20
il Şuşasız
Şuşanın
işğalından bir il də keçdi. Azərbaycanın
bu şəhəri 1992-ci il mayın 8-də erməni
silahlı dəstələri tərəfindən işğal
edilib.
Həmin dövrdə 24 min 900 nəfərin
yaşadığı, ərazisi 189 kvadrat kilometr olan
Şuşa şəhərinə artilleriya zərbələri
səhər saat 6 radələrinə qədər davam edib. Bundan
sonra düşmənin 11 minə yaxın əsgəri
üç tərəfdən Şuşaya hücum edib.
Hücum Rusiyanın öncədən ermənilərə
verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyi
ilə həyata keçirilib. 11 min erməni əsgərinə
çox az sayda azərbaycanlı müqavimət göstərib.
10 saatdan artıq davam edən döyüşlərdə 480
azərbaycanlı həlak olub, 1860 azərbaycanlı
yaralanıb, 20 min nəfərdən çox adam öz
yurdundan didərgin düşüb. Əsir
götürülmüş 68 soydaşımızın taleyi
barədə bu günə qədər məlumat yoxdur.
Şəhərin işğalı
zamanı Azərbaycan xalqının mədəni və tarixi
abidələri, dahi Üzeyir Hacıbəyovun, Natəvanın
və Xan Şuşinskinin heykəlləri
dağıdılıb, beş minə yaxın eksponatı
olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin
filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ
dövlət tarix muzeyi erməni qəsbkarları tərəfindən
məhv edilib. Ermənilər Şuşada 7 məktəbəqədər
uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini,
mədəni-maarif, kənd təsərrüfatı
texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20
kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri
fabrikini dağıdıblar.
Qeyd edək ki, Prezident İlham Əliyev
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri
tərəfindən işğalının 20-ci
ildönümü münasibəti ilə sərəncam
imzalayıb. Sərəncamda ölkədən kənarda və
ölkə ərazisində Şuşa şəhərinin
işğalının 20-ci ildönümü ilə
bağlı müvafiq anım tədbirlərinin keçirilməsi
tapşırılıb. Prezident Administrasiyasına isə
Şuşa şəhərinin işğalının 20-ci
ildönümü ilə bağlı tədbirlər
planını hazırlamaq və həyata keçirmək
tapşırılıb.
Milli Məclis də
Şuşanın işğalı ilə bağlı Avropa
Parlamenti, Avropa Şurası Parlament Assambleyası və
dünya ölkələrinin parlamentlərinə müraciət
qəbul edib.
Ədalət.-2012.-9
may.-S.4.