Böyük şəcərənin həlqələri - Axundovlar nəsli

 

  14 may görkəmli siyasi-ictimai xadim Vəli Axundovun doğum günüdür

 

  Saray Bakının tarixi çox qədim olan kəndlərindəndir. Tarixi mənbələrə görə, hələ XIII əsrdə burada insanlar məskunlaşmışlar. "Saray" termininin farsca və türkcə lüğəti mənası qəsr, iqamətgah deməkdir. Orta əsrlərdə karvan yolları Saray kəndinin ərazisindən keçərmiş və burada böyük bir karvansaray varmış. Monqolların Azərbaycana hərbi yürüşləri zamanı karvansaray dağıdılmış, yaşayış məntəqəsinin adı da ixtisar nəticəsində "Saray" kimi işlədilmişdir. Saray kəndi qədim abidələrlə zəngindir

   Sarayın barlı- bərəkətli torpaqları ən nadir təbiət florasının burada yetişməsinə zəmin yaradır. Şoran torpağın yetişdirdiyi- bal dadan badamı, ənciri, şanısı, püstəsi, innabı, ətir saçan zəfəranı dillərdə dastana çevrilmişdir. Lakin barlı- bərəkətli, saf təbiətli Saray elə torpağının özü kimi müdrik və ziyalı insanları ilə də məşhurdur. Təkcə Azərbaycan tarixində rəhbərliyin yaxşı nümunələrindən sayılan böyük şəxsiyyət, görkəmli siyasi və ictimai xadim Vəli Yusif oğlu Axundovun adını çəkmək kifayətdir ki, Saray kəndinin ziyalı aurası haqqında təsəvvür yaransın.

   Hər bir dövrün quruluşuna uyğun liderləri, bütöv bir ölkənin, xalqların mövcudluğunu şərtləndirən, hadisələrin gedişində həlledici rol oynayan şəxsiyyətləri olur. Vəli Axundov da Azərbaycana rəhbərlik etdiyi 1959- 1969- cu illər ölkədə ictimai- siyasi vəziyyətin mürəkkəbliyinin yumşaldılması, mədəniyyət və incəsənət sahəsində böyük intibahı ilə tariximizdə parlaq bir səhifə kimi qalır. 10 il ərzində ölkəyə rəhbərlik etmiş şəxs kimi silinməz izlər qoyub getmiş Vəli Axundovun fəaliyyəti barədə çox saylı sənədlər, onun məruzə və çıxışları, 200-dən çox elmi əsəri, bir də xalqımızın yaddaşında əsil ziyalılıq və nəciblik təcəssümü kimi yaşaması amili dayanır.

   Qayğıkeş həkim, istedadlı alim, görkəmli ictimai xadim akademikVəli Axundov haqqında ən dəyərli fikri onun 80 illik yubileyinin keçirilməsi haqqında fərman vermiş ulu öndərimiz Heydər Əliyev yubiley təntənəsi zamanı öz məruzəsində geniş şərh etmişdir. Heydər Əliyev Vəli Axundovun şəxsi məziyyətləri haqqında ürəkdolusu və böyük minnətdarlıq hissi ilə danışması hələ də ölkə ictimaiyyətinin yaxşı yadındadır.

   1916- cı ilin mayın 14- də Bakının Saray kəndində əsilzadə ruhani ailəsində dünyaya göz açmış Vəli Yusif oğlu Axundov həm də bacarıqlı bir həkim kimi təkcə respublikamızda deyil, məhz doğulduğu kənddə də həkimlik peşəsinin sanki ideolojı təbliğatçısı kimi öz həmkəndlilərindən də çoxsaylı ardıcılı olmasına səbəb olmuşdur. Vəli Axundov fəaliyyətinin ən şərəfli dövrlərindən biri də Tibb İnstitutunun məzunu kimi məhz 2-ci Cahan Savaşında faşizmə qarşı mübarizədə yaralanmış əsgər və zabitləri peşəkarcasına cərrahi əməliyyat edərək həyata qaytarması və Berlinədək rəşadətli döyüş yolu keçməsidir.

