8-də ermənilər tərəfindən
işğal olunub.
Azərbaycan musiqisinin beşiyi
sayılan Şuşanın onlarla tarixi abidələri, o
cümlədən Pənahəli xanın sarayı, Cümə
məscidi, Aşağı "Gövhər ağa məscidi",
Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi
yağmalanıb. Hətta Ü. Hacıbəyov, Bülbül,
Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri
belə düşmən gülləsinə tuş gəlib...
Ümid öləzisə də sönmür...Ümid itmir...
Dünyanı idarə edən supergüclər
başımızı qatmağa çalışsa da,
böyükdən-kiçiyə hamı inanır ki, ən
yaxın vaxtlarda Şuşanın başının
üstündəki qara duman çəkiləcək,
Qarabağ savaşında yüzlərlə şəhid verən
Şuşa erməni işğalından azad ediləcək,
elindən-obasından didərgin düşən
qaçqınlar yenidən öz yurdlarına
qayıdacaqdır. Beləcə, Şuşa köhnə
yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü
ömrünü yaşayacaq, yenə havalanacaq "Xanın səsi",
"Qarabağın şikəstəsi..."
Hər il bu anım günü
yaxınlaşanda efirlər, qəzetlər səs-səsə
verir, bir-birinə macal vermədən işğalın
ildönümünü gündəmdə xatırlamağa
çalışır. Əslində bu günü,
Şuşasızlığın ildönümünü necə
xatırlamalıyıq? Bu haqda qələm
adamlarımızın öz düşüncəsi var.
Yazıçı Şərif
Ağayar işğal günlərini bayağı şəkildə
xatırlamağın heç bir faydası
olmadığını düşünür: "Əvvəla
bu xatirələrdən kabab tüstüsünü və
muğam səsini uzaq tutmalıyıq. İşğalda olan
torpaqlar barədə rasional düşünmək
lazımdır. Lirika və sentimentalizm belə ciddi məqamlarda
bayağı görünür. İstərdim bu anım və
yas tədbirlərində televiziyada şeir deyən əsgər
görməyim. Amma lap səmimi desəm, Şuşa ilə
bağlı heç bir verilişə baxmayacam, iş
icabı olmasa heç bir tədbirə qatılmayacam.
Adamın qanı qaralır. Bizdə dərdi də adam
balası kimi çəkməyə qoymurlar. Hətta
azyaşlı uşaqlar belə saxta, yalan
danışmağı öyrəniblər. Məncə biz
Şuşanı o zaman qaytara biləcəyik ki, o gözəl
torpaqlara layiq cəmiyyət qura bilək. Bu yaltaqlarla
Cıdır düzünə getməyin də bir ləzzəti
yoxdu. Vətən davası eləmək üçün adam
olmaq gərəkdi. Adam! Dəqiqi deyə bildimmi? Cəmi
üç hərfdir: iki "a", bir "d", bir dənə
də "m"! "
Yazıçı Kənan Hacı
hesab edir ki, media işğal olunan torpaqlarımızın
işğal günlərini yazı müsabiqələri ilə,
müxtəlif vətənpərvərlik layihələri ilə
xatırlamalıdır: "Şuşa bizim ən
ağrılı yerimizdi. Çox təəssüf ki, biz
Şuşanın adını şadlıq evlərinə verməklə,
o şadlıq evlərində yeyib-içib ağlamaqla xatırlamışıq.
İndiki gənc nəsil Şuşanı görməyib,
onların təsəvvüründə Şuşayla
bağlı demək olar ki, heç nə yoxdur. Biz
Şuşanı təkcə ildönümlərində deyil,
həmişə, hər gün xatırlamalıyıq. Media
kitab, yazı müsabiqələri keçirsə çox
yaxşı olar. Televiziya mənasız əyləncə
şoularından daha çox itirilmiş torpaqlarımızla
bağlı tarixi həqiqətlər haqqında sanballı
verilişlər hazırlamalıdır."
