İNCƏLİ
QAÇAQ İSMAYILIN MƏNZƏRƏSİ
ETÜD
(akvarel)
Çəliyinə söykənib
üzü "Dəyirman çal"a baxırdı. Nələri
düşünürdü görəsən.
Yaş öz sözünü
demiş, həyatın çalın- çarpaz yolları,
amansız və islah olunmaz qanunları, bəxtin,
yığvalın pozulmaz yazıları, Tanrının dəyişməz
hökmü günbəgün, anbaan çin olmuşdu qənşərində.
Ömür-gün yoldaşı
Şərqiyə xanımla köçüb getdi hər
növrağı aşıq Sadıq Avdıoğlunun. Xeyli
zamandır ki, saz onun gözünün qabağında, o da
sazının qənşərindəcə bir- birinə həsrət
bayatıları oxuyurlar...
Maşın səsinə qamətini
düzəldib geri qanrıldı. Çəliyi əlindən
düşdü. Saralmış tüklü cöhrəsinə
təbəssüm çiləndi sanki. Qollarını
açıb mənə sarı yeridi. Ev- eşiyi, həyət-bacası,
bağ- bağçası da qocalmışdı elə bil.
Bir vaxtlar bacasından tüstü əskik
olmayan qara damın çalası uçmuş, qapqara pərdilər
yerindən sürüşüb sınıq qollar kimi
aşağı sallanmış , petləsindən qopub əyimiş
köhnə qapı əyilmiş qamətə bənzəyirdi.
Evinə gələn qonağa
süfrə açmasa, sazla, sözlə könlünü
almasa dinclik tapmazdı, ürəyi sakit olmazdı...
Adəti üzrə xoşgəldin
edib, əlibıçaqlı çölə çıxmaq
istədi. Bir zamanlar qoyun- quzu mələşməsi,
toyuq-cücə, qaz- hinduşqa səsi aləmi başına
götürən həyət-bacada gözə heç nə
dəymirdi. Köhnə çalanın altında eşələnən
biri qara, biri boz toyuqlardan başqa. Mətləbini başa
düşmüşdüm. Bu işindən onu geri döndərmək
olmazdı, yumurtalarına ehtiyacı olmasaydı var- yox bu bir
cüt toyuğun.
Söz-söhbətə
başladıq:
-Ay qardaş, heç nə
lazım deyil, gəl otur görək, bir az söz- söhbət
edək- deyib, biçağı əlindən aldım.
Doğrudan da qocalığın rəngi
üz- gözünə hopub, şux, yaraşıqlı qaməti
əyilmiş, yerişi-duruşu uçunur bu İncəli
ozanı ustad aşıq Avdı oğlunun..
Bir zamanlar böyük şövq
ilə söylədiyi, özünün araya-ərsəyə
gətirdiyi "İncəli qaçaq İsmayıl"dastanını
yenidən öz dilindən dinləyib "İnsan mənzərələri
üçün qələmə almaq istəyi ilə gəlmişdim
ustadın hüzuruna. Bu bənzərsiz igid Qaçaq Kərəmin
ən sadiq dostu, silahdaşı, məsləkdaşı
olmuşdur. Hətta Qaçaq Kərəm bir dəfə - Ay
İsmayıl bu igidliklərin adı mənim, özü isə
sənindir- deyə etiraf da edibmiş.
Nəhayət ki, məqsəd və
məramımı açıqladım
Aşıq Sadıq
- Ustad, bu dəfəki səfərimdə
səndən bir iltimasım olacaq- deyib, hardan, necə
başlayacağımı fikrimdə sahmanlayaraq çəliyinə
söykənmiş bu sonuncu İncəli mogikanın seyrəlmiş
ağ saçlarına, tük basmış solğun cöhrəsinə
baxdım, gözlərim yaşardı.
- Buyur, Dəmirçioğlu,
görək bu qoca vaxtımızda bir şeyə yaraya bilərikmi
- deyib, çəliyinə mətərisləndi.
-Yadında olar, ustad,- deyib
sözə başladım.
Bir zamanlar məclislərimizin
birində qaçaq İsmayılın necə
qaçaq Kərəmlə
görüşüb dostlaşmasını,
İncə dərəsinə
necə səfər etdiklərini danışmışdın.
Özün bilirsən ki,
"İnsan mənzərələri"kitabını
tamamlamaq istəyirəm.
İndi isə İncəli qaçaq İsmayılın mənzərəsini
işləmək məqamı
gəldi və bu işdə mənə yardımçı
ola biləcəyini
bilib hüzuruna təşrif buyurdum.
