QAX RAYONU İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ

 

   Qafqaz incisinin artan şöhrəti

  

   Mən əvvəllər də Qax rayonundan söhbət açarkən ilk olaraq mütləq bu yerlərin təbiət gözəlliyindən danışardım. İndiQafqaf İncisinin - Qaxın ən gözəl çaxlarıdır. Buralarda bahar sanki, elə may ayından başlayır. Ancaq Qax başqa bir özəlliyi ilə də diqqəti cəlb etməkdədir. Rayon mərkəzi son illər tanınmaz dərəcədə müasirləşərək modern şəhərə çevrilməkdədir. Kəndlər də eləcə. Ən ucqar kəndlərdən biri olan İlisunun özü Avropanın şəhər tipli kiçik dağ qəsəbələrinə bənzəyir.

   İldən-ilə inkişaf edən Qax rayonunun sosial-iqtisadi uğurlarını izləmək olduqca maraqlıdır. 2012-ci ilinilk aylarından bu yüksəliş diqqət çəkir. Hər halda birinci rübün yekuları barədə söhbət açmazdan qabaq bir az əvvələ qayıdıb ötən ilin də uğurlarını xatırlasaq yerinə düşər.

 

   Dövlət Proqramının uğurlu icrası

 

   Respublikamızda olduğu kimi 2011-ci ildə Qax rayonunun da iqtisadiyyatında dinamik inkişafa nail olunmuşdur, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla həyata keçirilmişdir. Keçən il ümumdaxili məhsul istehsalı faktiki qiymətlərlə 87.2 milyon manat təşkil etmişdir ki, bu da 2010-cu illə müqayisədə 13.7 milyon manat çoxdur.

   2010-cu illə müqayisədə ümumdaxili məhsul istehsalının tərkibində olan sənaye məhsulu istehsalı 4 milyon 491 min manat və ya əvvəlki illə müqayisədə 940 min manat, kənd təsərrüfatı məhsulu istehsalı 36 milyon 938 min manat və ya əvvəlki illə müqayisədə 5 milyon 426 min manat, tikintidə 22 milyon 262 min manat və ya əvvəlki illə müqayisədə 3 milyon 430 min manat, nəqliyyatda 1 milyon 873 min manat və ya əvvəlki illə müqayisədə 257 min manat, rabitədə 612 min manat və ya əvvəlki illə müqayisədə 2 min manat, ticarətdə 21 milyon 54 min manat və ya əvvəlki illə müqayisədə 3 milyon 695 min manat çox olmuşdur. Rəqəmlərdən göründüyü kimi hesabat ilində ümumdaxili məhsul istehsalı əvvəlki illə müqayisədə bütün sahələr üzrə artımla icra olunmuşdur.

    2011-ci ildə rayonun yerli gəlirləri 2 milyon 918 min manat proqnoza qarşı 2 milyon 923 min manat və ya 100.2 faiz icra edilmişdir. Büdcəyə yığılmış vəsaitin həcmi 2010-cu ilə nisbətən 63.1 min manat və ya 2.2 faiz artıqdır. Hesabat ilində rayonun yerli büdcəsinin xərcləri 99.4 faiz yerinə yetirilmişdir. Maliyyə idarəsinin rəhbərliyi tərəfindən büdcə xərclərinin proqnozlaşdırılmasına və maddələr üzrə təhlillərin aparılmasına nəzarət gücləndirilməlidir.

 

   Prezident görülən işlərdən razı qalıb

 

   2011-ci ilin 16-17 noyabr tarixlərində ölkə Prezidenti İlham Əliyev Qax rayonunda səfərdə olmuşdur. Səfər zamanı ölkə Prezidenti rayonda bir sıra infrastruktur obyektlərin açılışında və təməl qoymasında iştirak etmişdir. Ölkə Prezidenti "El Resort" hotel binasının, "İçəribazar" qala kompleksinin, Yeni Azərbaycan Partiyasının inzibati binasının, İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində uzunluğu 80.5 m, metal tağlı körpünün, rayonlararası və rayondaxili "Avtovağzal kompleksi"-nin açılışında, Heydər Əliyev Mərkəzinin və Qax şəhərinin, Qax İngiloy və Qaxbaş kəndlərində su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 1000 kub.m su anbarı obyektlərinin təməl qoymasında iştirak etmişdir.

 

   Abadlıq və tikinti-quruculuq işləri

 

   Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin bildirdiyi kimi keçən il rayon icra hakimiyyəti tərəfindən büdcədən mənzil fonduna ayrılmış 219 min manat vəsait hesabına şəhərin Heydər Əliyev prospektində olan 6,8,17,17a,78 və 113 saylı, Azərbaycan Prospektində olan 24 saylı Kommunal yaşayış binalarının dam örtüklərində əsaslı təmir işləri aparılmış, şəhərin N.Nərimanov küçəsində yerləşən 5 mərtəbəli yaşayış binalarının həyətində yeni xeyir-şər binası tikilmişdir. Şəhərin İ.Dağıstanlı, A.Məmmədov, M.Gəncəvi, N.Nərimanov, V.Eyvazov, 9 Aprel, M.F.Axundov, S.Vurğun, C.Cabbarlı, İ.Mustafayev, M.Məmmədov, M.Füzuli küçələrində, Heydər Əliyev və Azərbaycan prospektlərində küçə və səkilərə 47880 m2 asfalt beton örtük qoyulmuş, 3280 m su arxları yenidən qurulmuş, 180 m su arxları cari təmir olunmuş, 220 m su keçidlərinə borular qoyulmuş, 1970 p/m bardyur daşları düzülmüş, divarlara 2480 m2 sadə suvaq vurulmuş, divarlarda 2050 m2 hissə çapma çay daşı və kərpiçlə üzlənmişdir. Görülmüş işlərə 1 milyon 140 min manat vəsait sərf olunmuşdur. Büdcə vəsaiti hesabına Turaclı kəndinin giriş yoluna 58.1 min manat dəyərində 3600 m2 asfalt-beton örtük tökülmüşdür. "Heydər Əliyev", "Şəhər" parklarında və "Şəhidlər xiyabanı"nda 41 min manat dəyərində cari təmir işləri aparılmışdır. 149 min manat büdcə vəsaiti hesabına şəhər 2 saylı, Almalı və Çüdüllü kənd uşaq bağçaları əsaslı təmir olunmuşdur. Dövlət vəsaiti hesabına Qobala çayının şəhərin ərazisindən keçən hissəsində 100 p/m mövcud kanal bərpa olunmuş, 310 p/m yeni dəmir beton kanal çəkilmişdir. Bundan başqa şəhərin S.Qocayev və M.Cuma küçələrində 2200 p/m uzunluğunda suötürücü arxların tikintisi başa çatdırılmışdır. Görülmüş işlərə 500 min manat vəsait sərf olunmuşdur.

   Keçən il poliklinika binasının, Zəyəm kənd həkim məntəqəsinin, Turaclı kənd tibb məntəqəsinin və uşaq məsləhətxanasının təmirinə 46.1 min manat vəsait sərf olunmuşdur. 990 min manat dəyərində olan 15 çarpayılıq 2 mərtəbəli Əlibəyli kənd xəstəxanasının və dəyəri 320 min manat olan Güllük kənd həkim məntəqəsinin tikintisi davam etdirilir.

   Qax şəhərində xüsusi vəsait hesabına 4 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmışdır.

  

 

   (ardı gələn sayımızda)

  

  MƏZAHİR ƏHMƏDOĞLU

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-4 may.-S.7.