AZƏRBAYCAN
OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ
"Azərbaycan!
Əziz vətən, ana torpaq! Sən bizi
bəslədin, böyütdün,
bizdən heç nə əsirgəmədin.
Sən bizi sevirsən, bizim üçün bu sevgi çox
əzizdir, dünyada heç bir şey bu sevgini
əvəz edə bilməz. Biz böyük nizamilər, babəklər, koroğlular
ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız
və təhqir edilmiş, vəhşicəsinə
divan tutulmuş hər
bir vətəndaşımız
üçün düşməndən
amansız intiqam alacağıq. Bu yolda canımızı və qanımızı əsirgəməyəcəyik".
1942-ci ildə Stalinqrad uğrunda döyüşdə
həlak olmuş naməlum Azərbaycan
əsgərinin cibindən tapılmış məktubdan
(əvvəli ötən saylarımızda)
Bununla da Stalinqrad cəbhəsində
zəfər çalınmasının labüd olduğu bir
daha öz təsdiqini tapdı. Həmin gün - 1942-ci il
dekabrın 18-də Ali Baş Komandan Stalinqrad
döyüşçülərinə belə bir teleqram
göndərdi: "Sizin inadlı döyüşlərinizlə
fəxr edirəm. Bir addım da geriyə çəkilməyin.
Döyüşdə fərqlənən əsgər, zabit və
komandirləri Dövlət mükafatına təqdim edin.
İ.Stalin" (Sitat Böyük Vətən Müharibəsi
illərində Stalinqrad Vilayət Partiya Komitəsinin birinci
katibi və şəhər partiya komitəsi katibi
A.S.Çuyanovun "Stalinqrad gündəliyi" (1941-1943)
kitabından götürülüb. Volqoqrad, 1979-cu il, səh.
332).
Qvardiya mayoru Qaçay Aslanovdan az
da olsa çox səliqəli arxiv qalıb. Sənədləri,
foto-şəkilləri, general Həzi Aslanovla
görüşlərini və xatirələrini ötəri
də olsa yazıb saxlayıb. Amma bəzi veteranlar kimi
özünün qəhrəmanlığını heç
yerdə şişirtməyib. Halbuki araşdırmalardan məlum
olur ki, o, Kiyev, Stalinqrad və Belorusiya döyüşlərində
şücaətlə vuruşub.
Təvazökarlıqdan
sağlığında da bu barədə mətbuatda
çıxış etməyib. Yalnız döyüş
dostu mayor Boris Qradusdan aldığı məktubdan sonra
müharibə haqqında xatirələrini yazıb. Bu sənəd
və xatirələr arasında Qaçay Aslanovun Ali Baş
Komandan Stalin haqqında böyük məhəbbətlə
yazdığı bir epizoda da rast gəldik. O yazır:
"Stalinqrad faşistlərdən
tamam təmizləndikdən sonra seçmə
qvardiyaçı zabitlərdən bir rota təşkil etdilər.
Məni də təlimatlandırıb bu rotaya göndərdilər.
Məlumat verdilər ki, Ali Baş Komandan şəhərə
baxmağa gələcək. Yeni təşkil olunmuş rota
Stalinin mühafizəsində dayandı.
Tehran Konfransından qayıdan
Stalin Bakıdan keçib yolüstü Stalinqrada gəldi. Stalin
dağılmış şəhərə, Paulyusun
keçmiş qərargahına və küçələrə
tökülüb qalmış
yığın-yığın faşist dəbilqələrinə
baxdı. Dərindən köksünü ötürüb:
- Eh, bədbəxt qaliblərg Bu dəbilqələr
də hansısa başda olub? Amma biz şəhəri əvvəlkindən
də gözəl yenidən tikəcəyik. Xalqımızla
birgə hər şeyi yenidən yaradacağıq!
Stalinin maşını uçub
dağılmış küçələrlə və
çoxlu yandırılmış faşist texnikasının
qalaqları arasından irəliləyirdi. Ali Baş
Komandanın maşını sərt döngələrin
birində qarşıdan gələn yük maşını
ilə toqquşdu. Yük maşınının
sürücüsü yerə düşəndə
gördük qadındır. Biz yük maşınını
və sürücü qadını dərhal mühasirəyə
aldıq. Stalin də maşınından düşdü.
Stalini tanıyan sürücü qadın qorxusundan əsə-əsə
ağlamağa başladı. Stalin yaxınlaşıb onu
sakitləşdirdi, təsəlli verib dedi:
- Siz ağlamayıng bizim
maşın zirehlidir, ona heç nə olmadı. Siz
çalışın öz maşınınızı
düzəldin. - Ağlayan qadının başını sinəsinə
sıxıb onun saçını tumarladı.
