Aqil Abbas laçınlılara
verdiyi sözü tutdu
"Millət vəkili Qarsda Sultan bəy Sultanovun məzarını
taparaq ziyarət edib və onun
qəbirüstü abidəsini
inşa etdirmək üçün danışıqlar
aparır"
Təxminən bir ay əvvəl
Laçın camaatının
məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində
xalq qəhrəmanı
Sultan bəy Sultanovun anım mərasimi keçirilib. Anım mərasimində
iştirak edənlərdən
biri də millət vəkili Aqil Abbas olub.
O, çıxışında laçınlılara söz
verib ki, Sultan bəy Sultanovun Qarsda olan məzarını
tapacaq və öz hesabına məzarın qəbirüstü
abidəsini götürəcək.
Dünən "Qafqazinfo"ya zəng edən Aqil Abbas laçınlılara
verdiyi sözü tutduğunu deyib. Hazırda Qarsda olan millət
vəkili Sultan bəy
Sultanovun Qarsın Köçqoy kəndinə
yerləşən məzarını
tapıb və ziyarət edib.
O, deyib ki, qəbirüstü
abidənin götürülməsi
üçün Azərbaycanın
Qarsdakı Baş Konsulluğu və Türkiyənin rəsmi qurumlar ilə danışıqlar aparılır:
"Sultan bəyin qəbirüstü
abidəsini özbaşına
bərpa etmək olmaz. Bu protokola
daxildir. Gərək
dövlətin razılığı
ola" .
Millət vəkili söyləyib
ki, S. Sultanovun məzarının yerləşdiyi
qəbiristanlıqda olan
məzarların əksəriyyətinin
üzərində Laçın
adı yazılıb və bu hadisə
ona çox təsir edib.
A. Abbasın bu jesti Sultan bəy Sultanovun Qarsdakı qohumlarını
da sevindirib.
Qarsda Azərbaycan konsulluğunun
böyük işlər
gördüyünü söyləyən
millət vəkili bildirib ki, "SOCAR" orda möhtəşəm
bir lisey tikdirib: "Heç Qarsda belə bir universitet binası yoxdur".
Sultan bəy
1871-ci ildə Zəngəzur
qəzasının Hacısamlı
nahiyəsinin Qasımuşağı
obasında (Hazırda
Laçın rayonunun
Kürdhacı kəndi)
doğulub. Paşa bəyin
oğlu olub.
Sultan bəyin milli qəhrəmana çevrilməsi
1905-ci il erməni-müsəlman hadisələri
ilə bağlıdır.
Müsəlman dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq
edirdi, onun isə ən yaxın yardımçısı
böyük oğlu
Sultan bəy idi.
Sultan bəyin fəaliyyətinin ikinci hissəsi 1918-ci il
olayları ilə bağlıdır. 1918-ci ildən
başlayan erməni-müsəlman
müharibəsində Sultan bəyin başçılıq
etdiyi silahlı milis dəstələrinin
bölgədəki müsəlman
kəndlərinin mühafizə
olunmasında müstəsna
xidmətləri olmuş,
Zabux dərəsində
mühasirəyə alınan
Andranikin dəstəsinin
əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları
məğlub edilmiş
və onlardan 600 nəfər əsir alınmış, İrana
keçmək istəyən
yüzlərlə erməni
silahlısı Araz çayı yaxınlığında
Sahil əməliyyatı
ilə məhv edilmiş, Zəngəzurda
onlarla kənd erməni silahlılarından
təmizlənib.
1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini quran zaman Sultan bəy Sovet Hakimiyyətindən qaçaq vəziyyətdə
Kürdhacı kəndində
"Gorgahat"ın (çox
sıx meşəlik)
meşəsində, bir
yarğana pənah gətirmiş, yarğanda
gizlənərmiş. Bir gün onunla
qarşılaşarkən onu
tanımayan və sonradan tanıyıb üzrxahlıq edən həmkəndlisinə aşağıdakı
bayatını söyləyir:
Mən aşiqəm yarqana,
Yar sözünü yar qana.
Dünyaya sığmaz
başım,
Sığınıbdır
yarğana.
Ermənilərin hiylələri ilə
qırmızı Ruslar Sultan bəyə yeni sui-qəsd
hazırlayırdılar. Yaranmış vəziyyətin
mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan
İnqilab Komitəsinə müraciət edir. Buradan
ümidverici cavab almadığına görə Sultan bəy
İran şahına üz tutur. Şah İranda Rusiyanın
erməni casuslarının çox və qüvvətli
olmasına baxmayaraq Sultan bəyin müraciətini qəbul
edir. Sultan bəy qardaşları Xosrov bəy və İsgəndər
bəy ilə düşmənlərdən qoruduğu vətəndən
xaricə mühacirət etməli olur.
Sovet imperiyasının göndərdiyi
xüsusi casuslar İranda at oynadıb meydan sulayır, tez-tez qətllər
törədirdilər. Göndərilmiş xüsusi casuslar
Sultan bəyin qardaşı İsgəndər bəyi
öldürdükdən sonra vəziyyətin pis olduğunu
görən İran Şahı təhlükəsiz həyat
şəraitini təmin edə bilmədiyi üçün
Sultan bəyə Türkiyə dövlətinə müraciət
etməyi məsləhət görür. Sultan bəy
Türkiyə dövlətinə müraciət etdikdə
Türk dövləti 1923-cü ildə hər iki
qardaşı - Sultan bəy ilə Xosrov bəyi rəsmi
keçidlə qarşılayıb Qars vilayətinin
Köçqoy kəndində mülk və malikənə verərək
təhlükəsiz həyat şəraiti ilə təmin
edir.
Sultan bəy 1955-ci ildə Qars ətrafında,
Köçkoy kəndində vəfat etmiş və orada dəfn
olunub.
Qeyd edək ki, 1918-ci ilin 28
mayında Tiflisdə Azərbaycan Milli Şurası adından
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə
imza atan 26 nəfərdən biri də Sultan bəy Sultanovun
qardaşı Xosrov bəy Sultanov olmuşdur. Xalq Cümhuriyyətinin
həmin gün təşkil edilmiş birinci hökuməti
kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya
seyminin və Azərbaycan parlamentinin üzvü olub.
Ədalət.-2012.-23
may.-S.3.