Umud Rəhimoğlu: “20 il keçməsinə baxmayaraq, bəşəriyyət hələ də bu vandalizm aktından xəbərsizdir”

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə 1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar “Şuşaya azadlıq” adlı beynəlxalq kampaniyaya start verib. Bununla bağlı Azərbaycan QHT-lərinin toplantısında bəyanat da qəbul edilib. Bəyanatda Şuşanın işğaldan azad edilməsi ilə bağlı bir sıra işlərin görüləcəyi də yer alıb.

Kampaniya ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun açıqlaması yayılıb. Belə bir beynəlxalq aksiyanın keçirilməsi tərəfdarlarından olan və sözügedən toplantıda çıxış edən U.Rəhimoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin təşəbbüsü ilə Azərbaycan QHT-lərinin belə bir addım atmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

O, ermənilərin Şuşanı işğal etməsinin adi bir təcavüz faktı deyil, vandalizm-insanlıq, bəşəriyyət və mədəniyyət əleyhinə akt olduğunu deyib: “Bu adi bir işğal deyil, vandalizm aktıdır. 20 il keçməsinə baxmayaraq, bəşəriyyət hələ də bu vandalizm aktından xəbərsizdir. Bizim təşkilat yarandığı dövrdən Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ problemi, erməni işğalı ilə bağlı obyektiv informasiyanın dünya ictimaiyyətinə çatdırılması ilə məşğuldur. 20 Yanvar faciəsi, Xocalı və 31 mart 1918-ci il soyqırımları, Şuşanın və digər rayonların işğalı ilə bağlı vaxtaşırı beynəlxalq birliklərə müraciətlər edirik, BAMF nümayəndələri iştirak etdikləri yüksək səviyyəli beynəlxalq tədbirlərdə bu məsələləri daima qaldırıblar. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin təşəbbüsü ilə QHT-lərin birlikdə bu kampaniyaya qoşulması çox zəruri bir addım idi. Çünki vətəndaş cəmiyyəti olaraq birgə fəaliyyətimiz nəticəsində çox böyük uğura nail ola bilərik. Birlikdə və əlaqəli fəaliyyətimizə böyük ehtiyac var. Yeri gəlmişkən, Dağlıq Qarabağın azərbaycanlı İcmasının, xüsusən də onun sədri Bayram Səfərovun bu istiqamətdəki fəaliyyətini çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, bizim Qarabağla bağlı fəaliyyətimizin Dağlıq Qarabağın azərbaycanlı İcması tərəfindən koordinasiya edilməsi bu problemin həlli istiqamətindəki səylərimizə böyük fayda verərdi”.

U.Rəhimoğlu geniş beynəlxalq əlaqələrdən yararlanaraq dünyanın aparıcı və çox nüfuzlu media orqanlarına, beynəlxalq qurumlara hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini deyib. Bununla bağlı BAMF-ın müxtəlif departamentləri aktiv fəaliyyət göstərir.

 

 

Gültəkin

 

Ədalət.-2012.-8 may.-S.4.