ƏDƏBİYYATŞÜNASLIQDA
YENİ METODOLOJİ İSTİQAMƏT
Milli
tənqid və ədəbiyyatşünaslığın
klassik ədəbi irsi tədqiq etmək, onun
yaradıcılıq axtarışlarını ümumiləşdirmək
baxımından zəngin təcrübəsi var. Bu sırada
XIX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsi
elmi-nəzəri fikrimizin əsas qayğılarından
biridir. F.Köçərli və S. Mümtazla başlayan ədəbi-tarixi
missiya sovet dövründə Ə. Abid, Ə. Səidzadə,
M. Rəfili, F.Qasimzadə, M.C.Cəfərov, K.Məmmədov və
başqaları tərəfindən davam etdirilib. Bir əsr
yarımlıq tarixi olan tədqiqat istiqaməti bu gün də
öz ənənələrini davam etdirir ki, Məhəmmədəli
Mustafayevin "X1X əsr ədəbi irsi ədəbiyyatşünaslıqda"
monoqrafiyası bu cəhətdən əhəmiyyətlidir.
Dörd fəsildən ibarət
olan monoqrafiya XIX əsr ədəbi-tarixi prosesinin bütün
mərhələlərinin tədqiqini əhatə edir. Burada
yeni dövr ədəbiyyatının öyrənilməsində
ilk mənbələrin ədəbi-estetik funksiyası,
F.Köçərlinin ədəbiyyat tarixində müasir ədəbiyyatşünaslıq
prinspləri, axundzadəşünaslığın
yaranması və təşəkkülünün elmi-nəzəri
əsasları araşdırılır XIX əsr Azərbaycan
ədəbiyyatının öyrənilməsində XIX və
XX əsr təzkirələrinin roluna aydınlıq gətirilir,
təzkirələrin ideya-estetik xüsusiyyətləri
haqqında konkret fikir formalaşdırılır.
Bilirik ki, XIX və XX əsrdə
yaşayan ədəbi şəxsiyyətlərin
yaradıcılığının bir qismi təzkirələrdə
qorunub. Həmin bədii düşüncə faktları bu
gün də əhəmiyyətini itirməyib. Bu cəhətdən
M.Müctəhidzadə, M. Nəvvab, S.Ə.Şirvani,
M.İ.Xəyalinin təzkirələri monoqrafiyada yüksək
qiymətləndirilir. XIX əsr ədəbiyyatımızın
toplanması və təbliğində S.Mümtazın
gördüyü böyük işiin mahiyyətiinə
nüfuz edən Məhəmmədəli Mustafayev S.Ə.Nabati,
M. Ş.Vazeh, Q.Zakir, S.Ə.Şirvani irsinin üzə
çıxarılmasında S.Mümtazın xidmətlərinə
geniş şəkildə aydınlıq gətirir,
M.Ş.Vazehlə F.Bodenştedtin münasibətləri fonunda
klassik irsimizin Qərbi Avropada təbliğinin real mənzərəsi
haqqında ətraflı məlumat verir və qeyd edir ki,
şairin şəxsiyyəti, yaradıcılığı ilə
bağlı ilk geniş bilgini məhz S.Mümtaz verib, onun
milli mənşəyini, harada anadan olmasını, Avropada nə
qədər nəşr olunmasını ilk dəfə üzə
çıxarıb.
Daha sonra F.Köçərlinin Qərb
və Şərq ədəbiyyat tarixçiliyinin prinsiplərini
özündə cəmləşdirən Azərbaycan ədəbiyyatı
tarixi materiallarına nəzər yetirilir, milli ədəbiyyat
tarixçiliyinin elmi konsepsiyası, marksist metodologiya prinsiplərindən
uzaq olması ədəbi-tarixi planda araşdırılır.
