AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ

 

 (əvvəli ötən saylarımızda)

  

   "Azərbaycan! Əziz vətən, ana torpaq! Sən bizi bəslədin, böyütdün, bizdən heç əsirgəmədin. Sən bizi sevirsən, bizim üçün bu sevgi çox əzizdir, dünyada heç bir şey bu sevgini əvəz edə bilməz. Biz böyük nizamilər, babəklər, koroğlular ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş hər bir vətəndaşımız üçün düşməndən amansız intiqam alacağıq. Bu yolda canımızı qanımızı əsirgəməyəcəyik"

 

   1942-ci ildə Stalinqrad uğrunda döyüşdə həlak olmuş naməlum Azərbaycan əsgərinin cibindən tapılmış məktubdan

 

   Otuzuncu illərdə Yaqub Quliyevin komandalıq etdiyi eskadron Qızıl-Arvatda, Qara-Qum səhrasının ənginliklərində, Ağ-Zila çöllərində, Qırx quyu ərazisində basmaçılara ağqvardiyaçı tör-töküntülərinə qarşı müvəffəqiyyətli əməliyyatlar aparıb.

   1932-ci ildə Yaqub ikinci Türkmənistan süvari alayının qərargah rəisi təyin olunub. Bir il sonra o, M.Frunze adına Hərbi Akademiyaya oxumağa göndərilib. Deməli, Orta Asiya komandirləri arasında ilk ali hərbi təhsil alan həmyerlimiz Yaqub Quliyev olmuşdur.

   Akademiyada Yaqub Quliyevin keçmiş kursant dostu, general-mayor Mixail Qryaznovun xatirəsindən:

   Otuz il əvvəl Hərbi Akademiyada Yaqub Quliyevlə birgə təhsil almışam. O, qrupumuzun starşinası idi. Yaqub yaxşı oxuyurdu. Bacarıqlı komandir idi. Ona görə təlim qrupumuzun rəisi general Pavel Alekseyeviç Kuroçkin Yaqub Quliyevi həmişə bizə nümunə göstərirdi. Həssas, təvazökar gənc komandirə hamı hörmət edərdi. İlk baxışdan sakit görünən qaraşın zabit təlim qrupları arasında keçirilən yarışlarda od-alova dönərdi. Onun başçılıq etdiyi eskadron həmişə birinci yeri tuturdu. Yaqub geridə qalan kursantlara elə kömək göstərirdi ki, o özünü təhqir olunmuş hesab etməsin.

   Elə dostluğumuzun təməli akademiyada oxuyanda qoyuldu, çətinliyə düşəndə Yaqub həmişə köməyimə çatardı. 1936-cı ilin payızında təhsilimizi başa vurduq. Moskvada keçirilən paradda iştirak elədik. Yadımdadı, 1936-cı ilin noyabr ayında ayrıldıq. Yaqub özünün Qafqaz qılıncını mənə hədiyyə verdi: "Al, - dedi, yadigar qalsın ki, xatırlayasan. Amma unutma ki, dədə-baba Vətənimin əl işidir. Qafqazdandır". O, qılıncı indi evimdə saxlayıram. Ordu sıralarında xidmətdə olanda dostum az olmayıb. Yaqub Quliyev onların arasında xüsusi yer tutur. Belə dostun itkisi çox ağır olur. Heyif, çox heyif ki, qələbəni gördü, qocaldı. Qırx iki yaşında istedadının çağlayan vaxtı həlak oldug

  

   ***

 

   Sovet İttifaqı Marşalı, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı Qeorgi Jukov da general Yaqub Quliyevi müharibədən çox sonra da xoş sözlərlə xatırlayırdı. "Sovet Türkmənistanı" qəzetinin müxbiri Boris Paromanovski ilə müsahibəsində Stalinqrad uğrunda döyüşlərdə faşistlərin darmadağın edilməsində Türkmən döyüşçülərinin iştirakından danışan görkəmli sərkərdə bildirmişdir ki, onların sırasında çox qabiliyyətli komandir, sonrakı döyüşlərin birində qəhrəmancasına həlak olmuş general-mayor Yaqub Quliyev da var idi ("Sovet Türkmənistanı", 1966, 8 dekabr).

