"CAHANDAR AĞA" 90 YAŞINA ÇATDI

 

   Aktyor Ələddin Abbasovun 90 yaşı tamam oldu. Bu əlamətdar hadisə ərəfəsində Gəncə Teatrının direktoru Əli Qasımovla söhbətləşib, kiçik bir məclis təşkil etməyi qərarlaşdırdıq. Əli müəllim azacıq hazırlıq tədbirləri gördü, şirniyyat süfrəsinin qonaqları aktyorun səhnə dostları idi. Səhnə ömürləri müxtəlif olan, yaşca da fərqli bu insanların hər birinin yaddaşında Ələddin müəllimlə birlikdə keçən çox maraqlı zəngin xatirələri var. İllərdir birlikdə çalışdıqları, həmişə sənətindən öyrəndikləri bu müqtədir aktyorla üz-üzə dayanıblar ilk dəfə olaraq onun üzünə öz ürək sözlərini demək fürsəti qazanıblar.

   Söhbətə körpü salmaq lazım idi. Fikirləşdim ki, bunu mən etməliyəm. Çünki Ələddin Abbasovu təkcə görkəmli bir aktyor kimi tanımırdım, uşaqlığım Gəncənin Şahsevənlər məhəlləsində keçib, onun doğulub böyüdüyü Qaragözlər nəslinə yaxından bələd idim. Atası Kəblə Aslan bəy xisləti adam idi. Ailədə böyüyən övladlarını təhsilli, xalqa xidmət edən əsl ziyalı kimi görmək istəyirdi. Uşaqları da bu yolu tutmuşdular. Kiçik Ələddin isə aktyor olmaq qərarına gəlmişdi. Bu istəyi ailənin yaxşı qarşılamayacağını bilirdi. Söhbət açılanda belə də oldu. Aktyorluq söhbəti kişini tamam özündən çıxardı. Anası Minəxanım arvad söhbətin arasına girdi, Abbas kişini sakitləşdirməyə çalışdı. Amma qərarı qəti idi: Kim olursan ol, amma aktyorluq olmaz.

   Balaca Ələddinin arzusu isə qarşısına çıxan hər şeyi sovurub səmaya qaldıran burulğan kimi güclü idi onu öz ağuşuna aldı, səhnənin zirvələrinə qaldırdı.

   O vaxt ailənin iradəsinin əksinə gedərək aktyorluğa üz tutmağın olduğunu gəncəlilər daha yaxşı bilirlər. Amma o bunu bacardı, mühitin bu sənətə olan köhnə streotiplərini qırıb-parçaladı.

   Gəncə səhnəsinə ilk dəfə çıxanda cəmi on beş yaşı vardı. Onun bu addımını uzun illər müxtəlif bəhanələrlə kişidən gizli saxladılar.

   - 90 ilin 75-ni səhnədə keçirmisiniz. O vaxt atanın, ailənin iradəsinin əksinə olaraq aktyorluğa üz tutdunuz. İndi necə buna peşiman deyilsiniz ki,?

   Dərin fikrə daldı. Baxışları masaya dikilsə xəyalı çox uzaqlarda idi. Bir xeyli susduqdan sonra:

   - Təəssüf elədiyim bircə şey var. Atam oynadığım Cahandar ağa rolunu görmədi. Amma anam baxmışdı. Onu da bacım xəlvəti aparmışdı. Filmdən sonra baçıma deyib ki, rolda necə atasına oxşayır.

   Araya ağır sükut çökdü. Qəhərləndi. Hiss olunurdu ki, hələ qaynayan gözlərinin yaşı ürəyinə axır. 90 yaşlı bir kişi belə kədər qarşısında necə dəyanətlidi. Bu ağır sükut bayaqdan deyib-gülən sənət yoldaşlarının da üzərinə kölgə salmışdı. Cavabın belə ağır olacağını bilsəydim soruşmazdım.

   Direktor Əli Qasımov, baş rejissor Vaqif Şərifov, xalq artisti Alim Məmmədov, əməkdar artist Məmmədəli Balayev bu ağrıya bələddirlər. Təmkinlərini qoruya bilirlər. Kişidirlər. Amma xalq artisti Pərvanə Qurbanova, böyük səhnədə ilk uğurlu rollarını yaradan aktrisa Sevda Orucova kövrəliblər.

