AZƏRBAYCAN
OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ
"Azərbaycan! Əziz vətən, ana torpaq! Sən bizi bəslədin, böyütdün, bizdən heç nə əsirgəmədin. Sən bizi sevirsən, bizim üçün bu sevgi çox əzizdir, dünyada heç bir şey bu sevgini əvəz edə bilməz. Biz böyük nizamilər, babəklər, koroğlular ölkəsi olan sənə, sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqlarımız və təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş hər bir vətəndaşımız üçün düşməndən amansız intiqam alacağıq. Bu yolda canımızı və qanımızı əsirgəməyəcəyik".
1942-ci ildə Stalinqrad uğrunda
döyüşdə həlak olmuş naməlum Azərbaycan əsgərinin
cibindən tapılmış məktubdan
(əvvəli
ötən saylarımızda)
Xalqımızın mərd oğullarına sevgi və məhəbbət bəsləyən, Sovet İttifaqı Marşalı Sergey Biryuzovun səmimi sözləri yada düşür. Stalinqrad döyüşlərinin iştirakçısı olan marşalın Həzi Aslanov haqqında da ürək açan sətirləri var. Marşal general Yaqub Quliyev və onun döyüşçülərinin qəhrəmanlığı haqqında yazır: "Bizdən ön cəbhədə olan 51-ci ordunun hissələri bir neçə gün idi ki, gecələr də arası kəsilməyən döyüşlərdə iştirak edirdilər. Sağ qonşumuzun - beşinci zərbə ordusunun vəziyyəti xüsusilə ağır idi. Həmin orduya daxil olan dördüncü süvari korpusu böyük itkilərə məruz qalmışdı. Onlar Şərqə tərəf çəkilmişdilər. Süvari korpusunun bir neçə komandiri həlak olmuşdu. Korpus komandirinin müavini general-mayor Yaqub Quliyev ölümcül yaralanmışdı. O, mənim Bryansk cəbhəsində döyüş yoldaşım idi. Mehriban insan, qayğıkeş komandir kimi şöhrət qazanmışdı. Yadımdadır, Belorusiyada olanda o, operativ sahəyə çıxmağa, süvarilərə məxsus tərzdə vuruşmağa can atırdı. Süvarilər Vətəndaş müharibəsi illərində olduğu kimi, böyük rol oynaya bilmədiklərinə baxmayaraq, general Yaqub Quliyev kimi komandirlərin sayəsində hitlerçi işğalçılara qarşı sovet xalqının mübarizəsində misilsiz hünərlər göstərmişlər. Stalinqradın Mamay təpəsində digər iştirakçılarla birlikdə mərd və heç vaxt unudulmayan general Yaqub Quliyevin də adı qranit lövhə üzərində həkk olunmuşdur".
* * *
İstefada olan general-leytenant
Həsən Laqustanoviç Xaraziya 1984-cü ildə nəşr olunmuş "Mərdlik yollarında"
kitabında döyüş yoldaşı
general Yaqub Quliyevi unutmamışdı. Müharibədən
əvvəl o, iyirmi birinci Dağ-süvari
diviziyanın tərkibinə daxil olan alayların birində mayor
rütbəsində qərargah rəisi vəzifəsində
xidmət edirdi. Həsən Xaraziya yazır: "1941-ci il
iyunun əvvəlində diviziya
komandiri general Aleksey Semyonoviç Jadov yeni təyinat
aldı, onun yerinə isə dairə qərargahında
idarə rəisi olan Yaqub
Quliyev təyin olundu.
Bəli, belə əvəzlənmə A.S.Jadovla
ayrılığın acısını müəyyən dərəcədə
azaldırdı. Bizim çoxumuz
polkovnik Yaqub Quliyevi tanıyırdıq və hörmət
edirdik. O, millətcə türkmən (!?
