"Əlac
özümü qorumağa
qalıb"
Gənc
yazar Xuraman Hüseynzadə: "Əsas odur ki,
yazıçının xarakteri zədələnməsin"
Müsahibim gənc yazar Xuraman
Hüseynzadədir. Onu uzun-uzadı təqdim etmək istəmirəm.
İstərdim ki, oxucularımız bu gənc qızın
acınacaqlı həyatı, eyni zamanda düşüncələri
ilə tanış olsun.
-Necəsən Xuraman? Bildiyim qədər
səhhətində problemlər var. İstəyirəm bu barədə
danışasan...
-Yaxşıyam, çox sağ ol.
Düzü, bu barədə heç vaxt
danışmamışam. Xeyli vaxtdır, MS və onurğa
iliyində mielit xəstəliklərindən müalicə
olunuram. Bir onu deyim ki, uzun zamandır yaşamaq uğrunda
mücadilə aparıram. Xəstəliyin simptomları hər
dəfə özünü büruzə verdikdə ən
azı 10 gün xəstəxanada yatmalı oluram.
Ağrılar hər dəfə başqa formada
özünü göstərir. Sonuncu dəfə gözlərim
də tutulmuşdu. Bunlar bir qırağa, normal həyata
qayıtmaq üçün hər dəfə ən azı
500-600 manat iynə-dərmana xərcimiz çıxır.
Üstəgəl xəstəxanada bir gün qalmağa 10
manat, başqa xəstəxana xərcləri, müayinələr
gəlib təxminən 1000 manata çıxır. Sağala
bilmirəm. Əlac özümü qorumağa qalıb. Ailəm
də, qohum-əqrəba da maksimum məni qorumağa
çalışır. İsti duş, çay, yemək,
olmaz. Eyni zamanda əsəbləşmək, stress, ağlamaq qətiyyən
olmaz. Bunlardan isə sığortalanmamışam. Hər an hər
şey ola bilər.
-Xəstəxana
məsrəflərini kim ödəyir?
-Ailəmiz, qohumlar.
-Yazıçılar Birliyinin üzvü kimi, AYB-nin
poliklinikasının xidmətlərindən yararlana bilirsənmi?
AYB sənin müalicən üçün hər hansı bir
yardım edirmi?
-Yox. Bu xəstəliklər AYB-nin
poliklinikasının yardım edəcəyi xəstəliklər
deyil. Və mən bununla bağlı ora müraciət etməmişəm.
Etmək fikrim də yoxdu. Səbəb isə sadədi:
İnsanın gördüyü iş eyni zamanda onun mənəviyyatının
göstəricisidir. Son günlər baş verənlər
dediklərimi bir daha təsdiqlədi.
-Yəqin mənzil növbəsində
yaşananları nəzərdə tutursan...
-Fikir verin, AYB rəhbərliyi Fikrət
Qocanın oğlu Yalçın Qocanın iki otaqlı evi
ola-ola onun adını da mənzil siyahısına salıb ki,
mənzilinin sahəsini genişləndirsin. Halbuki bu adamın ədəbiyyata
dəxli yoxdu. Amma AYB üzvü olan istedadlı yazarlar var ki, əsərlərini
dizinin üstündə yazır. Yağışdan, gündən
qorunmağa daxması da yoxdu. Bütün bunlar isə AYB rəhbərliyinin
mənəviyyatından xəbər verir. Bu tərəfkeşliyi,
qohumbazlığı görə-görə bu mənəviyyatın,
əxlaqın sahiblərindən kömək istəməyə
dəyərmi?
-Ümumiyyətlə, AYB-də mənzil növbəsi və
prezident təqaüdü ilə bağlı başlayan
qalmaqallara münasibətin necədir?
-Orda hər şey şəxsi
münasibətlər zəminində həyata keçirilir. Mən
bu haqda dəfələrlə danışmışam. Ora
yazıçıların birliyi deyil. Azərbaycan ədəbiyyatını
yaradanlar bu gün o qurumdan uzaqdadırlarsa, ora
Yazıçılar Birliyi demək qəbahətdir.
Başlarına topladıqları gənc yazarlar orada kreslo
tutmaq üçün əldən-ayaqdan gedirlər.
Yaşlılar isə bir az uzağa baxıb həm dədə-babalarının,
həm də özlərinin əbədiyaşarlığını
təmin etmək üçün cəngə
çıxıblar. Mənəviyyatı
aşınmış adamların rəhbərlik etdiyi bir
qurumun təqaüdü də nəzir kimi qiymətləndirilir.
Sanki ciblərindən sədəqə verirmişlər kimi
davranırlar. Mənzil bölgüsündə təqdir
etdiyim yalnız Ayxan Eyvazın adının siyahıya
salınması idi. Onu da yəqin gözdən pərdə
asmaq üçün etdilər.
-Qruplaşmalar, dəstəbazlıq, bölünmələr...Ümumiyyətlə
yazıçı hansısa məqsəd naminə müəyyən
qrupun daxilində olmalıdırmı?
