YAXŞI
Kİ, SƏN VARSAN, AY MUSA YAQUB...
ƏDƏBİ
HƏYAT
Gözəl şairimiz Musa Yaqubun
bu may günlərində 75 yaşı tamam olur.
Bu gün Azərbaycanın elə
bir kəndi, şəhəri yoxdu ki,Musa Yaqubu orada
tanımasınlar. Kökdən, bünövrədən təbii
şair olan Musa öz poeziyasında da bu təbiiliyi bir sərvət
kimi yaşadır.
Adətən, şairlərin
adı qarşısında sıra-sıra təyinlər
işlədirlər: "milli şair", "beynəlmiləlçi
şair", "cəbhəçi şair", "sevgi
şairi", "vətənpərvər şair" və
s. Musa Yaquba "təbiət şairi" deyirlər.
Başqa şairlərin adları qarşısında işlədilən
o təyinlərin ömrü bəzən ötəri,
keçici olur. Amma Musaya "təbiət şairi" deməmək
günahdı.
Çağdaş Azərbaycan
poeziyasında elə bir şair tapılmaz ki, təbiətə,
onun gözəlliklərinə şeir həsr etməsin. Lakin
qətiyyətlə deyirəm ki, Musa Yaqub təpədən-dırnağadək
təbiət şairidir. Hərdən mənə elə gəlir
ki, yarı kənddə, yarı şəhərdə
yaşayan Musa heç cür şəhərli ola bilməz.
O, şəhərdə yeriyən bir qaya
parçasıdır, yarpaqları heç zaman solmayan
yaşıl bir ağacdır-yeriyən ağac..
Oxucu məni qınaya bilər, deyə
bilər ki, hər hansı şairi müəyyən bir
mövzu çərçivəsinə salmaq məhdudluq
deyilmi? İstəyirəm bu suala Musa Yaqubun
aşağıdakı misralarıyla cavab verim:
Burda hər yamacın
çiçəkdir daşı,
Burda hər çiçəyin
şehdir göz yaşı.
Burda şeh damlası bir
üzük qaşı,
Hər qaşın
qızılı qurşağı vardır.
Harda bu saydığım gözəllik
olsa,
Orda Azərbaycan torpağı
vardır.
İsmayıllının Buynuz kəndinə
yolunuz düşsə, Müsa Yaqubun təbiət
poeziyasının sirləri də, möcüzələri də
sizə aydın olar. Musa bu kənddən dünyamıza
boylanır, onun torpağına ayağı dəyəndə
ürəyində mehr çırağı yanır, çəmən
sakitliyi, bulaq dincliyi, könül rahatlığı tapır,
"yaxşı ki, sən varsan, ey ana kəndim" deyir. Musa
Yaqub təbiətdən cəmiyyətə boylanan, cəmiyyətə
təbiətin gözüylə baxan şairdir. Təbiəti
hamı vəsf edə bilər: hamı dağı, dənizi,
gülü, çiçəyi, dərəni, bulağı
gözəl misralarla canlandırar. Amma çox az şairə
nəsib olar ki, təbiətin içində, onun sehr və
möcüzəsində, təzad və burulğanlarında
dünyamızın ahəngini, nəbzini tapa bilsin. Beləliklə,
o şeir "təbiət şeiri", o şair "təbiət
şairi" məhdudluğundan xilas olsun - Musa Yaqub məhz
belə şairdir.
"Yaxşı adamları qoruyaq
gəlin" şeiri Musa Yaqubun proqram tipli şeirlərindəndir.
Musa bu şeiri 40 il əvvəl yazsa da,onun bütün
yaradıcılığına bu şeirin
işığında boylanmaq olar.
Demə ki, çiçəklər
qucaq-qucaqdır,
Qanqallar necə var
yaşayacaqdır,
Yulğunlar necə var
yaşayacaqdır,
Zərif çiçəkləri
qoruyaq gəlin,
Təmiz ürəkləri qoruyaq
gəlin.
Amma qorumaq mümkündümü?
Həmin şeirdən 19 il sonra yazdığı bir
şeirində ("Heyf, heyf") Musa şikayətlənir
ki,indi bir çiçəyin beş ləçəyini
beş ada, beş kökə parçalayan var, allahın
çayına, çayının daşına da bir sifət
yapışdırırlar, yaxşı-yaman elə
qarışıb ki,haqq tərəzisi elə əyilib
ki,tikanlar çəmənə, alaq bostana, çəpərimiz
bağa buraxmaz bizi. Bu əhval-ruhiyyə M.Yaqubun son şeirlərində
də davam edir. Həyatın təzadları,
ömrün-günün qayğıları, məmləkətimizin
dərdləri şairin fikrində, hissində bir təlatüm
yaratmaya bilməz:
Heç insan dilini başa
düşən yox,
Gəlib zərifliklə bir
görüşən yox,
Bir könül səsinə qulaq
asan yox,
Haqqın yazdığına
möhür basan yox,
İlahi, mən hara gəlib
çıxmışam?!