   Sükutu Pərvanə pozdu. Ələddin müəllimin hələ də simasını bəzəyən qıvrum saçlarına sığal çəkərək:

   - Maşallah, - dedi - lap o vaxtlardakı kimi yaraşıqlıdı.

   Süfrəarxası söhbət şirin bir məcraya düşüb. Yaşca, təcrübəcə müxtəlif olan bu insanların söhbətinin bir mövzusu var: Ələddin Abbasov. Rollar xatırlanır, səhnəarxası zarafatlar yada düşür.

   Söhbətin bir məqamında 90 yaşlı aktyor rola "girdi." Pərvanəyə üz tutaraq:

   - Düz danış Afət. Yalan yaraşmayır gül dodaqlara.

   Pərvanə:

   - Boy nə deyim mən bəxti qarə.

   Ələddin Abbasov:

   - Bax bundan danış. De görüm sən niyə özünə bədbəxt deyirsən. Pərvanə:

   - Deyirlər ki, səni vəzirlikdən qovacaqlar.

   Ələddin Abbasov:

   Elə bu... Xuraman...Xuraman...

   Gör bir nəyin xəyalındasan, qəfəsdə quş kimi yaşayıram mən,

   Sənin gördüyün bu saray, bu yurd, hələ dişlərindən qan daman o qurd, tərlan könlümü ovlaya bilməz.

   İfa davam edir. Sözləri öyrədə-öyrədə Pərvanəni öz arxasınca aparır. Qəribə bir mənzərə idi. Bu yaşda adam "Vaqif" pyesindən səhnəni əzbərdən deyir. Bu məqamı qələmlə təsvir etmək mümkün deyil.

   "Aydın", "Oktay Eloğlu" əsərlərindən parçalar söyləyir.

   Yenə Pərvanə dilavərlik edir.

   - Tamaşadan tamaşaya bir-iki aylıq fasilə yarananda mətn unudulur, yenidən məşq etmək lazım gəlir. Amma Maşallah olsun... Budur istedad, professionallıq, budur əsl aktyor xisləti.

   Ələddin Abbasov 75 illik aktyorluq həyatı dövründə 200-dən artıq obraz yaradıb. Nəbi ("Qaçaq Nəbi"), Səyavuş ("Səyavuş"), Mərdan ("Bir gəncin manifesti"), Bayram ("Xırs quldurbasan"), Eldar ("Vaqif"), Fərhad ("Nəsrəddin şah"), Aydın ("Aydın"), İsgəndər ("Ölülər"), Zaur ("Yadındamı"), Vahid ("Kəndçi qızı"), Cəlal ("Komsomol poeması"), Edqar ("Sarı əlcək"), Həsənzadə ("Sən həmişə mənimləsən") yüzlərlə digər obraz . Müxtəlif xarakterli bu rolların hər biri teatr sənəti tariximizdə parlaq səhifə təşkil edir. Ədil İsgəndərov Bakıya dəvət edib, amma Gəncədə yaşayıb -işləməyi üstün tutub.

   Çay süfrəsi arxasındakı söhbət əsl yaradıcılıq hesabatını xatırladır. 200-dən artıq müxtəlif səpkili rol oynayıb, 25 filmdə cəkilib.

   Əli Qasımov (teatrın direktoru):

   - Mən təyinatla gələndə dedilər ki, Ələddin Abbasovun teatrına gedirsən. Vaqif Şərifov (teatrın baş rejissoru):

   - 52 ildir tanışıq. Gəldim, onu gördüm, ondan öyrəndim.

   Alim Məmmədov (xalq artisti):

   - Ələddin müəllimi ilk dəfə "Aydın"da gördüm məndə səhnəyə, onunla birgə oynamağa sonsuz həvəs yarandı.

   Pərvanə Qurbanova (xalq artisti):

   Ələddin müəllim hamımızın sevdiyi, səcdə etdiyi insandır.

