M.F.Axundzadənin dövlət və hüquq haqqında görüşlərinin bəzi məsələləri

 

  XIX əsrin əvvəllərində Çar Rusiyası ilə İran arasında gedən müharibə nəticəsində Araz çayı boyunca Azərbaycanın ikiyə parçalanması özlüyündə mürtəce hadisə idi. Lakin Şimali Azərbaycanın zorla Çar Rusiyasına birləşdirilməsinin müəyyən müsbət cəhətləri də vardı. Belə ki, qabaqcıl demokratik rus ziyalıları ilə azərbaycanlı ziyalılarının yaxınlaşması, demokratik rus ziyalılarının azərbaycanlı ziyalılarına, onların yaradıcılığına təsiri və s. məhz belə müsbət cəhətlərdən idi.

   Şimali Azərbaycanın zorla Çar Rusiyasına birləşdirilməsinin müsbət cəhətləri ondan ibarət idi ki, həmin dövrdə Şimali Azərbaycanda üsuli-cədid (yeni tipli-İ.A.) məktəbləri təşkil olundu. Həmçinin, Rusca-Azərbaycanca, Azərbaycanca-rusca lüğətlər, təcrübi-tədris kitabları nəşr olunmuşdu

   Müxbir üzvü, hüquq elmləri doktoru, prof. Məsumə Məlikovanın "Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi" (hüquq elmləri namizədi E.R.Bayramovun həmmüəllifliyi ilə) kitabında M.F.Axundzadənin siyasi-hüquqi görüşləri geniş və hərtərəfli tədqiq olunmuşdur .

   M.F.Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq, yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 13 aprel 2010-cu il tarixli Sərəncamı ilə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi qərara alınmışdır.

   Bununla əlaqədar olaraq, məqalədə M.F.Axundzadənin dövlət və hüquq haqqında görüşlərinin bəzi məsələləri üzərində dayanmağı zəruri hesab edirik.

   M.F.Axundzadə əsərlərində, xüsusilə, "Kəmalüddövlə məktubları" əsərində, yeri gəldikcə, dövlət və hüququn bəzi məsələləri haqqında öz dəyərli fikirlərini söyləmişdir

   Yuxarıda qeyd etdiyimiz kimi, Şimali Azərbaycanın Çar Rusiyasına zorla birləşdirilməsi qabaqcıl fikirli rus demokratik ziyalılarının M.F.Axundzadənin yaradıcılığına müsbət təsiri onun əsərlərində özünü göstərmişdir. Bu mənada M.F.Axundzadənin "Kəmalüddövlə məktubları" əsəri xüsusi əhəmiyyətə malik olmaqla, bu fəlsəfi, alleqorik fundamental əsərin yaranmasında qabaqcıl fikirli rus ziyalılarının müsbət təsiri açıq-aydın hiss olunurdu.

   Ona görə də M.F.Axundzadənin fəlsəfi əsəri olan "Kəmalüddövlə məktubları" bu cəhətdən, xüsusilə, maraqlıdır.

   M.F.Axundzadə əsərin əvvəlində bir sıra ifadə-anlayışların izahını (şərhini) vermişdir.

   Müəllif despot anlayışına belə tərif verir:despot-o padşaha deyilir ki, öz işlərində heç bir qanuna tabe olub riayət etməz; xalqın malına və canına hədsiz və hüdudsuz ağalıq edər; həmişə özbaşına iş görər. Belə padşahların hakimiyyəti altında olan xalq kütlələri alçaq və rəzil qullara çevrilib hər cür azadlıq və hüquqlarından tamamilə məhrum olarlar. Despotizm sözü ərəb dilində olan istibdad kəlməsi ilə çox düzgün ifadə oluna bilər.

   M.F.Axundzadə həmin əsərində sivilizasiya anlayışına belə tərif verir: sivilizasiyon-bir xalqın cəlalət və vəhşilik vəziyyətindən xilas olması, məişət işlərində lazımi mərifət qazanaraq, elmi biliklər və sənaye, habelə əxlaq və mənəviyyat sahələrində kamal dərəcəsinə çatması və mədəniyyətin müxtəlif sahələrində mümkün qədər yüksək məharət göstərməsi deməkdir.

   Dahi mütəffəkir M.F.Axundzadə həmin əsərində literatur (bədii ədəbiyyat-İ.A.) anlayışına belə tərif verir: literatur-istər nəsr və istərsə də nəzm ilə olsun, hər cür əsərə literatur deyilir.