-Bu, bütün dövrlərdə
və bütün sahələrdə rast gəlinən bir
tendensiyadır. Ədəbiyyatda qruplaşmaların
olmasının hardasa ədəbiyyata xeyri var. Məsələn,
tutaq ki, Anara, Fikrət Qocaya və s. qarşı olanlar özlərini
sübut etmək üçün nəsə ortaya
çıxarmağa çalışırlar. Məsələn,
Anar da alternativ olaraq özünü sübut etmək istəyir
və yazdığı "Həcv" olur. Burdan da kimin nəyə
qadir olduğu üzə çıxır. Və bir də o məlum
olur ki, Anarı dəstəkləyən qrup da gələcəyin
belə "Həcv" yazanlarından olacaq... Belə
qruplaşmalar bu kontekstdə bir növ bədii süzgəc
rolunu oynayır.
-AYB-nin növbəti qurultayını hələ də
ləngidirlər. Səncə bunun səbəbləri nədir?
Səncə AYB-nin növbəti sədri kim olacaq?
-Üzümüzə gələn
25 il üçün AYB sədrliyinə Fikrət
Sadığı hazırlayırlar. Çox güman ki,
qurultayın ləngiməsinin əsas səbəblərindən
biri Fikrət Sadığın astagəlliyidi...
-Gənc
qələm sahibi kimi, AYB-dən hansı gözləntilərin
var?
-Ordan yalnız ağılagəlməz
"kinder-sürpriz"lər gözləmək olar. Mənzil
bölgüsündə olduğu kimi...
-Yaradıcılığında nə yenilik var? Növbəti
kitab barədə düşünürsənmi?
-Yeni şeirlərim var. Payızda
"Mən şeytanam" adlı 5-ci şeirlər
kitabımı nəşr etdirməyi düşünürəm.
Tam fərqli bir kitab olacaq. Rəssamla işləyəcəyik
bu dəfə. Hər mövzuya uyğun rəngli
illüstrasiyalar, fərqli dizayn və s.
-Son vaxtlar ədəbiyyatda
yenidən canlanma hiss olunur. Səncə bu canlanma nə ilə bağlıdır?
-Azadlıq Radiosunun keçirdiyi müsabiqə, "Nəsimi"
ədəbi mükafatı,
ədəbi portalların
sayının artması
buna təkan verdi. Bu, əlbəttə, yaxşı
haldı. Belə müsabiqələr
çox keçirilsə,
ədəbiyyat da inkişaf edər. Eyni zamanda kitaba maraq da artıb.
-Yazıçıların, şairlərin
siyasi mövqe nümayiş etdirməsi ədəbiyyata nə verir və ədəbiyyatdan
nə alır?
-Yazıçı
Marqaret Dürasın həyatı bu baxımdan nümunəvidir.
Aktiv siyasi fəaliyyətlə
məşğul olan
madam Düras Əlcəzair
müharibəsi zamanı
Müqavimət hərəkatının
fəal üzvlərindən
biri idi. Buna baxmayaraq o, yazıçı
kimi tarixdə qaldı. Hətta "Dalğaqıran"ı belə bədii səciyyə daşıdı.
Yaxud Andrey Platonov riyakar bir cəmiyyətin
qınından riyakarlığa
bulaşmadan sıyrılıb
çıxa bildi.
Əsas odur ki, yazıçının
xarakteri zədələnməsin,
çoxluğun dediyini
deyə bilsin. O zaman xalq da
qazanır, ədəbiyyat
da. Ümumiyyətlə, yazıçı universal qabiliyyətlərə malik
olduqda daha maraqlı olur. Bura siyasi fəaliyyətdən
başqa, Vladimir Vısotskidə
olduğu kimi incəsənət qabiliyyətlərini
də əlavə edə bilərik...
-Müasir yazarlardan kimləri oxuyursan? Ümumiyyətlə yenicə kitab
oxumağa başlayan oxuculara hansı gənc müəllifləri
tövsiyə edirsən?
-Elif Şafaqı bəyənirəm.
Yeşim
Ağaoğlu istedadlıdır.
Sevdiyim yazarlar var ki,
mənim üçün
həmişə aktualdırlar.
Qadın
yaradıcılığı baxımından təqdir etdiyim yazıçı Vircinya Vulfdur. Bizim yazarların bacardığım
qədər hamısını
oxumağa çalışıram.
Təqdir etdiklərim də
var, bir dəfə oxuyub, sonra oxumadıqlarım da. Yenicə kitab oxumağa
başlayanlara da tövsiyə edirəm ki, bacardıqları qədər hamını oxumağa çalışsınlar.
Rafiq Tağını
da, Zəlimxan Yaqubu da, Rasim
Qaracanı da, Seymur Baycanı da, hətta Narıngül Babayevanı
da... Kimin yaxşı, kimin
pis olmasını özləri asanlıqla müəyyən edəcəklər.
Folkner deyirdi ki, cəfəngiyyat yazmamaq üçün cəfəngiyyat da oxumaq lazımdı...
Cəlil Cavanşir
Ədalət.-2012.-5 may.-S.6.