Bütün müsbət cəhətləri ilə
yanaşı, müasir ədəbiyyat tarixçiliyindəki
təsnifatı, elmi prinsipi müəllif F.Köçərlinin
ədəbiyyat tarixində görmür. Ancaq bunu da qeyd edir
ki, F. Köçərlinin ədəbiyyat tarixində
müasir ədəbiyyat tarixçiliyinin bir neçə
metodoloji prinsipləri qorunub. Ədəbi prosesin daxili
qanunauyğunluğuna, bədii təcrübənin mahiyyətinə,
ədəbi dövrlərin strukturuna ciddi əhəmiyyət
verilib
Bildiyimiz kimi ədəbiyyatşünaslığımızda
XIX və XX əsr Azərbaycan ədəbiyyatı vahid,
bütöv bir ədəbi-tarixi dövrün iki mərhələsi
kimi qəbul olunub. Yeni tipli ədəbiyyata keçid, yeni ədəbi
janrların və ədəbi məktəblərin
yaranması, Şərq və Qərb sivilizasiyasının
qovuşması, Avropa tipli mədəniyyətə maraq məhz
bu iki əsrdə reallaşıb. Şübhəsiz ki, bu
proses XIX əsrin 30-40 - cı illərinə təsadüf etsə
də, əsrin ortalarında M. F. Axundzadə
yaradıcılığında, onun ədəbi məktəbinin
davamçılarında yeni ədəbi ənənənin
daha da möhkəmləndirilməsinin bütöv ədəbi-estetik
sistemini görürük. Monoqrafiyada ədəbi tənqid və
ədəbiyyatşünaslığımızda bədii
düşüncədə özünü göstərən
bu cür çağdaş yaradıcılıq
axtarışlarına kifayət qədər diqqət
yetirilmiş, XIX əsr Azərbaycan ədəbiyyatının
elmi tarixinin sistemli şəkildə ortaya qoyulmasına nail
olunmuşdur.
Ədəbiyyat tariximizin
ayrı-ayrı mərhələləri, müxtəlif ədəbi
mərhələlərin spesifik xüsusiyyətləri, ədəbi
şəxsiyyətlərin elmi tərcümeyi-halı ədəbi-nəzəri
fikrimizdə kifayət qədər öyrənilmişdir. Lakin
ədəbiyyat tariximizin bütöv bir əsrinin tənqid və
ədəbiyyatşünaslığımızda tədqiqi təcrübəsi
ilk dəfə bu monoqrafiyada həyata keçirilib. Monoqrafiyada
XIX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsi
həm ayrı-ayrı ədəbi mərhələlər, həm
də müxtəlif ədəbi problemlər kontekstində tədqiqat
predmeti kimi götürülüb.
Ədəbiyyatşünaslığımızın
nəzəri problemləri - realizm, ictimai satira, dövrləşdirmə,
maarifçi məfkurə birbaşa XIX əsr Azərbaycan
ictimai-ədəbi fikri ilə bağlıdır. Ədəbiyyat
elmimizin bu cür fundamental problemlərinin tədqiqat tarixinə
geniş yer verən müəllif, bununla öz işini, tədqiqatçılıq
vəzifəsini bitmiş hesab etmir. Yeri gələndə, elmi
mübahisələr aparır, yeni, orijinal fikir və
mülahizələr ortaya qoyur, tədqiqatçı
mövqeyini cəsarətlə nümayiş etdirir.
Məhəmmədəli Mustafayev
monoqrafiyanın müxtəlif fəsillərində M.F.Axundzadə
irsinin tədqiqinə yenidən qayıdıb. Bu zəngin
yaradıcılığa ədəbiyyatşünaslığın
aktual problemləri baxımından yanaşıb, axundzadəşüaslığın
yaranması və təşəkkülünü şərtləndirən
amilləri diqqətdə saxlayıb. Bu onunla əlaqədardır
ki, M.F.Axundzadə yaradıcılığından kənarda
XIX əsr Azərbaycan ədəbiyyatının fundamental
problemlərini ortaya çıxarmaq mümkün deyil.
