Balkanların dahisi

 

   Sonradan dinini dəyişən ünlü rejissor Emir Kusturitsa (Emir Kustirica) 1954-cü ildə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda (Saraybosna) doğulub. Atası Murat Kusturitsa Sarayevo İnformasiya Nazirliyində jurnalist kimi fəaliyyət göstərib. Anası isə məhkəmə katibi vəzifəsində çalışıb.

   Ünlü rejissor, 2005-ci ildə atasının ölümündən sonra verdiyi müsahibələrin birində atasının müsəlman yox, ateist bir serb olduğunu bildirib. Dinini danmağını və dinini dəyişməyini heç vaxt heç yerdə izah etməyən rejissor çəkdiyi filmlərdə də müsəlman təfəkküründən tamamilə uzaqdır.

   Kino təhsilini Praqada, Praqa Kino Məktəbində alıb. 1973-cü ildə kino yaradıcılığına başlayan Kusturitsa ilk olaraq, qısa filmlər çəkib. Daha sonra isə Sarayevo televiziyası üçün sənədli filmlər hazırlayıb. 1981-ci ildə ilk filmi "Dolly Bell-i xatırlayırsanmı?" adlı ekran əsərini ərsəyə gətirən Kusturitsa böyük uğura imza atır. İlk filmi Venetsiya Film Festivalında "Qızıl Şir" mükafatını alır və rejossoruna böyük şöhrət gətirir.

   Bundan sonra çəkdiyi hər filmə görə mükafat alan Kusturitsa kino ictimaiyyətinin diqqətini özünə çəkməyə nail olur. İkinci filmi olan "Atam iş gəzintisində" filmi, Kann festivalında "Qızıl palma"ya layiq görülür. 1989-cu ildə çəkdiyi üçüncü filmi "Qaraçılar zamanı" ona Kann Festivalında "ən yaxşı rejissor" ödülünü qazandırır. Artıq Kusturitsa özünü təsdiq etmiş istedadlı bir rejissor hesab olunurdu.

   Kusturitsanın uğuru

   Filimlərinin ünlü olmasında ona yardımçı olan musiqiçi Goran Bregoviç və rejissor Vilco Filacla Amerikaya köçən rejissor burda da yaradıcılığını davam etdirir. 1993-cü ildə "Arizona Dream"("Amerikan yuxusu"), 1995-ci ildə "Underground"("Yeraltı"), 1998-ci ildə "Black Cat White Cat" ("Ağ pişik, qara pişik") filimlərini çəkir və filmlərin hər üçü müxtəlif festivallarda mükafat alır.

   Kusturitsanın məşhurluğunun sirri nədədir? Məncə, həyatı obraza çevirib ona rol vermək, sadə, dəbdəbəsiz həyatı ekranlaşdırmaq onun ən böyük uğurudur. Dünyada kino tənqidçilərinin diqqətinin "aktyor oyunu"na yönəldiyi bir vaxtda, aktyor işinin daha çox müzakirə olunduğu bir dönəmdə Kusturitsa filmlərdə həyatın, təbiətin özünə rol verməyi bacardı. Qaraçılardan bəhs edən filmlərdə qaraçıların özünə rol verilməsi bunun ən gözəl nümunəsidir. Onun filmlərindəki qəhrəmanlar əllərində olan çox cüzi imkanlarla əylənməyi, yaşamağı və yaşatmağı bacaran qəhrəmanlardır.

   Onun qəhrəmanlarının yalnız bir zəif çəhəti var: Məsuliyyətsizlik.

   Amerikaya köçdükdən sonra Kusturitsa bir müddət Kolumbiya Universitetində rejissorluq dərsləri deyib. Bir müddət yaratdığı "Emir Kusturica & No Smoking Orchestra" da gitara çalıb. 2001-ci ildə çəkdiyi "Super 8 Stories" ("Super 8 hekayə") məhz bu orkestrdən bəhs edir.

 

   Qəribə Kusturitsa

  

   Kusturitsa təkcə filmləri ilə deyil, həm qəribə hərəkətləri ilə yadda qalmağı bacaran adamdır. Məsələn, dünyaca ünlü rejissor 1993-cü ildə Serbiyanın ultra millətçi lideri Vojislav Seselj-i Belqradın mərkəzində, günəşin tam zenitdə olduğu vaxt, Vojislav Seseljin seçdiyi silahla onu duelə dəvət edir. Vojislav Seselj "bir sənətkarın ölümünə səbəb olmamaq üçün" duel təklifini rədd edir.

