LALƏ

 

   Utancaq gəlin tək çəkinib əvvəl

   Bürünər bir yaşıl duvağa lalə.

   Yırtıb örpəyini baş qaldıranda,

   Bənzər təbəssümlü dodağa lalə.

 

   Yel əsib duvağı salar üzündən,

   Görərsən xal qoyub yanağa lalə.

   Yağışlar yuyanda ləçəklərini

   Çəkər saçlarını darağa lalə.

  

   Xoşlanar günəşin od nəfəsindən,

   Verər sinəsini qabağa lalə.

   Qərənfil, bənövşə solub gedəndə,

   Bənzəyir bir qərib qonağa lalə.

   Arılar yük olub qonar üstünə,

   Gah sola əyilər, gah sağa lalə.

 

 

   TƏBİƏT YATIR

 

   Çalalar, çuxurlar hamarlanıbdır

   Quşlar bir dən üçün qubarlanıbdır

   Qanadı altına salıb başını,

   Sərçələr ötürür qarlı qışını.

   Baxıram bu ağac nararmududur

   İndi nararmudu qar armududur.

   Bəs bu ağacdələn kimi oyadır,

   Təbiət yatır.

 

   Deyəsən bu yellər uzaqdan gəlir,

   Bir gözəl dan üzü bulaqdan gəlir,

   Köksünə sığmayır ürək sevinci,

   Düşür saçlarına qar inci-inci.

   Elə bil başına örtüb cuna,

   Bir topa qar sıxıb qoyur ovcuna

   Sonra da əlində atıb oynadır

   Təbiət yatır.

 

   Böyürtkən kolları sən görən deyil,

   Şimal ayısıdır durub elə bil.

   Tikanlar yırtanda yorğanını,

   Yenidən qar nənə gözləyir onu.

   Dovşanlar kol-kosda ötürür qışı,

   Dələnin otağı ağac koğuşu

   Ayı mağarası yoxsul bir çadırg

   Təbiət yatır.

  

   Hələ ağaclara balta çalan var,

   Bilir ki, izini gizlədəcək qar.

   O, çıxıb evinə arxayın dönər,

   Ağacın qar altda yarası göynər.

   Bura meşəbəyi zaman gələr,

   Bir kötüklərə ilişsə bilər

   Namərdlər meşəni hey vurub-çatırg

   Təbiət yatır.

 

   Görəsən ürəyim kimi soraqlarg

   Əyilib yollara qarlı budaqlar.

   Keçir yollarımız bir tuneldən,

   Sökülür bu tunel adicə yeldən.

   Qardan papaq qoyur papaqlarımız,

   Üşüyür maşında ayaqlarımız;

   Adamlar mənzilə tələsir, çatır,

   Təbiət yatır.

  

 

    İSGƏNDƏR QUŞLARI

  

   Al günəş qayaya çilər nur, tökər zərg

   Baharda uçarlar bəxtəvər-bəxtəvər,

   Bir kimsçə bilməz ki, ömr edir qədər,

   Qartaldan asılı günləri, yaşları -

    İsgəndər quşları.

 

   Qanadlı quşlara dağ hamar, daş hamarg

   buğda zəmisi, müftə dəni var,

   əldən - ayaqdan minnətli dən umar

   Ot ilə, qum ilə qarışar başları,

    İsgəndər quşlar

 

   Sərçələr ev quşu, bağ quşu olubdur,

   Bu quşlar əzəldən dağ quşu olubdur.

   Nəğməsi qayaya, dərəyə dolubdur,

   Nəğməylə dindirər dağları, daşları

   İsgəndər quşları.

  

   Yuvası haradır - bir daşın çalası,

   Uçqundan qırılsa bir yuva balası,

   Bir onda düşərlər taledən narazı,

   Yığışıb, çığrışıb tökər göz yaşları

    İsgəndər quşları.

 

   Hər bulaq suyundan içərlər bir gilə,

   Hücumla girərlər qayanın bərkinə.

   Dağkəli belinə qonarlar ərk ilə,

   Yol azan kəkliklər olar tay-tuşları

    İsgəndər quşları.

  

   Bu dağlar, bu göylərg yorulmaz bir qanad

   Qayalar, dərələr romantik bir həyatg

   Nədənsə fikrimi cəzb edər hər saat,

   Uçurar könlümü yuxarı, yuxarı

    İsgəndər quşları.

  

 

    DAĞLAR

 

   Aranda bürküdən yorğun bir quşdum,

   Fikrin qanadında uçdumhauçdum.

   Gəlib bir bulaqlı daşını qucdum,

   Oldum torpağının qurbanı, dağlar!

 

   Keçmə bu yerlərin şəlaləsindən,

   Qayalar titrəşər qartal səsindən.

   Polad əlləriylə göy qübbəsindən

   Çəkər ağuşuna dumanı dağlar!

 

   Oynayıb - kükrəyər sel ayağında,

   Şimşəklər xal qoyub daş yanağında.