Ömrünü-gününü
şeirə həsr edən Musa Yaqub Azərbaycanın ən
işıqlı ziyalılarından biridir. Mən dəfələrlə
Musanın iştirak etdiyi şeir məclislərində
olmuşam, onun doğulduğu İsmayıllını gəzmişəm.
Oxucularının Musaya ehtiram və rəğbətinin
şahidi kimi deyə bilərəm ki, hamı onu sevir. Və
bu sevgi hardasa Musanın təbiət şeirlərindəki o təbiiliyi,
səmimiyyəti xatırladır. Musa Yaqub Milli Məclisin
üzvü idi, ancaq orada da heç dəyişmədi,yenə
əvvəlki Musalığını saxladı,
üz-gözündə, baxışlarında heç bir rəsmilik,
quruluq, iddia görsənmədi. Lap elə şeirlərinə
oxşayır Musa.
Böyük Azərbaycan şairi,
XX əsrin poeziya ustalarından olan Şəhriyara xüsusi məhəbbəti
var Musanın. Onun şeirlərini oxumaqdan, əzbərləməkdən,
hər misrası üzərində düşünməkdən
yorulmur. Oğlunun adını da Şəhriyar qoyub.
Söz-söz, şeir-şeir birləşir
Vətən,
Sən varsan, biz varıq, ümidlə
varam.
Adınla bir oğul
böyüdürəm mən,
Bu şeiri adınla tamamlayıram.
Musa Yaqub bizim iç
dünyamızı, mənəvi və ruhi dramamızı,
uca Tanrıya gedən yolumuzu təbiət diliylə oxuyan
şairdir. Təbiətdə təkcə gözəlliyi və
sakitliyi yox, böyük dünyanın,
yaşadığımız cəmiyyətin
fırtınalarını yazan şairlərdəndi Musa. Mənim
nəzərimdə təbiət, insan və Allah vəhdətini
öz poeziyasının mehvərinə çevirən Musa həmişə
bu harmoniyaya can atır. O, bu harmoniyanı hiss edəndə məsud
və bəxtiyar, hiss etməyəndə qəmgin və
üzüntülü görünür.
Dünyaya gəlmədim
hayla-harayla,
Bir sakit guşədə, bir
döşdəyəm mən.
Gündüzlər günəşlə,
gecələr ayla,
Səhərlər quşlarla
görüşdəyəm mən.
Hansı çiçəklər
ki burda uyuyar,
O çay ki, yanımdan axar
sübhədək,
O yer ki, nəğməmi eşidib
duyar-
Mənim kainatım burdadır, demək.
Bəli, Musa Yaqubun
"kainat"ı, dünyaya boylanışı o kənddən
başlanır: "Yaxşı ki, sən varsan, ey ana kəndim!".
Şair var ki, dünyadan, ölkələrdən,
qitələrdən yazır, amma dünyadan öz kəndinə
boylana bilmir, Musa isə kəndindən kainatı görür.
Musa qum dənəsində
kainatı arayan şairlərimizdəndir.
May ayı həmişə gözəl
olur.Yüz il bundan əvvəl də, 1918-ci ildə də, lap
elə 1 May bayramını keçirdiyimiz illərdə də...
Yetmiş il bundan əvvəl-gözəl
may günlərinin birində dağlar qoynu
İsmayıllının Buynuz kəndində bir oğlan
uşağı dünyaya gələndə də... O may
günlərində Azərbaycanda ziyalılara qarşı
repressiya tüğyan çağlarını
yaşayırdı və elə İsmayıllının
özündən də neçə nəfəri gedər-gəlməzə
yola salmışdılar. Cavidlərin, Cavadların,
Müşfiqlərin bir də geri dönməyəcəyi
37-ci ildə, neçə ildən sonra bu boşluğu
doldurmağa çalışacaq gələcəyin şairləri,
yazıçıları dünyaya göz açırdı.
Həmin ildə doğulanlardan biri
də Musa Yaqub idi.
İndi Musa 75 yaşındadır.
Taleyinə düşən bir ömür payını
yaşayır. Tərcümeyi-halı da qətiyyən heyrət
doğurmur. Orta məktəbi, sonra Göyçay pedoqoji məktəbini
bitirib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil
almağını da bura əlavə etsək, düz 17 il
öz kəndlərində müəllim və məktəb
direktoru işləyib. Sonra dördcə il (1974-1978) Bakıda
yaşayıb. "Azərbaycan" jurnalında poeziya
şöbəsinin müdiri olub. Yaxşı
yadımdadır, Musa Bakıya köçəndə Xalq
şairi Süleyman Rüstəm ona bir şeir həsr eləmişdi:
"Kimə tapşırıb gəldin". Mənası bu
idi ki, bir vaxt hərarətlə vəsf etdiyin o buz
bulaqları, o yaşıl meşələri , o göy çəmənləri
kimə tapşırırsan? Axı, Musa o zaman da əsl təbiət
şairi kimi sevilirdi, tanınırdı.
Təpədən-dırnağa təbiət
şairi Musa şəhərə, bu sonsuz izdihama, bu göz
qamaşdıran zahiri gözəlliklərə, bu par-par
parıldayan asfalt yollara çox tablaşmadı. Ürəyi
orda-o dağlar qoynundaydı.
