Vətən, xalq üçün yaşanan ömür
"İki sahil"in xüsusi
buraxılışı
"İki sahil"
qəzeti ümummilli lider
Heydər Əliyevin anadan olmasının
89-cu ildönümünə həsr olunmuş
xüsusi buraxılış
hazırlayıb.
AzərTAc
xəbər verir ki, müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin
anadan olmasının 89-cu ildönümü ilə əlaqədar
hazırlanmış 76 səhifəlik xüsusi
buraxılış dahi şəxsiyyətin Azərbaycana
hakimiyyətinin hər iki dövründə dövlət, xalq
qarşısındakı xidmətlərini, ayrı-ayrı
sahələrdə qazanılan uğurları və Prezident
İlham Əliyevin rəhbərliyi altında gələcək
perspektivləri əks etdirən maraqlı yazıları, rəngli,
illüstrativ şəkilləri və yüksək poliqrafik tərtibatı
ilə diqqəti cəlb edir.
Xüsusi
buraxılışın üz qabığında qeyd olunan
"...Siz özünüzə tayı-bərabəri olmayan
abidə, əsrlər boyu yaşayacaq əbədi abidə
yaradıbsınız. Bu abidənin adı Azərbaycandır,
tərəqqi edən, yeni, xoşbəxt Azərbaycan"
fikirləri ulu öndər Heydər Əliyevin xidmətlərinin
ümumiləşdirilmiş ifadəsidir.
"Vətən,
xalq üçün yaşanan ömür" məqaləsində
qeyd edildiyi kimi, güclü lideri olan millətlər və
dövlətlər yüksək inkişaf yolu keçir və
tarixi uğurlar əldə edir. Ümummilli lider Heydər Əliyev
müdriklərə, uzaqgörən siyasətçilərə
məxsus keyfiyyətləri özündə birləşdirən
dahi idi. Daim xalqı özünə arxa, kömək hesab edən
Heydər Əliyev nə qədər çətin olsa da ona bəslənən
ümidləri, inamı, etimadı doğrultmaq
üçün Azərbaycanın ən ağır günlərində
belə məsuliyyəti boynuna götürdü. Xalqın, Vətənin
taleyini hər bir vətəndaşın taleyinə çevirən
ulu öndər Azərbaycanda bütün prosesləri ölkə
əhalisinin istədiyi istiqamətə yönəltməklə
insanların sağlam mövqe tutmalarına nail oldu.
"Müstəqil
Azərbaycanın memarı" məqaləsində bu fikir
xüsusi vurğulanır ki, ümummilli lider Heydər Əliyev
üzərinə götürdüyü xilaskarlıq
missiyasını siyasi iradəsi və qətiyyəti ilə
yerinə yetirdi. Onun aforizmə çevrilən "Müstəqilliyin
əldə olunması nə qədər çətindirsə,
onun saxlanılması, daimi, əbədi olması bundan da
çətindir" fikri müstəqilliyimizin ilk illərində
yaşanan durumla sonrakı dövrün təhlilində
aydın ifadəsini tapır. Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli
rol oynayan "Əsrin müqaviləsi" Azərbaycanın
iqtisadi imkanlarını genişləndirməklə, dünya
iqtisadi sistemində yeri və rolunu artırdı. Dahi şəxsiyyət
bildirirdi ki, "Əsrin müqaviləsi"ndə
qarşıya qoyulmuş vəzifələrə layiqincə əməl
edilməsi, yeni neft strategiyamızın uğurla həyata
keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin
daimiliyinin əsas qarantlarından biridir. "Müstəqil Azərbaycan
iqtisadiyyatının təməl daşı" məqaləsində
sazişin əhəmiyyəti, ölkəmizə
qazandırdığı uğurlar geniş təhlil olunur.
Yazının sonunda qeyd edildiyi kimi, bu gün ulu öndər
Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan
artıq öz müstəqilliyini möhkəmləndirib,
iqtisadi imkanları artıb, həyata keçirdiyi enerji siyasəti
nəticəsində Avropanın enerji təhlükəsizliyi
məsələlərində etibarlı tərəfdaşa
çevrilib. Heç şübhəsiz ki, Azərbaycan hələ
bundan sonra məhz Heydər Əliyev ideyaları sayəsində
daha uğurlu sabahlara doğru inamla addımlayacaqdır.
Dövlət
başçısı İlham Əliyevin "2003-cü ildən
bu günə qədər Azərbaycanda gedən uğurlu
inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir"
fikri əsasında yazılan məqalədə son səkkiz
ildə əldə edilən uğurlar geniş qeyd olunaraq, Azərbaycanın
inkişaf yolunda inamla irəlilədiyi bir daha təsdiqlənir.
Uğurların davamlılığını təmin etmək
məqsədilə dövlət başçısı
İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının hazırlanması
barədə Sərəncamı yüksək dəyərləndirilir.
"Ulu
öndər qətiyyətli xarici siyasətin müəllifidir",
"Ulu öndər milli məfkurəyə sadiqlik və mənəvi
zənginlik rəmzidir", "Heydər Əliyev və ordu
quruculuğu", "Heydər Əliyev: Mədəniyyət
xalqın ən böyük sərvətidir", "Ulu
öndərin əsasını qoyduğu uğurlu idman siyasəti
bu gün bəhrəsini verir" məqalələrində
dahi şəxsiyyətin qeyd olunan sahələrin
inkişafı istiqamətində atdığı addımlar
və onların uğurlu davamı ətraflı şəkildə
şərh olunur.
Ədalət.-2012.-9 may.-S.8.