"Eurovision" hekayəti: kimlər gəldi, kimlər getdi...

 

   Bu il "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi hamımızın diqqətini bir daha Bakının ev sahibliyi etdiyi bu möhtəşəm yarışmanın tarixinə yönəldir.

   "Eurovision" nədir, necə yaranıb və bu mahnı yarışmasının meydana çıxaran zərurət nə olub?

 

   Marsel Bezanson

 

   Bu adın tarixə düşməsinin bir səbəbi var: o, 1955-ci ildə Avropanın ən yaxşı mahnısının təyin edilməsi haqqında təkliflə çıxış etdi.

   Hər şey də bu təklifdən başladı. Əslində, Avropanı təkcə iqtisadi deyil, həm də mədəni cəhətdən birləşdirən dəyərlər üzərində bir neçə il idi ki, düşünürdülər. Və beləliklə, ictimai televiziyaların birləşdiyi Avropa Yayımları Birliyi (EBU) 1955-ci il oktyabrın 19-da Romada keçirdiyi Assambleyada İsveçrə televiziyasının direktoru Marsel Bezansonun təklifini qəbul etdi və Avropanın hər il yarışma ilə ən yaxşı mahnısının müəyyənləşdirilməsi qərara alındı.

 

   7-nin başladığı yol

 

   Təşəbbüskar kimi ilk müsabiqəni İsveçrə keçirdi. 1956-cı il mayın 24-də Luqana şəhərində baş tutan "Qran-pri Eurovision" yarışmasına 7 ölkə (İsveçrə, İtaliya, Hollandiya, Belçika, Lüksemburq, Fransa və Almaniya) qatılmışdı. Hər iştirakçı 2 ifa ilə səhnəyə çıxdı və İsveçrəni təmsil edən Lys Assianın "Refren" mahnısı qalib gəldi.

   Bu ilk yarışma iştirakçıların 2 mahnı ilə çıxış etdiyi son müsabiqə oldu. Daha sonra təmsilçi ölkələrin çoxalması vaxt baxımından təşkilatçıların dəyişiklər aparmasını şərtləndirdi.

   Yeri gəlmişkən, Avropa Yayımlar Birliyi 1950-ci ildə yaranıb və onun 56 ölkəni təmsil edən 74 aktiv və 36 müşahidəçi üzvü var. Bu təşkilat yayımçılar arasında əməkdaşlığı möhkəmləndirir və mübadilə imkanlarını artırır. Təşkilatın ali rəhbərliyi ildə 2 dəfə toplanan Baş Assambleyadır. Xatırladaq ki, 2010-cu ildə Baş Assambleyanın toplantısına Bakı ev sahibliyi edib. AYB-nin mərkəzi qərargahı Cenevrədə yerləşir. Bundan başqa onun Pekin, Brüssel, London, Madrid, Moskva, Sinqapur və Vaşinqtonda ofisləri var.

 

   Qaydalar

 

   "Eurovision" mahnı yarışmasında iştirak hüququnu ictimai televiziyası Avropa Yayımları Birliyinə üzv olan ölkələr qazanırlar. Hər ölkə bir nümayəndə seçir və yarışmaya qatılır. Hər iştirakçıya mahnı ifası üçün 3 dəqiqə vaxt ayrılır. Səhnədə çıxış edən solist və qrup üzvləri birlikdə altı nəfərdən çox olmamalıdır. İfa olunacaq mahnı əvvəlki ilin 1 sentyabr tarixinədək ifa edilməmiş bəstə olmalıdır. İfaçılardan canlı oxumaq tələb olunur. Yalnız "minusovka"nın, yəni bək-vokalsız müşayiətin lent yazısından istifadə etməyə icazə verilir.

   Qalib gələn ölkə növbəti yarışmaya ev sahibliyi edir.

   2004-cü ildə AYB üzvü ölkələrin hamısının iştirakını təmin etmək məqsədilə yarışmanın mərhələli olması qərarlaşdırılıb. Yarışmada 2004-cü ildən yarımfinal olub. 2008-ci ildən isə "Eurovision" müsabiqəsinə ikinci yarımfinal əlavə olunub. Beləliklə, hazırda 2 yarımfinal və final keçirilir.

   Finalda hər iki yarımfinalların qalibləri və birbaşa bu mərhələdə çıxış hüququna malik olan ölkələr yarışır. Qaydalara əsasən, Fransa, Böyük Britaniya, İtaliya, Almaniya, İspaniya və müsabiqənin sonuncu qalibi olan ölkə birbaşa final mərhələsində yarışır.