Dərin xəyala getmişdi.
Elə özü də bir zamanlar gülləri
bülbülləri çağıran,
saz havasında cezv olub sinəsini
yırtıb dağıdan
bülbüllərini çiçək
nəfəsiylə məst
edən, indi isə baxımsızlıqdan
yabanı meşəni
xatıladan bagına,
baxçasına bənzəyirdi.
- Getdi o günlər, Dəmirçioğlu,- deyib bağı
göstərdi:- Yadında
olar o günlər. Bax bu kötüyün üstündə oturub saz çalıb oxuduğmuz günləri deyirəm.
Doğrudan da heyrətdən donub qaldığım o günlər bir an içindəcə gözlərimin
önündə canlandı...
Eşq ilə sazına
sarılmış aşıq
Sadığın səsi,
bülbüllərin cəh-cəhi,
yarpaqların pıçıltısı,
al-əlvan quşların
rəngarəng səsləri
saz havasına qoşulub ən könülsüz insanları
belə riqqətə
gətirirdi. (Mən eşitmişdim ki, aşıq Ədalət Nəsibov Göyəzənin ətəyində
saz çalarkən haradansa bir bülbül
uçub gəlmiş,
saz havasında pərvanə şamın
başına dolanan kimi Ədalətin başına dolanıbmış.)
Həmin
gün isə aşıq Saqıqla bülbülün necə
deyişməsinin şahidi
olmuşdum. Ola bilsin ki, mənim
bu hekayətimə inanan olmasın. Ancaq bu bir həqiqət
idi. Güllü- çiçəkli baxçadan ayrılıb
bizim məclisimizə
təşrif buyurmuş
bir bülbülün
aşıq Sadıqla
deyişməsinin şahidi
olduq. Aşıq Sadıq çalıb
oxuyanda bülbül susurdu, aşıq Sadıq susanda bülbül cəh-cəh
vurub oxuyurdu. (O zaman həmin məqamı lentə köçürmüşdük və səhv etmirəmsə oğlu Vüqarın arxivində saxlanılır)...
- Soyuq olar- deyib məni
içəri dəvət
etdi. Sazı köynəkdən çıxara-
çıxara:
-Ayə, vallah inanmırlar qocalmağıma. Xəstəlik bir yandan, qocalıq
bir tərəfdən,
tənhalığın misginliyi
də bir yandan. Mən indi sənə necə kömək edim- deyib, aylarla
əlinə götürmədiyi
şirmayı qollu sazın qayışıni
çiyninə keçirdi :
- Elə sazım da özüm
kimi qocalıb - deyib, paslı simlərə sığal
çəkdi, şirmayı
aşıqları cırıltıyla
sağa- sola çəkib
simləri köklədi,
qaxaca dönmüş
barmaqlarını pərdələr
üzərində tərpətdi.
-İndi
mənim çalıb-oxumağım
özünü biyabır
etmək kimi bir şeydir. Daha nə barmaq
işləyir, nə göz görür, nə qulaq eşidir-
desə də zarafatlarından da qalmır, ara
sır maraqlı lətifələr söyləyirdi.
Dəftərimi çıxardım, əlimi cibimə salıb qələmi çıxarmq istədim ki, danışdıqlarını
qeyd edim, sən demə yadımdan çıxıb,
qələmi götürməmişəm.
-Qardaş, qələmi
unutmuşam, bəlkə evdə qələmin ola- deyəndə
qımışdı:
-Səninki lap qardaşım Sədinin
ov əhvalatına oxşadı.
-Necə əhvalatdı?-deyib
söyləməsini xahiş etdim.
-Bir gün qalın qar
düşdüyünü görən traxtirist Qını Sədiyə
deyir ki, ay Sədi, əsil dovşan ovu havasıdır, gəlsənə
səhər tezdən ova çıxaq. Ov həvəskarı
olan Sədi dərhal razılaşır. Xanımı Əsabəyə
axşamdan tapşırıqlarını verir. Səhər
tezdən Əsabə xanımın hazıladığı
azuqələri götürür, tüfəngini çiynindən
aşıraraq Qini ilə birlikdə ova çıxırlar.
Cüryəllini aşıb, Göyvəlliyə tərəf
enəndə Qını "Belarusu" saxlayıb
aşağı hoppanır. Dovşan ləpirlərini Sədiyə
göstərir. Sağa, sola səpələnmiş ləpirləri
görən Sədi sevinərək "Amma nə
qıracağam"-deyib tüfəngi çiynindən
aşırır. Əlini belinə aparır ki, patrondaşdan
güllə çıxarsın, Bıyyy!!!- edib Qınıya
baxır:
-Ayə, ay Qını, patrondaş
evdə qalıb, həncəri!
