YUSİF VƏZİR ÖZ VƏTƏNİNƏ
NƏ VAXT QAYIDACAQ?
Azərbaycanın
böyük yazıçısı Yusif Vəzir Çəmənzəminlinin
Nijne Novqorod yaxınlığında Suxobezvodnaya adlanan yerdəki
məzarının vətənə gətirilməsi ədibin
ruhuna böyük diqqət və sayqı nümunəsi
olardı.
Mən bu yazımda
söhbətə birbaşa repressiyaya məruz qalmış
Yusif Vəzir Çəmənzəminlinin məzarı ilə
bağlı əldə olunan faktlardan başlamaq istəyirdim.
Amma istər-istəməz ortaya çıxan bəzi suallar
söhbəti bir az başqa nöqtədən başlamağa
vadar etdi. Məzarla bağlı
söhbətə isə bir qədər sonra qayıdacağam.
Yusif Vəziri repressiyaya aparan yol haradan
başlamışdı?
O, sağ
qala bilərdimi?
İndi, uzun bir zaman
keçəndən sonra bu suallara cavab vermək bəlkə də
müəyyən qədər "asandır". Axı
konkret vaxt kəsiyi sonsuz əbədiyyət okeanına
qovuşandan sonra keçmişləri bildiyin və istədiyin
kimi "redaktə etməkdən" asan nə ola bilər
ki?..
Yusif Vəzir Kiyevədəki
Müqəddəs Vladimir adına İmperator Universitetinin
hüquq fakültəsini bitirəndən sonra 1915-1919-cu illərdə
öz peşə fəaliyyətini Rusiyanın bir sıra
şəhərlərində davam etdirmişdi.
O, bəlkə də
öz karyerasını qurmaq üçün Rusiyada
qalsaydı repressiyalar ondan yan keçərdi.
Yusif Vəzir Azərbaycan
Xalq Cümhuriyyətinin Türkiyədəki səfiri kimi fəaliyyət
göstərərkən gənc dövlət qırmızı
imperiyanın qanlı caynağına keçdi, səfarətxana
öz fəaliyyətini dayandırmalı oldu.
O, bəlkə də
Türkiyədə qalsaydı daha dolğun bir həyat
yaşaya bilərdi.
Yusif Vəzir sovetlərin
qələbəsindən sonra Parisə mühacir etmişdi,
orada "Paris xəbərləri" qəzetində
"Şərq məktubları" başlığı
altında köşə yazıları ilə
çıxış edirdi.
O, bəlkə də
Parisdə qalsaydı Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında daha fəal iştirak
edərdi.
Yusif Vəzir Özbəkistanın
Urgənc şəhərindəki Xorəzm Vilayət Pedaqoji
İnstitutunda rus dili müəllimi kimi kollektivdə
böyük nüfuz qazanmışdı.
O, bəlkə də
öz pedaqoji fəaliiyyətini davam etdirsəydi sonralar sakit
bir alim ömrü yaşayardı.
Qanlı-qadalı illərdə
Rusiyada, Türkiyədə, Fransada, Özbəkistanda
yaşayıb sağ qalan soydaşlarımız az olmayıb.
Amma... Amma
görünür hər bir kəsin özünün
yazmağa cəhd göstərdiyi bir tərcümeyi-halla
yanaşı, qəzavü-qədərin hökmüylə həkk
olunan bir yazı da olur. Bu yazıya alın yazısı da
deyirlər.
30-cu illər
repressiyası Yusif Vəzirin və onun ailəsinin həyatına
böyük faciələr gətirdi. O, öz isti
yuvasından, ev-eşiyindən, el-obasından, göz bəbəyi
kimi sevdiyi Vətənindən didərgin düşdü.
Yusif Vəzirin həyatının
son illəri Özbəkistanla bağlı olub.
Ədib 1937-ci ildə
müxtəlif bəhanələrlə işdən azad
edilmişdi. Heç yerdən bir qəpik gəliri olmayan Yusif
Vəzir Azərbaycan kommunistlərinin o vaxtkı
başçısı Mircəfər Bağırova ərizə
ilə müraciət edir, amma heç bir cavab almır.
Yerli hakimiyyətdən
bir kömək görməyən yazıçı 1937-ci il
iyun ayının 8-də Ümumittifaq K(b)P-nın Baş katibi
İ.V.Stalinə ərizə ilə müraciət etməli
olur. Onun ərizəsinə Baş katibdən də bir cavab gəlmir.
Yusif Vəzir bir aya yaxın Moskvada qalır, "əlaqədar"
idarələrin qapısını döyür, Stalinə
yazdığı ərizə barədə dəfələrlə
Mərkəzi Komitəyə müraciət edir, lakin hər
yerdə eyni laqeydliklə qarşılanır. Təzədən
Bakıya qayıdan Yusif Vəzir qonşu ölkələrdə
iş axtarmaq məcburiyyətində qalır. 1938-ci ildə
"Kommunist" qəzetində oxuduğu bir elanın
sorağı ilə sənədlərini Özbəkistana
göndərir. Müsabiqədən uğurla keçən
Yusif Vəzir Urgəncdəki pedaqoji instituta baş müəllim
və eyni zamanda institut kitabxanasına müdir təyin olunur.