   Qalib səsvermə yolu ilə müəyyənləşir. Hər ölkənin səsi ayrıca hesablanır və açıqlanır. Ölkələrin verdiyi ən yüksək bal 12, ən aşağı bal isə 1-dir.

   Bütün mərhələlərdə təmsil olunan iştirakçıların çıxış ardıcıllığı püşkatma ilə müəyyən edilir. Tamaşaçı və münsiflərin nəticəyə təsiri 50/50 prinsipi üzrədir. Telesəsvermə pəncərəsi bütün mahnılar ifa edildikdən sonra açılacaq və seyrçilər öz SMS-lərini göndərə biləcəklər.

   Qaydaya görə, ölkələr öz nümayəndələrinə səs verə bilməzlər.

   Müsabiqə ərəfəsində hər hansı ölkədə gizli səsvermə aparılmazsa, buna görə məsuliyyət birbaşa təşkilatçı teleşirkətin üzərinə düşəcək. Avropa Yayım Birliyi və Məşvərət Şurası qərara gəliblər ki, səsvermənin anonimliyini poza biləcək məlumatların açıqlanmasına görə iştirakçı yayım şirkəti məsuliyyət daşıyır. Yeni qayda səs verənlərin şəxsi iradəsinə hörmət prinsipini təminat altına almağa yönəlib. Bu baş verməzsə, Avropa Yayım Birliyi qaydanı pozan teleşirkətə sanksiya tətbiq edə bilər.

   "Eurovision" qalibi Avropa Yayım Şurası ilə nəzərdə tutulmuş bütün tədbirlərdə iştirak etmək haqqında müqavilə bağlayır.

 

   Maraqlı rəqəmlər

 

   57 ildir - 57-ci dəfədir keçirilən "Eurovision proqramı" (tam adı belədir) şou-müsabiqəsində maraqlı statistika bunlardır:

   İrlandiya - 7 dəfə, Birləşmiş Krallıq, Fransa və Lüksemburq hər biri 5 dəfə "Eurovision"-nun qalibi olub. Müxtəlif illərdə müsabiqədə 51 ölkə iştirak edib və 1956-cı ildən indiyə qədər 24 ölkə qalib olub.

   Ən gənc qalib 1986-cı ildə Belçikanın 13 yaşlı təmsilçisi Sandra Kim olub, ən yaşlı qalib isə hələlik 50 yaşlı estoniyalı Deyv Beltondur.

   "Eurovision" dünyanın ən böyük mahnı müsabiqəsi sayılır. İzləyicisinin 800 milyona yaxın olduğu bildirilir. Bir çox ölkələr, o cümlədən ABŞ, Kanada, Cənubi Koreya, Yeni Zelandiya bu yarışmanın iştirakçısı deyil, tamaşaçısıdır. Yarışma 2000-ci ildən internetdə də izlənilir.

   Daha çox səs qazanmaq məsələsinə gəldikdə isə bu sahədə ilk rekordu Çikola Çikvetti yaxalayıb. O, səslərin 60 faizini qazanıb. Bu hadisə 1964-cü ildə baş verib. "Eurovision" mahnı müsabiqəsində ikinci rekorda 2009-cu ildə Norveçli Aleksandr Rıbak imza atdı. O, 387 bal toplamaqla yeni rekordu yaxaladı. Müsabiqədə indiyədək ən çox qalibiyyət qazanan ölkələr İsveç, Niderland, İsrail və Norveçdir. Estoniya, Latviya, Türkiyə, Ukrayna, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Norveç, Almaniya, Azərbaycan 2001-ci ildən bu günə qədər qalib olan ölkələrdir.

 

   Haqqından  istifadə etməyənlər

 

   "Eurovision" yarışmasında iştirak etmək üçün Avropa dövləti olmağa ehtiyac yoxdur, AYB üzvü olmaq kifayətdir. Ona görə də Avropa Birliyində (və ya AŞ-da) olmayan ölkələr də "Eurovision"-da iştirak hüququna malikdirlər.

   Bu vaxta qədər "Eurovision"-da iştirak haqqında bəhrələnməyən 6 qeyri-Avropa ölkəsi var: İordaniya, Livan, Əlcəzair, Misir, Liviya, Tunis.

   Müsabiqədə iştirak etməyən Avropa ölkələri isə 5-dir: Lixtenşteyn, Men Adası, Farer Adaları, Qrenlandiya və Vatikan.

