Kuklaların sirri

 

Onun əsərlərinin qəhrəmanları insanlara çevrilən oyuncaqlar idi

 

Mayın 3-də Azərbaycan Respublikası Rəssamlar İttifaqının Müasir İncəsənət Mərkəzində tanınmış rəssam Tamilla Qurbanovanın sərgisinin açılışı oldu. İki gün davam edən "Kukla dünyasının sirləri" adlı sərgidə rəssamın biri-birindən rəngarən əsərləri nümayiş olundu. Yüksək zövq və böyük ustalıqla hazılanmış tədbirdə tanınmış ziyalılar və mədəniyyət nümayəndələri iştirak edirdi. Sərgi haqqında fikirlərini qonaqlarla bölüşən Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov müəllifin əsərlərində maraqlı ideyaların yer aldığını və özünəməxsus orijinallığı ilə dəyərli incəsənət nümunləri yaratdığını vurğuladı. Əməkdar xalçaçı rəssam Aydın Rəcəbov müəllifin əsərlərini yüksək qiymətləndirdi. Rəssam bu əsərlədə diqqət çəkən keçmişlə müasirliyin vəhdətindən söz açdı. Tədbirdə iştirak edən tanınmış telejurnalist Etibar Babayev də rəssamı sərgi münasibəti ilə təbrik etdi. Etibar Babayev özünəməxsus sənətkarlıqla işlənən kompazisiyaların dərin məna ifadə etdiyini vurğuladı. Telejurnalist həyat fəlsəfəsini böyük ustalıqla oyuncaqların baxışlarına köçürməyi bacaran rəssamın məharətini yüksək qiymətləndirirdi. Xalq rəssamı Natiq Əliyev də müəllifin yaradıcılıq qabiliyyətindən və koloritin incəliklərini duymaq bacarığından söz açdı. Gözəl sözlər üçün hər kəsə minnətdarlığını bildirən Tamilla Qurbanova yaratdığı əsərlərindən böyük zövq aldığını vurğuladı.

   Yaradıcılıq uğurlarına 1994-cü ildən başlayan Tamilla Qurbanova bir çox maraqlı əsərlərin müəllifidir. Kompazisiyalarını kuklalarla təqdim edən rəssamın əsərləri bir sıra beynəlxalq sərgilərdə nümayiş olunub. İncəlik və yüksək zövq Tamilla Qurbanovaya işinin öhdəsindən məharətlə gəlməyə imkan verir. Heykəltaraş olması rəssama kuklaları hazılamaqda, əsərə özünəməxsus ahəng qatmaqda və müxtəlif jest-mimikaları uğurla yaratmaqda ona kömək edir. Bədii estetik zövq, dizayn bacarığı və rənglərin bir-birini tamalaması onu digərlərindən fərqləndirir. Sərgidə numayiş olunan əsərləri iki qismə bölmək olar: Milli dəyərlərimizə xas parlaq kompazisiyalar və Avropa mədəniyyətini özündə əks etdirən əsərlər. Rəssam personajları seçərkən ədəbi əsərlərə, filmlərin xalq tərəfindən sevilən qəhrəmanlarına müraciət etməklə kiçik kuklalarda böyük sənət nümunəsinə imza atmışdır. Tamilla Qurbanova yaratdığı hər bir kompazisiyada geyimlərin tərtibatına, qəhrəmanlara məxsus cizgilərə, zövqlə hazırlanan aksesuarlara, hətta onların üzərindəki naxışlara belə xüsusi diqqət yetirmiş və hər dəfəsində də bu ahəngi qoruyub saxlaya bilmişdi. Rəssamın milli dəyərləmizi əks etdirən "Məclis", "Nazlı", "Xəbərçilər", "Valehedici şərq", "O, olmasın, bu olsun" kimi əsərlərində xalqımızın tarixini və milli mənəvi dəyərlərini əks etdirən təkrarsız nümunələrini görmək mümkündür. Tamilla Qurbanova əsərlərində avropa mədəniyyətini əks etdirən personajlara də geniş yer vermişdir. "Şahmat kraliçası", "Naməlum xanım", "Qoca kloun", "Yatan ilbiz", "Bütün dünya bir teatrdır", "Payız blyuzu" kimi əsərləri ilə klassik avropa dəyərlərini bu günümüzdə də böyük ustalıqla canlandıra bilmişdi. Rəssamın kuklalarda öz əksini tapan böyük zövqü, estetik incəliyi onun əsərlərini daha fərqli və daha rəngarəng edirdi.

 

 

Xəyal ORUCOĞLU

 

P.S Tamilla Qurbanovanın əsərlərinin daha bir fəqli cəhəti də vardı. Onun əsərlərinin qəhrəmanları oyuncağa çevirilən insanlar deyil, insanlara çevrilən oyuncaqlar idi.

 

Ədalət.-2012.-8 may.- S.8.