DƏNİZ CƏNGAVƏRİ

 

  (Əvvəli qəzetimizin 1 may sayında)

  

   Əvvəllər dəniz vasitəsi ilə kəşf olunan ərazilərdən, yaxud dəniz quldurlarından söz düşəndə niyəsə həmişə Avropanın okean sahilində yerləşən dövlətlərin dənizçiləri təsəvvürümə gələrdi - portəgizlər, ispanlar, ingilislər... Bilirdim ki, bu cür ölkələrdə dənizçilik, gəmiqayırma sahəsi hələ orta əsrlərdən başlayaraq daha yaxşı inkişaf etmişdir. Hətta bu sahə cəmiyyətin həyatına elə daxil olmuşdu ki, avropalı yazarların bir çoxu məhz bu mövzulardan əsərlər yaradaraq dünya ədəbiyyatının korifeyləri sırasına adlarını düzmüşlər. Və etiraf edim ki, tələbəlik illərində bu mövzuda yazılan əsərləri də həvəslə oxuyardım. Bəlkə də elə həmin əsərlərin təsiri idi ki, adı "dəniz quldurları" adlandırılan insanların çoxu təsəvvürümüzdə olan qorxunc quldur kimi yox, qəhrəmanlar kimi canlanardı. 

   O vaxt bizim üçün onların hamısı avropalı idi. Yaxşıları da, qorxuncları da. Ağlımıza gəlməzdi ki, nə vaxtsa real həyatda onların sırasında müsəlmanlar da olub. Amma sən demə varmış. Özü də bir türk. Əlbəttə, sözün gerçək mənasında dəniz quldurluğu tərifəlayiq, qürurlanacaq bir "iş" olmasa da, onlardan bəziləri həqiqətən də qəhrəman kimi tarixdə iz qoya biliblər. Çünki həmin şəxslər aid olduqları yerə, dövlətə xeyir verib, həmin dövlətin təəssübünü çəkiblər. Və yəqin ki, onlara pirat, quldur adını vermək də doğru seçim deyil.

   Bir qədər sonra isə Orucun keçirdiyi bir hərbi əməliyyat onu bütün Avropada tanıdacaq, qosqoca dövlətlər bu türkün haqqında danışılan əfsanələrə barmaqarsı baxmayacaqdılar. Həmin hadisə belə olmuşdu...

   Orucun gəmiləri Siciliyanın şimal istiqamətində Lipars adaları yaxınlığında hərəkət edərkən təsadüfən Siciliyanın "Kavaleriya" adlı hərbi gəmisi ilə qarşılaşdı. Maraqlıdır ki, Araqondan Neapola göndərilən bu gəmidə hərbi əməliyyat üçün göndərilən ispanların 380 əsgəri və 60 rıtsarı vardı.

   Əlbəttə, bu qədər hərbi gücün olduğu bir gəmiylə döyüşə girmək ilk baxışdan hər kəsə ağılsızlıq kimi görnərdi. Amma inanılmaz olsa da Oruc Ata başqa cür hərəkət etdi. O, tərəddüdsüz hücuma başladı. Və bir müddət sonra onun dənizçiləri gəmini ələ keçirdilər. "Qoca qitə" bu böyük gurultulu hadisədən heyrətə boğuldu. Avropanın adi bir dəniz qulduru kimi baxdığı Oruc onların böyük bir hərbi güçün yerləşdirildiyi gəmini döyüşərək məğlub etmiş, gəmini də ələ keçirmişdi.

  

   Avropalılar ona Oruc Barbarossa adını vermişdilər...

 

   QARDAŞLAR BİRLƏŞDİ...

   

   1505-ci ildə onun donanması əsasən Kalabriya sahillərindən uzaqlara ayrılmadı, elə həmin rayonda kiçik reydlərlə kifayətləndi. Artıq onun şöhrəti hər tərəfə yayılmışdı və digər dəniz quldurları da Oruc Atadan çəkinirdilər. Hətta həmin dövrlərdə adları məşhurlaşmış bir sıra digər dəniz quldurları da ona qoşulmağa başladılar. Həmin vaxtlarda kifayət qədər şöhrət qazanmış Kurtoqlu da özünün döyüşçüləruylə birgə Orucun dərtəsinə qatıldı. Və bu da Orucun donanmasını daha da gücləndirdi. Bəzi əməliyyatlarını nəzərə almasaq bir neçə il onların ağır vuruşları olmadı. Amma belə demək mümkünsə böyük fasilədən sonra Oruc hərəkətə keçdi.

