Musiqi kimi qəlblərdə
yaşamaq...
İstedadlı musiqiçi və pedaqoq Aftandil Cəfərovun əziz xatirəsinə
Rəsmi sənədlərdə peşəsini
bildirən qrafada cəmi bircə söz yazılmışdı-musiqiçi. Amma Aftandil Cəfərovun
keçdiyi mənalı ömür
yolunu, gördüyü
işləri bu bir kəlmə
ilə anlatmaq mümkün
deyil. O, istedadlı musiqiçi
olmaqla yanaşı gözəl pedaqoq, bacarıqlı təşkilatçı
və səmimi insan kimi
tanındı, hörmət qazandı. Dostları, həmkarları,
çoxsaylı tələbələri bu
gün Aftandil Cəfərovu
məhz belə xatırlayırlar.
Aftandil
Cəfərov 1938-ci il dekabrın 16-da dünyaya gəlmişdi.
Musiqi onun ruhuna hopmuşdu. Musiqinin özü kimi həlim,
ürəyəyatımlı, ətrafdakılara yalnız
xoş ovqat bəxş edən insan idi. Bütün
şüurlu həyatını da ana laylası kimi bizə
yaxın olan musiqinin təbliğinə, tədrisinə həsr
etdi. Qazaxda musiqi məktəbinə, Qubada musiqi texnikumuna rəhbərlik
edərkən bacarıqlı təşkilatçı kimi
böyük nüfuz və hörmət qazandı. Asəf
Zeynallı adına Musiqi Kollecində müəllim kimi
çalışarkən pedaqoq kimi bacarığını
ortaya qoydu. Rəsmi titul, şan-şöhrət arxasınca
qaçmadı, təmənnasız, sadə ömür
sürməkdən yorulmadı. Yetişdirdiyi
saysız-hesabsız tələbələrinin uğurları
onun qazancı və sevinci oldu. İstedadlı tələbələrini
öz ailə üzvlərindən, doğmalarından
ayırmadı. Təsadüfi deyil ki, bu gün Aftandil Cəfərov
itkisi ilə təkcə övladları, əzizləri deyil,
çoxsaylı tələbələri barışa bilmir,
böyük təəssüf hissi keçirirlər.
Əlihüseyn
Cəfərov onun çoxsaylı tələbələrindən
biridi: "Aftandil müəllim Quba Musiqi Texnikumuna rəhbərlik
edəndə mən oranın tələbəsi idim. Həmin
dövrdə texnikumun neçə-neçə tələbəsi
Bakı Musiqi Akademiyasına daxil oldu. Mənim, Məmmədəli
Cəfərovun, Yaşar Şəfiyevin, Rasim Kərimovun və
digər tələbələrin bir musiqiçi və insan
kimi formalaşmağımızda Aftandil müəllimin
böyük rolu var. Dünyanın müxtəlif ölkələrində
Azərbaycan musiqisini təbliğ edərkən həmişə
Aftandil müəllimin məsləhətləri köməyimizə
gəlib. İllər keçsə də o, bizimlə
maraqlanır, xeyirxah əməllərini əsirgəmirdi. Belə
bir gözəl insanın vəfatı xəbərini eşidəndə
çox pis oldum. Yəqin ki, Aftandil müəllimin
bütün tələbələri eyni hissi keçirdilər".
Digər
tələbəsi, Milli Konservatoriyanın dosenti, Səid
Rüstəmov adına Xalq Çalğı Alətləri
Orkestrinin solisti Səbuhi Cəfərov da mərhum müəllimini
ehtiramla anır: "Aftandil müəllim istedadlı pedaqoq
olmaqla yanaşı həm də nəcib bir insan idi. Tələbələrinə
qarşı hədsiz tələbkarlıqla
yanaşırdı, amma çətin günlərimizdə də
həmişə yanımızda olurdu. Onun tələbələrindən
çoxu bu gün nüfuzlu musiqi kollektivlərində
çalışır, pedaqoji fəaliyyətlə məşğuldu.
Buna baxmayaraq, həmişə Aftandil müəllimdən
öyrənirdik. O, da heç vaxt məsləhətlərini
bizdən əsirgəmirdi. Çox doğma, səmimi bir
müəllimi itirdik".
İstedadlı musiqiçi və
pedaqoq, bacarıqlı təşkilatçı və səmimi
insan həmişə qəlblərdə yaşayacaq. Elə
musiqinin özü kimi...
ETİBAR
Ədalət.-2012.-8 may.-S.5.