   Müəllif həmin əsərində fanatik ifadəsini belə izah edir: fanatik-o şəxsdən ibarətdir ki, dini-məzhəb qeydlərinə o dərəcədə bağlı olur və ya öz millətinin təəssübünü o dərəcədə çəkir ki, öz din və məzhəbinə zidd olanlara və ya öz millətinə mənsub olmayanlara qarşı şiddətli ədavət bəsləyir. Onlara nifrət edir və fürsət düşəndə onların malına, canına və namusuna qəsd etməkdən çəkinmir, onlara rəhm etməyi əsla rəva görmür .

   Böyük ədib özünün "Kəmalüddövlə məktubları" əsərində vicdan azadlığı məsələsinə də toxunmuşdur. Əsərdə göstərilir":Avropa ölkələrində insanların hər bir fərdinə öz fikirlərini, istər yalnış və zərərli olsun, istərsə də doğru və faydalı, azad şəkildə yaymaq icazəsi verilən gündən bəri dünyanın hər bir yerində dinsizlər baş qaldırıb öz fikirlərini qələmə almaqdadırlar. Ancaq heç kəs onlara mane olmur və onları incitmək fikrinə düşmür". M.F.Axundzadənin bu ifadəsinin, məhz, o zaman-Çar Rusiyası dövründə əhalinin, vicdan azadlığı kimi, mühüm konstitusion hüququndan söhbət açdığını göstərirdi.

   M.F.Axundzadə həmin əsərində daha sonra göstərirdi: "Ümumiyyətlə, adam öldürmək cəzasından mümkün qədər çəkinərdilər. Casuslar vasitəsilə alınan xəbərlərin düz olub-olmaması ətrafında çox ciddi yoxlama işləri aparardılar". Başqa sözlə, böyük ədib və filosof M.F.Axundzadə, prinsip etibarilə, müstəsna cəza tədbiri-ölüm cəzasının əleyhinə olmuşdur. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev Prezident səlahiyyətlərindən istifadə edərək, respublikamızda ölüm cəzasının ləğv edilməsi haqqında 3 fevral 1998-ci il tarixdə Aazərbaycan Respublikasının Milli Məclisinə müraciət etmiş və 10 fevral 1998-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən cinayət qanunvericiliyinə dəyişiklik edilərək, Şərqdə ilk dəfə olaraq, müstəsna cəza tədbiri-ölüm cəzası ləğv edilmişdir.

   Böyük mütəfəkkir M.F.Axundzadə "Kəmalüddövlənin birinci məktubu"nda göstərirdi":Heç kəsi, təqsiri sübut olmadan, işdən, vəzifədən çıxarmazdılar". Başqa sözlə, M.F.Axundzadənin bu fikrini müstəqil dövlətimizin ilk Konstitusiyası olan 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasının rüşeymi kimi qəbul etmək olar.

   Müəllif həmin əsərində daha sonra göstərir":Ömürlərini dövlətə xidmət işinə sərf edib, qocalan adamların özlərinə və ailələrinə təqaüd təyin edərdilər". Böyük mütəfəkkir M.F.Axundzadənin bu ifadəsi isə dövlət qulluğunun əsas təminatları olan maddi təminat hüququ haqqında fikirləri kimi qəbul etmək olar.

   Həmin əsərində "Hər bir şəhərdə kişilərlə qadınlar üçün dövlət tərəfindən ayrıca xəstəxanalar təşkil olunmuşdu" deməklə, böyük mütəfəkkir M.F.Axundzadə cəmiyyətdə kişi ilə qadının hüquq bərabərliyindən, başqa sözlə, hələ çar mütləqiyyəti dövründə, bugün Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş "Kişi ilə qadının eyni hüquqları və azdalıqları vardır" prinsipindən bəhs edirdi.

   Böyük mütəfəkkir həmin əsərində "Hal-hazırda Fransa və İngiltərədə hətta eşşəkləri, atları, öküzləri belə vurub incitməyə icazə verilmir. Lakin İranda despotun əmri ilə yüksək vəzifə sahibi olan əmirlərin belə ayaqlarını fələqqəyə qoyub çubuqla döyürlər və birazdan sonra həmin rüsvay edilmiş əmirləri sərdar və vəzir rütbəsinə qaldırırlar, eyni zamanda onlardan sədaqət və səmimiyyət gözləyirlər" deməklə, müəllif fiziki cəzaların, hətta heyvanlarla amansız davranışın əleyhinə olmuşdu. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsində göstərilir: "Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçatmaq məqsədi daşıya bilməz", başqa sözlə, qüvvədə olan cinayət qanunvericilində cinayət törətmiş şəxslərə fiziki cəzanın verilməsi nəzərdə tutulmamışdı.

