HƏSƏD
Esse
Süleyman Allah-Təalanın
çox sevdiyi peyğəmbərlərdən biri idi.
Böyük bir əyaləti haqla-ədalətlə idarə
edən peyğəmbər təkcə padşah deyildi,
küləyin ixtiyarı ona verilmişdi, hansı yana,
hansı səmtə əmr etsəydi peyğəmbər, o
yana, o səmtə üz tutardı külək. Bundan əlavə
bütün heyvanat aləminin də dilini gözəl bilirdi
Süleyman. Göydə qanad çalan quşlara desəydi ki,
uçun qonun bizim bağa-bağçaya və ya Günəşin
qabağına çətir tutun, kölgəlik olsun,
sözsüz-söhbətsiz icra olunurdu bu əmr.
Padşahın böyük vilayəti idarə etməkdə
nə çətinliyi ola bilərdi? Ətrafı,
yəni əyan-əşrafı halal-hümmət, düz, saf əməlləriylə
hörmət-izzət qazanan adamlar olduğundan vilayətdə
asayiş pozulmazdı, oğurluq-soyğunçuluq,
qətl-qarət barəsində danışmağa,
düşünməyə dəyməzdi... Padşah yalan, riya bilməyən, nəfsini, tamahını qoruyan, səbirli-təmkinli Abbas
adlı birisini özünə vəzir götürmüşdü, ona
özünə inandığı qədər inanar, etibar edərdi. Görürdü, hiss edirdi ki, hansı müşkül məsələ olur-olsun, sevimli vəziri ona asanlıqla, ixtilaf-zad yaratmadan həll edir.
... Abbas-padşahın sevimli vəziri adətkar olmuşdu. Sübh namazından sonra bağ-bağçada gəzməyi xoşlayırdı. Onun düşüncəsinə görə, sübhün havası cənnət havasıdı: təmiz, bakirə, xoş ətirli hava insanın yaşamağa, xeyirxah əməllərə həvəsini artırır. O gün belə gəzintidəydi, amma bağçanın gül-çiçəyinə "sabahın xeyir" deyərkən, gözləmədiyi mənzərəylə rastlaşdı. Pardaxlanmış, rahiyəsi hər yana yayılan qızılgülün ətrafında iki eyni boy-biçimdə ilan oynayırdı: biri ağappaq, o biri dümqırmızı. Güllü-çiçəkli bağçaya yaraşıq verən bu ilanlar necə də gözəl idi. Tez-tez qaçdı-tutdu oynayırdılar: biri tullanırdı qabağa, o biri onun arxasınca "uçurdu". Sonra da əksinə. Hərdən eyni istiqamətə sürünürdülər, hərdən bir-birlərinə elə sarmaşırdılar, elə səs çıxarırdılar, heç ağlına gəlməzdi bunlar ilandı.
Üfüqdən təzəcə
boylanan Günəşin zərrin şəfəqləri
altında belə cazibədarlıq vəzirə xoş əhval-ruhiyyə
bəxş etsə də, bir-birini sevən, dişləyən,
bir-birinin boynuna dolanan ağ və qırmızı ilanlara həsəd
apardı, paxıllığı tutdu onun. Bir göz
qırpımında belindəki xəncəri
çıxarıb tulladı bu "gözəllərə".
Xəncər ağın sinəsini yaraladı. Yuxarı
sıçradı, civildədi. Tez qırmızı
ağın harayına çatdı, dostunun torpağa
tökülən qanını sordu, boynunu qucaqlayıb nəsə
"dedi", diliylə yarasını yaladı onun. İkisi
ağız-ağıza verib qəribə səs
çıxardılar. Qan dayandı və qırmızı
ağı "qucağına" göturub, ağacların
daldasına tərəf süründü...
Hərəkətinə, pis əməlinə
görə peşiman oldu, əzab çəkdi vəzir: məni
qorxuzmadılar, üstümə hücum çəkmədilər.
Bəs niyə günah işlətdim, xəncərlədim
ağı, hə? İnsan olsaydı o ağ ilan təbib
çağırıb yarasına məlhəm qoydurardı.
... Elə o gün səhər yeməyinə
yenicə başlamışdılar, lov xəbər gətirdi
çapar:
- Fəlakət, fəlakət,
qibleyi-aləm! Görünməmiş hadisə, əsl
müsibət!
Padşah heyrətləndi:
- Nooolub? Nə baş verib? Tez elə,
üzmə məni. Nə fəlakət, nə müsibət...
Nəfəsi darala-darala ərz elədi
çapar:
- Şəhər üzük
qaşı kimi əhatəyə alınıb.
Sürü-sürü ilanların mühasirəsindəyik.