Amma onun pedaqoji fəaliyyəti çox da uzun sürmür,
yazıçı 1940-cı il yanvar ayının 25-də Urgəncdə
həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın
Keşlə həbs düşərgəsində
saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də
Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs
düşərgəsinə göndərirlər.
Yusif Vəzir Çəmənzəminli
1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin
Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində
vəfat edir.
Vəssalam.
Yox, bu son deyil,
böyük ədibin fiziki həyatına son nöqtə
qoyulsa da, onun ikinci ömrü, mənəvi həyatı davam
etməkdədir.
Mən Yusif Vəzir
Çəmənzəminlinin xüsusi tədqiqatçılarından
deyiləm. Lakin hələ uşaqlıqdan onun bədii əsərlərini
oxumuş, sonrakı mərhələdə elmi
araşdırmaları ilə tanış olmuşam.
İndiki halda mənim
söhbətim Yusif Vəzirin ədəbi-elmi fəaliyyətindən
daha çox, onun həyatının sonrakı mərhələsi,
daha doğrusu, həyatla vidalaşdığı vaxtdan
sonrakı dövrü ilə bağlıdır.
Yuxarıda qeyd etdiyimiz
kimi, Nijni Novqorod vilayətinin Suxobezvodnaya adlanan qəsəbəsindəki
həbs düşərgələrinin birində
dünyasını dəyişib.
Mən günlərin
bir günü böyük ədibin uyuduğu qəbiristanlığın
yerini müəyyənləşdirmək qərarına gəldım.
Təbii ki, Yusif Vəzirin
qəbrinin dəqiq yerini iki mənbədən öyrənmək
olardı: onun öldüyü həbs düşərgəsindən
və dəfn olunduğu qəbristanlıqdan.
...Beləliklə, mən
Yusif Vəzirin (Vəzirov Yusif Çəmənzəminlinin) dəfn
olunduğu qəbiristanlığı, daha dəqiq desəm,
onun məzarının axtarmaq qərarına gəldim. Dost-tanışlardan, məlumat
kitabçalarından, mətbuatdan xeyli məlumat
əldə etdim.
Suxobezvodnaya Qorki (indiki
Nijne Novqorod) şəhərinin 115-120 kilometrliyində, Semyonov
rayonunun şimal-qərb hissəsində yerləşən qəsəbədir.
Ərazisi 380 hektardır. 1963-cü ildən şəhər
tipli qəsəbə statusu daşıyan bu yer ötən əsrin
30-cu illərində dustaqlar üçün "iş
yeri" kimi fəaliyyətə başlamışdır. Buradakı
məhbuslar dəhşətli katorqa şəraitində
saxlanmaqla yanaşı, ağır fiziki işlərə də
cəlb edilirdilər.
Suxobezvodnaya bu gün də
öz əzəlki "missiyasını" davam etdirməkdədir:
buradakı 21 islah- əmək düşərgəsində 27
min məhbus saxlanılır. Düşərgələrdən
10-u ciddi rejimli, 5- ümumi, 2-si tərbiyəvi rejimli, 2-si
SİZO, biri qadın, biri isə xəstələr (vərəm)
üçün nəzərdə tutulmuşdur.
Suxobezvodnaya
sözünün tərcüməsi "susuz quru yer" mənasını
verir, yaxınlıqda su mənbələri yoxdur, yalnız 30
metr dərinliyəcən qazılan quyulardan su əldə etmək
olur.
Bəs Yusif Vəzirin
vaxtilə cəza çəkdiyi konkret həbs düşərgəsini
necə müəyyənləşdirməli?
Mən əksər
islah-əmək düşərgələrinin rəislərinə
məktubla müraciət etdim. İndi dəqiqlik naminə, təhrif
olunmasın deyə, həmin düşərgələrin bir
neçəsinin ünvanını, habelə, həmin
düşərgə rəislərindən bəzilərinin
ad-soyadını orijinalda (rus dilində) təqdim edirəm.
Poçtovıy adres: 606510, Nijeqorodskaə
oblastğ, Semenovskiy
r-n, st. Suxobezvodnoe QJD.
Naçalğnik: İsaev
Öriy Nikolaeviç,
telefon (262) 3-43-30, kommutator
3-44-51. Rasstoənie ot N.Novqoroda 140 km. Rejim: stroqiy. Çislennostğ: 1100 çel.
***
İK-1 (staroe
nazvanie UZ-62/1) Nijeqorodskaə
obl., Semenovskiy r-n, st. Suxobezvodnoe QJD
Poçtovıy
adres
606640, Nijeqorodskaə
oblastğ, Semenovskiy
r-n, st. Suxobezvodnoe QJD,FBU İK-1
***
Nijeqorod
QUFSİN-in rəhbəripolkovnik V.A. Dejurova
(603098 q.Nijniy
Novqorod
ul. Artelğnaə, d.