Sədinin bu yazıq halına baxan
Qını:
-Amma nə qıracaqsan.- deyib bərkdən
şaqqanaq çəkir.
Nədənsə pəsə
kökləmişdi sazını. Həzin-həzin inləyən
saz, payızın son ayı, son yarpaqları da yellənə-yellənə
düşən baxımsız bağ- baxça, pərdiləri
sınıq qollar kimi aşağı sallanmış,
buxarısı çoxdan ocaq görməyən qara dam, evin qənşərində
qayaları üşüyən "Dəyirman
çal"ı...
Sazla ozan
barışmışdı deyəsən. Ağır-
ağır ləngərə gəlirdi dunya sükutu,
payız hicranı, qəmli ağaclar, bir də üstündə
bir neçə qönçəsi açılmamış
qalan qızıl gül kolları. Xəyal isə məni lap
uzaqlara, dostların sağ, keflərin çağ vaxtına
aparmışdı...
Aşıq Sadıq gildə binələnmişdi
məclisimiz. Bu dəfəki səfərimizdə ölkəmizin
görkəmli Türkoloqu, bütün incəlilərin dostu
Ramiz Əsgər də ziyarətinə gəlmişdi
İncı dərəsinin. Qoçaqlığı, qonaqpərvərliyi
ilə İncə dərəsində ad- san qazanmış
Şərqiyə xanım (aşıq Sadığın
ömür- gün yoldaşı, Allah rəmər eləsin)
löyün- löyün yeməklərin arasnı kəsmir,
buğlanan bozartmalar, kabablar soyuduqca istisi ilə əvəz
edir, növ- növ turşuların, zoğal araqlarının
ardı- arası kəsilmirdi.
Akif Səməd masabəyi idi. Məmməd
İlqar ağsaqqal olsa da çox vaxt ya Akif Səmədi, ya Rəfail
İncəyurdu, bəzən də məni masabəyi seçərdi.
Mükəmməl bir məclis, kamil bir ozan, İncə
çayının sağ tərəfində cənnəti
xatırladan, çiçəkləri qoxuşan,
bülbülləri oxuşan bağ- bağat, bu bağın
içində Aşıq Avdı nurundan pay almış
aşıq Sadıq ocağı- saz, söz xanimanı.
Ağamalı Sadiqi təzəcə itirməyinə baxmayaraq,
qonağımız Ramiz Əsgəri yaxşı
qarşılayırdı İncəmiz, İncəlilərimiz.
Məclisin şirin yeri idi.
Aşıq Sadıq-"Hazarat, badələri doldurun" -
dedi. Başı xamırlı şüşələrin
hamısı boşalmışdı. Saqilər him- cimlə
şüşələrin boşalmasını işarə
etdilər. Elə bu ara Şərqiyə xanım
Sadığa yaxınlşıb qulağına nəsə
pıçıldadı. Məclis əhlinin dalağı
sancdı, ani bir sükut çökdü məclisə.
Gümanımız düz çıxmışdı deyəsən.
Sadıq məyyus halda ayağa qalxıb:
-Dostlar, bir qara xəbər
aldıq - deyib ciddi bir görkəm aldı. Hamının
gözü aşıq Sadığa zillənmişdi.
-Bizim qarı araq süzərkən
iyirmi litrlik balonu əlindən salıb sındırıb. Zoğal
arağı sel olub ev- eşiyi basıb gedir - deyib sonunu
zarafata çevirdi.Zoğal arağından doymamış məclis
üzvləri bir-birinin üzünə baxışdılar.
Sükut hələ də davam edirdi. Birdən telli sazın sədası
hamını fikirdən ayırdı
- Aaz a qarı, o zapasnoylardan,
saxlanclardan bəri elə görək- deyib saza bir mizrab
çəkdi. Hə mənim əzizlərim, indi də sizə
özüm bəsdələyib, özüm dəstələdiyim
dastandan bir parçanı hüzurunuza ərz edəcəyəm-
deyib, İncəli qaçaq İsmayılın qaçaq Kərəmlə
görüşməsini və İncəliyə olan səfərini
danışmağa başladı.
Ardı var
Məmməd
Dəmirçioğlunun təqdimatında
Ədalət.-2012.-5
may.-S.18.