Bu vaxt hardansa bir milis
işçisi gəlib
çıxdı. Stalin milisin
qadına hirslə baxdığını görüb:
- Sizin onunla işiniz olmasın, ona toxunmayın. Sürücü qadın günahkar
deyil, ona kömək edin maşınının əzilən
yerini düzəltməyəg
- deyib maşına oturdu. Şəhərin
başqa küçələrinə
baxmağa getdi"
İstefada olan qvardiya mayoru
Qaçay Aslanovun şəxsi arxivində qayğı ilə
qoruyub saxladığı bir cəbhə qəzeti də var:
"Stalinskoe znamə" qəzeti 1942-ci il dekabrın 29-da
öz səhifələrində Həzi Aslanovun rəhbərlik
elədiyi alayın fəaliyyətinə səxavətlə
yer verib. Qəzetdə oxuyuruq: "Stalinqrad cəbhəsində
hücum başlandıqdan sonra Həzi Aslanovun
tankçıları düşməni əzərək və
təqib edərək döyüşdə daha böyük
şöhrət qazandılar. Bir aya qədər davam edən
döyüşlərdə podpolkovnik Həzi Aslanovun alayı
faşistlərin 45 tankını, 9 minaatan batareyasını,
14 tank vuran topunu, 12 səhra topunu, 42 taxta-torpaq atəş
nöqtəsini və müxtəlif yüklə dolu 50
avtomobilini məhv etmişdir. Düşmənin 2000-ə qədər
əsgər və zabitini qırmış, 700 hitlerçini əsir
götürmüşdür. Tankçılar alayı 125
yük avtomobilini və traktoru, 12 minik avtomobilini, 30 motosikletini,
80 araba müxtəlif yükünü, bir araba
döyüş sursatını, bir anbar ərzağı,
çoxlu sayda hərbi geyim və başqa hərbi ləvazimatı
ələ keçirmişlər".
1942-ci il dekabrın 22-də
podpolkovnik Həzi Aslanovun 55-ci əlahiddə tank
alayının bir qrup əsgər və zabiti dövlət
mükafatı ilə təltif edildi. Komandir H.Aslanova Sovet İttifaqı Qəhrəmanı
kimi yüksək ad verildi. O, həm də
polkovnik rütbəsi
ilə təltif olundu.
Generalın sadiq zabiti baş
leytenant Qaçay Aslanov isə Stalinqrad döyüşlərindəki
hərbi fəaliyyətinə
görə 1942-il dekabrın
18-də "Qırmızı Ulduz" ordeni və "Stalinqradın müdafiəsinə görə"
medalı ilə təltif olundu.
Müharibədən neçə illər
keçməsinə baxmayaraq
Həzi Aslanovun 55-ci Əlahiddə tank alayının
Verxne-Kumski yaşayış
məntəqəsi uğrunda
apardığı ağır
döyüşlər unudulmadı.
Marşal S.S.Biryuzov
1966-cı ildə "Ağır
illər" kitabının
116-cı səhifəsində yazır: "Aslanovçuların
hər bir döyüşçüsü əsil pəhləvan idi. Onlar öz mövqelərini
bir neçə gün idi ki,
qəhrəmanlıqla müdafiə
edirdilər. Əlli beşinci
Əlahiddə tank alayının,
habelə onlara kömək edən topçuların və minomyotçuların mətanəti
sayəsində ordumuzun
ön hissələri
düşməni altı
saat qabaqlayıb dekabrın 18-də axşamüstü
Mışkova çayına
çatdılar və
onun Şimal sahilində qabaqcadan hazırlanmış müdafiə
mövqeyini tutdular.
Dekabrın 19-da sübhçağı isə Mışkova xəttində döyüşlər
öz kulminasiya nöqtəsinə çatdı".
Həmin günlərdə hadisələrin
iştirakçısı, Cənub-Şərq cəbhəsində
siyasi idarənin rəisi, general-mayor P.İ.Popov
yazır: "Podpolkovnik
H.Ə.Aslanovun komandanlıq
etdiyi 55-ci Əlahiddə
tank alayının tankçıları
müstəsna rəşadət
göstərdilər. Dördüncü
mexanikləşdirilmiş korpusun
başqa hissələri
ilə birlikdə alay düşmənin
on iki həmləsini qəhrəmanlıqla dəf
etdi. Faşistlərin qüvvələri alayın qüvvələrindən
üç-dörd qat
üstün idi.
Lakin mərd "Aslanovçular"
davam gətirdi" (P.İ.Popov "Söz də döyüşçüdür".
"Stalinqrad vuruşması" məqalələr
məcmuəsi, Volqoqrad,
1970, səh. 117).