   Yaşım verdiyi imkan səviyyəsində mən də onun oynadığı rolların böyük əksəriyyətinə baxmışam. Amma şəhərdə rastlaşanda, tədbirlər zamanı əl tutub görüşəndə, nədənsə Cahandar ağanı xatırlayıram.

   Rəhmətlik İsmayıl Şıxlının XX əsrin əbədi kəşfi səviyyəsinə yüksəltdiyi bu dahiyanə obrazın ekran həyatı məni həmişə düşündürüb. Xarakteri, şəxsiyyəti, davranışı, milli mənsubiyyətimizin ilahi ifadəsi ilə zirvə sayılan Cahandar ağanın film taleyi yarımçıq təsiri bağışlayır. Hələ o vaxt Ələddin müəllimin 75 illik yubileyində görüşdük. Filmin yaranma tarixi ilə bağlı təəssüratlarını soruşdum. Çünki İsmayıl Şıxlının və Hüseyn Seyidzadənin vəfatından sonra "Dəli Kür" filmi ilə bağlı qaranlıq və müəmmalı məqamlara yalnız o açıqlıq gətirə bilərdi. Və o vaxt hələ heç kimin açılb söyləmədiyi həqiqətlər eşitdim ondan. Əslində həmin söhbət təkcə bir aktyorun oynadığı bir rol haqqında təəssüratları deyil, həm də milli mənəmliyimizin ekran təsdiqinə yönələn cəhdə edilən xəyanət haqqında acı hekayətdir. Onda 75 yaşlı Ələddin Abbasovla söhbətin nəticəsi olaraq vaxtilə nəşr edilən "Panorama" qəzetində bir səhifəlik yazı alındı.

   15 ildən sonra 90 yaşlı aktyorla yenidən o söhbətə qayıtdıq.

   - Deyir ki, Cahandar ağa obrazı aktyor həyatımın təsadüfü xöşbəxtliyidir. Çünki o vaxt rejissor Hüseyn Seyidzadə ilə görüşmüşdüm. Hüseyn müəllim hec bir sınaq çəkilişindən istifadə etmədən Allahyarı oynayacağımı bildirmişdi. Yalnız çəkilişi gözləyirdim.

   Həmin vaxt Gəncə Teatrı Tbilisidə qastrol səfərində idi. Bakıdan teleqram aldım. Məni Cahandar ağa obrazı üçün sınaq çəklişinə dəvət edirdilər. Əvvəlcə bunu ciddi qəbul etmədim. Dedim, yəqin uşaqlardan hansısa mənimlə zarafat edir. Çünki artıq filmdəki rolumu bilirdim. Şübhəm həm də onunla bağlı idi ki, onu mənə etibar edəcəklərinə inanmırdım.

   Ikinci teleqram hadisələri öz axarına saldı. Təcili Bakıya yollandım. Yollandım deyən ki, sanki quş idim,uçurdum. Rəhmətlik Hüseyn Seyidzadə məni narahat qarşıladı, dedi ki, 5 nəfəri sınaqdan çıxarmışıq, hec alınmır, məcburiyyət qarşısında səni sınamağı qərarı almışıq, hazırlaş, baxaq.

   Məni ağanın qiyafəsinə saldılar. Tbilisi gimnaziyasnda direktorla oğlum barədə söhbət səhnəsini çəkməli idilər. Dedilər, sınaq şəkilişinə baxmaq məqsədi ilə rəhmətlik Ədil İsgəndərov özü gələcək. Bu obrazın ağırlığı bir yana, bədii şuranın sədri - o vaxt studiyada çox böyük nüfuz sahibi olan Ədil müəllimin çəkilişdə iştirakı məni yaman qorxutdu. " Allah, Görəsən, oynaya biləcəmmi"?

   Görünür, həyacanımı rəhmətlik Ədil müəllim hiss etdi. Məni yanına çağırıb: "Qadam, bu Seyidzadə bir az birtəhər adamdır, bildiyini babasına verən deyil, çalış, öz dərk etdiyin kimi oyna", - dedi.

  

   (ardı var)

 

 

   Vaqif TANRIVERDİYEV

 

   Gəncə

 

   Ədalət.-2012.-5 may.-S.22.