Məlumdur ki, XIX əsr Azərbaycan
ədəbiyyatı tarixi kursunun yaradılmasında F.Qasımzadənin
müstəsna xidmətləri var. Monoqrafiyada bu məsələyə
ayrıca nəzər yetirilib. F. Qasımzadənin "XIX əsr
Azərbaycan ədəbiyyatı tarixi" əsərinə
müstəqillik dövrü ədəbiyyat elmimizin ədəbi-nəzəri
imkanları səviyyəsində qiymət verilib, əsərin
müasir ədəbiyyat tarixçiliyi prinsipinə nə dərəcədə
cavab verməsi ilə bağlı maraqlı fikirlər irəli
sürülüb. Yeni dövr ədəbiyyatının
meydana çıxmasını zəruri edən faktorlar
sırasında Qərbi Avropa maarifçiliyinin rolu konkret
faktlarla göstərilib.
Monoqrafiyada problem ədəbiyyatşünaslıq
məsələləri diskusiya obyektinə çevrilir,
müxtəlif ədəbi-tarixi mərhələlərdə
XIX əsr ədəbiyyatının tədqiqinin real mənzərəsi
haqqında təsəvvür yaradılır. F.Qasımzadənin
yeni dövr ədəbiyyatının aparıcı ədəbi
simalarından olan A.Bakıxanov, N. Vəzirov
yaradıcılığına həsr etdiyi monoqrafiyaları təhlil
olunur. XIX əsr ədəbi-tarixi prosesinin müxtəlif mərhələlərinin
spesifik cəhətləri, mərhələ xüsusiyyətləri,
ədəbi cərəyan və məktəblərin bədii
yaradıcılıq axtarışları bu hissədə
kifayət qədər ardıcıllıqla izlənilir.
Deyə bilərik ki, monoqrafiya
müasir ədəbiyyatşünaslıq prinsipləri əsasında
yazılıb. Əsərdə müstəqillik dövrü ədəbiyyatşünaslığımızda
XIX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsi
məsələsinə elmi yanaşma diqqətəlayiqdir. Məhəmmədəli
Mustafayev doğru olaraq müstəqillik dövründə yeni
tədqiqat meyllərinin əsasının XX əsrin 80-ci illərində
qoyulduğunu bildirir, ədəbi-nəzəri fikrimizdə
özünü göstərən nəzəri təfəkkür
faktorunun sonrakı onillikdə daha çox özünü
göstərdiyini və bu faktorların XIX əsr Azərbaycan
ədəbiyyatının tədqiqinə yeni nəfəs gətirdiyini
konkret faktlar əsasında tədqiqata gətirir. Bədii
düşüncəmizin son iki əsrində realizm
yaradıcılıq metodunun daha çox özünü
göstərməsini əsaslı arqumentlərlə diqqətə
çatdırır.
"X1X əsr ədəbi irsi ədəbiyyatşünaslıqda"
əsərində elmi-nəzəri fikrimizin fundamental problemlərinin
tədqiqi məsələləri ətrafında orijinal fikirlər
səsləndirilir. Klassik irsə vulqar sosioloji münasibətin
kökləri və təzahürləri haqqında dolğun
təsəvvür yaradılır. Klassik ədəbi irsin tədqiqinin
çeşidli konsepsiyaları sırasında marksist
estetikanın, onun əsasında formalaşan, ədəbi
yaradıcılığın metodloji bazasına çevrilən
sosialist realizmin nəzəri prinsiplərinin ideoloji-ədəbi
əsasları üzə çıxarılır, M.F.Axundzadə
irsinin öyrəniləməsinin konkret vəziyyəti
haqqında dolğun təsəvvür oyadılır. Bu sahədə
M.Rəfili və F.Qasımzadənin ədəbi-tarixi xidmətləri
ön plana keçir. Müxtəlif ədəbi mərhələlərdə
hər iki ədəbiyyatşünasın ədibin həyat və
yaradıcılığı ilə bağlı tədqiqatlarına
qiymət verilir. Axundzadəşünaslığın sovet
dövrünün elmi mənzərəsi diqqətdə
saxlanılır, istər M.Rəfili. istərsə də
F.Qasımzadənin axundzadəşünaslığın
yaranması və təşəkkülündəki xidmətlərinə
işıq salınır, M.F.Axundzadə
yaradıcılığının ümumşərq və Qərb
mənəvi dəyərlərinə söykənməsinin sərhədləri
müəyyənləşdirilir.