   1941-ci ilin may ayında polkovnik Yaqub Quliyev Orta Asiyadakı şöhrətli iyirmi birinci süvari diviziyasının komandiri təyin oldu. İyulun 14-də Baş Qərargahdan əmr gəldi: diviziya eşelonlara dolub, cəbhəyə yola düşdü. Qatar Orta Asiya torpağını arxada qoyub Qərbə doğru irəliləyirdi. Faşistlər Bryanskini Oryolu bombalayırdılar. Baş komandalığın sərəncamı ilə onun diviziyası cəbhə komandanlığının sərəncamına verilmişdi. Onlar Surac şəhərinin iyirmi kilometrliyindəki meşədə yerləşdirildi. Kəşfiyyat xəbər gətirmişdir ki, diviziyanın irəliləyəcəyi istiqamətdə düşmənin güclü tank mexanikləşdirilmiş qrupları yerləşir. Polkovnik Yaqub Quliyev düşmənlə üzbəüz döyüşə girməyi məsləhət görmədi: ancaq düşmənin kiçik bölmələrini mühasirəyə alıb qəfil zərbə ilə onları məhv etmək olardı.

   Tez-tez faşist təyyarələri alçaqdan uçur, diviziyanın yerini öyrənməyə çalışırdı.

   Generalın döyüşçü dostu, podpolkovnik Aleksandr Kibalnikovun xatirəsindən.

   "Meşədə gizlənməyimizə baxmayaraq düşmənin qırıcı təyyarələri tez-tez diviziyamızı atəşə tuturdu. Ağır dəqiqələr idi. Düşmənin qırıcısı növbəti dəfə hücum edəndə Yaqub özü yaxınlıqdakı əl pulemyotunun arxasına keçib faşist təyyarəsinə atəş açdı. Arxadan gələnlər atəşi görüb dərhal geri döndülər. Komandir Yaqub Quliyevin bu şücaəti bizim süvariləri cəsarətə gətirdi. Bir az aralanan düşmən təyyarəsi tüstülənə-tüstülənə meşəyə düşüb partladı. Bu, vurduğumuz ilk düşmən təyyarəsi idi.

   Bizim diviziya Roslavla gedən yolla irəliləyirdi. Avqustun 2-də gecə saat üçdə kəşfiyyatçılardan məlumat gəldi: Kriçyov-Roslavl şosesi ilə general Quderianın qoşununun 24-cü tank korpusu irəliləyir.

   Yarım saat keçər-keçməz diviziyamız düşmənlə üz-üzə gəldi. Möhkəm vuruşma oldu. Bu, bizim ilk əsil döyüşümüz idi. Diviziyamız böyük itki versə , döyüş müvəffəqiyyətlə keçdi. Bizim diviziya düşmənin sürətlə irəliləyən 24-cü tank korpusunu bir sutkadan çox ləngitdi, bir neçə tankını məhv etdi.

   Döyüş qabiliyyətini, təcrübəsini xidmətlərini nəzərə alaraq, Bryansk cəbhəsinin Hərbi Şurası polkovnik Yaqub Quliyevi 21-ci, 52 55-ci süvari diviziyalarından təşkil olunmuş birləşmiş süvari qrupuna komandir təyin etdi. Bu birləşmiş süvari qrupu xüsusi hərbi əməliyyatları həyata keçirmək üçün yaradılmışdı biz sonralar Yampol Oryol şəhəri uğrunda döyüşlər apardıq".

  

   ***

 

   Polkovnik Yaqub Quliyevin 21-ci Dağ-süvari diviziyası müharibənin ilk aylarından Belorusiyanın meşəli bataqlıq ərazilərində vuruşaraq alman-faşist qoşunlarına sarsıdıcı zərbələr endirmişdir.

   Bu müvəffəqiyyətli əməliyyatların şahidi olan Sovet İttifaqı Marşalı Sergey Semenoviç Biryuzov sonralar "Toplar atəş açmağa başlayanda" hərbi memuarlarında general Yaqub Quliyevin döyüş fəaliyyətindən insani keyfiyyətlərindən geniş söhbət açıb.

   Marşal yazır: "O zaman 21-ci Dağ-süvari diviziyası Orta Asiya Hərbi Dairəsindən cəbhəyə yenicə gəlmişdi. Diviziyaya qarabəniz, qaragöz, çox cəld cəsur polkovnik Yaqub Quliyev komandanlıq edirdi. Quliyevin qarşısına tapşırıq qoyulan kimi o dərhal dedi:

   - Bircə bu bataqlıqdan açıqlığa çıxsaydıqg Orda heç nədən qorxumuz olmaz.

   Bu döyüşlərdə biz süvarilərlə dostlaşdıq. Məlum oldu ki, onlar vətənpərvər yaxşı yoldaşlardır. Bu dostluq döyüşlər arası fasilələrdə yox, döyüşün çətin anlarında özünü xüsusilə göstərirdi. Mən cəsur döyüşçüləri onların komandiri polkovnik Yaqub Quliyevi indiyədək minnətdarlıqla xatırlayıram".

   1942-ci il yanvarın axır günlərində polkovnik Yaqub Quliyevi Moskvaya çağırıb, onu Dördüncü Türküstan süvari korpusunun müavini təyin etdilər. Həmin il fevralın 11-də ona SSRİ Xalq Komissarları Sovetinin əmri ilə general-mayor rütbəsi verilmişdir.