Və qayıtdı öz doğma
Buynuz kəndinə. O kənd ki:
Üstündən sehirli küləklər
əsən,
Meşələr öyrətdi
dilini mənə.
Özümü kimsəsiz sayanda bəzən
Çinarlar uzadıb əlini mənə.
Qapıda, eyvanda eldən qorunub
Armud ağacının
qızıl yarpağı.
Dövlət quşu kimi
çiynimə qonub
Artırar rütbəmi hər
payız çağı.
Musanın tərcümeyi-halı
bax, beləcə, öz kəndinə dirənir.
Nə var o Buynuz kəndində?
Təmizlik, saflıq,ülvilik,
gözəllik...
Musa Yaqub o kənddən bu
dünyaya baxır və bu boyda kainatı o balaca kəndin
qoynuna sığışdıra bilir.
Və Musanın təbiət
şeirlərini oxuyandan sonra təbiətin möcüzələrinə
heyrət etdiyin bir yana, sənə elə gəlir ki,
Musanın özü də elə bu möcüzəli təbiətin
bir parçasıdır: ya günəş
şüalarının işıldatdığı, müxtəlif
rənglərə boyatdığı qızıl bir
yarpaqdır, ya suyu qurumaz bir bulaqdı, ya da bir ağacdı
ki, heç vaxt quruyan deyil. Nə qədər dostanə və
mübaliğəli olsa da, qoy deyim: Musa təbiət şairi
yox, bəlkə elə təbiətin özüdür.
Musa Yaqub elə şairdir ki, bu
gün onun haqqında söz demək üçün gərək
təbiəti Musa kimi sevəsən, otun,
gülün-çiçəyin, dağın, çayın,
zəminin, bulağın, meşənin dilini biləsən, gərək
sən də o Buynuz kəndindən dünyaya, kainata boylana biləsən
və bir də bu təbiətin fəlsəfəsinə bələd
olasan. Çünki təbiətin özü də
insandı, torpaqdı, daşdı, keçmişdi, bu
gündü... Əslində, Musanın şeirləri təbiətdən
cəmiyyətə bir xitabdır.
Yenidənqurmanın puç və
yalançı xülyaları üzə çıxanda Musa
yazmışdı:
Ey əldə ləngiyib, dildə
quranlar,
Ay zəncir döyənlər, bizi
yoranlar,
Düşün o kürsüdən,
çıxın bu zaldan,
Qurtaraq ölkəni ağır
zavaldan.
Bir görək əkində-biçində
nə var,
Bir görək sünbülün
içində nə var,
Bir görək çayımız
hayana axır,
Bir görək yolumuz hayana
baxır,
Qaldırdıq kürsüyə
bütün ölkəni,
Nə yaman uzandı bu dil örkəni.
Təbiət murdarlıq, rəzillik
götürmədiyi kimi, Musa Yaqub da öz insani, təbii
saflığını beləcə qoruyub. Və şair
üçün bu dünyada ən böyük nemət onun
azadlığıdır. Musa bir şair kimi fikrən, ruhən,
mənən azaddırmı, sərbəstdirmi? Və bu
sualların çoxu da inanmıram "bəli"
cavabına dirənə. Amma bütün bu tipli suallara ən
yaxşı cavab elə Musanın öz şeirləridir:
Ey yaylaq diliylə, bulaq diliylə,
Bənövşə diliylə,
meşə diliylə,
Çiçəyi qotazlı yamac
diliylə,
Daha nə danışım
ağac diliylə,
Heç insan dilini başa düşən yox,
Gəlib zərifliklə bir
görüşən yox,
Bir könül səsinə qulaq
asan yox,
Haqqın yazdığına
möhür basan yox,
İlahi, mən hara gəlib
çıxmışam?!
Musa Yaqubun 10 il əvvəl
"Xalq qəzeti"ndə çap etdirdiyi silsilə
şeirlərdən birində belə misraya rast gəldim:
"Payızdan yaza yol varmı?"
Bu, ancaq təbiətdən cəmiyyətə
və eyni dönərliklə cəmiyyətdən təbiətə
boylanan bir şair düşüncəsindən doğa bilər.
Payızdan yaza bir ağır
qış gəlir-bu, təbiətin qanunudur. Amma insan
gözündə qış da gözəlləşir, insan
inadına qış da ram olar.
Cəmiyyətdə, xalq həyatında
boz aylar, illər olur, sonra bu ağır günlər arxada
qalır-bu da cəmiyyətin qanunudur.
Və mən bilirəm ki, həyatımızı
bürüyən bu boz aylardan, illərdən- bu ağır
sınaqlardan sonra gözəl bir yaz gələcək, Musa ilə
birgə o yazı Şuşada, Ağdamda, Zəngilanda
qarşılayacağıq. Mən də, siz də, Musa Yaqub
da o yazı görəcəyik.
Vaqif
YUSİFLİ
Ədalət.-2012.-12
may.-S.19.