"Orda bir idarə rəisi dedi ki, jurnalist
gəlir yanıma, beş manat
verirəm az qalır qarşımda dombalaq aşsın"
"Həmkar"ın 14-cü
sayının qonağı mətbuatımızın
tanınmış imzalarından olan Elməddin
Muradlıdır. Müsahibim özü haqda
"Mənə
dedi ki, a bala, özünü əngələ salma, nə
işin var rəislə?"
- 1995-96-cı illərdə "28
May" metrosunun yanından
keçib harasa gedirdim. Gördüm ki, biabırçılıqdır.
Üfunət iyi gəlir
hər yerdən.
Öz-özümə düşündüm ki, kaş jurnalist
olaydım, bunu yazaydım. Sonra elə oldu ki, 1999-cu ildə Naxçıvan universitetinin
jurnalistika fakültəsinə
qəbul olundum. Həmin il
də indi çalışdığım "Üç nöqtə"
qəzetində işə
başladım. Qəbul olunduğum
barədə xəbəri
alandan üç gün sonra mən bu qəzetdə
ilk yazı ilə çıxış etdim.
Yadimdadi,
küçədə maşın
yuyan bir uşağı danışdırmışdım.
Deyirdi polislər məndən pul almır. Çünki rəisin maşınını
pulsuz yuyuram. Anam evdə oxumuşdu bu yazını. Mənə dedi ki, a bala, özünü
əngələ salma,
nə işin var rəislə? O vaxtdan necə oldusa kriminal sahədə yazmağa başladım. Sözün düzü, Naxçıvan
universiteti özəl
olduğu üçün
ürəyimcə deyildi.
İş elə gətirdi
ki, 2001-ci ildə əsgər getdim, ondan üç ay əvvəl isə "Bizim Əsr" qəzetində işləyirdim.
Orda cəmi üç ay işlədim
və əsgərliyimi
qurtarmağa bir az qalmış
xəbər aldım ki, Naxçıvan universiteti bağlanıb. Mən də testlə qəbul olunduğumçün
sənədlərimi veriblər
Bakı Dövlət Universitetinə. Burda məni
şifahi imtahan edib jurnalistika fakültəsinə qəbul
elədilər. Ona kimi çoxlu yazılarım dərc olunmuşdu. BDU-da ikinci kursu yenidən oxumalı oldum. Beləcə
qiyabi təhsil ala-ala işlədim. Amma etiraf
edim ki, BDU-ya düşməyi hələ də bəxtim gətirmək kimi qəbul edirəm.
- Deyəsən
mübahisəpərəstsən bir balaca.
- Mübahisəni
hər adamla etmirəm. Nəyə görə? Çünki bəzən baxırsan
ki, qarşındakı
hardasa eşitdiyi bir şeyi həqiqət
kimi qəbul edir və bunu
sübut etməyə
çalışır. Həmişə belə vəziyyətlərdə
başımı tərpədib
"hə" deyirəm.
O adam da
danışır, vəssalam.
Amma haqlı olduğumu bildiyim yerdə günlərlə mübahisə
edə bilərəm.
Əsas odur ki, sən
həqiqəti deyəsən.
Bilirəmki, üzdə sən
deyəni qəbul etməyənlər onsuz da daxilən bunu qəbul edirlər.
"Bir dəfə gəmidə qız mənə o qədər baxırdı, göz-qaş
eləyirdi..."
- Sosial durum əksər jurnalistlərin yaralı yeridir. Bəs sənin?
-Mən də əksəriyyətdən
heç vaxt geri qalmıram. Jurnalistləri həmişə üç yerə bölürəm-əsl jurnalistlər-bunlar
artıq çox az-az rast gəlinən
insanlardı, özlərini
məmur kimi aparan jurnalistlər-bunların
sayı həddindən
artıq çoxalıb-və
ortabab yaşayan, həm də çalışan jurnalistlər.
Mən bax bu axırıncı
qrupdayam. Buna da şükürlər olsun.
- Həmkarlar arasında sənin bir ləqəbin də var. Bu haqda özün danışsan
yaxşı olar.
- Hə, mənə əmi deyirlər. O da "Üç nöqtə"də
qoyulmuş bir addır. Hələ 6-7 il əvvəl
burda işçilər
çox idi, əksəriyyəti də
gənclər. Həmişə qızlardan çay istəyəndə deyirdim
ki, əmi qurban mənə çay gətir. Beləcə,
bir də baxdım ki, uşaqların yarıdan çoxu mənə əmi deyir. Əvvəl xoşum gəlirdi, indi yox. Jurnalistikanin dərdi bir yana,
öz dərdim məni elə günə salıb ki, yaşımdan 4-5 il yaşlı görünürəm. Hətta küçədə
məndən yaşca
böyük birinin dayı deməsiylə də rastlaşmışam.
Əslində isə bu ilin yanvar ayında
30 yaşım tamam oldu. Bir dəfə gəmidə qız mənə o qədər baxırdı,
göz-qaş eləyirdi...
Gəmidən düşəndə arxadan çiynimə vurdu ki, dayı,
icazə ver keçim. Çox pis olmuşdum.
- Jurnalist müsabiqələriylə
aran necədir?
- Belə müsabiqələrin tərəfdarıyam.
Ən azından jurnalist həmkarlarımızdan kimsə
qalib gəlib evinə pul aparacaq, ad qazanacaq, bir diplom alacaq.
Bu yaxşı haldır. Amma belə müsabiqələri
gözdən salmaq, buna həyasızcasına
yanaşmaq olmaz.