- Ş.N.) idi, 1900-ci ildə Azərbaycanda
anadan olmuşdur. Yaqub Allahqulu oğlu Quliyev A.S.Jadova layiqli əvəz
idi. Bu bizi
ruhlandırırdı"
General-leytenant Həsən Xaraziya
xatırlayır ki, diviziyanın yeni komandiri ciddi və tələbkar
idi, lakin yumor hissindən də məhrum deyildi. Diviziyanın cəbhəyə
göndərilməsindən bəhs edərkən o, belə
bir epizodu yada salır: "Budur, çoxdan gözlədiyimiz
gün çatdı. Eşelonlara yüklənmə ərəfəsində
alaya polkovnik Yaqub Quliyev gəldi. O, alayın şəxsi heyət
və hərbi texnika ilə komplektləşdirilməsini diqqətlə
yoxladı, süvarilərin əhval-ruhiyyəsilə
maraqlandı. Sonra şəxsi heyəti toplamağı əmr
etdi. Onun ürəkdən gələn sözləri indiyə
kimi yadımdadır: "Yoldaşlar! Partiya, dövlət və
xalq qarşısında verdiyimiz andı icra etmək vaxtı,
sovet silahını şöhrətləndirmək zamanı
çatıb. Qüdrətli sosialist Vətənin layiqli
övladları olun". Sonra Yaqub Allahquliyeviç komandirlərə
yaxınlaşıb dedi: "Nəhayət, dostlar, bizim
zamanımız yetişdi. Vətəni qorumağa
gedirik!". Hər yandan:
- Yoldaş polkovnik, bizi hara göndərirlər?
Hansı cəbhəyə? - sualları səsləndi.
- Bax bunu indi deyə bilməyəcəyəm,
özünüz başa düşürsünüz, hərbi
sirdir, - diviziya komandiri Yaqub Quliyev gülümsədi. Və
zarafatla dedi:
- Onu bilin ki, maşinist yolu
yaxşı tanıyır, hara lazımdır
çatdıracaq".
* * *
1990-cı ildə Moskvada "Hərbi
memuar" seriyasından nəşr olunmuş bir kitab
aldım. Dörd yüz səksən səhifəlik
kitabın müəllifi, Ordu generalı, Sovet İttifaqı Qəhrəmanı,
professor S.P.İvanovdur. Kitabda general həmyerlimiz Yaqub Quliyevin
foto-şəkilini və döyüş qəhrəmanlığından
səhifələri oxuyub sevindim. Stalinqrad döyüşlərindən
əlli il keçməsinə baxmayaraq ordu generalı iki həmyerlimizin
- Yaqub Quliyevin və Həzi Aslanovun qəhrəmanlığını
hələ də unutmayıb. Yeri gəlmişkən, general
Yaqub Quliyevin haqqında xatirə yazan rus generallarından
yalnız Semyon İvanov onun türkmən yox, qafqazlı
olduğunu bildirir.
"Şimal qrupuna rəhbər təyin
etməkdə komandanlığın fikirləri
haçalandı, Ordu komandanı general A.M.Qorodnyanski oraya
307-ci atıcı diviziyanın komandiri polkovnik Q.S.Lazkonu, amma Qərargah
rəisi general-leytenant A.V.Petruşevski, general Y.A.Quliyevi təyin
etməyi məsləhət gördü. Müzakirə
zamanı general Yaqub Quliyevin daha bacarıqlı olmasını
yüksək rütbəli zabitlər xüsusi qeyd etdilər.
Faktiki olaraq ordu komandanının
müavini vəzifəsini icra edən Yaqub Quliyevin namizədliyində
dayandılar. Ona görə ki, onun belə birləşmələrə
rəhbərlik etmək təcrübəsi vardı. General
Yaqub Quliyev əvvəllər 21, 52 və 55-ci süvari
diviziyalarının tərkibində olan qruplara rəhbərlik
etmişdi. On üçüncü ordunun veteranı olan Yaqub
Quliyev çox səciyyəvi xüsusiyyətlərə malik
idi. Bu ehtiraslı qafqazlının qarabəniz sifətini
kömür kimi qara və ağıllı gözləri daha
da işıqlandırırdı. Demək olar ki, onun
bütün həyatı alovlu və ehtiraslı
keçmişdir. Onun kasıb kəndli ailəsindən
olmasına baxmayaraq qırx ildən bir qədər artıq
ömründə çox əziyyətlər
görmüşdü.
On səkkizinci ilin baharından
öz həyatını Qızıl Ordu ilə həmişəlik
bağlamışdır. O, Xəzəryanı cəbhədə
ağqvardiyaçılara və ingilis müstəmləkəçilərinə
qarşı cəsarətlə döyüşmüş,
sonralar isə Qaraqum səhralarında basmaçılarla
mübarizədə polad kimi bərkimişdi. Cəsarət və
hünərinə görə ordenlə təltif
olunmuşdur. Müharibədən əvvəl M.V.Frunze
adına Hərbi Akademiyanı və Baş Qərargahın nəzdində
olan Hərbi Akademiyanın təkmilləşdirmə kursunu da
müvəffəqiyyətlə bitirmişdir.
Böyük Vətən müharibəsinin
ilk günündən on üçüncü ordunun tərkibində
olan İyirmi birinci Dağ Süvari diviziyasına
komandanlıq etmişdir. General Yaqub Quliyevin süvariləri
düşmənə cəsarətli və sürətli zərbələr
vurmuşdur.
