ÖZ CİZGİM

 

   Yadına düşmədi tale yazanın,

   Sazına düşmədi teli, ozanın,

   Rənglər sərgisində Rəsul Rzanın

   Ağ, saya, ağ, saya

   bir Vaqif Nəsib...

  

   Bir sinə-qəfəsi kaman eylədi

   Yamyaşıl həvəsi saman eylədi,

   Çəkdiyi nəfəsi duman eylədi,

   Ah saya, ah saya

   bir Vaqif Nəsib...

  

   Özü bilmədi dərdi, dərdi,

   Qarışdı qara su dərdinə dərdi,

   Qara çiçəklərdən dərdi, dərdi, -

   saya, saya

   bir Vaqif Nəsib...

 

   Tökə bilmədikcə ətəkdən daşı,

   Yarıya bilmədi, yarıldı başı

   Səssiz gəlib keçdi yetişmiş yaşı, -

   Axsaya, axsaya

   bir Vaqif Nəsib

   Sarı Hüseyinin

   elçisi, oğlu...

 

 

   ALLAH AMANI

  

   Eləki yerlərdən əllər üzülür

   Dillənir göylərin sirr güşəsindən

   Bir Allah amanı,

   Allah amanı.

   Elə həmən andan qəlbə süzülür

   Dumanlı dağların bir güşəsindən

   Bir çilə gümanı,

   Çilə dumanı.

   Görünməz kamançı öz güşəsindən

   əridir, əridir özü kamanı...

   Eləki dərdlərdən dəvə düzülür

   Yol alır ovqatın kür güşəsindən

   Daşımaq istəyir

   dərdə, yamanı,

   hələlik ömürdən, gündən küsülür, -

   küsülür aləmin hər güşəsindən.

   Qınayıb zamanda

   dəli zamanı.

   Görünməz kamançı "döz" güşəsindən

   Yüridir, yeridir dözu-kamanı...

   O Allah amanı, əvvəl-axırı,

   Yazıq bəndəsinə çatana kimi

   Baş üstünü alan bulud-naxırı,

   Qatıb qabağına qatana kimi

   Rəng yağır kədərin zər güşəsindən, -

   Yaşıl ömürlərin

   çıxır samanı.

   Çatdıki qəlblərə ümid səpilir

   əyinə geyilir, gözə təpilir,

   O Allah amanı,

   Allah amanı,

   Görünməz kamançı söz güşəsindən

   Kiridir, kiridir

   Sözü kamanı...

 

 

   GÖRÜNÜR

 

   Dostum, məşhur folklorşünas, professor Rüstəm Rüstəmzadəyə

 

   Müdrik bir qayədə tapdı özünü,

   Axtardı, aradı elin sözünü,

   Batmış çeşmələrin açdı gözünü, -

   Gözündə məhəbbət, istəm görünür.

 

   Bizim qalalardan nərə ucaldı,

   Qarı düşmənindən daim öc aldı,

   Igidlər at,

   Ömür sürdü qocaldı

   Hər bir dastanından dəstəm görünür.

 

   Adsız aşıqların tapdı sazını

   Oxudu pozulmuş neçə yazını

   Elə çatdırdı hey el avazını, -

   qədər atüstüm,

   bəstəm görünür.

 

   əməli ürək, göz incidir,

   elə payladıgı el sevincidir,

   onun, topladıgı ləldi, incidi, -

   inçiylə çox xalqdan üstəm, görünür.

 

   Qaşıqarlılarla başlanan yolun,

   Salman mümtazlarla xoşlanan yolun,

   Hümbət incisisiylə qaşlanan yolun

   Bu günlər önündə Rüstəm görünür.

  

  

   İLQAR MƏMMƏDOVU DİNLƏYƏNDƏ

 

   Hər guşə güldən göz açanda,

   Çən döşə, qar dağa qaçanda,

   Bənövşə bəndini saçanda

   Xoşlandıq,

   Xoşlandıq,

   xoşlandıq...

