"CAHANDAR AĞA" 90 YAŞINA ÇATDI

 

   (əvvəli ötən şənbə sayımızda)

  

   Nə isə, səhnənin çəkilişi başa çatdı. " Stop" əmri verildi. Təkcə mən yox, bütün yaradıcı qrup nəticə gözləyirdi. Çünki sonsuz sınaq çəkilişləri adamları tamam yormuşdu. Rəhmətlik özunəməxsus kişiyanə əda ilə çevrilib çiyninin üstündən Seyidzadəyə baxdı:

   - Ə Seyidzadə, qadam, öz aramızdadır, axtaranda, tapmaq olur, hə!"

   Məni təbrik etdilər, çünki artıq qərarı Ədil İsgəndərov özü vermişdi.

   Yenidən araya sükut çökdü. Keçmiş onu öz ağuşuna almışdı.

   - Hüseyn Seyidzadə ilə oturmuşduq, İsmayıl Şıxlı daxil oldu. Salamlaşıb Qazax ləhcəsində: " Ə, nədi, belə, bu Cahandar ağa nə böyük haqq-hesab oldu tapanmadınız"- dedi. Seyidzadə " Tapmışıq, bu gəncəli oğlanı çəkəcəyik", deyib məni göstərdi. Rəhmətlik çox müəmmalı nəzərlə başdan-ayağa məni süzdü: " Bunumu, ə..." Yəni bundan Cahandar ağamı olar? Düzü mən elə belə də gözləyirdim. Daxili yazıçı dünyasından Cahandar ağa kimi nəhəng bir kişi püskürüb çıxmış adam üçün mənim xarici görünüşüm ciliz təsiri bağışlaya bilərdi.

   Hüseyn müəllim söhbəti uzatmadı: "Sınaq çəkilişi kadrları hazırdır", dedi: "Sabah gəl, bax".

   Çəkiliş pavlyonunda idim, dedilər İsmayıl Şıxlı səni çağırır. Məni görən kimi qucaqlayıb öpdü: " Ə, sənin qadan alım", - dedi: " Ə, nə gözəl çıxıbsan. Düzdü sənə baxanda heç inamım yox idi. Qonaqlıq məndə". Dediyini də elədi. Yaradıcılıq qrupun üzvləri ilə getdik Əhmədliyə, orada onun bir tanışı vardı. Yaxşı bir kəbab süfrəsi açıldı.

   Ələddin müəllim, əhval ruhiyənizdən, söhbətimizin ahəngindən hiss olunur ki, yaradıcı qrup- İsmayıl Şıxlıdan, Hüseyn Seyidzadədən tutmuş ən adi texniki işciyədək, hamı bu işə çox böyük urəklə girişibmiş. Amma gəlin son nəticəyə, filmdə baş verən hadisələrin mahiyyətinə, obrazların ekran həyatına milli mənliyimizin gözü ilə baxaq. Biz "Dəli Kür" romanını oxumasaydıq, bəlkə də film haqqında bu qədər tələbkarlıqla daşınmazdır. Mühit, obrazlar, dərin dramatizim, oxucunu hər an öz sehrində saxlayan gözlənilməz dönümlər, milli və bu milliliklə bəşəriləşən adət-ənənələrimiz, əsl Azərbaycan kişisinin bədii kəşf səviyyəsinə yüksələn bütöv daxili aləmi ekranda öz dolğun əksini tapmayıb. Niyə? Gözlədiyimizə kim mane olub? O hansı əl idi bu filmə belə "siğal" çəkib.

   - Bu çox ağrılı söhbətdir. Filmdə çəkilməyə nə qədər böyük ürəklə başlamışdımsa, yaradıcılıq işi zamanı rastlaşdığım gözlənilməz dönəmlər məni bir o qədər sarsıtdı. Həm də təkcə məni yox. Ssenarinin ilk variantında roman tam dolğun əksini tapmasa da, hər halda duz var idi. Di gəl gözlənilmədən Moskva işə qarışdı. Onlar Azərbaycan kinematoqrafçılarının, sənətçilərinin yaradıcılıq özbaşınalığı, əsl azərbaycanlı bəy, əsl Azərbaycan öğlu obrazı yaratmaq istəyi ilə barışa bilmədilər. İlk varianta əməlli-başlı "sığal" çəkildi. Bu, bütün yaradıcı heyəti şoka saldı, xüsusilə rəhmətlik İsmayıl Şıxlı özünə yer tapa bilmirdi. Əlavələr, əsasən Cahandar ağa obrazı kazak əsgərlərinə münasibətilə bağlı idi. Qoy bir misal deyim, görün yuxarıları narahat edirdi. Bir epizod söyləyəcəm, diqqət yetirin, onu filmdən çıxarıblar.

