AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ

 

  "Azərbaycan! Əziz vətən, ana torpaq! Sən bizi bəslədin, böyütdün, bizdən heç əsirgəmədin. Sən bizi sevirsən, bizim üçün bu sevgi çox əzizdir, dünyada heç bir şey bu sevgini əvəz edə bilməz. Biz böyük nizamilər, babəklər, koroğlular ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş hər bir vətəndaşımız üçün düşməndən amansız intiqam alacağıq. Bu yolda canımızı qanımızı əsirgəməyəcəyik".

  

   1942-ci ildə Stalinqrad uğrunda döyüşdə həlak olmuş naməlum Azərbaycan əsgərinin cibindən tapılmış məktubdan

  

   (əvvəli ötən saylarımızda)

  

   Bəli, apardığımız tədqiqat və araşdırmalardan məlum olur ki, general, doğrudan da, azərbaycanlıdır. Bizim xalqın oğludur. Sevindirici haldır ki, türkmən tarixçisi R.Bazarova da bu faktı etiraf etmişdir. Hələ 1982-ci ildə biz generalın Gəncədə toxuculuq kombinatında işləyən bacısı qızı Xədicə Abbasova ilə görüşüb, ondan dayısı haqqında müəyyən faktları öyrənib, foto şəkillərini almışdıq. O vaxtlar "Hünər" televiziya proqramında veriliş də hazırladıq...

   Generalın türkmən xalqının oğlu kimi təqdim olunması və indiyədək xalqımızın onu tanımaması səbəbsiz deyil. Qısa da olsa bu tarixçəni oxuculara çatdırmaq borcumuzdur. Dahi rus yazıçısı Lev Tolstoy çox gözəl demişdir: "Əsl nəşə həqiqəti kəşf etməkdə deyil, gec də olsa onu axtarıb həyata keçirməkdədir".

   

   * * * 

 

   Yaqub Allahqulu oğlu Quliyev 1900-cu il yanvarın 25-də füsunkar Qarabağın Şuşa şəhərində dünyaya gəlib. Həmin vaxtlarda Şuşada erməni-müsəlman qırğını başlamışdı. Aclıq, səfalət və təhlükə tüğyan edirdi. İmperiya canilərinə arxalanan daşnaq erməniləri havadanlarından silah alıb azərbaycanlıları qırırdılar. İnsanların üz-gözündən bədbəxtlik, fəlakət yağırdı. Güzəran Şuşada ağır idi. Çörək qıtlığı ərşə qaxmışdı. Hamı ölümdən, aclıqdan qaçıb qurtarmaq istəyirdi.

   Həmin illəri tərcümeyi-halında təsvir edən məşhur yazıçı Yusif Vəzir Çəmənzəminli (1887-1943) ürək ağrısı ilə yazırdı: "Çar hökuməti Şuşadakı erməni kilsəsinə məxsus əmlakı almışdı. Bizim vəqf əmlakı da alınmış və indiyə qədər geri verilməmişdi. Bizimlə hesablaşan kim idi ki?.. Rus-yapon müharibəsi və inqilab ixtişaşlarından istifadə edərək daşnaq firqəsi terrora başladı: günün günorta çağı hökumət məmurlarını küçələrdə öldürməyə başladılar. Şuşada da az adam qırmadılar.

   Ermənilər bərk hazırlaşır: bol tüfəng, tapança, patron alırdılar. Daşnak fədailərinin əlindən şəhərdə yer yoxdur. Şuşanın iqtisadi vəziyyəti fəna olduğu üçün sənət və işi olmayanlar çəkilib kəndlərə və başqa şəhərlərə gedirdilər. Əhalinin ziyalısını Bakı və bir qismini də Aşxabad cəlb edirdi".

   Bu bəladan qurtarmaq üçün Allahqulu kişi köçüb Türkmənistanın Mərv şəhərinə gəldi. Onda oğlu Yaqub altıaylıq körpə idi. Az müddət burada yaşadılar. Onlardan əvvəl Türkmənistanın şəhər və kəndlərinə xeyli Qarabağlı ailəsi köçüb gəlmişdi. Şəhərdə dolanmaq çətin olduğu üçün Allahqulu kişi həmyerlilərinin məsləhəti ilə köçüb Yolötən qəsəbəsində əbədi məskən saldı.

   O, ailəni saxlamaq üçün torpaq aldı, tərəvəz əkib-becərməklə günü-güzəranı xeyli yaxşılaşdı. Yolötəndə Yaqubun bacısı Badisəbə və qardaşı Qulam dünyaya gəldi. Ailənin böyük oğlu kimi Yaqub atasına bazarda göy-göyərti satmağa kömək edirdi. Burda nə azərbaycanca, nə də türkməncə məktəb yox idi. Ona görə də həddi-buluğa çatan Yaqubu atası rus məktəbinə qoydu. İlk vaxtlar oxumaq çətin olsa da, Yaqub gecə-gündüz çalışır, sinif yoldaşları ilə ayaqlaşırdı. Boş vaxtlarını Murqab çayının sahilində rus uşaqları ilə hərbi oyunlarda keçirirdi. Yolötən sərhəddə yerləşdiyinə görə burada çoxlu rus sərhədçiləri vardı. Yaqub da onların uşaqları ilə dostluq edirdi. Rus dilini az da olsa öyrənə bilmişdi.

