"Azərbaycan pələngi" Hacı Məhəmməd Əli Müslümzadə

 

Veteran samboçular arasında dünya çempionu İslam dinini qəbul etdikdən sonra həyatında böyük dəyişiklik baş verdiyini deyir

 

Hacı Məhəmməd Əli Müslümzadə maraqlı söhbətləri ilə hamının diqqətini cəlb etməyi bacarır. Cüssəli, yaşından cavan görünən və ünsiyyət qurmağı sevən bu insan mürəkkəb həyat yolu keçib.

 

   Bakılı balası Vitali Opuşkin...

 

   Yazının əvvəlində onu bu adla təqdim etməyə məhkumam. Çünki həmsöhbətim dünyaya gələndən sonra ömrünün böyük bir hissəsini Vitali Opuşkin kimi yaşayıb və tanınıb.

   Vitali Opuşkin 1949-cu ildə Bakıda doğulub: "Uşaqlıq illərim Keşlə qəsəbəsində keçib. Məhəllədəki yaşıdların əksəriyyəti kimi dalaşqan idim. Bir günüm də dava-dalaşsız olmazdı. Yaşıdlarımı, özümdən böyükləri döyürdüm. Nə gizlədim, hərdən bir döyülürdüm də. Kriminal aləmə düşməyim necə deyərlər, bir an məsələsi idi. Yaxşı ki, qarşıma xeyirxah insanlar çıxdı. Yoxsa məhv olub gedəcəkdim. Onların məsləhətinə qulaq asıb "Spartak" cəmiyyətində sambo ilə məşğul olmağa başladım. İlk məşqçim Akif Məmmədov mənə bu idman növünün sirlərini öyrətdi. İndi həmin günləri xatırlayanda gözlərim dolur. Doğrudan da belə yaxşı insanlar qarşıma çıxmasaydı yəqin ki, məhv olub getmişdim".

 

   ...sonra "Azərbaycan pələngi" oldu

 

   Gənc yaşlarından idmanla ciddi məşğul olan Vitali özünü samboda sübut etmək üçün üzərində yorulmadan çalışır. Nəticə də özünü çox gözlətmir. Həm respublika, həm ümumittifaq, həm də beynəlxalq səviyyəli yarışlarda medallar qazanır, təbrikləri qəbul edir, titulları sıralayır. Sambo və cüdo üzrə SSRİ idman ustası dərəcəsi alır. Tanınmış idmançının bir qeyri-rəsmi titulu da var- "Azərbaycan pələngi". Qoy bu haqda "Azərbaycan pələngi" özü danışsın: "Bu şərəfli adı da yarışda qazanmışam. Özü də bu adı mənə SSRİ-də sambo məktəbinin yaradıcısı Anatoli Xarlampiyev verib. Bakıda beynəlxalq turnir keçirilirdi. Yarışa dünyanın müxtəlif ölkələrindən titullu idmançılar qatılmışdı. İspaniyalı Avropa çempionu Santana Zlomisa da onların arasında idi. Bu məşhur idmançını məğlub edəndən sonra Xarlampiyev mənə "Azərbaycan pələngi"-deyə müraciət etməyə başladı".

 

   İndi isə hamı onu Hacı Məhəmməd Əli kimi tanıyır

 

   Müxtəlif yarışların qalibi bu gün də idmandan kənarda deyil. Məşqçi kimi təcrübəsini gənclərimizə öyrədir. Yetirmələri arasında tanınmış idmançılar çoxdur. Bir zamanlar onu düzgün yola dəvət edən insanların hərəkətini təkrar edir. Neçə-neçə gənci idmana cəlb etməklə onları kriminal aləmdən, cinayət əməllərindən uzaq tutmağa çalışır.

   Müsahibimiz tez-tez veteranlar arasında keçirilən müxtəlif yarışlara qatılır. "Azərbaycan pələngi"nin bu yaşda nəyə qadir olduğunu sübut etməyi bacarır. Təsadüfi deyil ki, 2007-ci ildə Minskdə keçirilən veteran samboçular arasında dünya çempionatının qalibi olub. Doğulub boya-başa çatdığı Azərbaycana dünya çempionu kimi qayıdıb.

   Son illər onun həyatında çox böyük dəyişiklik baş verib. Vitali Opuşkin İslam dinini qəbul edib, Həcc ziyarətinə gedib. İndi hamı onu Hacı Məhəmməd Əli Müslümzadə kimi tanıyır.

   Hacı Məhəmməd Əli bu addımını belə izah edir: "Bütün insanlar kimi mənim də həyatımda acı günlər də olub, xoş anlar da. Həyat məni çox sınağa çəkib. Bir müddət Almaniyada yaşadım. Orada qulluq edən sovet qoşunlarında məşqçi kimi çalışırdım. Yaxşı pulum, bahalı avtomobilim var idi. Elə bilirdim ki, məndən xoşbəxt adam yer üzündə yoxdu. Amma sonra baş verən hadisələr bir daha sübut etdi ki, yalnız maddi məsələlərə söykənən xoşbəxtlik müvəqqətidi. Həyatda elə an olur ki, bu bərbəzək bir andaca puç olub gedir. Mən bunu öz həyatımda gördüm. Almaniyadan qayıtdıqdan sonra çox ağır günlər keçirdim. 30 ildən çox bir yerdə ömür sürdüyüm həyat yoldaşım məni ən ağır günlərimdə atıb getdi. Dəhşətli vəziyyətə düşmüşdüm. Dəfələrlə intihara cəhd etdim. Lakin bu zaman yenə qarşıma xeyirxah insanlar çıxdı. Azərbaycanlı dostlarım mənə Qurani-Kərimi oxumağı məsləhət gördülər. Bu müqəddəs kitabı oxuyandan sonra məni narahat edən suallara cavab tapa bildim. Anladım ki, Allah səbirli insanları sevir.

   Quranı oxuduqca sanki başqa bir aləmə düşürdüm. Bir daha əmin oldum ki, İslam dinində böyük bir qüdrət var. Həyatımda ən vacib bir qərarı verdim-bütün prosedurları keçib müsəlmanlığı qəbul etdim. İslam nizam-intizam sevən dindir. Oruc tutmaq insanda iradəni gücləndirir, nəfsə qalib gəlməyin yollarını göstərir. İslamı qəbul etdikdən sonra həyatımda böyük dəyişiklik baş verdi. Özümü daha güclü, yenilməz hiss edirəm. Bununla belə, ətrafımdakı insanlara daha həssas, diqqətli olmağa, mərhəmət göstərməyə başlamışam. İslam dini mənə çoxlu dostlar qazandırıb. Həmin qardaşlarımla dini mərasimlərdə iştirak edir, sevincimizi dərdimizi bölüşürük.

   İdmanla yeni məşğul olan gənclərə həyatımda baş verənlərdən danışıram. Çalışıram ki, gənclərimiz düz yol tutsunlar, Allahın dəvət etdiyi yoldan yaxşısı olmadığını dərk etsinlər. Zərərli vərdişlərdən uzaq olsunlar, namaz qılmağı, oruc tutmağı öyrənsinlər".

   Məhəmməd Əli Müslümzadə İslam dinini qəbul etdikdən sonra Zərifə xanım adlı azərbaycanlı qadınla evlənib. Ən böyük arzusuna da çatıb- Müqəddəs Kəbəni ziyarət edib.

 

 

  Etibar CƏBRAYILOĞLU

 

  Ədalət.-2012.-12 may.-S.12.