   Mən poçtun həyətində dururam, bir əsgər gəlib xəbər verir ki, səni general çağırır. Əsəbləşirəm: "Nə general, ə, mənim generalnan-zaddan nə işim var". Nəysə otağa daxil oluram, nəzakətlə yer göstərib deyirlər ki, - Bəy, çağırmağımızın səbəbi odur ki, sənin qoruğun bizim Voronstovun xoşuna gəlib, oranın qiymətini de, pulunu verək (fəhmə bax, rəhmətlik hələ o vaxt bu torpaqda çoxlarının gözü olduğunu bilirmiş- V. T.). Bu sözlər mənə güllə kimi dəyir və sərt də cavab verirəm: "Mən oranı pulla almışam ki, pula da satım (Allah sənə rəhmət eləsin, Cahandar kişi yaxşı ki, xəbərsizsən, yoxsa başımıza gələnlərdən gorun catlardı - V. T. )". "Bu torpaq mənə ata-babamdan, yeddi arxa dünənimdən, əcdadlarımdan yadigardır. Millətə amanatdır. Mənim də övladlarım var, halal malıdır", - deyib güllə kimi otaqdan çıxıram. Arxadan generalın kinayəli sözləri qulağımı dalayır: " Bəy, deyəsən, biz səninlə bir az yumsaq danışırıq".

   Səhərisi nökərlərimdən birisi al-qan işində gəlib mənə xəbər verir ki, - Ağa, kazak əsgərləri bizim qoruqda özbaşnalıq ( nökərin ifadəsinə fikir verin- V. T. ) edirlər. Xəbərdən bərk qəzəblənib qoruğa doğru şığıyıram. Məni yemək-içmək süfrəsi ətrafında, öz kefində olan kazak başcısı qarşılayır. Onun bu halı məni daha da coşdurur. O rolu rəhmətik Yusif Vəliyev oynayırdı.

   Səsim aydın səmada şimşək kimi çaxır. "Dur. Qoşununu zir-zibilini də götür, rədd ol burdan, yoxsa hamınızı güllələyərəm".

   Kazak zabiti kinayə ilə cavab verir: " Bəy, deyəsən könlündən Sibir keçir". Bu məqamda gözümə heç nə görünmür, nə imperya, nə əsgər. Tüfəngi fırlayıb onu yerindəcə gülləliyərəm. Sonra qızğın atışma başlayır. 10-15 kazak əsgəri öldürdükdən sonra gülləm qurtarır. Xilas üçün Kürə üz tuturam. Amma arxadan atılan güllə...( bu millətin gülləsi məmişə arxadan atılıb).

   Bu səhnələr filmdən çıxarılıb. Yuxarıdakılar epizoda baxıb ağız büzüblər. Şovinist xislət qorxunc vulkan kimi püskürüb: "10-15 kazak əsgərini güllələmək "kakoy nibud" Azərbaycan " mujikinin" hünəri deyil. Bu kişini mujik kimi çəkin, "mujik" kimiöldürün", - deyiblər.

   Bu epizodu çıxarmaqla filmi şikəst ediblər.

   Söhbət düşüb qoy bir əlavəmi də eləyim. Filmi yadınıza salın. Nökər tələsik gəlib Cahandar ağaya xəbər verir ki, at iki bala doğdu. Ağa dayçalara baxmaq istədiyini bildirir. Nökər iki yerinə, bir bala gətirir. Cahandar ağa səbəbini soruşanda, deyir ki, o biri ölüb. Bundan kişi bərk əsəbləşir və nökərə bir şillə vurur: " Köpəy oğlu, özününkü olsa ölməzdi".

