Dünyanın tanıdığı Naftalan

 

  Yer planetinin on bir iqlim qurşağından doqquzunu özündə birləşdirən Azərbaycan adlı məmləkətimiz təbiətinə, coğrafi mövqeyinə görə dünyanın ən unikal bölgələrindən biridir. Qərblə-Şərqi, Avropa və Asiyanı birləşdirən bu məkan həm də dünya tarixi baxımından kifayət qədər yaşı olan qədim bir diyardır. Bütün bunlar haqqında minlərlə elmi, tarixi əsərlər yazılıb və yazılacaq da.

   Bir çox təbii sərvətləri ilə də öyünməyə haqqı olan ölkəmiz elə bunların qorunması üçün də zaman-zaman vuruşmalı, çarpışmalı olub. Çox güman ki, bu mübarizə hələ xeyli davam edəcək.

   Bu ölkənin həm də müalicəvi əhəmiyyəti çox böyük olan mineral suları, duz mağaraları, Xəzərin sahilindəki isti Abşeron qumları bütün planetin maraq dairəsindədir. Massalı və Kəlbəcərdəki isti su, Naxçıvandakı "Badamlı", "Sirab", Şabrandakı "Qalaltı" mineral suları və digərləri daxili və xarici xəstəliklərin təbii müalicəsində əvəzsiz rola malikdir. Hələ kifayət qədər bəhrələnə bilmədiyimiz bu mineralların bir çoxu təəssüf ki, düşmən nəzarətindədir.

   Təbii müalicəvi əhəmiyyətinə görə bütün dünyanı fəth edən, əfsanələşən Naftalan haqqında isə ayrıca danışmaq lazımdır. Ona görə ki, bu günə qədər yaşadığımız planetdə onunla eyniləşə biləcək ikinci bir məkan yoxdur. Bu da füsünkar məkanın özünə məxsus özəlliyindən biridir.

 

   Əfsanə haqqında əfsanə

 

   ...Bütün ömrünü səhralarda keçirən sarvan neçə illərdən bəri ucu-bucağı olmayan qumsal çöllərdə karvanın başında dayanan sevimli dəvəsini halsız, bikef görüb dayanmaq əmri verdi. Dəvənin tükləri tökülmüş, bədəni yaralarla örtülmüşdü. Sarvan çox sevdiyi dəvəsinin bu halını görüb xeyli pərişan oldu. Səhər bu etibarlı dostunun yükünü digər dəvələrə bölüb onu çölə buraxdı. Sarvan fikirləşdi ki, yaxın vaxtlarda yırtıcıların yeminə çevrilməsə dəvə boz çöllərdəki qonur rəngli otlarla xeyli yaşaya bilər. Sahib üç tərəfi hündür təpəcik, Şimal tərəfi ormanlıq olan bu yeri yadda saxlamaq üçün ətrafı birdə nəzərdən keçirdiböyük kədər içində ormanlığa üz tutdu.

   Günlər, həftələrdən sonra qoca sarvan sevimli dəvə həsrəti ilə bu yerlərdən yolunu birdə saldı. Ürəyinin dərinliyində dəvəsini görməyəcəyi hissi ona əzab verirdi. Axşamın yorğunluğundan sonra sübh çağı sərhada bir qədər gəzib- dolaşmaq qərarına gələn sərvan gözlərinə inanmadı. İki addımlığında çox gümrah, gözlərindən fərəh yağan sevimli dəvəsi ona baxırdı. Onun bədənindəki qonur rəngli məhlul sarvanın diqqətindən yayınmadı. Səhra cəngavəri anladı ki, onun sevimli dəvəsinin yaralarını məhs bu qəhvəyi rəngli maye sağaltmışdır. Sarvan axşamlar bir neçə gün illər yorğunu olan ağrıyan ayaqlarını çöldəki bu məhlulun içinə qoydu. Və az müddətdən sonra o bu ayaqlarla səhraları günlərlə dolaşmaq istədi.  

   Bu məkan və məhlul haqqında sarvanın danışdıqları sürətlə ətrafa yayıldı. Çox tezliklə yüzlərlə dəvə kərvanı turuqlarda bu mayedən dünyanın müxtəlif yerlərinə daşıdılar. Bir çox xəstəliklərin təbii müalicəsi olan bu məkan, bu məhlul beləcə məşhurlaşdı, beləcə kəşf olundu, beləcə tarixləşdi.

   Bu yer indi dünyanın tanıdığı Naftalandır.

    Möcüzəli məkan - Naftalan

   Ölkəmizin müalicəvi əhəmiyyəti böyük olan müəssisələri, kurortları arasında bioloji fəaliyyətinə görə Naftalan xüsusi yerə malikdir. Bütün dünyada məşhur olan, bütün dünyadan qonağı olan Naftalan paytaxt Bakıdan 330 kilometrlik məsafədə qərarlaşıb.

   İndi artıq "Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi" MMC kimi fəaliyyət göstərən bu şəfa ocağı zirzəmisi olan 3 mərtəbəli binada yerləşir. Səliqə-səhmanı, təmizliyi, rahatlığı göz oxşayan bu bina, həm gözəlliyi ilə yaşıllıqlar qoynunda xüsusi bir aura yaradır. Müalicə yataq hissələri qədər yeməkxanası ideal, təmiz səliqəlidir. Bu geniş rahat yeməkxanada xəstələrə həkimlərin məsləhəti ilə dadlı Azərbaycan xörəkləri ilə bərabər Avropa yeməkləri verilir. Buradakı xəstələrə müalicə ilə yanaşı, həm yaxşı istirahət üçün hər cür şərait yaradılmışdır. Kitabxana, kompüter, oyun zalları, internet, stolüstü oyunlar otağı, kişi qadın salonları hər dəqiqə müsafirlərin ixtiyarındadır. Hətta namaz qılmaq istəyənlər belə yaddan çıxmamış, onlar üçün xüsusi bir otaq ayrılmışdır.

   Buranın gecələri daha gözəl, daha füsünkar, daha sakit olur. Belə vaxtlarda əyləncəli oyunlar, rəqs gecələri keçirməkdə unudulmur. Xəstələrin daha yaxşı istirahət etmələri üçün hətta, yaxın ətrafa, mənzərəli yerlərə ekskursiyalar təşkil edilir.

   Bir sözlə, Naftalanda hər şey insanların sağlamlığına istirahətinə hesablanmışdır.

  

 

   (ardı gələn sayımızda)

 

 

  Səxavət Məmmədli

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

  Ədalət.-2012.-9 may.-S.7.