   1508-ci ildə onun gəmiləri İtaliya sahillərinə yaxınlaşdı və Liquriyaya hücuma başladı. Yerli qüvvələr bu cəsur sərkərdənin gücü qarşısında tab gətirə bilmədikləri üçün təslim oldular. Bu arada Orucun digər qardaşı İshaq da gəlib onlara qoşuldu. Böyük bir qüvvəyə çevrilmiş donanma bundan sonra Siciliya yaxınlığında Passero burnu rayonuna daxil oldular. Lakin bundan xəbər tutan ispan komandanlığı onları ərazidən çıxarmaqdan ötrü oraya təcili hərbi qüvvə göndərdi. Orucsa Buja hücuma başlayan ispanların həmlələrini dəf edərək geri çəkilməyə məcbur etdi.

 

   QRAFLARLA DÖYÜŞ

 

   1510-cu il 30 iyulda qraf don Pedro de-Navarro Cerbe adası istiqamətində mövqeləri ələ keçirmək üçün göndərildi. Oruc Barbarossanın donanmasının adaya yaxınlaşa biləcək istiqamətləri blokadaya alındı. Bundan sonra əlverişli mövqedə olduğunu zənn edən qraf de Navarro Cerbinin hökmdarı şeyx Əbu Zəkəriyə Yəhya əs-Səmumni silahı yerə qoymağa çağırdı. Amma şeyx təslim olmaqdan və ispan tacının hakimiyyətini tanımaqdan qəti surətdə imtina etdi.

   Əslində qrafın həlledici döyüşə girmək üçün əlverişli şəraiti görünmürdü. Çünki artıq 8 hərbi qaler ilə adaya yaxın bir rayona çatan Orucun qüvvələri ispanlar üçün böyük təhlükə demək idi. Bunu hiss edən de Navarro mühasirəni qaldırıb Tripoliyə geri çəkildi. Və əslində məqsədi də bu idi ki, yenidən əməliyyatlara başlamaq üçün daha böyük hazırlıqlar görsün. O qısa müddət ərzində böyük bir qüvvə yarada bildi. Belə ki, 120 gəmi, 15 min əsgər topladı. Əlbəttə, bu kifayət qədər böyük bir qüvvə idi.

   Qraf bu armadanı 23 avqustda Cerbiyə gətirdi. O, hesab edirdi ki, əlindəki bu qüvvə ilə Oruc da daxil olmaqla qarşı tərəfi məhv edə biləcək. 30 avqustda böyük qüvvə ilə hücuma keçən ispanların ön qüvvələr artıq sahilə çıxmağa başladılar. Qızğın döyüş gedirdi. Amma müəyyən zaman keçdikdən sonra düşmən hiss etdi ki, vəziyyət heç də onların xeyirinə deyil. Oruc Ata öz döyüşçüləri ilə adanın müdafiəsi uğrunda vuruşa girmişdi. Dəniz cəngavəri döyüşdəki situasiyanı doğru dəyərləndirərək anladı ki, düşməni tamam məhv etmək üçün cinahlardan irəliləmək lazımdı. Doğrudan da o, səhv etməmişdi.

  

   Çox keçmədi ki, ispan qüvvələri tamamən mühasirəyə düşdü. Bundan sonra düşmənin darmadağın edilməsi yalnız zaman məsələsi idi. Və qrafın armadası məğlub edildi. Bu zaman onu da demək lazımdır ki, vuruşun getdiyi zamanda dənizdə başlayan güclü qasırğa adanının müdafiəsinə qalxanların işinə yaradı. Çünki qasırğa ispanların təxminən 18 gəmisini əlverişsiz şəraitdə sahilə atdı ki, onlar da mavrların asan qənimətinə çevrildilər. Bu döyüş haqqında qeyd edirlər ki, burada 1.500, bəzi mənbələrdə isə 3.000 adam həlak olub. Məhz həmin vuruşmadan sonra İspaniya, eləcə də dənizdə uzun müddət ağalıq edən digər Avropa dövlətləri ciddi qorxuya düşdülər. Çünki belə getsəydi onların hər tərəfdə yiyələndikləri torpaqların aqibəti necə olacaqdı? Bu qədər var-dövlətdən, torpaqlardan imtina etmək mümkün idimi? Belə görünürdü ki, onların adi bir dəniz qulduru zənn etdikləri, əslində böyük bir sərkərdə, dəniz cəngavəri imiş və ona barmaqarası baxmaq düzgün deyilmiş.

