"Dağlının"
SON məlumatı
("Yazılmamış
gündəlik" silsiləsindən)
1992-ci
il, martın 3-ü...
Çərşənbə
axşamı idi. Havadan Novruz tonqallarının qoxusu gəlirdi.
Tale elə gətirmişdi ki, həmin
ilin martın 3-nə düşən
çərşənbə tonqalını Azərbaycanın Milli Qəhrəmanı mərhum polkovnik-leytenant Şirin
Mirzəyev və batalyonun xüsusi
təyinatlı əsgərləri ilə Ağdərənin
Sırxavənd kəndində qaladıq. Əslində
Ş.Mirzəyev həmin gün ermənilərin
tez-tez Sırxavəndə olan
hücumlarının qarşısını birdəfəlik almaq niyyəti ilə düşmənin nəzarətində
olan bir neçə strateji əhəmiyyətli məntəqələrə
hücum etməyi
planlaşdırırdı.
Bu arada onu da qeyd edim ki, martın
3-nə qədər biz - Ş.Mirzəyevin batalyonunun kəşfiyyat
dəstəsi müxtəlif qruplara bölünərək həmin
ərazidə, o cümlədən 4 tərəfdən uca və
qarlı dağlarla əhatə olunmuş Qazançı kəndində
uzunmüddətli kəşfiyyat işləri
aparmışdı. Sırxavəndin və digər
yaşayış məntəqələrimizin təhlükəsizliyini
təmin etmək üçün Ş,Mirzəyev alternativ əməliyyat
planları hazırlamışdı. Bunlardan biri də
Qazançı əməliyyatı idi. Həmin axşam
çərşənbə tonqalının ətrafındaca
Ş.Mirzəyev kəşfiyyatçılara bu əməliyyata
başlayacağımızı bildirdi. Kəşfiyyatçı
Əlabbas İsgəndərovu Ş.Mirzəyev
Qalayçılar kəndi istiqamətinə göndərmişdi.
Əlabbas Qazançı əməliyyatı
üçün lazım olan ən son məlumatları
toplayıb (Onun rabitə ilə əlaqə zamanı şifrələnmiş
adı "Dağlı" idi. R.K.) Ş.Mirzəyevə
çatdırırdı. Bir neçə istiqamətdən
ediləcək hücum əməliyyatına kəşfiyyat dəstəsi
düşmənin arxasına keçərək həlledici zərbə
vurmalı idi. Kəşfiyyat dəstəsini bu mövqeyə
Məhəmməd adlı qalayçılı
döyüşçü və Əlabbas gətirməli
idi.
Martın 4-ü tezdən kəşfiyyat
və hazırlanmış digər xüsusi qrupla batalyondan əməliyyat
mövqelərinə yollandıq...
Həmin gün bərk qar
yağmışdı, dağlar, dərələr, ağaclar
ağappaq örtüyə bürünmüşdü. Bu əsrarəngiz
gözəlliyi seyr edə-edə səhərin sakitliyində
Qalayçılar kəndi tərəfdən Qazançıya
yaxınlaşmaq üçün xeyli yol qət etdik.
Dağın zirvəsinə çatıb özümüzə
münasib bir yer seçib hücum əmri işarəsini
gözlədik. Artıq dan yeri sökülür, hava
yavaş-yavaş işıqlaşırdı...
Buradan gördüyümüz mənzərə
bir daha Qazançı adı ilə kəndin
görünüşünün çox həmahəng
olduğunu sübut edirdi. Hər tərəfdən dağlarla
dövrəyə alınmış kənd elə qazan
içinə bənzəyirdi. Evlərin bacalarından
yorğun-yorğun, tənbəl-tənbəl qalxan
tüstü göyün qatına millənirdi.
Müxtəlif istiqamətlərdən
açılan atəş səsləri səhərin
sükutunu elə qəfil pozdu ki, ağacların qar altda
sallanıb qalmış budaqları, ağ təpəciklərə
bənzəyən yumru, kələ-kötür kol-koslar da səksəndi.
Məni isə atəş səsləri ilə yanaşı
budaqlardan boynuma düşən soyuq qar topası səksəndirdi.
Bunu görən Əlabbas başına- öz hərbi gödəkcəsinin
su keçirməyən nazik brezent papağına işarə
edib sakitcə gülümsədi...
Elə kənd də oyandı! Kənddən
insan səslərindən əvvəl mal-qaranın,
donuzların, toyuq-cücələrin səsləri eşidilməyə
başladı...Kəşfiyyat dəstəsinin komandiri Əkbər
yerindəcə son və vəziyyətə uyğun əlavə
tapşırığını verdi. Kiçik qruplara
bölündük.
-Vaxtdır, irəli!