Keçən əsrin 40-50-ci illərində
XIX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsi
problemi ilə bağlı Məhəmmədəli Mustafayevin
fikir və mülahizələri tədqiqat baxımından
maraq doğurur. Əsaslandırılır ki, sovet
dövrü ədəbi repressiyası 30-cu illərlə məhdudlaşmayıb.
40-50-ci illərdə başqa formada, fərqli tarixi şəraitdə,
hətta bir qədər şərt şəkildə davam
etdirilib ki, bu da ədəbiyyat tariximizin başqa dövrləri
ilə birlikdə, XIX əsr ədəbiyyatının tədqiqində
də müəyyən çətinliklərin meydana
çıxmasına şərait yaradıb. Ancaq ədəbi
proses öz axarında davam edib, XIX əsr ədəbiyyatını
əhatə edən əsərlər yazılıb.
Monoqrafiyada XX əsrin 70-80-ci illər
Azərbaycan tənqid və ədəbiyyatşünaslığında
nəzəri təfəkkür faktorunun güclənməsini
əsaslandıran ictimai-siyasi şəraitə geniş nəzər
yetirilir, bu dövrdə yaranan monoqrafiyaların spesifik cəhətlərinə
müasir ədəbiyyatşünaslığın
meyarları əsasında qiymət verilir. Məhəmmədəli
Mustafayev 90-cı illərdən sonrakı müstəqillik
dövrü tənqid və ədəbiyyatşünaslığının
klassik irslə bağlı metodoloji mövqeyini də yaddan
çıxarmır. Bu mərhələdə XIX əsr Azərbaycan
ədəbiyyatının tədqiqində milli şüur və
çağdaş düşüncə faktorunun
aparıcı mövqeyini ədəbi-tarixi faktlara əsaslanaraq
diqqət mərkəzinə gətirir.
Müasir ədəbiyyatşünaslığımızın
həmişə diqqətdə saxladığı ədəbi
dövrləşdirmə, satirik poeziya, milli ədəbiyyatda
realizm məsələlərinə monoqrafiyada yeni nəfəs
gətirilir. Tədqiqat pedmeti kimi götürülən yeni
dövr ədəbiyyatı özündən əvvəlki və
sonrakı ədəbi mərhələlərlə bilavasitə
vəhdətdə olduğuna görə, ədəbi
dövrləşdirmənin aparılmasına burada ayrıca
diqqət yetirilir. Müxtəlif tədqiqatçıların
ədəbi dövrləşdirmə konsepsiyaları
müzakirə mərkəzinə çəkilir.
F.Köçərli, B.Çobanzadə, A.Musaxanlı, N.Şəmsizadə,
N. Cəfərov, N. Qəhramanlı kimi ədəbiyyatşünasların
dövrləşdirməyə həsr olunan konsepsiyaları,
fikir və mülahizələri təhlilə cəlb olunur.
Bundan başqa sonuncu fəsildə
ictimai satiranın, realizmin mahiyyəti, poetikası, ictimai-ədəbi
funksiyası və bütün bunların XIX əsr Azərbaycan
ədəbiyyatındakı təzahürü sistemli şəkildə
tədqiqata cəlb olunub. XX əsrin 60-80-ci illərində
İttifaqın ayrı-ayrı şəhərlərində
keçirilən realizm müşavirələri və onun nəticələri
monoqrafiyanın maraqlı səhifələridir. Həmin
müşavirələrdə Azərbaycan realizmin
tipologiyasının, mərhələlərinin müəyyənləşməsinə,
bu məsələ ətrafında aparılan c tədqiqat
predmetinə çevrilib.
Belə təsəvvür edirik ki,
Məhəmmədəli Mustafayevin "X1X əsr ədəbi
irsi ədəbiyyatşünaslıqda" monoqrafiyası
klassik irsin yeni elmi konsepsiya əsasında öyrənilməsi
yolunda uğurlu addımdır.
NİZAMİ
CƏFƏROV,
AMEA-nın
müxbir üzvü,
Əməkdar
elm xadimi
Ədalət.-2012.-8 may.-S.6.