  

   DƏNİZ CƏNGAVƏRİ SOL ƏLİNİ İTİRDİ

 

   Artıq bəd xəbər bəd xəbər ardından gəlirdi. Oruc Ata onların kabusuna çevrilmişdi. Ona güvənən ölkələrdə, ərazilərdə artıq gəlmələrə qarşı hərəkat başlamışdı. Mərakeşdə də bəzi yerli qüvvələr ispan işğalına qarşı müqavimətini gücləndirmişdi. 1512-ci ildə Oruc kiçik dəstəylə Bicaiyə çıxdı və orada yerləşən ispan qarnizonuna hücuma başladı. Onu da qeyd edim ki, bu hücumdan ruhlanan yerli üsyançılardan 4 mini Orucun dəstəsinə qoşuldu.

   İspan əsgərləri asanlıqla təslim olmağı düşünmürdülər. Onlar var gücləri ilə müdafiə olunurdular. Bu üzdən də hücum bir neçə gün davam etdi. Orucun qüvvələri nəhayət qarnizon qalasının divarlarının bir hissəsini dağıtdı. Döyüşün səkkisinci günü onlar məhz dağıdılmış yerdən qarnizona hücuma keçdilər və amansız döyüş başladı. Məhz bu zaman Orucun sol əli mərmi qəlpəsindən möhkəm yaralandı bundan təlaşa düşən müsəlman döyüşçülər hücumu davam etdirməyib tələsik geriyə çəkildilər. Amma bununla belə ispan qarnizonu böyük zərbə almışdı. Məharətli cərrahlar Orucun yaralanmış əlini biləkdən amputasiya edərək gümüş şarnirlər vasitəsi ilə ona protez əl düzəltdilər. Qeyd edim ki, buna baxmayaraq o yenə komandanlığa davam etdirməkdəydi.

   Həmin hadisədən sonra bir müddət reydlərinə və döyüşlərinə ara verən Orucun donanması yenidən dənizə açıldı. Bir sıra uğurlu əməliyyatlar keçirdilər. Yalnız bir ay ərzində onlar abordajla genuyalılara məxsus bir flaqman gəmisini, 23 qaleri ələ keçirərək sağ-salamat Tunisə qayıtdılar. Amma onların növbəti hücumunu uğurlu hesab etmək olmazdı. Çünki həmin vaxtlar böyük məğlubiyyət yaşadılar. Mənbələrdə bildirilir ki, La-Qulette yaxınlığında Orucun gəmilərinə admeral Andrea Dorianın komandanlığı altında olan 12 qaler hücuma keçdi. Əlindəki cərrahi əməliyyatdan sonra xeyli zəiflədiyindən qüvvələrə qardaşı Xızır komandanlıq edirdi. Amma Xızırin bütün cəhdlərinə baxmayaraq qeyri-bərabər vuruşmada düşmən onları üstələdi və böyük qənimətlə Genuyaya döndülər. Orucun qüvvələri isə böyük itgi versələr də tamam məhv olmaqdan qurtuldular. Və bundan sonra xeyli müddət dənizə çıxmadılar.

 

   OSMANLI SULTANIN HÜZURUNDA

 

   Onların növbəti döyüşü 1513-cü ildə oldu. Qardaşların donanması Fransaya üzən dörd ingilis gəmisini ələ keçirdilər, ardınca Valensiyaya hücum edib xeyli qənimət qazandılar, daha sonra isə İspaniya sahillərinə qayıdaraq orada 4 qaleri abordajla aldılar. Orucun donanması Bicaidə, Mərakeşdə, Aralıq dənizində, Tunis sahillərində, Siciliya adasında, Sardiniya, Balearsk adalarında və İspaniya sahillərində bir sıra uğurlu hərbi əməliyyatlar apardı.

  

  

   (Ardı qəzetin 15 may sayında)

 

   BABƏK YUSİFOĞLU

   babek-yusifoqlu@mail.ru

 

  Ədalət.-2012.-8 may.-S.4.