   Daha bir qeyri adilik- Kusturitsa 1995-ci ildə Belqrad Beynəlxalq Film Festivalında Yeni Serbiya Haqqları Hərəkatının lideri Pajkic-i yumruqlayaraq yerə yıxır. Əslən müsəlman kökənli olan Kustiritsa 2005-ci ildə Çernoqoriyanın Herceg Novi şəhərinə yaxın, Savina monastırında Nemanja Kusturica adıyla xaç suyuna salınaraq Serb ortodoksluğunu qəbul etdi.

   Bu hadisədən 2 ay öncə "The Guardian" qəzetinə müsahibə verən Kusturitsa qəribə bir açıqlama verdi. "Mənim atam ateist idi özünü hər zaman bir serb olaraq təqdim edirdi. Bəli, bəlkə 250 ildir müsəlmanıq, ancaq bundan əvvəl ortodoksal idik önəmlisi, biz hər zaman serb idik. Biz sadəcə, türklərdən canımızı qorumaq üçün müsəlman olmuşuq.

   Keçən il Kusturitsa Ortadoks Xalqları birliyi Vəqfinin mükafatını alıb. Mükafatı Kusturitsaya Rusiya Ortadoks Kilsəsinin patriarxı Kirill təqdim edib. Ancaq Kusturitsanın müsəlmanlıqdan imtina etməsinin çox ciddi bir səbəbi var. Sarayevodakı ata evi müsəlmanlar tərəfindən bombalandıqdan sonra, rejissor bu addımı atıb keçmişi ilə belə demək mümkündürsə, bütün bağlarını qoparıb.

 

   "Life is a Miracle" filmi

 

   Mən Kusturitsanın yuxarıda adını çəkdiyim filmlərinə baxsam da, bu yazıda onun demək olar ki, heç bir mükafat almayan bir filmindən söz açacağam.

   "Life is a Miracle" ("Yaşamaq bir möcüzədir") 2004-cü ildə, Yunanıstanda, yunan dilində ekranlaşdırılıb. Filmin janrı romantik-komediyadır. Filmin rejissoru ssenari müəlliflərindən biri Kusturitsadır. Digər ssenari müəllifi isə Ranko Bozic-dir. Kusturitsa filminə çox da məşhur olmayan aktyorları dəvət edib. Slavko Stimac, Natasa Solak, Vesna Trivalic, Vuk Kostic, Aleksandar Bercek kimi aktyorlarla sadə həyat mənzərələrini canlandıran rejissor çox gözəl bir film ərsəyə gətirib.

 

   Filmin mövzusu

 

   Hadisələr Bosniyada, uzaq bir dağ kəndində cərəyan edir. İllərdən 1992-ci il. Bu coğrafiyada amansız müharibə gedir. Belqradlı serb mühəndis Luka, opera müğənnisi olan həyat yoldaşı Jadranka, oğlu Miloşla birlikdə uzaq bir dağ kəndinə köçür. Luka yaşadığı ərazini turizm regionuna çevirmək niyyəti ilə böyük bir dəmiryolu layihəsi üzərində işləyir. 

   Özünü tamamilə işinə həsr etmiş Luka, arvadının dəliliklərinə, deyingənliyinə demək olar ki, fikir vermir. Münaqişə qızışdıqca Lukanın həyatı alt-üst olur. Həyat yoldaşı bir musiqiçiyə qoşulub qaçır. Futbolçu olmaq arzusuyla alışıb-yanan, güclü futbolçu olmaq şansı olan oğlu Miloş əsgərliyə çağırılır. Luka ciddi xarakterə sahib, sədaqətli bir ailə başçısı kimi həyat yoldaşının geri dönəcəyini ümid etdiyi vaxtlarda oğlu Miloş döyüşlərdə müsəlmanlara əsir düşür. 

   Serb komandanlığı əsir aldıqları müsəlman qızı Sabahanı qorumağı Lukaya tapşırır. Daha öncə, arvadını xəstəxanaya aparan Lukaya aşiq olan tibb bacısı Sabaha Lukanın evində yaşamağa başlayır. İlk vaxtlar Sabahaya diqqət yetirməyən, onu oğlu Miloşla dəyişdirməyə çalışan Luka sonradan Sabahaya aşiq olur. Ailəsinə məktub yazıb, Miloşla dəyişdirilməsini istəyən müsəlman Sabaha da Lukaya çox ciddi şəkildə vurulur. Sabahanın sevgisindən qaçmağın qeyri-mümkünlüyünü anlayan Luka, onu itirməmək üçün uzaqlara qaçmağa çalışır. Birlikdə yaşamağa başladıqları vaxt, Lukanın arvadı Jadranka geri qayıdır. Filmin ən nəfəskəsən gərginliyi bundan sonra başlayır. Sabahanı müsəlman tərəfə verməmək üçün, Luka onunla birlikdə sərhəddi keçib qaçmağa cəhd edir. Müsəlmanlar sərhəddə Sabahanı yaralayır Luka onun həyatını qurtarmaq üçün əsil fədakarlıq göstərir.