   Onu da xatırladaq ki, Böyük Vətən müharibəsi illərində ilk dəfə general-mayor rütbəsi ilə təltif olunan azərbaycanlı Yaqub Quliyev olmuşdur. Həmin il noyabrın 10-da Heybət Heybətov, 1944-cü il fevralın 9-da Tərlan bəy Əliyarbəyov və 1944-cü il martın 13-də isə Həzi Aslanov general mayor rütbəsinə layiq görülmüşlər.

  

   ***

 

   Cəbhələrdə vəziyyət ağırlaşmışdı. Ölkənin içərilərinə soxulan faşist ordusu geniş Don çöllərini keçib Stalinqrada can atırdı. Yaqub Quliyev də həmin cəbhəyə göndərildi.

   1942-ci il noyabrın 19-da general-leytenant Timofey Şapkinin və general-mayor Yaqub Quliyev düşmənin arxasına keçib qəflətən zərbə endirmək üçün neçə yuxusuz gecələr keçirərək həlledici hücuma hazırlaşdılar. İlk hücum çox uğurlu oldu. Süvari korpusu Abqanerovo stansiyasını, Aksay şəhərini və xeyli yaşayış məntəqəsini düşməndən azad etdi. Həmişə cəbhənin ön xəttində olan general Yaqub Quliyev cəsurluğu, misilsiz şücaəti ilə süvarilərinə şəxsi nümunə göstərirdi.

   Dördüncü süvari korpusun komandiri general-leytenant T.T.Şapkinin imzaladığı təltif təqdimatında qeyd edilir: "General-mayor Yaqub Quliyev ən təhlükəli sahələrdə olaraq, özünün cəsarəti və igidliyi ilə komandir və döyüşçüləri qəhrəmanlığa ruhlandırmışdır. 23 noyabr 1942-ci ildə general Yaqub Quliyev şəxsən döyüşçülər sırasında olmuş və onları Solyanıy kurqanını ələ keçirməyə irəli aparmışdır. Vəziyyət bunu tələb edirdi və Solyanıy kurqanı alınmışdı. General-mayor Yaqub Quliyev 222-ci süvari alayını düşmən üzərinə aparmışdır. Tank döyüşlərində artilleriyanın atəş mövqelərində olaraq artilleriyaçıların uğuruna kömək etmişdir. Alman işğalçıları ilə mübarizədə Stalinqrad cəbhəsi komandanlığının fərdi tapşırığını yerinə yetirdiyinə görə və bu zaman döyüş meydanında şəxsi igidlik və cəsarət nümayiş etdirdiyinə görə, general-mayor Yaqub Quliyev "Qırmızı Bayraq" ordenilə təltif olunmağa tam layiqdir".

   Beşinci Zərbə ordusunun tərkibində həmin günlərdə iki mərd həmyerlimizin süvariləri Kotelnikova rayonunda yanaşı vuruşurdu: podpolkovnik Həzi Aslanovun tank alayı və general Yaqub Quliyevin komandir müavini olduğu dördüncü süvari korpusu.

   Dekabrın 16-da quduzlaşmış Manşteyn qoşunları Hitlerin göndərdiyi "Pələng" tanklarına arxalanıb inadkarlıqla vuruşurdular. Onların məqsədi feldmarşal Paülüsun qoşunlarını mühasirədən qurtarmaq idi. Nəyin bahasına olursa-olsun düşmənin bu niyyəti pozulmalı idi. Bu tapşırıq 4-cü süvari korpusun əsgər və zabitlərinə də verilmişdi. Onlar general R.Malinovskinin 61-ci Qafqaz diviziyası gələnədək zirvəni müdafiə edib əldə saxlamalı idilər. Bu döyüşlər zamanı general Yaqub Quliyev cəbhənin lap ön xəttində vuruşurdu. Stalinqrad cəbhəsində qəti qələbəyə az qalmış - 1942-ci il dekabrın 22-də faşistlərin atdığı top gülləsi mərd general Yaqub Allahqulu oğlu Quliyevi ölümcül yaralandı. Mərd Azərbaycan oğlu və "Türkmən ulduzu" kimi şöhrət qazanmış Yaqub Quliyev Volqa sahilində əbədi yuxu tapdı. Onun rəşadəti ölümündən sonra da dövlət tərəfindən yüksək qiymətləndirildi. Təəssüf ki, Lenin ordenini sinəsində gəzdirmək generala qismət olmadı.

   

 

   (ardı var)

 

  Şəmistan Nəzirli,

  İstefada olan polkovnik- leytenant

 

  Ədalət.-2012.-8 may.-S.7.