   SSRİ- nin tərkibinə daxil olduğu illərdə Azərbaycana rəhbərlik etmiş Vəli Axundov öz fəaliyyəti dövründə imperiyanın milli siyasətə vurduğu ən naqis zərbələri hiss etsə də, milli təəssübkeşliyi və millətsevərliyi onu bir çox risklərdən çəkindirə bilməmişdir. O, Moskvadakı yüksək vəzifəli məmurları dəfələrlə və israrla inandırırdı ki, məsələn, Metropoliten tikilməsi Yerevanla müqayisədə Bakıdan ötrü qat- qat vacibdir. Ölkəmizə rəhbərliyi illərində bir qrup erməni ziyalısının Azərbaycanın incisi sayılan Qarabağı Ermənistan ərazisinə ilhaq etməklə bağlı Sov.İKP MK- ya göndərdiyi müraciət və Moskvanın bu müraciəti hərarətlə dəstəkləməsinin qarşısını almaq üçün Vəli Axundov ən çətin dramatik məqamlardan keçmişdir. Həmin prosesi dayandırmaq üçün bütün iradəsini, elmi erudisiyasını səfərbər edərək bunun yolverilməzliyini, Qarabağın qədim Azərbaycan torpağı olduğunu Vəli Axundov Moskvanı inandıra bilmişdi. 1960-ci illərin əvvələrində Sov. İKP MK-dan Azərbaycan KP MK-ya Sovet Azərbaycanın rəhbərliyinə bir müraciət daxil olmuşdur. Bu müraciət ABŞ-ın Boston şəhərində 18 oktyabr 1960- ci ildə "Baykar" ("Mübarizə") qəzetində dərc olunmuş bir müraciət idi. Həmin qəzet erməni Milli burjuaziyasının orqanı olmaqla, ABŞ-da yaşayan erməni diasporunun maraqlarını ifadə edən bir mətbuat orqanı kimi fəaliyyət göstərirdi. Məqalədə Sovet Azərbaycanının ünvanına boğazdan yuxarı tərif yağdıran qəzet yazırdı: "Respublikalarg Ermənistanı və erməni xalqını uğurlu birləşmə münasibətilə təbrik edəcəkg Onlar Ermənistan hakimiyyət orqanlarına hədiyyələr gətirəcəklər. Bütün hədiyyələrdən ən gözəlini və ən qiymətlisini qardaş Azərbaycan hədiyyə edə bilər. Bu hədiyyə istər Sovet Ermənistanında yaşayan, istərsə də beş qitədə yaşayan bütün ermənilər tərəfindən böyük səadət, və xoşbəxtlik və ən böyük hörmət kimi qəbul olunacaqg Bu böyük mükafat sovet-erməni dövlətinin yaranmasının 40 illiyi münasibətilə ermənilərə məxsus Naxçıvanın və Qarabağın onlara verilməsi ola bilər. Bununla da sovet dönəmindən əvvəlki dövrdə baş vermiş faciələr, qırğınlar unudular və ermənilərin yaraları qaysaq bağlayaraq xoşbəxtliyə qovşardıg". Bu işdə Sovet rəhbərliyində güclü mövqeyə malik A. N. Mikoyanın da əli vardı. O Azərbaycana sovet rəhbərliyinin əli ilə təzyiq göstərərək Azərbaycanın öz əli ilə əzəli, dədə-baba torpaqlarını "öz xoşları" ilə Ermənistana "hədiyyə" etdirmək istəyirdi. Xaricdə yaşayan erməni diasporu Mikoyanı satın alaraq bir gülə iki dovşan vurmaq istəyirdi. Məqsəd bir tərəfdən qansız-xatasız Naxçıvanın və Qarabağın Ermənistana birləşdirilməsminin təmin olunmasına nail olmaq idig Bu işin necə dərin köklərə malik olduğunu ən yaxın tariximizdə baş verən hadisələr bir daha təsdiq etdi. Həmin məsələylə bağlı V. Axundov və MK Bürosunun təklifi ilə bu məsələyə baxılmaq üçün komissiya yaradıldı. Komissiyaya respublikanın partiya-sovet orqanlarının məsul işçiləri, görkəmli elm xadimləri daxil edildilər. Azərbaycan rəhbərliyinin bu məsələdə mövqeyi birmənalı idi və tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə əsaslandırılırdı. İttifaq hökümətinin sənədləri ilə tanışlıqdan sonra məsələ Sov. İKP MK-nın Katibliyində müzakirə olunur. MK-nın Rəyasət Heyətinin gündəliyinə salınır. Həmin iclasda Azərbaycan rəhbərliyinin mövqeyi qəti şəkildə ortalığa qoyulur. Mikoyanın başçılıq etdiyi siyasi dəstənin bütün xəyalları alt-üst edilərək Ermənistan rəhbərliyinin "məxməri" ərazi dəyişkənliyi ideyasının mümkün olmadığı sübut edilir. Nəticədə N.S.Xruşşov əvvəlcədən hazırlanmış və Rəyasət Heyətinin müzakirəsinə çıxarılacaq, Azərbaycanın milli maraqlarına uyğun olmayan bu sənədi əlinə götürərək bir tərəfə atır, respublikalar arasında heç bir ərazi dəyişkənliyi olmayacağını baş katibə qətiyyətlə bildirir: " Bu məsələni bir də qaldırmayın!". Məhz Vəli Axundovun və respublikanın digər məsul rəhbərlərinin qətiyyətli mövqeyi sayəsində Xruşşovun hakimiyyəti dövründə bu məsələ bir də müzakirəyə çıxarılmadı. Beləliklə, məhz Vəli Axundovun fəaliyyəti dövründə və xidmətləri sayəsində erməni separatçılarının əsassız iddiaları ilə Qarabağın Azərbaycandan qoparılması, Dağlıq Qarabağ ərazisində azərbaycanlı- erməni qarşıdurmasının və toqquşmasının qarşısı sonradan SSRİ- yə rəhbərlik etmiş L.İ.Brejnev tərəfindən də qətiyyətlə alındı...