   Deyirəm dünyada cavan çağında

   Qocaltdın neçə min cavanı, dağlar!

 

   Çəkib qoynunuza gətirin məni,

   Alıb ölməzliyə yetirin məni.

   Siz Allah, gözətçi götürün məni,

   Olum bu güllərin bağbanı, dağlar!

  

   Yüz il suyun olum, ulduzlar payım,

   Yüz il qayan olum, torpaq çarpayım.

   Yüz il daşın olum, təki yaşayım,

   Olum zirvələrin soltanı, dağlar!

  

 

   Musa, bu yerlərdən uzaq düşmə heç,

   Təpə kölgəsində daldalanma, keç.

   Arxa da seçəndə dağdan arxa seç,

   Ram edər özünə dövranı dağlar!

   

 

    ANA ÖMRÜ

 

   Ana ömrü bir laylanın diliylə

   Sənə yanmış, mənə yanmış bir ömür.

   Ana ömrü körpəsinin əliylə

   Yuxuları oğurlanmış bir ömür.

   Ata ömrü davalarda itəndə,

   Ana ömrü təklənən bir ömürdür.

   İki ömrün cəfasını daşıyıb,

   Həsrət ilə yüklənən bir ömürdür.

   Ana ömrü balasının gözündən

   Baxışıyla sevinc içən bir ömür.

   Bəzi nankor övladların üzündən

   Son günündə tənha köçən bir ömür.

 

   Bir parçası mətbəxlərə tökülmüş,

   Bir parçası bələklərə bükülmüş.

   Bir parçası xatirələr dumanıg

   Bir parçası ər ömrünün qurbanı.

   Bir parçası oğul toylu-busatlı,

   Bir parçası nəvə eşqli-qanadlı.

   Bir parçası qızlarından nigarang

   Ağuşunda qəzəbləri uyudan,

   Dünyamızda hərb odunu soyudan

   Ömrümüzə səpələnmiş bir ömür.

 

 

    AŞIQSAYAĞI

 

   Yarpaq olub torpağına tökülsəm,

   Torpaq olub sellərinlə sökülsəm,

   Sel-sel olub dəryalara tökülsəm,

   Doymaz gözüm, doymaz yenə bu eldən.

 

   Qaya kimi şimşəklərə dözümmü?

   Şimşək olsam, az ömürdən bezimmi?..

   Ömür keçib,

    keçib əysə dizimi

   Doymaz gözüm, doymaz yenə bu eldən.

 

   Sahil olub dalğalarla ovulsam,

   Dalğa olub küləklərlə qovulsam.

   Külək olub səmalara sovrulsam,

   Doymaz gözüm, doymaz yenə bu eldən.

 

   Çeşmə kimi damcı-damcı süzülsəm,

   Damcılanıb çiçəklərə düzülsəm,

   Çiçək olub vaxtlı, vaxtsız üzülsəm,

   Doymaz gözüm, doymaz yenə bu eldən.

 

 

   BİR GÜNAH SƏNİN,

   BİR GÜNAH MƏNİM

 

   Bir gözün mən əydim, bir gözünü sən,

   Niyə narazıyıq bu tərəzidən?..

   Sən çeşmə qurudan, mən ağac kəsən

   Bir günah sənindir, bir günah mənim.

 

   Bu südə su qatıb hərə bir qaşıq,

   Arını şəkərə dadandırmışıq.

   Bazarın yağı şor, balı qarışıq

   O mətah sənindir, bu mətah mənim.

 

   Söz sözə gələndə sən nəfsi qıran,

   Mən dünya malına göz yumub duran.

   Amma ayrılıqda daşı da yaran,

   Bir tamah sənindir, bir tamah mənim.

 

   Görürük bu silah vurmur hədəfə,

   Vurmur, ha atırıq mininci dəfə.

   Əlimiz dolaşıb düşüb kələfə,

   Bu əl gah sənindir, bu əl gah mənim.

 

   Qoyma yalanımız qalxsın ayağa,

   Hay deyirik, haya gəlmirik, qağa.

   Sözü güləşdirib, əhdi danmağa,

   Bir vallah sənindir, bir vallah mənim.

  

   Yamanca ustayıq hər ehtiyatda,

   Dostluq şirnisi dilimiz altda.

   Amma yaman günə əlimiz altda

   Bir silah sənindir, bir silah mənim.

 

   Ömür təsəllidi, ümid sabahdı,

   İndi öz xeyrinə çoxu agahdı.

   Hərə dolanışa bir cür nigahdı,

   Bir nigah sənindir, bir nigah mənim.

  

   Orda bulanıq su hopur torpağa,

   Burda üzə çıxıb dönür bulağa.

   Hələ ki, vaxtımız var durulmağa,

   Bir sabah sənindir, bir sabah mənim.

 

 

  Musa Yaqub

 

  Ədalət.-2012.-12 may.-S.22.