Özünü jurnalist hesab
edən elə adamlar var ki,
müsabiqə adı
eşidən kimi gözlərinə işıq
gəlir. Bəzən
eyni adamların adına rast
gəlirik. İnanın ki, mən onların yerinə utanıram. Ombudsman Aparatında bir müsabiqəyə yazı
yazıb birinci yeri tutdum. Beş ildir ora yazmıram,
utanıram. KİVDF-yə 2 dəfə yazmışdım, üçüncüdə
qalib gəldim və daha ora
da yazmıram. Yəqin ki, bir ildən
sonra bu haqda düşünəcəm.
- Bəs
jurnalistikanın dövlət tərəfindən maliyyələşdirilməsi
doğrudurmu?
- Bu həm yaxşıdır, həm
də pis. Ona görə yaxşıdır ki, əksər mətbuat
orqanları bu dəstəyin hesabına yaşayır,
yaradır. Pisdir ona görə ki, jurnalistik ələbaxımlığa
öyrəndi, asılılıq yarandı. Bu çox dərin
məsələdi. Amma dəstək məsələsi
ümumilikdə yaxşı haldı. Bircə ələbaxımlı
olmasaydıq, daha yaxşı olardı
- Bəs reket jurnalistika? Ümumiyyətlə,
mən bu ifadə ilə razı deyiləm.
- İndi nə reket var,
nə də reket jurnalistika. İndi dilənçi
jurnalistlər var. Bu yaxınlarda
Xocavəndə getmişdik.
Orda bir idarə rəisi dedi ki, jurnalist
gəlir yanıma, beş manat
verirəm az qalır qarşımda dombalaq aşsın. On manat veririksə, deməli, o bir az hörmətli
jurnalistdir. Baxın, bunun harası
reketlikdi? Bu əsl dilənçilikdi.
Belə vəziyyətin qarşısını
almaq üçün
çox sadə yollar var. Yetər ki, bu yolların
üstündə böyük
qayalar dayanmasın.
- Söhbət hansı qayalardan gedir?
- Söhbət
o qayalardan gedir ki, jurnalistikaya bu cür ləkə
vuranlara rəsmi və qeyri-rəsmi qüvvələrin dəstəyi
olur. Axır vaxtlar yeni bir üsul yaradıblar.
Hansısa məmurun yaratdığı
sayt, qəzet əməkdaşları tədbirə,
obyektə gedəndə
deyirlər ki, filankəsin saytının,
qəzetinin işçisiyəm.
Hətta bir az da irəli gedərək deyirlər ki, mən filan nazirliyin, idarənin qəzetində, saytında
işləyirəm.
"İndi günorta tədbir keçirirlər,
axşam da özlərinə sərf
edənləri yazıb
göndərirlər"
- Razıyam. Deməli, jurnalistlərin həm də informasiya əldə etmək kimi mühüm bir problemi də var...
- Hə, informasiya əldə etmək məsələsi
getdikcə çətinləşir.
Çünki medianın əhatəsi
daralır, artıq yazılı mətbuat dövlət orqanlarının,
böyük şirkətlərin
tədbirlərinə dəvət
olunmur. Tədbirə gedəni də
gözümçıxdıya salırlar. Ümid qalıb saytlar,
telekanallar və agentliklərə. Bəzən onları
da çox yerə buraxmırlar,
"özümüz məlumat
verəcəyik" deyib
bağlı qapılar
arxasında tədbirlər
keçirirlər. Sonra da palaz-palaz press-reliz göndərirlər ki, yayımlayın. Yadıma
gəlir, 7-8 il
öncə hüquq-mühafizə
orqanlarının rəhbərləri
ildə 2-3 dəfə
jurnalistlərlə görüşürdü,
biz də suallarımızı
verib cavabımızı
alırdıq. İndi günorta
tədbir keçirirlər,
axşam da özlərinə sərf
edənləri yazıb
göndərirlər.
- İndiyə kimi
hansısa yazınla vətəndaşın problemini
həll etdiyin olub?
- Bir neçə dəfə olub. Yazılı mətbuatın yaxşı
oxunan vaxtlarında bir qadın "Üç nöqtə"nin redaksiyasına müraciət elədi ki, qızım üç gündür itkin düşüb. Gedib ailəylə görüşdüm,
qızın şəkilini
aldım və bir yazı hazırladım.
Uşağın valideynləri deyirdi
ki, qızımız tapılsa, sənə onun ağırlığında
qızıl verəcəyik.
Çox qəribə
idi, qız evdən həyətə paltar asmaq adıyla
çıxmışdı... Metronun üstündə bir kişi
qəzeti oxuyurmuş.
Bir də baxıb ki, qəzetdəki şəkildəki
qızla bunun yanında dayanıb bulku satan
qız bir-birinə oxşayır. Kişi yaxınlaşıb adını soruşanda məlum olub ki, bu həmin
qızdır. Dərhal polis çağırıblar, qızı
ailəsinə təhvil
veriblər. Sonradan məlum
oldu ki, qızı ailəsi incidib...Ac qalmamaqçün
bir kişinin malını satırmış.
Sonradan qızın ailəsi mənə heç quruca "sağ ol"da demədi.
- Son olaraq həmkarlara sözün...
-Həmkarlarıma
demək istəyirəm
ki, mətbuatın dirçəlməsi üçün
çalışıb-vuruşmaqdan yorulmasınlar. İndi mətbuatımız elə çətin vəziyyətdədir ki, jurnalistlər başqa sahələrə üz tuturlar. Mən bunları görüb
çox üzülürəm.
Mətbuat bir orqanizm kimi bütöv olmalıdır. Bütöv çalışmalıdır.
O zaman əsl mətbuatdan, əsl jurnalistikadan danışmaq
olar.
İntiqam VALEHOĞLU
Ədalət.-2012.-4
may.-S.6.