Bu nə gün, nə
rüzgardı İlahi! Onun şəhəri zəhərli,
vahiməli, qorxunc ilanların əlindədi?! İndi gör
adamlar necə nəfəs alır, yaşayır? Görəsən
nə baş verib ki, heyvanat aləminin bu sürünən dəstələri
mənim təbəəliyimdə dinc, sakit ömür
yaşayan, zəhməti, halallığı sevən
insanların adamlara - Adəm övladlarına əziyyət
verir?! Peyğəmbər ilanlar Padşahını hüzuruna
çağırdı və məlum oldu ki, bu gün sübh
çagı, səhər açılar-açılmaz, o
Padşahın bircə qızını sevgilisi ilə
xoşbəxt anlar yaşarkən kimsə yaralayıb və
indi balasının qisasını almaq məramındadır.
Peyğəmbər xəyala getdi, özlüyündə
düşündü: həqiqətən maraqlı vaqiədi.
Ancaq, nə bilmək olar, bəlkə yalan söyləyir,
böhtan-şər atır o tərəfin Padşahı, hə?
Yoox, ola bilməz. Bəyəm Allahın itaətindən
uzaqlaşıb, şeytana uyub bu heyvanlar? Məsləhət-məşvərət
elədilər və əsl parad başlandı. Budu, növbənöv,
müxtəlif boy-biçimli ilanlar təzim edib, keçir
paraddan. Qəribə mənzərədi və təkcə
saray əhli yox, şəhərin yüzlərlə sakini seyr
edir bu mənzərəni. Birdən nə görsələr
yaxşıdı: düm qırmızı ilan özü
boyda bir ilanı arxasına götürüb keçir
paraddan. Diqqətlə baxanda ağın sinəsində xəncər
yarası da görünür... Demək, heç nə yalan,
böhtan deyilmiş! Bəs görəsən o şəxs
kimdir ki, ona hücum etməyən Allahin bu
dilsiz-ağılsız, sevgi-məhəbbət anları
yaşayan heyvancığazlarını xəncərləyib?
Axı, sevən-sevilən cütlər Allahın
dostlarıdı. Belə cütlər olmazsa viranəyə,
xarabalıqlara çevrilməzmi?
Aşiq-məşuqlara həsəd
aparmış şəxsi arayıb-axtarmağa ehtiyac
qalmadı. Yalan nə olduğunu bilməyən Abbas vəzir
qabağa çıxıb dedi:
- Qibleyi-aləm sağ olsun. O
şəxs mənəm. Sübh zamanı o bir cüt ilan elə
sevişir, oynaşırdılar ki, həsəd,
paxıllıq hissi baş qaldırdı qəlbimdə, o
ağ gözəli xəncərlə mən yaraladım.
Hansı cəza versəniz mən hazır!
Heç gözləmirdi, yatsa yuxusuna
da girməzdi Süleyman padşahın bu istəkli, günah əməllərindən
uzaq vəziri qəbahətli iş tuta. O, qeyzləndi, güzəştə
getməyib, sərt qərar verdi: vəzirin taleyini
tapşırdı ilanlar padşahına. Belə
yaxşıdı, haqq-ədalət hamı üçün
qanundu. Haqqın-ədalətin bir üzü var, iki yox!
Gözəl balasının
qisasını almağa tələsən qarşı tərəfin
Padşahı az qaldı vəzirin üstünə hücum
çəksin, onu zəhərləyib o dünyalıq etsin. Amma
təmkinini saxladı, günahkara ağır cəza verməyi
üstün tutdu:
- Ey bəni - Adəm, gedin 7
qapı dilənin. Budur sizin cəzanız!
Tərəddüd etmədən
cavab verdi Abbas vəzir:
- Xeyr, mən dilənməyəcəyəm.
Dilənmək-abır-həyanı itirmək deməkdi...
Gecikməyin, öldürün məni.
Bu zaman ağ gözəlçə
civildədi:
- Hirslənmə, ay ata, qurban olum,
xəncər atan o kimsəni mən bagışlayıram, sən
də bağışla... Cavan, igid ərim o qədər
öpür, sığallayır ki, yaram sağalır
artıq.
...Evə dönərkən
halı pərişan idi, qəlbini qəm yükü
sıxırdı Abbas vəziri. Yoxmuş bu dünyaya etibar.
Heçə müddət sədaqətlə xidmət elədiyim
Peyğəmbər məni necə aşağıladı,
ucuz tutdu.
O axşam müdhiş xəbər
çatdı saraya. Abbas vəzir xəncəri ürəyinə
saplayaraq intihar eləmişdi.
Əlibala Rəhimov
Ədalət.-2012.-24
may.-S.6.