   Şübhəsiz, 60-cı illərdə Azərbaycan elmində, mədəniyyətində, incəsənətində baş verən intibahı qiymətləndirməmək mümkün deyil.

    XIX əsrin ikinci yarısında və XX əsrin əvvələrində milli fəlsəfi fikir ədəbiyyat və incəsənət sahəsində əldə olunan nailiyyətlərə söykənən Azərbaycan elmi, mədəniyyəti ötən əsrin ortalarında əsl inkişaf dövrünü yaşadı.

   Vəli Axundovun dərin humanizmi, sakit təbiəti, müdrik düşüncə tərzi, sivil daxili aləmi, həqiqətə söykənən ciddiliyi, əqidəli və kamil bir şəxsiyyət olması onu özündən əvvəlki sələflərindən fərqləndirən əsas xüsusiyyətlərdən idi. Yüksək insani keyfiyyət, səmimilik bu görkəmli şəxsiyyətlə birgə doğulmuşdu, hümanistlik onun təbiətindən əsil-nəcabətindən ona ötürülmüş qiymətli bir sərvət idi. O, həyatı boyu böyük fəxrlə Azərbaycan xalqının ruhani ziyalılığını təmsil edən, sayılıb-seçilən qədimdən- qədim, əsil-nəslinin ən yaxşı ənənələrini yaşatdı və gələcək nəsillərə ərməğan etdi. Bir fransız mütəfəkkirinin fəlsəfi bir deyimi burada necə də gözəl səslənir.. "Günəş doğanda və qüruba enən zaman ancaq dağların zirvəsini işıqlandırdığı kimi, keçmiş və gələcək də dahi insanların əməllərindən o cür işıqlanır." Bu böyük şəxsiyyətin həyatına və fəaliyyətinə nəzər salanda bu kəlamın müdirikliyinə bir daha əmin oluruq.

   Vəli Axundov Azərbaycana, onun iqtisadiyyatının və mədəniyyətinin inkişafına, xalqın adət- ənənələrinə hədsiz qayğı ilə yanaşırdı. Bakıya oxumağa gələn kənd cavanlarının ali təhsil aldıqdan sonra öz kəndlərinə qayıdıb ailə qurması, kəndlərin abadlaşdırılması, fərdi yaşayış evlərinin tikintisi üçün geniş meydan açılması, Abşeron bağlarının abadlaşdırılması onun başlıca qayğılarından idi. Vəli Axundovu bu günün prizmasından xarakterizə edərkən belə bir hikmətli kəlam da yada düşür: "Ağıl elə bir qiymətli gövhərdir ki, o ciddilik çərçivəsində daha gözəl bərq vurur".

   Bəli, həqiqət də budur ki, Vəli Yusif oğlu Axundovun müasirləri onu məhz ziyalı və xeyirxah, demokratik və həqiqətpərvər, şəffaf və təmiz, Şərq və Qərb klassiklərinin gözəl bilicisi, şair təbiətli insan kimi dərin ehtiramla yad edirlər. Cəmiyyətimizə yadigar qoyub getdiyi övladları- alim, ictimai xadim, diplomat xanım Nigar Axundova, oğlu, mərhum Oqtay Axundov da valideynlərinin şərəfli ömründən nümunə götürmüş, onun həyat kredosuna layiq bir övlad kimi ideyalarına və düşüncələrinə sədaqətini əməlləri ilə təsdiq etmişlər.

