YANAR ÜRƏK...

 

... Bu torpağa, bu yurda qayıtmaq o qədər də asan olmayıb. Çünki ermənilər Füzulinin əksər yaşayış məntəqələrini 1993-cü ilin avqustun 23-də işğal eləmişdilər. Işğal altında olan torpaqları azad etmək isə o qədər də asan deyildi. 1994-cü ilin yanvarın əvvəllərində Böyük Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu Füzulinin bir şəhərini və 22 yaşayış məntəqəsini erməni işğalçılarından azad elədi. Horadiz şəhəri və yaşayış məntəqələri yenidən öz doğma sakinlərini ağuşuna aldı...

   Şəhər və kəndlər tanınmaz dərəcədə bərpa edildi, tikildi. Bununla yanaşı, işğaldan azad olunmuş torpaqlarda yeni qəsəbələr salındı. Bu yeni qəsəbələrdən biri də Zobucuqdur. Əlbəttə, vətən torpağının hər qarışı, hər addımı doğmadır, şirindir. Elə bu qəsəbəyə də bir vaxtlar yurd-yuvasından didərgin düşmüş, İmişlidə, Biləsuvarda, Sabirabadda, qaçqın həyat tərzi yaşayan insanlar köçürülüblər. O, insanların arasında Böyük Öndərə əbədi sevgisi olan bir ağsaqqal yaşayır. Onun adı Şirin, soyadı isə Həsənovdur. Yəni Şirin Həşim oğlu Həsənov. Şirin Həsənov Ümummilli Lider Heydər Əliyevlə məcburi köçkünlük həyatı yaşayarkən prezident seçkisi ərəfəsində İmişli rayonunda görüşüb. Imişlidəki görüşündə o deyib ki, bütün qaçqın və köçkünlər ümidini sizə bağlayıb. Yəni sizin apardığınız siyasət nəticəsində insanlar öz el-obasına, doğma yurduna qayıda bilər. Şirin kişinin düşündükləri Heydər Əliyev tərəfindən həyata keçirirldi. Yəni Füzulinin böyük bir hissəsi işğaldan azad olundu, 60 minə yaxın əhali yenidən öz ocağına döndü.

   Biz Şirin kişi ilə Zobucuqda ona verilmiş mənzildə görüşdük. Bir vaxtlar bu yürlərə su qalxmazdı. Hər tərəf səhraya bənzəyirdi. Adamların çoxu Zobucuğa ilan mələyən yer kimi baxırdı. Amma bu gün isə Zobucuq yaşıllıqlar içində göz oxşayır. Bura su da çəkilib, yol da. Ətrafdakı ağacların yaşıllığı, yamaclardakı güllərin, çiçəklərin xoş ətri insanda yeni bir ruh və yeni bir ovqat yaradır. Şirin kişinin həyətində də gül-gülü çağırar, bülbül-bülbülü. Yəni iki göz lazımdır ki, bu gözəlliyə baxsın və zövq alsın.  

   Şirin kişini söhbətə tuturuq. O deyir ki, bu torpaqda yaşayırıqsa, işləyiriksə və ömür sürürüksə buna görə rəhmətlik Heydər Əliyevə və prezident İlham Əliyevə minnətdarıq. Şirin kişi onu da deyir ki, mən Heydər Əliyevlə İmişlidə görüşəndə torpaqlarımıza qayıdacağımıza inanırdım. Bizi bura Heydər Əliyev gətirib. Füzuli şəhərinə isə İlham Əliyevin yürütdüyü siyasət aparacaq.

   Yaxşı yadımdadır. Mən Heydər Əliyevdən bir xahiş də elədim. Dedim ki, oğlum Bakir Həsənov DİN-in Baş Dövlət Yol Polis İdarəsinin tağımında işləyir. Onu yaxınlıqdakı tağımların birinə keçməyə kömək edəsiniz. Çünki o vaxt biz oğlumun himayəsində yaşayırdıq. Uzaqda işlədiyinə görə bizə əl ata bilmirdi. Çox saq olsun, Heydər Əliyevi, az bir müddətdə oğlumu alayın 7-ci, indiki 6-cı tağımına göndərdilər. Bu işdə Daxili İşlər Naziri Ramil UsubovunBaş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun əziyyəti çox olub. Bunu heç vaxt məcburi köçkün kimi unudan deyiləm