Yüz qırx gün
fasiləsiz davam edən Stalinqrad döyüşlərində düşmənin
22 diviziyası, iki
tank korpusu məhv edildi. Doxsan bir min hitlerçi, iki min beş
yüz zabit, iyirmi üç faşist generalı və Hitlerin güvəndiyi feldmarşal
Paulyüs əsir alındı.
SÜVARİ GENERALI YAQUB QULİYEV
Ölümümdən sonra da mən insanlar üçün ulduz və cəsarət rəmzi olacam. Mənim adım onlar üçün çağrış,
məqsəd və ümid simvoluna çevriləcəkdir.
Napoleon Bonapart
(1769-1821) fransız imperatoru
və sərkərdəsi
Azərbaycanlılarla türkmənlər eyni anadan doğulan
əkiz övladlardır.
Əsrlər boyu məqsədimiz,
muradımız da bir olubdur.
Berdı Kerbabayev (1894-1974) Türkmən
xalq yazıçısı
Stalinqradın azərbaycanlı qəhrəmanlarından
bir də bu günə qədər xalqımızın
yaxşı tanımadığı - süvari general-mayoru
Yaqub Allahqulu oğlu Quliyevdir. Həmin döyüşlərin
qəhrəmanı qvardiya mayoru Qaçay Aslanov təsvir
etdiyi döyüşlərdə general həmyerlimizlə eyni
cəbhədə vuruşub. Xatirələrinin yalnız bir
yerində Qaçay Aslanov onun adını və
döyüş fəaliyyətini yada salır.
Görünür, məlumatı az olub, şəxsən onu
tanımayıb.
Əlbətdə, general Yaqub
Quliyevi o vaxtlarda tanıyan olsa-olsa ancaq general Həzi Aslanov
olardı. Ona görə ki, Həzi Aslanov da, Yaqub Quliyev də
ali zabit heyəti dəstəsinə məxsus idi. Onlar
müşavirələrdə, həlledici döyüş
planının müzakirəsində, ordu komandanının məsləhət
və məşvərətində şübhəsiz ki, görüşüb
tanış olmuşdular.
Təəssüf ki, Həziyə
müharibədən sağ çıxmaq qismət olmadı.
O, 1945-ci il yanvarın 24-də qədim kəhrəba diyarı
Litvanın Yelqava şəhəri uğrunda döyüşlərdə
qəhrəmanlıqla həlak oldu.
Müharibədən yazılan
çoxsaylı memuarlarında, xüsusilə Stalinqrad
döyüşləri barədə süvari generalı Yaqub
Quliyev haqqında Sovet İttifaqı Marşalı S.S.Biryuzovun
"Toplar atəş açmağa başlayanda", Sovet
İttifaqı Qəhrəmanı, ordu generalı, professor
S.P.İvanovun "Ordu qərargahı, cəbhə qərargahı",
general-leytenant Həsən Xaraziyanın "Mərdlik
yollarında", Yakob Melkumovun
"Türküstanlılar" kitablarında, S.Skoroboqatovun,
B.Qudcalovun, general M.Y.Qryaznovun, A.S.Kibalnikovun məqalə və
xatirələrində general həmyerlimiz Yaqub Quliyevin milliyyətcə
türkmən olduğu bildirilir. Hətta, 1942-ci il dekabrın
22-də Stalinqrad yaxınlığındakı Liski
çayı uğurundakı ağır döyüşlərdə
qəhrəmanlıqla həlak olan, 4-cü süvari korpusunun
komandir müavini, general Yaqub Quliyevin cəbhədaşları
dəfn mərasimindəki mitinqdə and içmişlər
ki, "Türkmən ulduzu" heç vaxt sönməyəcəkdir.
Əzizimiz Yaqub bizim qəlbimizdə həmişə nur
saçacaqdır, əbədi şölə saçıb
ürəklərdə yaşayacaq.
Müharibədən iyirmi beş
il keçəndən sonra Türkmən tarixçisi Roza
Bazarova general haqqında yazdığı monoqrafiyasında ilk
dəfə etiraf etmişdir ki, general Yaqub Quliyev azərbaycanlıdır.
Tarixçi R.Bazarova 1970-ci il yanvarın 25-də "Ədəbiyyat
və sunqat" qəzetində monoqrafiyadan bir parçanı
dərc etdirmişdir. Tarixçi R.Bazarova yazır: "O, Azərbaycan
torpağında - Şuşa şəhərində anadan
olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Onun həyat
yolu sıravi döyüşçüdən generaladək
yüksəlmiş həqiqi insanın həyat yoludur".
(ardı var)
Şəmistan Nəzirli,
İstefada olan polkovnik- leytenant
Ədalət.-2012.-4 may.-S.7.