   Vəli Axundovun qardaşları- Kamal və Nazim, bacısı Rəna xanımın və onların övladlarının da bu qəbildən ictimaiyyət arasında böyük hörməti və nüfuzu vardır. Gənclik şəhəri Sumqayıta rəhbərliyi dövründə Kamal Yusif oğlu Axundovun şəhər sənayesinin tikintisindəki titanik xidmətləri, Nazim Axundovun isə fenomen bir cərrah kimi Pediatriya İnstitutundakı fəaliyyəti insanlar tərəfindən daim rəğbətlə qarşılanıb.

   ...Ağababa Əli oğlu Axundov da bu məşhur nəsil şəcərəsinin davamçılarından idi. 1940-cı ilin noyabrın 10- da Sarayda doğulan Ağababa Axundov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra mütəxəssis kimi iqtisadiyyatın bir çox sahələrində işləmişdir.

   1996- cı ildən ömrünün son gününədək Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. Onun təşkilatçılıq səriştəsi, işgüzarlığı, təşəbüsskarlığı, müdrik bir el ağsaqqalı olması ona nəinki qəsəbədə, ətraf Abşeron kəndlərində də böyük hörmət və nüfuz qazandırmışdır. 1961- ci ildən Abşeron rayonuna bənd edilən Saray qəsəbəsi hələ o dövrdən ən inkişaf etmiş, abad, firavan qəsəbələrdən sayılır. Son illər Abşeron rayonunda abadlıq və quruculuq işlərinin geniş vüsət almasının ən fəal iştirakçısı kimi doğma qəsəbəsi, qədim Sarayın müasir yaşayış məntəqəsinə çevrilməsində, burada infrastruktur layihələrin uğurla gerçəkləşməsində, qəsəbənin mərkəzi küçələrinin abadlaşdırılaraq əsil prospekt görkəminə salınmasında, yeni inzibati binaların tikilməsində, yolların çəkilməsində, həmkəndlilərini narahat edən problemlərin aradan qaldırılmasında Ağababa Axundovun göstərdiyi əzm və fədakarlıq hər bir saraylının dərin rəğbətinə səbəb olmuş və bu gündə o, böyük hörmət və rəhmətlə anılır. Onun xidmətləri nəinki rayon rəhbərliyi, dövlət başçısı tərəfindən də yüksək qiymətləndirilərək "Vətənə xidmətə görə" ordeninin 3- cü dərəcəsi ilə təltif olunmuşdur.

   ...Çox yaxşı yadımdadır, 1999- cu ilin may ayının 14- də Ağababa Axundovun təşəbbüsü və şəxsi vəsaiti ilə Saray qəsəbəsinin mərkəzində görkəmli alim və ictimai xadim Vəli Axundovun adını əbədiləşdirən barelyef abidə və istirahət parkının açılışı zamanı mərasimə toplaşan görkəmli alimlər və ictimai xadimlər, Milli Məclisin üzvləri, rayon rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri bu təəssübkeşliyi və nəcibliyi təqdir edərək qəsəbədə gördüyü böyük işlərə görə onu Axundovlar nəslinin layiqli davamçısı hesab edirdi.

   Hər bir insan özündən sonra yaxşı və ya pis bir iz qoyub gedir. Əlbət ki, Axundovlar şəcərəsindən olan bu iki nurlu şəxsiyyət haqqında yazımız heç də təsadüfi deyil. Tale elə gətirmişdir ki, Vəli Axundovun anadan olduğu gün məhz onun çox yaxın qohumu Ağababa Axundovun 40 mərasimi ilə eyni günə düşür. Bütün şüurlu həyatı boyu amalını insanlara xidmətdə görən, çətin dövrdə bütöv bir respublikaya başçılıq edən işıqlı şəxsiyyət Vəli Axundov və eyni həyat qayesi ilə öz doğma kəndinə 20 ilə yaxın rəhbərlik etmiş el ağsaqqalı Ağababa Axundov da gələcək nəsillərə örnək olası şərəfli bir ömür yaşamış, özlərindən sonra zəngin bir irs və dərin bir iz qoymuşlar. Hələ neçə illər xeyirxah və nəcib əməlləri onları insanların yaddaşında məhz yaxşı insan kimi xatırladacaqdır.

 

 

   Ədalət.-2012.-12 may.-S.13.