Ayağıyalın "Asiman uşaqları"

 

   Məcid Məcidinin rejissoru olduğu filmlər dünyanın demək olar ki, bütün aparıcı dillərinə çevrilib və yayımlanıb. Onun yaradıcılığına xas olan bir neçə incə nüansı vurğulamaq, düşünürük ki, həm oxuculara, həm də kino "xiridar"larına maraqlı olar.

   1. M.Məcidi kinonu "açıq ekran" (Tarkovski, N.Ceylan) üsulunda yox, qapalı, dar, dalan "üsul"unda çəkir.

   2. O, kinomatoqrafiq effekti janrın tələbi kimi yox, ideyanın funssionallığı kimi verir.

   3. M.Məcidi illuziya ilə real qarşıdurmanı realist elementlərlə əks etdirir, az-çox filimdən başı çıxanlar yaxşı bilir ki, bu bütün rejissorların ən çox arzuladığı, amma ən az əldə etdiyi üsuldur.

   4. Onun rejissoru olduğu filmlərdə, "Səs" itkinliyi var, amma o səs itkinliyi dialoqlarda yox, əsərin qayəsində itib. Filmin qəhrəmanlarına isti başla, adi nəzərlə baxanda adi insanlara bənzəyirlər, amma onlar haqda daha dərin düşünəndə bir şeyi dəqiqləşdirirsən: Onlar kədərin "seçilmişləridir".

   Məcid Məcidinin "Asiman uşaqları" adlı filmi onun ekren işlərinin ən dəyərli üç filmindən biridir. Bu film onun rejissor kimi ad-ün qazanmasında böyük rol oynayıb. Bu filimdəki çəkiliş effektləri 70-80-cı illərdə İranda çəkilən köhnə filimləri xatırladır, amma hadisələr müasir dövürlə əlaqədardır.

 

   Süjet

 

   11-12 yaşlı Əli bacısı Zəhranın cırılmış çəkmələrini ustaya yamatdırır sonra isə kartof almaq üçün dükana gəlir. Kartofu torbasına yığmamışdan əvvəl dükanın qırağında bir yer tapıb ayaqqabıları ora qoyur. Başı kartof yığmağa qarışanda bazarın zibilyığanı gəlib ayaqqabını zibil bilərək, arabaya atır gedir. Əli kartof alandan sonra bacısının ayaqqabılarını qədər axtarsa da tapa bilmir. Sonra evə gəlir bacısı Zəhra ayaqqabılarını istəyir, Əli əvvəl-əvvəl demək istəməsə , sonradan hadisələri olduğu kimi nağıl edir. Cəmi bircə cüt ayaqqabısı olan Zəhra ayaqyalın qalır. Belə olan halda onlar öz aralarında belə razılaşırlar ki, Əlinin ayaqqabılarını səhər dərsə gedəndə Zəhra geyinsin, günorta isə Əli. Belə olur. Amma bir gün Zəhra dərsdən qaça-qaça gələndə ayaqqabı düşür suya. Böyük fədakarlıqlardan sonra o iki nəfərin ümid yerini - ayaqqabılarını tapıb çıxardır onu gözləyən Əliyə verir. Əli hər gün bacısını gözlədiyini görə dərsə gecikir, müəllimləri onu danlayır, hətta bir dəfə gecikdiyinə görə onu direktor evlərinə qaytarmaq, valideynini çağırtdırmaq istəyir.

   Bir cüt ayaqqabının belə insan həyatında hansı məşəqqətlərə səbəb olacağını göstərən rejissor sadə mətləblərlə, uşaq düşüncəsini sosiallığın faciəsini açır. Məsələn:

   Zəhra: Ya ayaqqabılarımıtap gətir, ya da atama deyəcəm.

   Əli: Elə bilirsən gedib deməyindən qorxuram, atanın pul yoxdu, əgər desən məcbur olub gedib borc alacaq ki, sənə ayaqqabı alsın.

   Əli ilə Zəhra atasına anasına heç demirlər, çünki atası ailəni güclə dolandırır, anası isə xəstədir. Əli məktəbdə olanda eşidir ki, qaçış üzrə çempionat keçiriləcək qaliblər mükafatlandırılacaq. Üçüncü yerin qalibinə isə bir cüt təzə ayaqqabı bağışlanacaq. Əli tez idman müəlliminin yanına qaçır yarışa qatılmaq istədiyini bildirir. Amma idman müəllimi deyir ki, iştirakçıların hamısı seçilib. Əli çox yalvarıb-yaxarır, idman müəlliminin ürəyi yumşalır razılıq verir.

   Əli çempionatın başlanacağı günü ümidlə gözləyir. Axır ki, həmin gün gəlib çatır, yarış başlanır. Əli qaçır və son anda ayaqqabılar gözünün qabağına gəlir və o bütün qüvvətini toplayır və qaçanların hamısını keçir. Finiş xəttini tapdalayıb yıxılır və müəllimi ona "afərin" deyə-deyə boynunu qucaqlayanda Əli sövqi-təbii soruşur:

  

   - Mən üçüncü oldum?

   İdman müəllimi cavab verir:

   - üçüncü, sən birinci oldun.

   Əli məyus olur, çünki onun məqsədi birinci olub kubok, medal, ad-san qazanmaq yox, məhz üçüncü olub bacısına ayaqqabı udmaq idi.

   Əlini evdə gözləyən Zəhra onun əli boş qayıtdığını görür sakitcə başını aşağı salıb gedir, qaçmaqdan ayaqları yorulan Əli başını aşağı dikərək ayaqqabılarını çıxardıb, ayaqlarını suya sallayır. Kənarda isə Əlinin dabanı deşik ayaqqabısı üzü üstə çevrilmiş halda qalıb. Film bu acınacaqlı səhnə ilə bitir

 

   Deməli...

 

   Rejissor mahiyyət etibarı ilə üç məqsədini kinosevərlərə çatdırır.

   a) Kiçik işlər belə böyük fədakarlıqlar tələb edir.

   b) Qalibiyyət özlüyündə məğlubiyyətdir (Əli yarışda qalib gəlir, amma ayaqqabını uda bilmir).

   c) "Estetik təcavüz" Şərqin arxetipidir ziyanlıdır. "Estetik təcavüz" odur ki, əldə etmək istədiyin gözəlliyə görə, özünü tələf edirsən.

   Filmə baxa-baxa İran insanının aqibəti, o qədər ümumbəşəri əks etdirilir ki, insan heyran olmaya bilmir. Görünür elə bu səbəbdən deyirlər: əsl sənətin dili olmur.

 

 

  Fərid Hüseyn

 

  Ədalət.-2012.-1 may.-S.6.