   " Ay Allah, var-dövlətimi al, malımı-mülkümü dağıt, amma şərəfimə, namusuma toxunan bir işi mənim başıma gətirmə" - bunu deyən bir kişi də yeni doğulmuş dayçadan ötrü belə cılızlaşa, nökəri təhqir edərdimi?! Yuxarıdakılar deyiblər ki, bu epizod olmasa onun əzazilliyi, bəy kimi qaniçənliyi hardan bilinər.  

   Ümumiyyətlə, millətimizə kölə nəzəri ilə baxan yuxarılar və vəzifə üçün hər şeyi satmağa hazır olan özümüzün bəzi üzdəniraqları Cahandar ağanı əsl Azərbaycan kişisi kimi çəkməyə qoymadılar. Obrazı o dövrün gözü ilə baxılan bəy stereotipinə çevirdilər. Vallah, təbliğat xatirinə demirəm, müstəqilliyimizin, azadlığımızın qədrini bilin. Filmdə hamımızı narahat edən, düşündürən bir məqam da var. Soruşdum ki:

   - Cahandar ağa kimi dağdan ağır bir kişinin o kəmfürsət, mənəviyyatsız, günü qumarxanalarda keçən kor Allahyarın gülləsi ilə oldürülməsinə necə qıydınız?

   Bu suala nə İsmayıl Şıxlı, nə də Hüseyn Seyidzadə cavab verə bilərdi. Məqamın ağırlığı süfrə arxasında oturanların da üstünə kölgə saldı. İttifam kimi səslənən bu sualı belə yaşlı bir kişiyə verməyim bəlkə bir az da xoşlarına gəlmədi.

   Yenə süküt çökdü. Hiss etdim ki, yaralı yerinə toxunmuşam. Sükutun ağırlığı məni də çaşdırdı. Belə bilsəydim soruşmazdım.

   Masanın üzərinə səpələnmiş fotolar arasından Mehdi Məmmədovun və Məmmədrza Şeyxzamanovun şəkillərini götürdü. Bu fotolar həmişə onun qrim stolunun güzgüsü üzərində olardu. Hər səhnəyə çıxanda sanki onlardan xeyir-dua alardı. İlahi bir mənzərə idi. Elə bil sualımı onlar da eşitmişdi və cavabı Ələddin Abbasov üçün səcdəgaha çevrilən bu adamların ruhunda yuyulub, durulmalı idi.

   - Desəm, inanmayacaqsınız. Cahandar ağanın ölüm səhnəsini mən ilk dəfə filmə ictimai baxış zamanı gördüm. Sənət taleyimdən razı adamam, amma ondakı kimi özümü heç vaxt elə gücsüz və aciz hiss etməmişəm. Süni qondarılmış ölüm səhnəsi məni tamam sarsıtdı. Film çox itkilərə məruz qalıb. Təsəllimiz həmin o müqəddəs ölüm səhnəsi idi, o da belə... Biz neynəyə bilərdik ki... Cahandar ağaya belə bir ölüm yaraşmırdı, heç yaraşmırdı.

   Söhbəti uzatmadım. Çünki bu, 90 yaşlı aktyoru incitməkdən başqa bir şey verməzdi.

   Yenidən Əli müəllim söhbətə qarışdı, Alim məzəli bir əhvalat danışdı, Vaqif zarafat etdi, Pərvanə könül alan nəvaziş göstərdi. Mən tamaşaçıların Ələddin Abbasovu necə sevdiklərini bilirəm. Aktyor dostlarının ona münasibətində sevgidən də o yana ilahi bir səcdə hiss elədim.

   Məncə budur aktyor xoşbəxtliyi. Səni tamaşaçı sevir, sənət dostların səcdə edir. 90 yaşlı bir aktyora daha nə lazımdır. Yalnız yaşamaq və örnək olmaq. Zarafatla dedi ki, 93 il yaşayacam. Amma biz 100 illik yubiley arzusu ilə ondan ayrıldıq. 90 yaşın mübarək Ələddin Abbasov. Ömrünün 91-nə xoş gəldin.

 

 

  Vaqif TANRIVERDİYEV

  Gəncə

 

  Ədalət.-2012.-12 may.-S.22.