BU
ZALIM DÜNYADA...
O, həyata
ürəyi ilə baxırdı
Söz adamları istedadlı qələm
sahiblərindən biri olan Givini yaxşı tanıyır.
Öz dünyası, öz ətrafı olan bu söz
adamını tanıdığım gündən onun ətrafında
həmişə bir yaradıcı, işgüzar mühitin də
formalaşdığını görmək mənə nəsib
olub. Hiss etmişəm ki, o daha çox dostlarını, ətrafında
olan adamları, istedadları arayıb-axtarır, onları təqdim
edir, onlara bir növ yaradıcılıq körpüsü
rolunu oynayır. Çünki gürcü dilini elə mənimlə
danışdığı Azərbaycan dili qədər sevən
və bilən (mən qəsdən Azərbaycan dilini öncə
yazdım - Ə.M.) bu qələm adamı özünün tərcümələri
ilə də Azərbaycan sözünü qonşu məmləkətin
oxucu dünyasına bir növ transfer edir,
çatdırır. Ona görə də səmimi, xeyirxah,
yaradıcı bir insan kimi hamıya və hamının da ona
isti bir münasibəti var.
Mən Givi haqqında bu sözləri
təsadüfdən demirəm və yazmıram. Əksinə,
onunla hər görüşümdə etdiyim zarafatlardan
tutmuş, yaradıcılıq söhbətlərinə qədər
hər birində bir müsbət enerji qazanıram. Bu enerjini hər
adamdan almaq indiki zamanda nə mümkün deyil, nə də bu
mümkün olmayan hər adamda da yoxdur. Elə bu günlərdə
iş otağımın qapısı döyüldü... gələn
Givi idi... əlində də bir çanta, həmişə
özü ilə gəzdirdiyi çanta...barmaqlarının
arasında da tüstülənən
siqareti...görüşdük, hal-əhval tutduq. Sonra
çantasını açdı və mənə bir kitab
bağışladı. Elə bildim ki, özünün
kitabıdı. Sonra gördüm ki, yox, şair dostum Həzi
Həsənlinin kitabını gətirib mənə.
Düzü, onun bu cür jestlərini çox
görmüşdüm. Bu dəfə isə onun Həzi ilə
yaxın münasibətlərinin olduğunu anladım. Amma yenə
soruşdum:
-
Givi, Həzi Həsənlini yaxından tanıyırsan?
Gülümsəyib dedi:
- Köhnə dostlardandı,bizim
adamdı.
Artıq hər şey məlum idi.
Bircə mənim üçün qaranlıq qalan bir məqam
qalırdı. Onu da gedəndə Givi dedi:
- Fikrət haqqında
yazıbdı. Yadına düşür, kitabını sənə
bağışlamışdım. Sən də o kitab
haqqında yazdın...
Givi getdi. Mən bir xeyli müddət
fikirləşib Fikrəti xatırlamaq istədim.
Açığı yaddaşım köməyimə
çatmadı. Ona görə də Həzi Həsənlinin
kitabını götürüb vərəqləməyə
başladım. Və...
Hər şey mənə aydın
oldu. Bu, dünyadan nakam köçmüş, böyük
ürəyi, böyük insanlığı olan,
dünyanı gözləri ilə görən, əlləri
ilə duyan nakam şairimiz Fikrət Mursaqulov idi. Yəni Həzi
Həsənlinin onun barəsində yazdığı
"İşıq əlifbası" adlı portret-povesti
indi stolumun üstündə, bir az da dəqiq desək,
gözlərimin önündə, əlimin içində.
Həzi Həsənli
şair-publisist kimi imzasını çoxdan təsdiqləyib.
Onun şeirləri barəsində oxucularla da, özü ilə
də fikirlərimi zaman-zaman bölüşmüşəm və
ona görə də Həzi müəllimin
"İşıq əlifbası" məndə bir qəribə
maraq yaratdı. Şairin nəsrə keçməsi zaman-zaman
olub, bu gün də var, yəqin sabah da olacaqdı. Burda
qeyri-adi heç nə axtarmaq lazım deyil. İnanmıram ki,
poeziyadan nəsrə üz tutanlar şairliyin
daşını atmış olsunlar. Çünki bu insanlar
bir bulaqdılar - qaynayırlar, çağlayırlar, şeirə
sığa bilməyəndə nəsrə keçirlər.