1A
tel: 431-89-24, 431-54-01)
V.A. Dejurovun müavinləri polkovnik M.V. Maslennikovun, polkovnik A.K. Mastryukun ünvanına məktub göndərdim.
***
Daha sonra Nijeqorod vilayətinin
prokuroru K.M. Kojevnikova,
(Adres:
603105, QSP-10, q.N.Novqorod, ul.
İjorskaə d. 25) və
Vilayətin
məhkəmə sədri
A.V. Bondara aşağıdakı
məzmunda məktubla
müraciət etdim:
Yazıb Sizə
bildiririk k, görkəmli
Azərbaycan yazıçısı
Yusif Vəzir (Vəzirov Yusif Çəmənzəminli) 1940-cı ildə Bakıda həbs olunaraq həmin ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs
düşərgəsinə göndərilmişdir.
Yusif
Vəzir (Vəzirov Yusif Çəmənzəminli)
1943-cü il yanvar ayının 3-də
Nijni Novqorod vilayətinin Suxobezvodnoye stansiyasındakı həbs
düşərgəsində vəfat etmişdir.
Xahiş
edirik, həbs düşərgəsində yazıçıya
aid sənədlərlə tanış olmağa, onun dəfn olunduğu qəbrin müəyyənləşdirilməsində
və nəşinin öz doğma vətəninə gətirilməsində
bizə köməklik
göstərəsiniz.
Demək
olar ki, bütün məktublar eyni "cavabla" üzləşməkdədir: sükut.
Bəli,
sükut bazarı.
Çar imperiyası məmurlarının
bir zaman əyalət hesab etdikləri ölkələrə,
yeni Rusiyanın yeni kadrları da eyni münasibət bəsləməkdədir.
Katorqalarda, sürgünlərdə, zindanlarda günahsız
yerə məhv edilmiş ziyalılarımızın heç
olmasa nəşinin vətənə gətirilməsi bizim
vicdan işimiz olmalıdır.
Yusif Vəzir ən
ağır məhbəs şəraitində belə son nəfəsinəcən
qələmi yerə qoymayıb. O, hər gün
yazıb-yaradıb. Çəmənzəminli nikbin insan idi,o,
sabaha ümidlə baxır, hesab edirdi ki, bir gün haqq öz
yerini tapacaq, onun yazıları öz doğma ölkəsinin
vətəndaşlarına çatacaq. Sürgün
dostlarının yazdığına görə, böyük ədib
son nəfəsində məhbəs nəzarətçisindən
xahiş edib ki, onun yazdıqlarını həbsxana
çarağının altında əlçatmaz, xəlvəti
bir yerdə gizlətsin. Həmin yeri ədibin özü əvvəlcədən
müəyyənləşdiribmiş. Nəzarətçi
hörmətlə yanaşdığı ziyalı məhbusun
xahişini yerinə yetirir. Amma "susuz quru yerin"-
Suxobezvodnayanın yağış və çisəyi həmin
yazıları elə o əlyazmaları müəllifinin
ömrü, həyatı kimi çürüdüb məhv
elədi.
Böyük Azərbaycan
yazıçısının nəşi uzun illərdir ki,
gözdən-könüldən uzaq bir yerdə məskunlaşıb.
İnanmaq olmaz ki, Yusif Vəzirin ruhu sakitcəsinə
uyumaqdadır.
Mənə elə gəlir
ki, ədibin nəşinin öz vətəninə gətirilməsi
onun ruhuna və uğrunda vuruşduğu ideallara ən
böyük hörmət olardı
Və nəhayət. Mən
bir xeyli götür-qoy, habelə, analizdən sonra belə bir
qənaətə gəldim ki, böyük ədib öz
ömrünü, əsası 30-cu illərdə qoyulmuş
ciddi rejimli düşərgədə başa vurmuşdur. Həmin
cəza yeri (UZ-62/1) 1953-cü ilə qədər mərkəz
və ya birinci düşərgə şöbəsi kimi fəaliyyət
göstərmişdir. Əvvəllər VETLAQA adlanan zona
sonralar UNJLAQA kimi tanınıb; zamanında düşərgənin
28 məntəqəsi olmuşdur. Düşünürəm
ki, ilk romançılarımızdan birinin məzarının
Vətənə gətirilməsinə elə bir böyük
vəsait, xərc və eləcə də ciddi maneə ola
bilməz.
Mən
ziyalılarımıza üz tutub deyirəm; gələn il
Yusif Vəzirin əbədiyyətə qovuşduğu vaxtdan
yetmiş il keçir, gəlin onun məzarının vətənə
gətirilməsinə çalışaq və buna nail olaq.
Onun doğulduğu
yer, bizim gözəl Şuşamız bu gün əsarətdədir,
elə böyük yazıçımız Yusif Vəzir
Çəmənzəminlinin qürbətdəki məzarı
kimi.
Gəlin böyük vətəndaş
və nəhəng yazıçımızın məzarını
əsarətdən xilas edək.
Firuz MUSTAFA
Ədalət.-2012.-4 may.-S.6.