   Əvvəllər iştirak edən, hazırda isə nümayəndə göndərməyən 4 ölkə var: Lüksemburq, Monako, Mərakeş, Çexiya.

   İştirak arzusunu isə bir Asiya ölkəsi bildirib: Qazaxıstan!

   2010-cu ilə qədər aparılan araşdırmalara görə qələbəyə ən çox həsrət qalan ölkə Portuqaliyadır.

 

   Qadağalar

 

   Mahnı müsabiqəsində iştirakçıya heç bir məhdudiyyət qoyulmadığı deyilsə də, əslində, qadağa mövcuddur: mahnı mətnində senzuradan kənar ifadələr, siyasi çağırışlar olmamalıdır. Yəni bu, bir mahnı yarışmasıdır, siyasətə heç bir aidiyyatı yoxdur.

   1956-72 və 1977-98-ci illər arasında keçirilən müsabiqədə nümayəndənin öz ölkəsinin dövlət dilində mahnı ifa etməsi şərt kimi irəli sürülürdü. 1999-cu ildən isə bu qadağa aradan qaldırılıb: iştirakçı istədiyi dildə oxuya bilər. Hazırda iştirakçının yaşının 16-dan az olmaması da şərt olaraq irəli sürülür. Çünki 16 yaşdan aşağı uşaqlar üçün də "Avroviziya" müsabiqəsi keçirilir.

   İstənilən şəxs vətəndaşı olmadığı istənilən ölkəni təmsil etməkdə sərbəstdir. Ancaq səhnəyə ədəbsiz görkəmdə çıxmaq və təxribat xarakterli hərəkətlərə yol vermək qadağası var. 

 

   Haşiyə

 

   "Eurovision" Mahnı Müsabiqəsinin 56 qalibi arasında musiqi karyerasını bitirib, fəaliyyətini digər sahələrdə davam etdirənlər az deyil.

   Müsabiqənin 1957-ci ildə qalibi olan Jori Broken (Corry Brokken) müxtəlif filmlərdə çəkilib. 1976-cı ildəki "Eurovision" şousunun aparıcısı olub. Bundan sonra isə o, ümumiyyətlə musiqi karyerasına son verərək hakim olmaq qərarına gəlib.

   İtaliyalı müğənni, müsabiqənin 1964-cü il qalibi Ciqliola Çinkvetti (Gigliola Cinquetti) qələbədən sonra yeni bir hitlə bu yarışmaya qayıdıb və bu dəfə 2-ci yerin sahibi olub. Lakin Ciqliola sonradan peşə istiqamətini dəyişib. O, indiyədək peşəkar jurnalist kimi fəaliyyət göstərir.

   İrlandiyalı təmsilçi Dana 1970-ci ildə qələbə qazanaraq "All Kinds of Everything" mahnısı ilə bütün Avropa tamaşaçılarının qəlbini fəth edib. O, bir müddətdən sonra musiqi fəaliyyətinə ara verərək, İrlandiyadakı prezident seçkilərində iştirak edib və topladığı səslərlə namizədlər arasında 3-cü yerdə qərar tutub. 1999-cu ildə isə Dana Avropa parlamentinə seçilib. Lakin bir müddət sonra siyasi fəaliyyətini donduraraq, yenidən musiqiyə qayıdıb.

   1972-ci ildə Viki Lindrosun (Vicky Leandros) əsl ulduz həyatı başlayıb. Həmin il müsabiqədəki qələbəsindən sonra Avropa, Kanada, Amerika və Yaponiyada möhtəşəm karyera qurub. 90-cı illərin sonunda "Titanik" filminin məşhur "My Heart Will Go On" mahnısının alman versiyasını yazdırıb. Viki Yunanıstanda Pirey şəhərinin məsləhətçisi, daha sonra isə şəhər merinin müavini vəzifəsinə seçilib. O, 2008-ci ilədək bu vəzifədə çalışıb. Sonra yenidən musiqi aləminə dönüb və Avropaya səyahət edib.

   Müsabiqə ukraynalı müğənni Ruslananın da həyatını tamamilə dəyişib. Bütün Avropa çartlarını zəbt edən müğənni bundan sonra siyasətə atılıb və 2006-2007-ci illərdə Ukrayna parlamentinin üzvü olub. Qələbə münasibətilə şəxsən Ukrayna prezidentinin mükafatını alan Ruslana UNICEF-in xoşməramlı səfiri təyin edilib.

 

  57-ci qalib - Azərbaycan

 

   Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsində iştirakı 2006-cı ildə bu yarışmanı yayımlamaqla başlayıb. 2007-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə təşkil olunan Avropanın bu televiziya şousu ikinci dəfə Azərbaycan auditoriyasına yayımlanıb.