Nəsrdə də özlərinin ilham pərilərini istədikləri
kimi təqdim etməkdə bir az çətinlik duyanda yenə
şeirin meydanına dönürlər. Bax, bu mənada qəribə
hesab etmədiyim bu yaradıcılıq aləmində Həzi
Həsənlinin nəsrə könül verməsinin səbəbləri
povesti oxuyub başa çıxandan sonra mənə məlum
oldu. Gördüm ki, Fikrət haqqında nəzmlə hər
şeyi ifadə etmək o qədər də asan deyil.
Çünki şeirin tələbləri burada müəyyən
çətinliklər yaradır. Amma nəsr geniş bir
üfüqdü, orda hər şeyi nəqş etmək
mümkündü.
Həzi Həsənlinin
kitabının redaktoru və ön sözünün müəllifi
yaxından tanıdığım İlham Abbasovdur. Mən
İlham müəllimin ön sözünü oxuyub xeyli xəyala
daldım. İnanın ki, bu ön sözdə mən Fikrət
Mursaqulovu yenidən gördüm. Onun şeir kitabını
sanki yenidən oxudum, Givinin mənə verdiyi şeir
kitabını. Mənə ilk cümlə xüsusilə təsir
etdi. İlham Abbasov yazır ki, "bu yazının
adını "Qaranlıq dünyanın işıqlı
adamı" qoymaq istədim... Sonra gördüm, düz
alınmır...". Bəli, doğrudan da alınmır
qardaş. Çünki ürəyi ilə dünyaya baxan,
dünyanı görən Fikrətin qaranlıq dünyası
olmayıb. O bəlkə də bu dünyaya gözləri ilə
baxan çox-çox insandan daha yaxşı görüb
günəşi də, ayı da, otu da, ələfi də,
gülü də, çiçəyi də, daşı da,
suyu da. Əgər görməsəydi, o yaza bilməzdi
axı?.. Şeiri deyirəm, lap elə bu şeiri.
Gələn payız, gedən yaz
İndi kimə kədərsən?
Mən sənə yaz deməzdim,
Bilsəydim, bu qədərsən...
Dünyada bütün yollar kəsişir,
bu birmənalıdır. Dünyada tale
yaxınlığı, duyğu oxşarlığı,
düşüncə paralelliyi olanlar da üz-üzə gəlməsələr
də, qarşılaşmasalar da eyni karvanın, eyni əqidənin
yolçusu, daşıyıcısı olurlar. Onların ruhu
bir-biri ilə təmas qurur, bir-birinə söykənir,
bir-birinə güvənir. Mən kitabı oxuduqca buna bir daha
inandım. Təsəvvür edin ki, müxtəlif
ünvanlarda doğulub, müxtəlif məktəblərdə
təhsil alıb, bir-birinin üzünü görməyən,
amma sözünü görüb, sözünü tanıyan
insanlar günlərin birində üz-üzə də gəlirlər,
yolları da kəsişir. Bax elə Fikrətlə Həzi Həsənli
də müxtəlif ünvanlarda doğulub müxtəlif orta
məktəblərdə oxuyublar. Aralarında az qala bir
günlük məsafə olub. Amma sözləri, imzaları
eyni qəzetdə, eyni səhifədə yanaşı,
qoşa çap olunub. Bir-birlərini tanımayanlar bir-birlərinin
sözünü tanıyıb. Həyat onları bir ali məktəbin
auditoriyasında qarşılaşdırıb. Bu
qarşılaşma dostluğa, unudulmaz bir ömür
parçasına çevrilib. Həzi Həsənli yazır:
"Mən Fikrəti ilk dəfə özündən
kiçik qardaşı Musa ilə qol-qola gedəndə
görüb tanımışam...O zaman Universitetə sənədlərin
qəbulu başlanmışdı...Sonralar Givi ilə qol-qola
gedəndə Fikrət elə nikbin görünürdü
ki...Fikrətin yolları Givinin qollarından
başlanırdı..."