   Günlərin birində nəvəm qəbul imtahanı verib ali məktəbə daxil olmuşdu. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısında eşitdik Türkiyədə çıxan qəzetlərdə yazırlar ki, Heydər Əliyevin ürəyində əməliyyat aparılacaq və ona ürək köçürüləcək. Bu xəbəri eşidəndə çox sarsıldım. Oğlum, 1963-cü il təvəllüdlü Bakir Həsənovun xahişi ilə onu özümlə Elmi-Tədqiqat Kardiologiya İnstitutuna apardım, müayinədən keçirdib və ürəyinin tam sağlam olduğunu müəyyənləşdirdim. Və bundan sonra müvafiq rəy verildi. Yəni oğlum ürəyini donor kimi Heydər Əliyevə vermək istəyirdi. Bu barədə biz müxtəlif dövrlərdə (18466 saylı, 183064 saylı, 623744 saylı poçt qəbizləri) lazımi ünvanlara müraciət etdik. Həmin müraciətlərdə göstərirdik ki, oğlum Bakir Həsənov hər an ürəyini ölkə prezidentinə verməyə hazırdır. Bunu ona görə edirdik ki, Heydər Əliyev yeganə şəxs idi ki, bizi məcburi köçkünlükdən qutara bilərdi və doğma torpağımıza qaytarmaq imkanına malik idi.

   Tarix göstərdi ki, bu addımı atmaqla nə mən, nə də oğlum heç də yanılmamışıq. Mənim kimi on minlərlə məcburi köçkünün yenidən Füzuliyə qayıtması, orada ev-eşik sahibi olması bizim hər birimizin yeni ömür başlaması demək idi. Sözün açığı qaçqınlıq həyatında çox ağrı-acılar, çox istirablar yaşamışıq. Vətəni, torpağı itirməkdən ağır dərd yoxdur. Bu dərdi ancaq vətən dərdi çəkən və vətən həsrəti yaşayan insanlar bilərlər. Mən ağsaqqal adamam. Bir ayağım burda, bir ayağım da o dünyadadı. Nə yaxşı ki, heç olmasa bu ahıl vaxtımda vətən torpağının üstündə özümə yuva qurmuşam. Burdan dədə-baba yurdumuzun ətrini, havasını duyuram. Ərgünəşə, Füzuli şəhərinə, Cuvarlı tərəfə baxıb bir təsəlli tapıram. Təsəlli tapıram ki, heç olmasa, uca dağları görə bilirəm, Füzulinin ətrini hiss eləyirəm. Ürəyimdə çox böyük ümidlər var.

   Axır vaxtlar ölkə prezidenti İlham Əliyev Füzuli rayonuna daha böyük qayğı göstərir. Qısa zaman kəsiyində Horadiz şəhəri tanınmaz dərəcədə yenidən tikilib və möhtəşəm bir yaşayış sahəsinə çevrilib. Işğaldan azad olunmuş kəndlərə asfalt yollar, qaz xətti çəkilib. Yeni xəstəxanaların, məktəblərin, uşaq bağçalarının tikintisi bizim hər birimizi sevindirir. Necə də sevindirməsin?! Axı biz hamımız vətən torpağı üçün çox əzab-əziyyət çəkmişdik. Bu yerlər, bu yurdlar, bu ormanlar üçün burnumuzun ucu göynəyirdi. Ölkə prezidenti İlham Əliyev Füzuliyə yaxşı, nüfuzlu, ağsaqqal bir kişini - Alı Alıyevi icra başçısı təyin edib. O kişi də prezidentin tapşırıqlarını çox məsuliyyətlə və namusla yerinə yetirir.

   Oğlum Bakir Həsənov Yol Patrul Xidməti Alayının 6-cı tağımında işləyir, polis baş leytenantıdır. O da mənim kimi Azərbaycan dövlətinə və xalqına xidmətini şərəflə davam etdirir. Bir sözlə, biz həmişə Böyük Öndər Heydər Əliyevin kölgəsini üstümüzdə hiss eləmişik. Bu gün isə Heydər Əliyev siyasətini uğurla davam etdirən İlham Əliyevin qayğısını görürük. Cəbhə bölgəsi olan Füzulidə bu qədər böyük abadlıq, quruculuq və tikinti işləri görülürsə məhz elə bu biz füzulilərə olan diqqət deməkdir. Biz də bu diqqəti və qayğını zaman-zaman öz əməli işimizlə təsdiqləyəcəyik. Yəni hər adam bacardığı bir işin qulpundan yapışsa, çalışsa səhranı da cənnətə döndərmək olar.

   ... Buralar Şirin kişinin sözü olmasın bir vaxtlar düzənlik, səhraydı. Indi isə yeni tikililər, yeni evlər və yeni massivlər göz oxşayır. Bir-birinə söykənən evlərin arxasında isə söyüd, çinar, küknar ağacları boylanır. Bir az aşağıda güllər, çiçəklər adama gəl-gəl deyir. Lalənin isə yenə bağrı qandı. Taxıl zəmilərindən boylanan lalə yamaclara, ormanlara əsrarəngsiz bir gözəllik verir. Adam istəmir ki, bu gözəlliklərdən ayrılsın...

  

  

Faiq QİSMƏTOĞLU

 

Ədalət.-2012.-8 may.-S.5.