Gənc yazar Alpay Azər
düşünür ki, biz güclü, döyüşkən
olmağımızdan ağız dolusu danışmaqla
yanaşı, zəif tərəflərimizi, məğlub durumumuzun
səbəblərini çözməyə
çalışmalıyıq: "Ümumiyyətlə
işğal olunmuş torpaqlar, xüsusilə də ən
böyük itkimiz olan Şuşanın işğalı
problemi bayağı, ah-uf şəklində deyil, həm
obyektiv kritik, həm də sağlam vətənpərvərlik
ruhunda öyrənilməlidir.Məsələn, biz zəif
millət olduğumuzu deməkdən çəkinməməliyik,
daha doğrusu, bu məsələdə hansı məqamlardasa
zəiflik göstərməyimizi etiraf etməliyik. Amma eyni
zamanda Şuşanın işğalı vaxtı, səhv
etmirəmsə 200-ə yaxın azərbaycanlının
döyüşlərdə həlak olmasını da təbliğ
etməliyik və deməlyik.Torpaqlarımız heç də
bütün hallarda döyüşsüz işğal
olunmayb.Bu məqamı unutmamalıyıq."
Şairə Nisə Bəyim
işğal olunan torpaqların işğal günün qeyd
olunmasını, əslində o torpaqları itirmək hesab
edir: Şuşanı cəmi bir dəfə görmüşəm.
Uşaqkən ailəmizlə yay istirahətinə gedərkən.Yaddaşıma
silinməz təsvirləri həkk olunub. Bu haqda bir əsərim
də var. Çoxdan yazmışam. Xatirələr, hisslər,
duyğular əsəridir. Şuşanı və başqa
işğal olunan şəhərləri tarixdən-tarixə
xatırlamaq elə onu itirmək deməkdir. Hər dəfə
həmin torpaqların itirilməsi haqqında verilişlər
efirə gedəndə acı həqiqətlər bir daha təsdiq
olunur. Təslim və məğlubiyyət xalqın tarixində
acınacaqlı bir faktdır. Azərbaycanın 20 illik tarixi
birbaşa və ya dolayısı ilə Qarabağla
bağlıdır. Bu tarix çoxumuzun gözləri
önündə və bilavasitə iştirakımızla
yazılıb. 365 gündən bir arxivdə olan verilişlərlə
anım günü keçirmək çox pis ənənəyə
çevrilib. Gecə saat 12 olan kimi yenidən efirləri bayram
təntənəsi bürüyür. Belə vətənpərlik
nəyə lazımdır? 10 ildən sonra gənc nəsil bu
tarixləri ağrısız anacaq. Hamımız bilirik ki, belə
olmamalıdır. Torpaqları işğal olunan xalqın
bütün diqqəti bu problemə yönəlməlidir, həyat
tərzinə, ideologiyasına, milli şüuruna çevrilməlidir.
Bunu əlbəttə ki, kütləvi informasiya vasitələri
etməlidir. Saxta deyil, gerçək, pafossuz vətənpərvərlik
ideyaları təbliğ və təşviq olunmalıdır.
Bir-birini ittiham edən, əsəb doğuran
çıxışlardansa, həmin dovrün qəhrəmanlarını,
şəhid olanları, iştirak edənləri dinləmək
daha yaxşı olmazmı? Onlar unudulur. Ağır gündəlik
qayğıların, dolanışığın, problemlərin
fonunda tarix arxa plana keçir. Xalqın problemlər
qarşısında ümidsizliyi pessimizm, ruh
düşgünlüyü yaradır. Hər şeydən əlini
üzmüş xalqın bir günlük təkrar anım
verilişinə baxmağı heç nəyi dəyişmir.
Ona görə də bu haqda ciddi düşünmək
vacibdir. Ən böyük dərd vətən dərdidir. Bu
xalqın dərdidir.
Şuşada ermənilər tərəfindən
inşa olunan evləri, obyektləri görmək bu xalqın
yarasına duz basmaq deməkdir. Sabah nə olacaq? Bu sualın
cavabı varmı? Konkret hansısa bir ideya varmı? Məncə,
əsas budur. Mübarizə üçün təməl. Mən
bu təməli görmək istərdim. Hər hansı film, bədii
əsər heç nəyi həll etmir. Mən siyasətimizi
və hərbimizi görmək istərdim.
Cəlil CAVANŞİR
Ədalət.-2012.-4
may.-S.5.