VƏTƏNDƏ
VƏTƏNSİZ ŞUŞAM, HEY...
Zamanın sürətini
ölçmək və yaxud da onu dayandırmaq doğrudan da mümkün deyil. Deyilənə
görə ən iti surət
işığa və səsə məxsusdur. Amma
zaman anlayışı ortaya
gələndə həmin o işıq da, səs də arxa plana keçir. Çünki zaman indi bir göz
qırpımı olub.
Çox da uzaq olmayan tarixə nəzər
salsaq onda dediklərimizi sübut etməyə ehtiyac qalmaz. Çünki
həmin o tarixdən bizi ayıran məsafə də elə
bir göz qırpımıdı...
Bəli, iyirmi il bundan öncə
Azərbaycanın Musiqi Konservatoriyasının paytaxtı,
beşiyi sayılan Şuşa şəhəri işğal
edildi və aradan keçən bu iyirmi il nə qədər
şuşalını, nə qədər
qarabağlını, nə qədər azərbaycanlını
öz həsrətinin caynaqlarında didib parçaladı, məhv
etdi - onun sayını deyə bilmərəm. Heç bu
ölkənin baş statiqləri də deyə bilməz. Yəni
şuşasızlıqdan ölənlərin sayı
Şuşada şəhid olanların sayını dəfələrlə
vurub keçdi. Və biz də bu iyirmi ili bir göz
qırpımında bağışladıq tarixə. Sanki elə-belə də olmalıydı...
İndi bu iyirmi ili anbaan, günbəgün,
aybaay xatırlamaq və bu xatirələrin içərisində
bir səliqə-səhman yaratmaq istəsəm də heç
nə alınmır. Çünki bu iyirmi ildə ancaq biz
Şuşa həsrətindən danışmışıq,
Şuşa itkisindən söz açmışıq, bir az
da Şuşanın kimin və nəyin güdazına getdiyini
öz bildiyimiz kimi, öz məntiqimizə uyğun şəkildə
şərh etməyə çalışmışıq.
Amma bununla heç nə dəyişməyib. Şuşa elə
əsirlikdə qalıb, biz də xatirələrimizin
qoynunda...
Doğrudur, bir neçə dəfə
jurnalistlər, ziyalılar Qarabağa, Şuşaya səfərlər
ediblər. Hətta qəzetimizin dəyərli əməkdaşlarından
sayılan hörmətli Kərim Kərimli də bu səfərlərin
birində iştirak edib, gələndə də bizə bir
ovuc Şuşa torpağı, bir də İsa
bulağının suyundan gətirmişdi. Görünür,
Kərimin köməyinə şairliyi çatıb.
Düşünüb ki, bu su, bu torpaq bir təsəlli olar,
amma Kərim Kərimli, o torpaq, o su Bakının, bizim yolumuzu
gözləyir. Özünü bura daşıyıb gətirməklə
biz heç bir yaranı sağalda bilmərik, əksinə o
daşıdığımız torpaq, su bizi burda da
alışdırıb yandırar, bizim burda guya ki,
qovuşduğumuz "dincliyimizi" göz dağına
çevirər. Nə isə...
Artıq ölkə
başçısının sərəncamına uyğun
olaraq məmləkətin hər yerində (təəssüf
ki, bunu Şuşada, işğal olunmuş ərazilərimizdə
edə bilmirik - Ə.M) Şuşanın
işğalının iyirmi illiyi ilə bağlı tədbirlər
keçirilir. Mən bunu anım tədbirləri hesab etmirəm.
Mənə elə gəlir ki, bu daha çox yaddaşı
oyatmaq, qanımızı coşdurmaq, intiqam hissimizi
alovlandırmaq üçün edilir. Axı, artıq iyirmi
ildir ki, şuşalı Şuşada doğulmur! Şuşalı
Şuşada ölmür - ölüb Şuşa
torpağına qarışmır! Şuşalı
Şuşanın suyuna, havasına,
torpağına, Xarı Bülbülünə həsrətlidir,
nisgillidir... bax bütün bunları ayaqda
saxlamaq, döyüş
vəziyyətinə gətirmək üçün
imzalayıb Şuşanın işğalı ilə
bağlı cərəncamı dövlət
başçısı!
Milli Məclisin sonuncu iclasında
da əksəriyyət Şuşadan danışdı. Dünya
dövlətlərinə, parlamentlərinə bu
işğalla bağlı müraciətlər
ünvanlandı. Ali və orta məktəblərdə,
müxtəlif qurumlarda, QHT-lərdə Şuşa
günün mövzusuna, qəhramanına çevrildi. Hətta
"Dağlıq Qarabağın Azərbaycanlı
İcması" İctimai Birliyində QHT-lərə
Dövlət Dəstəyi Şurasının təşkilatçılığı
ilə Şuşa şəhərinin işğalı ilə
bağlı bircə tədbir keçirildi. Mənim
üçün ən önəmlisi o oldu ki, həmin tədbirdə
böyük əksəriyyət xatirə danışmaqdan
daha çox Şuşanı xilas etməyin yollarından,
üsullarından danışdılar. Xüsusi olaraq
vurğuladılar ki:
-
ŞUŞA YALNIZ HƏRBİ YOLLA AZAD OLUNA BİLƏR!
Doğrudan da, düşmənin hərbi
təcavüzlə bizim əlimizdən aldıqlarını
biz ondan elə onun öz üsuluyla geri almalıyıq! Birincisi
ona görə ki, özünü problemin həlli ilə məşğul
kimi göstərən beynəlxalq təşkilatlar, xüsusi
ilə ATƏT-in Minsk Qrupu faktiki olaraq heç bir iş
görmür. Gördüyü iş ermənilərə vaxt
qazandırmaq, bu ərazilərdə məskunlaşmalarını
təmin etməkdi. İkincisi, biz bir müstəqil dövlət
və bir millət olaraq iqtisadi, siyasi hərbi
gücümüzü nəhayət düşmənə də,
dünyaya da göstərməliyik.
Üçüncüsü, biz şəhidlərimizin ruhu
qarşısında günahkar kimi yox, qalib kimi
dayanmalıyıq!
Bəli, indi hər bir evdə, hər
bir ailədə, Azərbaycanın hər bir guşəsində
günün mövzusu Şuşa olmalıdı. Yəqin ki,
elə bu cür də var. Əgər yanılıramsa, gəlin
bu yanlışlığı ortadan qaldıraq. Axı iyirmi
ildi Şuşasızıq!..
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2012.-9 may.-S.6.