   2007-ci ilin iyul ayında İctimai Televiziya Avropa Yayımları Birliyinə üzv qəbul olundu. Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsində iştirakının ilk təşəbbüskarlarından biri və bu layihədə ölkəmizin iştirakını dəstəkləyən Heydər Əliyev Fondudur.

   I iştirak: 24 may 2008, Serbiya - Belqrad, Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə ("Day After Day") 132 xalla 43 ölkə arasında 8-ci yeri tutdular. Türkiyənin TRT, Gürcüstanın Rustavi-1, Macarıstanın Duna televiziya kanalları ilə birbaşa yayımlanan Milli Final gecəsində Müsabiqənin 2003, 2004 və 2007-ci illərdəki qalibləri Sertab Erener, Ruslana və Mariya Şerifoviç qonaq kimi çıxış edib.

  

   II iştirak: 16 may 2009, Rusiya - Moskva, Aysel Teymurzadə və Araş ("Always") 42 ölkə arasında 207 xalla ölkəmizə 3-cülük gətirdilər.  

   III iştirak: 29 may 2010, Norveç - Oslo, Safura Əlizadə ("Drip Drop") 145 xalla 39 ölkə içində 5-ci oldu.  

   IV - 14 may 2011, Almaniya - Düsseldolf, Eldar Qasımov və Nigar Camal (Ell və Nikki) "Running Scared" mahnısı ilə 43 ölkə arasında 221 xallag Qələbə! 

   V iştirak: 2012-ci ilin may ayında Bakıda keçiriləcək 57-ci "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycanı Səbinə Babayeva təmsil edəcək. O, 2008-ci ildən "Eurovision" Mahnı Müsabiqəsi üzrə Milli Seçim turlarında ardıcıl iştirak edib.

 

   "Bakı Kristall Zalı"

 

   Bakı 57-ci yarışmaya ciddi hazırlaşıb. Prezident İlham Əliyevin sərəncamı ilə "Eurovision" mahnı müsabiqəsinin keçirilməsinə hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsində dövlətin nüfuzlu ictimai-siyasi xadimləri və vəzifəli şəxsləri təmsil olunurlar.

   Dəniz kənarında 25 min nəfərlik yeni və çox gözəl "Bakı Kristall Zalı" artıq istifadədədir və iştirakçılar məşqlərə başlayıblar.

   Müsabiqəyə 42 ölkə qatılıb ki, bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Həmçinin "Eurovision" Mahnı Müsabiqəsində son 3 ildə iştirak etməyən Çernoqoriya da builki yarışmaya qatılıb.

   Ermənistan "Eurovision-2012"-də iştirakdan imtina edib. Bir qrup erməni müğənnisi ölkənin İctimai Televiziyasına müraciət edərək müsabiqəni boykot etməyə çağırıb. Səbəb kimi onlar cəbhə xəttində erməni əsgərinin guya azərbaycanlı snayper tərəfindən vurulmasını göstəriblər. Lakin daha sonra həmin əsgərin öz hərbçi yoldaşı tərəfindən vurulduğu aşkar edilib. Avropa Yayımları Birliyi (EBU) Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirak etməkdən imtina etdiyinə görə Ermənistanı cərimələyib. EBU-nun qərarına əsasən, Ermənistan müsabiqədə iştiraka görə tələb olunan haqqı ödəməli, üstəlik cərimə olaraq, bu məbləğin 50%-ni də əlavə verməlidir. Bundan əlavə, Ermənistan İctimai Televiziyası "Eurovision" mahnı müsabiqəsinin finalını canlı yayımlamalıdır. EBU-dan bildiriblər ki, Ermənistan sözügedən qərara əməl etməsə, 2013-cü ildə keçiriləcək "Eurovision" müsabiqəsindən kənarlaşdırıla bilər.

   Polşanın ictimai yayımçısı TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib. Polşanın bu ilki müsabiqəyə qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVP-nin işinin gərginliyi ilə əlaqədardır.

   Birinci yarımfinal may ayının 22-də, ikinci yarımfinal 24-də, final isə 26-da keçiriləcək. Hər yarım finalda 18 ölkə təmsil olunacaq. Müsabiqə Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.

   Yayım hüququ İctimai Televiziyaya məxsusdur.

 

 

  Anar Yusifoğlu

 

  Lent.az

 

  Ədalət.-2012.-22 may.- S.8.