  

   Filmin uğurlu uğursuz tərəfləri

 

   Təxminən 150 dəqiqəlik filmin 40-50 dəqiqəsi mənə lazımsız göründü. Hadisələri ətraflı izah etməyə çalışan Kusturitsa seyrçinin marağını yetərincə filmə yönəldə bilmir. Nağılvarı hadisələr, uzunçuluq müasir seyrçini təbii olaraq yorur.

   Müharibənin başlamasından sonra film sanki öz axarına düşür seyrçini lazımınca maraqlandırmağa başlayır. Ancaq bundan sonra da bəzi səhnələr olduqca mənasız yersiz görünür. Ancaq filmin fəlsəfəsini, vermək istədiyi mesajı anlayan seyrçi qətiyyən filmdən ayrılmaq istəmir. Kusturitsa olduqca önəmli bir həyat gerçəyini izah etməyə çalışır. Film Kusturitsa filmlərində alışdığımız xoş sonluqla başa çatır. Ailə içərisində sayılmayan, hörmət görməyən kişi haqqında çox maraqlı mətləbləri rejissor bacarıqla izah edir.

   Filmin ən maraqlı tərəfi, təbiətin, yerli şəraitin, heyvanların bu filmdə obraza çevrilməyidir. Lukanın həyatını xilas edən eşşək, filmin əvvəlində bir o qədər diqqət çəkməsə , filmin sonunda rejissor eşşəyin kadrlara təsadüfi düşmədiyini böyük bir incəliklə izah edir. Eyni zamanda, dəmir yolu, təbiət, ayılar, dağlar da sanki filmdə rol alan aktyorlar qədər diqqət çəkir. Hətta filmin sevilməsinə, baxımlı olmasına şərait yaradır.

   Yəqin peşəkar kino tənqidçiləri təsdiq edər ki, Kusturitsa filmlərinin musiqiləri əsil möcüzədir. Populyar musiqidən fərqli olaraq, Kusturitsa filmlərinin musiqisi insanı ayrı bir dünyaya aparır. Bu filmin musiqisi haqqında da eyni düşüncədəyəm. Musiqi məni ovsunladı. Filmin musiqisini bir vaxtlar öz yaratdığı qrupda, bas gitarada ifa edən Kusturitsa Dejan Sparavalo bəstələyib. Kusturitsa bu filmdə balkan ruhunu adət-ənənəsini kifayət qədər yaxşı canlandırıb.

 

   Şəxsi qənaətim

 

   Filmdən çıxardığım bir çox nəticəni bölüşmək istəyirəm.

   -Serblərə sonsuz sevgi və heyranlıq.

   -Bosniyadan atılan bombaların düşdüyü yerlərdə yaşayan serbləri də insan olaraq görülməsini istəyir rejissor. Serblərin də hissləri, duyğuları, yaşamaq qayğıları var.

   -Parçalanma və müharibə filmin mövzusu olsa da, qınaq obyekti alman faşizmidir.

   -Filmdəki simvollar Yuqoslaviyanın acı sonluğunu əks etdirir. Xorvatiyada ac qalıb Bosniyaya qaçan ayılar, duman və dəmir yol tunelləri çox maraqlı simvollardır.

   -Filmin əvvəlindən sonuna qədər unudulmayan dişi eşşək, intihar etmək istəyən "yaşlı qız" insanı kədərləndirir. Bu da uğurlu bir simvol, uğurlu bir tapıntıdır.

   - Eşşəyin sahibi, çoxlarının ölmüş bildiyi, Lukanın Sabaha ilə birlikdə sığındığı Vujan da olduqca kədərlidir. Sanki sahib olduğu heyvanla arasında bir bənzərlik var. O da həyatında cəmi bir dəfə, gəncliyində qadınla yaxınlıq edib. Eşşək də, Vujan da tənhadır.

   -Parçalanmış Yuqoslaviyada sevinclər, sevgilər, yaşantılar da parçalanıb. Hər şey yarımçıq və paramparçadır.

   -Filmin sonunda intihar etmək istəyən Lukanı, filmin əvvəlində intihar etmək istəyən eşşək xilas edir.

   Və bütün çətinliklər, müharibələr, ayrılıqlar, xəyanətlər, ölümlər, parçalanmalar olsa belə, yaşamaq bir möcüzədir. Kusturitsa da məhz bunu anladır.

 

 

   Cəlil CAVANŞİR

 

  Ədalət.-2012.-9 may.-S.6.