Beş gün 18
döyüşçü ilə birgə payı-piyada
Ağdərənin Umudlu kəndindən Murovdağın
qarlı, sıldırımlı aşırımı ilə
sağ-salamat Ağdabana gedib çıxması
üçün kənd tulasını kəsib acından
yeriyə bilməyən əsgərlərə yedizdirən Əfqanıstan
od-alovundan çıxmış Eldar Səmədov astadan, amma
bir az sərt tonda dəstəyə səsləndi. Döyüş
başladı. Biz sürətlə üzü
aşağı yürüməyə başladıq...
Budur, artıq kəndin girəcəyində
ilk evlər tüstülənməyə başlayır. Bu
artıq o istiqamətdə əsgərlərimizin
uğurlarının əlaməti idi. Yəni, artıq biz
buradayıq...
Biz arxadan kəndə girdik...Bir-bir
evlərə daxil olur, içəridə kimsənin olub
olmadığını biləndən sonra vəziyyətə
və şəraitə uyğun növbəti addımı
atırdıq. Elə olurdu ki, evdə erməni
yaraqlısı olurdu. Və onları zərərsizləşdirmək
lazım gəlirdi. Bu zaman Ş.Mirzəyevin əvvəlcədən
bizə keçdiyi küçə döyüşləri
taktikasına əməl etməyə
çalışırdıq. Biz Məhəmmədlə birgə
5 nəfər idik-Eldar, Əlabbas, siyəzənli balası gənc
əsgər Rövşən (dünyasını dəyişib)
və Ziyad. Bir-bir evləri tam şəkildə düşməndən
azad edib vuruşa-vuruşa irəliləyirdik. Növbəti
evi azad etmək istəyəndə içəridən
güclü müqavimətlə qarşılaşdıq. Hərəmiz
bir tərəfdən evə hücum etdik. Amma içəridən
atılan güllələr bizə evə
yaxınlaşmağa imkan vermədi. Eldarla Əlabbas özlərinə
yaxşı bir mövqe seçib məni qorudular, mən
sürünə-sürünə əvvəlcədən hazırladığım
iki "F 1" əl qumbarasını dalbadal evin pəncərəsindən
içəri atdım (Mən, mən deməkdən, yazmaqdan
xoşum gəlməsə də, Eldarın xahişi ilə
müharibə xatirələrimlə bağlı çap edilən
yazılarda ilk dəfə özümlə bağlı qeyd
edirəm. R.K). Evdə güclü partlayış oldu!
Yaxınlaşmaq istəyəndə yenidən partlayış
baş verdi. Bu partlayış dayanmadı. İçəridən
insan səsi gəlirdi. Amma dalbadal partlayış səsləri
onların səsini itirdi...Həmin gün axşama qədər
ara-sıra o evdən partlayış səsləri gəldi.
Sonra öyrəndik ki, o ev ermənilərin əsas silah-sursat
anbarlarından və müqavimət dayaqlarından
biriymiş.
Növbəti ikimərtəbəli
bir evə daxil oluruq... odun sobasının üstündə
çaydan və qazan var. Sobanın yanındakı
qırmızı kərpicin üstündə isə
çaynik qoyulub. Yemək stolunun üzərində səliqəsiz
süfrə salınıb, süfrənin üzərində
siqaret qutusu və müxtəlif ərzaqlar var idi. Divarın
yanında rezin uzunboğaz çəkmə, bir az kənardakı
şkafın içərisində isə 16 kalibirli ov tüfənginin
patronları yığılmış patrondaşı
gözümüzə sataşdı. Əlabbas mətbəxdə
qoyulmuş qədimi su səhənginin dolu, ya da boş
olmasını yoxlamaq üçün səhəngi silkələdi
və bizə baxmadan dedi:
-Nə yaxşı
oldu, susundan ciyərim yanırdı.
Sonra səhəngi yuxarı qaldırıb başına
çəkdi... Heç Eldarın,
"ə, neynirsən?! Zəhərli olar ey!"
çağrışına da məhəl qoymadı. Əlabbas doyunca su içəndən sonra səhəngi yerə qoydu. Və bir anlığa əvvəlcə mənə,
sonra isə çönüb Eldara baxıb dedi:
-Eldar, Rey təcrübəsizdir,
bizə baxanda hələ çox gəncdir, amma sən Əfqanıstan
müharibəsindən çıxmısan, belə şeylər
çox görmüsən. Açıq küçə
döyüşləri gedir, hər an kimsə həlak ola bilər!
Taleyin qismətidir, kim həlak olsa, onun meyidini burada qoymayaq,
yaxşımı?
Eldarsa Əlabbası
qınadı:
-Ə, vallah, sənin başın
xarabdır ey!
Amma qapıdan
çıxar-çıxmaz yavaş səslə astadan dedi:
-Düz deyirsən!