Ordu komandanı, general
A.M.Qorodnyanski əmr etdi ki, nəyin-bahasına olur-olsun gələcək
əks zərbələr naminə əlverişli mövqeləri
itirməmək üçün düşmən qoşununun
Şimal istiqamətində irəliləməsinə yol verilməsin.
Məhz bu zaman general Yaqub Quliyevin əla döyüş
keyfiyyətləri üzə çıxmışdır.
Hitlerçilərin Şimal həmlələrinin
qarşısını almaq üçün ordu komandanı
Yaqub Quliyevə Trosno istiqamətində düşmənə
zərbə vurmağı əmr etmişdir. General Y.Quliyev
qısa vaxtda bu hücumu təşkil edib, müvəffəqiyyətlə
başa çatdırmışdır. Bundan əlavə
Quliyevçilər düşmənin atəş məntəqələrini,
tankların çoxluq təşkil etdiyi yerləri aşkar
etmiş və onlara sarsıdıcı zərbələr
vurmuşlar. Bu da yalnız Quliyevçilərə deyil,
bütöv cəbhə üçün əlverişli
şərait yaratdı.
İyirmi birinci süvari
diviziyasının qəhrəmanlıqla həlak olmuş
döyüşçülərinin şərəfinə
Ponyatovka stansiyasında əzəmətli abidə
qoyulmuşdur. Quliyevçilər general Yaqub Quliyevin qeyri-adi sərkərdəlik
bacarığı ilə hər yerdə, hər cəbhədə
qəhrəmanlıqla vuruşmuşlar. Onlar
bu şərəfə layiqdirlər.
Şəxsən mən general Yaqub Quliyevin bir çox döyüşlərdə fərqləndiyinin şahidi olmuşam. Heç təsadüfi deyil ki, o, Qırmızı Bayraq ordeninə, general-mayor rütbəsinə layiq görülmüşdür. Dördüncü süvari korpusunun komandir müavini kimi yüksək vəzifə tutmuşdur. Əsasən onun Orta Asiya respublikalarının əhalisindən təşkil olunmuş döyüşçüləri hitlerçilərə qarşı böyük cəsarətlə vuruşurdular. 1942-ci ilin dekabr ayında altmış birinci süvari diviziyasının ön döyüş xəttində qəhrəmanlıqla vuruşan general-mayor Yaqub Quliyev Stalinqrad ətrafı döyüşlərin birində ölümcül yaralandı. Həlak olandan sonra Lenin ordeni ilə təltif olundu".
* * *
Süvari general-mayoru Yaqub Quliyev
haqqında oçerki yazıb qurtaranda vaxtilə özüm
üçün tərtib etdiyim "Çox bilmək istəyənin
dəftəri" adlı qeydlər kitabçamı vərəqlədim.
Dəftərdə xalqımızın görkəmli
ziyalıları, sərkərdələri haqqında nadir
faktları, müdrik fikirləri toplamışam. Üç
eloğlumuz haqqında nə vaxtsa yazdığım belə
bir qeydə rast gəldim.
- Taciklərin ilk qəzetlərinin
naşiri və redaktoru Mirzə Cəlal Yusifzadədir
(1862-1931);
- Özbəklərin ilk xalq
şairi, professor Maqsud Məsum oğlu Şeyxzadədir
(1908-1967);
- Türkmənlərin ilk
generalı Yaqub Allahqulu oğlu Quliyevdir (1900-1942).
Türkmənistanda general Yaqub Quliyevin xatirəsi əbədiləşdirilib. 1960-cı ilin aprel ayında
Marı şəhər
bağında ona bürünc heykəl qoyulub, muzey açılıb. Onun
adına küçə və kolxoz var. Türkmən xalqı onu öz oğlu kimi qəlbən sevir, ona bizim
ulduzumuz və Türkmən ulduzu fəxri adı veriblər. Orduya gedən çağrışçılar
generalın heykəli
önündə andiçmə
mərasimi keçirirlər.
Türkmənistanda onun adı cəsarət rəmzinə
dönüb.
İnanırıq ki, süvari
generalı Yaqub Quliyevin adı təkcə Türkmən
xalqının yox, bundan sonra həm
də doğma Azərbaycan xalqının
ümid simvoluna çevriləcək. Xalqımızın hərb tarixində adı iftixarla çəkiləcəkdir.
Şəmistan Nəzirli,
İstefada olan polkovnik- leytenant
Ədalət.-2012.-9 may.-S.7.