 

   babəkin qolları dağlandı,

   səfəvi yolları bağlandı,

   Səttərxan selləri saxlandı, -

   Xışlandıq

   xışlandıq  

   xışlandıq...

 

   dinmədik, dindilər bəlalar,

   yandılar, söndülər balalar,

   türbəyə döndülər qalalar, -

   daşlandıq,

   daşlandıq,

   daşlandıq...

   qeyrətin çiləsi daş oldu,

   heyrətin haləsi qaş oldu,

   millətin naləsi yaş oldu, -

   yaşlandıq,

   yaşlandıq  

   yaşlandıq...

 

   düzləri, dikləri sar aldı

   gözlərin kökləri saraldı

   eləki yazları qar aldı, - 

   yaşlandıq,

   yaşlandıq,

   yaşlandıq...

    

  

   DÜNYA MƏNZƏRƏLƏRİNDƏN

 

   Eşidirsənmi?

   Dünyanın dör başında

   Biri qulaq batırır:

   Ha-ha-ha

   Hardasa dağ başında

   Biri ulaq otarır:

   ho, ho, ho...

   Eşidirsənmi?

   Biri bütə dönüb:

   hır, hır, hır.

   Biri itə dönüb:

   mır, mır, mır...

   Eşidirsənmi?

   Qarabaxtların başında,

   bəlkədə üç yüz yaşında

   qarğalar qarıldayır:

   qar, qar, qar...

   Görürsənmi?

   Incilər söz qamaşdırır:

   Doğruya göz qamaşdırır:

   par, par, par...

   Görürsənmi? 

   Can verir düzlər:

   xır, xır, xır

   yas tutur gözlər:

   şır, şır, şır...

   Görürsənmi?

   yol sapanlar:

   kül, kül, kül.

   Şah tapanlar:

   bül, bül, bül...

  

 

   QIŞ ÜŞÜTMƏLƏRİNDƏN

 

   Çöllər göl olub,

   qonub ağaclar.

   Üzə bilməyib,

   donub ağaclar ,

   özünü buynuz tək

   yonub ağaclar, -

   yaşıl ümidüylə yarpaq gözləyir.

 

   Bu qışlar torpağın bənizidi,

   Yerllərin yer boyda dənizidi,

   Qarın hər dənəsi bir dən izidi, -

   Sünbül doğumunu torpaq gözləyir.

 

   Buludlar qonmada hür dağlarına,

   Küləklər dönmədə ud-ağlarına,

   Qar kürklü ağaclar, budaqlarına

   Yenə yuvalardan papaq gözləyir.

 

   Qarı yorğan kimi döşəyənlərin,

   Yenə süsən-sünbül, yarpaq gözləyir.

   Içdən çırım-cılpaq, üşüyənlərim

   Yazağzı qeyrətdən papq gözləyir.

  

 

   YASİN ƏVƏZİ

 

   Balıqçısı görünməz, -

   Dünya nəhəg br tor

   (Ölənlərinin, qalanlarının

   həm koru, həm moru).

 

   Hər bəndə bir ocaqçı

   Ürək həm ocaq, həm qor

   (ölənlərin, qalanların

   həm nuru, həm qoru)

 

   Güc önündə adamlar

   bülbüllü, qarğalı xor

   (Sözə baxanlara bağışının

   yağı, şoru,

   xoruz buraxanlara

   baxışının yağı-xoru).

 

   Bir dərədədə (dairədə)

   Bəxti, kürkü yırtıq insan

   Ovlanandan həm kar, həm kor

   (qalanda gözündə qorxu toru,

   Öləndə torpağın moru).

  

   Yasin - ey insanlar

   Qamış bitirəcəkmi bir quyu,

   Səslənəcəkmi İsrafilin zuyu,

   Qalxa biləcəksinizmi

   Kosmonavtların deşdiyi tordan

   (boyun buruq,

   Boyunduruq yaşamaq, ölmək zoru)

 

 

   Vaqif Nəsib Sarıhüseynoğlu

 

   Ədalət.-2012.-5 may.-S.20.