   1916-cı ilin yazında atası Allahqulu kişi bərk xəstələndi, sətəlcəm olmuşdu. Öləcəyini hiss edən kişi balalarını çağırıb vəsiyyət elədi: "Halal əməklə məşğul olun, ananızın qayğısına qalın" - deyib bir daha yerindən durmadı.

   Dolanacaq çətinləşdiyindən Züleyxa ana evdən bəzi şeyləri satmağa məcbur oldu. Bu ağır vəziyyəti görən Yaqubun ürəyi dözmədi. Məktəbi atıb əvvəlcə Yolötəndə, sonra Marıdakı (keçmiş Mərv şəhəri - Ş.N.) pambıqtəmizləmə zavodunda işə düzəldi. Amma sərhədçi uşaqları ilə yenə dostluq edirdi. Tez-tez hərbi hissəyə gedir, rus sərhədçilərinin atlarını sulayır, onlara yem verirdi.

   Bir gün evə həyəcanla gələn Yaqub qardaşı Qulama dedi:

   - Eşitdin şəhərdəki nümayişi? Çar yıxıldı. Sən anamızdan muğayat ol, mən uşaqlarla iki-üç günlüyə Mərvə gedirəm...

   Dediyi vaxtdan bir neçə gün keçdi, gəlib çıxmadı. Gəlib çıxanda anası Züleyxa onun başında qırmızı lentli papaq, əlində tüfəng görüb mat qaldı.

   - Bıy, bu ki, qurban olduğum Yaqubdur, sənə nə yaman yaraşır, ay bala, bu paltar - deyə, anası sevincək onu qucaqladı, o üz, bu üzündən dönə-dönə öpdü. Bu nə deməkdi, ay oğul?

   - Mən daha qızıl qvardiya əsgəriyəm, ana! - deyib qımışdı.

   Qonum-qonşular da bu qaraşın, suyu şirin gənc əsgərə həsədlə baxırdı.

   Yaqub Quliyevin hərbi həyatı həmin gündən başladı.

  

   * * *

 

   1918-ci ilin yazında Mərv şəhərində orduya yeni gələnlər üçün iki aylıq hərbi kurs açılır. Hərbi işə güclü marağı olan Yaqub Quliyev əlaçı əsgər olduğuna görə həmin kursa oxumağa göndərilir. O, burada hərbi təlimlər keçir, müxtəlif silahları həvəslə öyrənir.

   Yenidən rotaya qayıdan Yaqub ağqvardiyaçılara qarşı döyüşlərdə iştirak edir. Həmin illərdə onunla birgə xidmət edən S.Skoroboqatov sonralar Yaqub haqqında yazırdı: "Ordu sıralarında sinfi düşmənlərə qarşı cəsarətlə döyüşən qvardiyaçı Yaqub son dərəcə cəsur və qorxmaz idi.

   Bir dəfə ağqvardiyaçılara əsir düşmüşdü. O, əsirlikdən qaçaraq Yolötənə, ordan da piyada Bayram-Əliyə gəldi və yenidən ordu sıralarında vzvod komandiri kimi düşmənlərlə mübarizəyə başladı. Yaqub əsirlikdən bir qrup yoldaşlarını da xilas eləyib gətirmişdi".

   1924-cü ildə Yaqub Daşkənddəki Orta Asiya milli hərbi məktəbə təhsil almağa göndərilir. Məktəbi əla qiymətlərlə bitirən Y.Quliyev orada müəllim saxlanılır və eskadron komandiri vəzifəsinə təyin olunur. Beş ildən sonra - 1929-cu ildə gənc zabit Yaqub Quliyevə daha mühüm vəzifə tapşırılır. O, ikinci Türkmənistan süvari alayının nəzdindəki hərbi məktəbin rəisi təyin olunur.

   General Yaqub Quliyevin haqqında yazılan çoxsaylı xatirələrlə, istər Orta Asiya dövrü, istərsə də Böyük Vətən müharibəsi illərindəki fəaliyyəti ilə tanış olanda onun igidliyinə və peşəkar hərbiçiliyinə heyran qalmamaq mümkün deyil. Cəmi qırx iki il ömür sürmüş istedadlı sərkərdə əsgər və zabit heyəti arasında böyük nüfuza malik olub.

  

 

   (ardı var)

 

   Şəmistan Nəzirli,

  İstefada olan polkovnik- leytenant

 

   Ədalət.-2012.-5 may.-S.10.