Doğrudan da taleh iki yaşında
dünyanı görmək imkanını əlindən alan
Fikrət Givinin qollarından başlayan yolun
işığında jurnalistika fakültəsini müvəffəqiyyətlə
başa vurdu və o,universiteti bitirdikdən sonra
ömrünün sonunadək Azərbaycan Gözdən Əlillər
Cəmiyyətinin nəşriyyatında baş redaktor vəzifəsində
çalışdı. Amma heç vaxt nə vəzifəsindən,
nə ətrafında olan dostlarından umacaqlı olmadı,
istifadə etmədi. Həzi Həsənli yazır ki:
"Fikrət yeriyəndə də qaranlıqları nur
topası kimi yarıb keçirdi". Bu təbiidir və belə
də olmalı idi. Çünki əvvəldə dediyim kimi,
o, dünyaya ürəyi ilə baxırdı. Elə ona
görə də bütün yük işıqla bərabər
onun ürəyinə hopmuşdu. Amma bu işıqlı
ürəyin elə nisgilləri var idi ki, onu bu kitabı
oxuyanda təzədən yaşamaq, təzədən
xatırlamağın özü də səmimi deyim ki,
müsibətdi. Dünyaya ürəyi ilə baxan Fikrət
ürəyinin bir parçası olan Yılmazını
çox erkən itirdi və onun adına yazdığı
misralarda dedi:
Güllər könülsüz
açılmaz,
Yılmaz, başına
dönüm.
Yaşıl otlar yaz gecəsi,
Solmaz, başına dönüm,
Oğul atasından qabaq,
Ölməz, başına
dönüm.
...Nə
boyunu öyəmmirəm,
Nə nağıllar deyəmmirəm,
Nə ağılar deyəmmirəm,
Lalam başına dönüm,
Balam, başına dönüm...
İndi gördünüz də
Fikrətin ürəyinin işığını və o
işığın üstündəki dərdi!
Həzi Həsənli,
üzümü sənə tuturam. Etiraf edim ki, mən xatirə-povestlər
oxumuşam və hərəsi də məndə bir ovqat
yaradıb. Amma sən bu kitabınla sözün bütün mənalarında
mərhum şairimiz Fikrət Musaqulova bir söz abidəsi
yapmısan. Özü də təkcə ona yox, bu kitabda
adı çəkilən, dünyadan nakam
köçmüş söz adamı Məmməd
Nazimoğlunun da, üstəlik qolları Fikrətə yol olan
Giviyə də! Fikrətlə bağlı fikirlərini
ürəklə, amma nisgillə dilə gətirən digər
ziyalılarımızı da yenidən işıqlı məqamdan,
işıqlı nöqtədən oxucuya göstərmisən.
Bu kitab məni elə kövrəltdi,
elə təsirləndirdi ki, nəyi necə
yazdığımı və ümumiyyətlə yaza bilib
bilmədiyimin fərqində deyiləm. Bircə onu bilirəm
ki, bu kitab məni də 80-ci illərə qaytarıb
apardı. Mənə də tələbə
yataqxanasının, universitet auditoriyalarının, o illərin
xatirələrini yenidən kino lenti kimi göz önündən
keçirmək imkanını verdi. Mən də
dünyasını dəyişən tələbə
dostlarımı andım... ruhlarına salvat çevirdim. Mən
bu kitabı yazanı da, onu mənə gətirəni də
içimdə yaxşı mənada qınadım.
Qınadım ki, biz dünyada, həyatımızda haqqı
olanlara qarşı bir az deyəsən laqeyd olmuşuq, bir az
biganəlik göstərmişik. Görünür
başımız özümüzə, öz işlərimizə
çox qarışıb. İndi-indi o işlərdən
vaxt tapıb dünənə boylanırıq. Deyəsən
budəfə Həzi Həsənli qabağa düşüb.
O, arxada qalan illəri və o illərin dünyaya ürəyi
ilə baxan işıqlı adamın "İşıq əlifbası"nın
səhifələrində bu günün, sabahın
insanlarına təqdim edib. Uğurlu təqdimatdı...
...Sevindim. Doğrudan-doğruya Həzi
Həsənli bir savab iş görüb, bir abidə
ucaldıb, sözün, işığın abidəsini. Zaman-zaman
hər yerdən görünəcək bir abidə. Sahibinin və
Yaradanın, eləcə də o ünvanın
işığı bizlərdən əskik olmasın!
Əbülfət
MƏDƏTOĞLU
abulfatm@box.az.
Ədalət.-2012.-5 may.-S.8.