Əvvəlki qaydada
döyüşə-döyüşə kəndin sonuncu evlərinə
tərəf irəliləyirdik ...Növbəti evə
yaxınlaşdıq. Ermənilər evi tərk edib binanın
sağ tərəfindən kiçik ot topasının
arxasına, sağ və sol tərəfinə çəkildilər.
Oradan bizi güclü avtomat və plamyot atəşinə
tuturdular. Biz dərhal ermənilərin atəş nöqtəsi
ilə üzbəüz hasarın arxasında mövqe tutduq.
Hasar deyəndə bura eni 20-25 sm, hündürlüyü 80 sm
və ya 1 metr, uzunluğu, 4-5 metr olan betonun üzərinə
çəkilmiş- damalarının ölçüsü
kibrit qutusundan azca böyük olan dəmir tordan ibarət bir
yer idi. Hasarın arxasında özümüzə etibarlı
bir mövqe seçdik. Düzdür, artıq onların
müqaviməti get-gedə zəifləyirdi, Əlabbasın
çox sərrast atəşləri ilə xeyli erməni cəhənnəmə
vasil edilmişdi, amma nə qədər çalışsaq da
ermənilərin atəş nöqtəsin tam susdura bilmirdik.
Bu zaman Əlabbas dedi ki, kaş yanan güllələrimiz, ya
da fişəngimiz olaydı, ot topasını
yandırardıq, dığalar da üzə
çıxardı... Qəflətən arxadakı evdən atəş
səsi gəldi...Ani olaraq güllələr
sağımızdan, solumuzdan keçərək beton hasara dəydikcə
hasardan toz qalxırdı. Bunlarla bərabər mənə
bitişik uzanmış Əlabbasın səsini
eşitdim:
-Uy...məni vurdular!
Mən sola çevriləndə Əlabbas
halsız vəziyyətdə qollarımın üstünə
düşdü. Rəngi
ağarmışdı...Başını azacaq qaldırıb
nəsə demək istədi...Səsi xırıldadı,
heç nə deyə bilmədi. O, başı sinəmə
dayanmış vəziyyətdə elə bil donub
qalmışdı. Əlimi sifətinə vurdum, sifəti buz
kimiydi...Tez əlimlə başını yoxladım, qan yox
idi, deməli, yarası da yoxdur...Hərbi mundirinin
yaxasını açıb sinəsinə baxdım burda da
yara yeri yox idi. Əlimlə kürəyini yoxladım, yenə
güllə yarası yeri yox idi. Lənətə gəlmiş
güllə axı buna haradan dəyib?! Bu arada tez-tez
ayağıma ilişən elektrik naqili məni bu fikrə
düşməyə vadar elədi:
-Aha! Yəqin Əlabbasa güllə
dəyməyib, onu tok vurub!
İlk ağlıma gələn bu
oldu! Axı kəndin bütün elektrik naqilləri
qırılıb yerə tökülüb. Yanan evlər isə
qarı əridib deyə yer tamam palçıq idi.
Özümüz də ki, suyun palçığın
içindəyik. Yəqin yerə düşən elektrik
naqillərindən birinə toxunub. Üzümü Eldara
tutdum:
-Eldar, yəqin Əlabbası tok
vurub?!
Eldar qayıtdı ki, Əlabbasa
güllə dəyib, o, həlak olub! Bu dəfə elə bil
məni tok vurdu! Necə yəni həlak olub?! Özümdən
asılı olmayaraq ayağa durub, avtomatı ermənilərin
atəş nöqtəsinə tutub söyə-söyə,
bağıra-bağıra atmağa
başladığımı sonralar xatırladım. Eldar deyir
heç yanımdan ötüb-keçən güllələr
vecimə də deyilmiş...Eldar məni dartıb yerə
yıxdığını, hətta özümə gəlmək
üçün mənə çəkdiyi bir-iki silləni də
indi xatırlayıram.
Əlabbas həlak olmuşdu! Onun cəsədini
çox böyük çətinliklə güllə
yağışı altında çıxardıb Ağdama gətirdik!
Cəsədi yuyulanda məlum oldu ki, güllə Əlabbasın
sağ qolunun altından girib, gedib ürəyini
parçalayıb sinəsində qalmışdı. Məzarı
da Ağdamdadır Əlabbasın, Ağdamdakı şəhidlər
xiyabanında...
Ölümündən sonra Əlabbas
İsgəndərova Azərbaycanın Milli Qəhrəmanı
adı verildi.
Həmin gün biz o
döyüşdə yeddi oğul itirdik. Yeddi oğul! Məmməd
müəllimi, Manafı, Əyyubu, Maarifi, Baratı,
Şiraslanı və Əlabbas İsgəndərovu...
Bu döyüşdə çoxlu
itki verdi ermənilər. Əsir götürdüyümüz
erməniləri, meyitləri Xocalıda əsir
düşmüş insanlarla dəyişdirdik
Rey Kərimoğlu
Ədalət.-2012.-12
may.-S.6.