İNSAN YAŞADIĞI DÖVRÜN, ZAMANIN OXŞARIDIR, HƏM DƏ ONU DƏYİŞƏNDİR

 

   Heydər Əliyev milyonların içində tək, tək olanda da milyonların arzularını, istəklərini, məqsədlərini qəlbində, şüurunda, ruhunda daşıdı.Sovet imperiyası Heydər Əliyevin bədənini həbs etdi, geyimini dəyişdi.Onun düşüncələrini, məqsədlərini, şüurunu, ruhunu həbs edə bilmədi, dəyişə bilmədi. O, bütün fəaliyyəti boyu millətinə bağlılığını, yoluna inamını, vətəninə sevgisini ifadə etdi və sonda ümummilli liderə çevrildi.

   O, həyatı sevirdi, ölümü seçdi yaşamaq üçün.

   O, doğulduğu ana bətninə qayıtdı yenidən doğulmaq üçün.Yenidən doğulduğu bölgə onu qoynuna aldı, yaralarına məlhəm qoydu, düşmənlərindən qorudu.O, yenidən vətənini, dövlətini qurmaq, qorumaq üçün ayağa qalxdı, yenidən sinəsini önə verdi. "Azərbaycan dünyaya günəş kimi doğacaq" dedi.

   O, həmişə vaxtında, zamanında "O SÖZ"ü dedi.Həyatı bahasına olsa da. O, 20 Yanvarda imperiyanın mərkəzində Moskvada "O SÖZ"ü dedi, etiraz etdi, həqiqətləri söylədi. Vətəninə dönməmək üçün önünü kəsdilər, kürsüsünü əlindən aldılar, mikrafonunu söndürdülər, qışqırdılar, ayaqlarını yerə döydülər O, yenə də "O SÖZ"ü dedi.

   Ölümlə hədələdilər, təhdit etdilər, pusquda durdular, keçəcəyi yollara partlayıcı qoydular. O gülümsədi. "Sizin gücünüz çatmaz buna, məni tanrı qoruyur" dedi. Sonda əzrayıl, ölüm qorxutmaq istədi onu, "O SÖZ"ü deməsin. "Mən qorxmuram səndən, sənsə qorxaqsan vaxtında, zamanında gəlməsən" dedi.

   O ölümün üstünə yeridi, ölümün gözünə dik baxdı. Bu günə qədər kiminsə göstərmədiyi dözümü, iradəni, əzmi, xarakteri göstərdi. Yıxıldı,yenidən qalxdı.Getdi, yenidən qayıtdı. "Yıxılmayan qalxmaz" dedi.Yıxılan millətini qaldırdı.

   O, həmişə "O SÖZ"ü axtardı.Həmişə hamı ondan gözləyirdi "O SÖZ"ü.Həmişə də "O SÖZ"ü O dedi.1993-cü ildə torpaqlarımızın işğalının, vətəninimizin parçalanmasının, dövlətimizin dağılmasının qarşısını aldı "O SÖZ"lə.

   1990-1993- cü illərdə sözlə əməl arasındakı uçurum, uzaqlıq Azərbaycanı bəlalara düçar etdi, torpaqlarımız işğal olundu, bir milyondan çox qaçqın ordusu yarandı.İnsanlarımızda sözə inamsızlıq yarandı, heç kim söz eşitmək istəmədi.Böyük- kiçik yeri itdi.Cəmiyyətdə xaos yarandı.

   Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı, yenidən sözlə əməl arasındakı rabitəni, vəhdəti yaratdı. Dediyi "SÖZ"ləri, fikirləri həyata keçirdi. Yenidən insanlarımızın "SÖZ"ə inamı qayıtdı. Yazmağa, yaratmağa başladılar. Söz adamlarına yenidən qiymət verilməyə başladı

   Bu dövrlər bir çox insanlar saman çöpünün üstündə əyləşib gölməçədə üzürdülər.Saman çöpünü gəmi, özlərini isə kapitan sayırdılar.Şimal küləyi əsməklə siyasət dənizində boğuldular.

   Siyasət dənizində çoxlarının boğulduğu yerdə su Heydər Əliyevin heç topuqlarına qalxmadı.

   "Dənizçi şərəfini" yaşamaqdan üstün tutan kapitan gəmisi ilə birlikdə batır.Şərəf və dəyər anlayışlarına uyğun hərəkət edir.

   Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla dövlət başçısı şərəfini, dəyərini yenidən millətinə, dövlətinə qaytardı.Bütün fəaliyyəti boyu dövlət başçısı şərəfini, dəyərini ləyaqətlə qorudu, gücləndirdi,həyatı bahasına olsa da.Ən çətin anlarda belə gəmini tərk etmədi.Millətinin şərəfini, dəyərini qorudu,hər şeydən üstün tutdu.

   O, hər bir Azərbaycanlının qürur mənbəyi olduğu "O SÖZ"ü dedi. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"

   O, həyata keçirdiyi siyasətlə, lahiyələrlə "O SÖZ"lə sübut etdi ki, onun vətən sərhədləri göydə, səmada daha böyükdür."Bir millət iki dövlət" dedi.

   Çoxları daxili, xarici təzyiqlər nəticəsində bu millətin, dövlətin yükünün, ağırlığının altından boylarını, çiyinlərini çəkmişdilər.Bu milləti başsız qoymuşdular.Kürəyini yerə vurmuşdular.

   Heydər Əliyev yüksəkliyə qaldırdığı millətini, dövlətini həmin yüksəklikdə saxlaya biləcək insanın mesajını verdi. O, uca boyu, enli çiyinləri seçdi.

   O, özündən sonra "O SÖZ"ü deyəcək insanı böyütdü, yetişdirdi. Qurduğu, yaratdığı dünyaya günəş kimi doğacaq Azərbaycanı və özündən sonra "O SÖZ"ü deyəcək insanı millətinə əmanət qoydu.

   İnsan yaşadığı dövrün, zamanın oxşarıdır, həm də onu dəyişəndir.

   Kimlər SƏNİNLƏ üz-üzə gəldi məğlub oldu-kimlər SƏNİ arxadan vurdu məğlub oldu!!!

 

 

   Rza Rzayev

 

   Ədalət.-2012.-9 may.-S.5.