   Böyük ədib həmin əsərdə qeyd edir":Hər bir qanmaz ata öz uşağını təlim və tərbiyə məqsədi ilə məktəbdarın yanına apararkən, öz uşağının yanında məktəbdara, hər şeydən əvvəl, bu sözləri deyir:

   -"Molla! Mən bu oğlumu sənə tapşırıram. Əti sənin, sümüyü mənim...onu yaxşı tərbiyə elə!...".

   Nadan molla da ona cavabında deyir:

   -"Xatircəm ol, çubuq və fələqqə həmişə onun gözünün qabağında olacaqdır".

   Soruşulur:belə bir yolla tərbiyə olunan uşaqdan böyüyəndə nə kimi insanlıq, mərifət, alicənablıq, nəcib rəftar və qanacaq gözləmək olar? Bundan da təəccüblü Maarif Nazirliyinin qəflətdə olmasıdır ki, bu cür hərəkətləri məktəbdarlara qadağan etmir.

    Ümumiyyətlə, dahi filosof M.F.Axundzadə orta əsrlərdə, həmçinin, Çar Rusiyası dövründə Şərq ölkələrində mövcud olan tədris prosesində fiziki cəzanın-bədən cəzasının da əleyhinə kəskin çıxış etmişdir.

   Mirzə Fətəli Axundzadə 1850-1855-ci illərdə 6 böyük komediyası-"Hekayəti-molla İbrahimxəlil kimyagər" (1850), "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" (1850), "Hekayəti-xırs quldurbasan" (1851), "Sərgüzəşti-vəziri-xani Lənkəran" (1851), "Sərgüzəşti-mərdi-xəsis və ya Hacı Qara" (1852), "Mürafiə vəkillərinin hekayəti" (1855) adlı komediyaları ilə nəinki Azərbaycanda, bütün Yaxın Şərqdə dramaturgiya janrının əsasını qoymuşdur.

   M.F.Axundzadə bu əsərlərində mütləqiyyət dövrünün idarəçilik üsullarını, Şərq xalqları arasında sürən avamçılığı, dini-xürafatın, əhalinin, o cümlədən ictimai şüurun formalaşmasına açıq təsirini kəskin tənqid etmişdir.

   Müəllif dram əsərlərində bu sahədə Çar Rusiyasının milli ucqarlarında, o cümlədən Azərbaycanda da vəziyyətin daha ağır olmasını bədii boyalarla göstərə bilmişdir.

   Çar usiyası dövründən milli ucqar hesab edilən Azərbaycanda vəkillik institutu haqqında görkəmli ədib, dramaturq, filosof və dövlət xadimi M.F.Axundzadənin yazdığı "Mürafiə vəkillərinin hekayəti" əsərini oxumaqla və ya bu yaxınlarda tamaşaya qoyulmuş həmin tamaşaya baxmaqla bununla bağlı kifayət qədər düzgün təsəvvürlər əldə etmək olar.

   Dramaturq "Mürafiə vəkillərinin hekayəti" komediyasında Çar Rusiyası dövründən Azərbaycanda vəkillik xidmətinin xalqa yabancı mahiyyətini açıb göstərməklə, bu institutun sinfi mahiyyətini kəskin tənqid etmişdir. Lakin müəllif çar senzurasından yayınmaq məqsədilə hadisələrin Cənubi Azərbaycanın Təbriz şəhərində baş verməsini göstərmişdir. M.F.Axundzadə bu əsərində, hətta hakim sinfin nümayəndələri və varlıların da heç də hamısının vəkillik xidmətindən istifadə edə bilməməsini göstərmişdir. Belə ki, yalnız öz hüquqlarını bilən, vəkillik institutu haqqında az-çox məlumatı olanlar vəkillik xidmətindən yararlanırdılar.

   Cəmiyyətin aşağı təbəqəsinin, kasıbların isə vəkillik haqqında elementar məlumatları olmadıqlarından, həmçinin, maddi cəhətdən imkansızlıqlarından vəkillik xidmətindən, ümumiyyətlə, kənarda qalmışdılar.

   "Mürafiə" sözü ərəb mənşəli olmaqla, məhkəmə prosesi, mühakimə olunma, məhkəmə sözləri kimi başa düşülür.

   M.F.Axundzadənin əvvəlki komediyalarından fərqli olaraq, "Mürafiə vəkillərinin hekayəti"ndə hadisələr Cənubi Azərbaycanda, Təbriz şəhərində cərəyan edir. Ümumiyyətlə, bu komediyadan etibarən M.F.Axundzadə əsas əsərlərinin mövzusunu İran həyatından almışdır. Bunun əsas səbəbi müəllifin öz yaxasını Çar senzorunun təqiblərindən qurtarmaq olmuşdur. Qafqaz canişinliyində məsul vəzifədə çalışan M.F.Axundzadə məhkəmələrin və məhkəmə məmurlarının eyiblərini açıq və kəskin tənqid edə bilməzdi. Odur ki, sonuncu dram əsərində o, hadisələri Təbrizə keçirməyə məcbur olmuşdu. Lakin əsərdə müəllif dolayı yolla yerli məhkəmələrin qanunsuzluğunu, özbaşınalığını və rüşvətxorluğunu da kəskin satira atəşinə tuturdu

   Qeyd etmək yerinə düşər ki, şəriət qanunlarına görə vərəsəlik hüququna yalnız kişinin kəbin kəsilmiş arvadı malikdir. Müsəlman kişiləri-siyqə, mütə yolu ilə iki və daha çox arvad ala bilərdilər. Lakin onlar bütün vərəsəlik hüquqlarından məhrum edilirdilər.

   M.F.Axundzadənin həmin əsərdəki fikirləri, onun vəkillərin rüşvət müqabilində məhkəmə prosesində haqsızı necə haqlı etməyə cəhd etmələrini ciddi surətdə tənqid edərək, rüşvət alan, haqlını qoyub, haqsızı müdafiə edən vəkilləri bədii boyalarla ifşa etmişdir.

   Müəllifin "Mürafiə vəkillərinin hekayəti" əsərindəki Ağa Mərdan obrazının mövqeyi, işə münasibəti, aldığı rüşvət müqabilində sübutları saxtalaşdırması Çar Rusiyasının milli ucqarlarında, o cümlədən Şimali Azərbaycanda fəaliyyət göstərən vəkillərin böyük əksəriyyəti üçün xarakterik idi.

   Böyük ədib, dramaturq, filosof, dövlət xadimi M.F.Axundzadənin fəaliyyətinin ən önəmli faktlarından biri də onun ərəb əlifbasından latın qrafikalı əlifbaya keçmək haqqında apardığı mübarizəsi olmuşdur.

   1857-ci ildə M.F.Axundov ərəb qrafikası əsasında yeni əlifba tərtib etmiş və əlifba islahatı uğrunda fəal mübarizə aparmağa başlamışdı. Bu məqsədlə o, 1863-cü ildə İstanbula gedib, layihəni Türkiyənin baş naziri Fuad Paşaya təqdim etmişdi. Layihə baş nazirin göstərişi ilə "Cəmiyyəti-Elmiyeyi Osmaniyyə"də müzakirə olunur. Burada M.F.Axundzadənin əlifba layihəsi təqdir olunsa da, onu həyata keçirmək üçün heç bir tədbir görülmür.

   Bu uğursuzluq M.F.Axundzadəni ruhdan salmamış, əksinə fəaliyyətini böyük səy və ehtirasla davam etdirərək, ərəb əlifbası əsasında ikinci bir layihə, nəhayət isə latın qrafikası əsasında yeni bir layihə hazırlamışdı. Lakin həmin dövrün dini-xürafatı M.F.Axundzadənin ərəb əlifbasından latın qrafikalı əlifbaya keçmək ideyasını həyata keçirməsinə imkan verməmiş, onun bu ideyası bir arzu olaraq qəlbində qalmışdı.

   Bir məqalə həcmində M.F.Axundzadənin əsərlərində dövlət və hüquq haqqında görüşlərinin hamısını əhatə etmək qeyri-mümkündür. Onun əsərləri tükənməz bir ideyalar xəzinəsidir. Ona görə də ictimaiyyət onun dövlət və hüquq haqqında baxışlarını əks etdirən daha sanballı əsərlərin yazılması arzusundadır.

 

 

   İlham Abbasov,

   Ədliyyə Nazirliyi Ədliyyə

   Akademiyasının prorektoru-

   hüquq üzrə fəlsəfə doktoru

 

   Ədalət.-2012.-12 may.-S.9.